Yeni İlin qırmızı sırğaları

shutterstock_119344504

Yeni il deyiləndə ilk onun adı gəlir ağıllara… Yarpaqları və meyvələri ilə dekorativ görünüşü var. Üstəlik də sahibini heç yormur: tələbkarlığı olduqca azdır…

Yeni il bəzəklərinin sevilən bitkilərindən olan pirkal (ilex) həm yarpaqları, həm də dekorativ meyvələri ilə çox cazibədardır. Əslində o, sadəcə yeni il ərəfəsində yada düşmür. Həmişəyaşıl olmasına görə bir çox bağ və parkların bəzəyidir. Gəlin onu daha yaxından tanıyaq.

Sən kimsən?
• Pirkalkimilər (Aquifoliales) fəsiləsinə aiddir.
• Cənubi və Qərbi Avropada, Qərbi və Şimali Afrikada, Azərbaycanda isə milli parklarda təbii olaraq bitir.
• Bəzi yerlərdə “işığan”, “işılğan” olaraq da tanınır.
• Kol və ağac ölçülərində 360-dan çox növü var.
• Çox gec böyüyür, ən çox 15 metr hündürlükdə olur.
• Kökləri torpaq səthinə yaxın inkişaf edir.
• Növlərin çoxu həmişəyaşıldır, bəziləri yarpağını tökür.
• Gövdə qabıqları cavan pirkallarda yaşıl olur, sonradan isə bozumtula çalır.
• Yarpaqlarının üst tərəfi tünd-yaşıl, altı açıq rəngli olur. Oval və ya uzunsov formada, uc hissələri tikanlıdır.
• Yayda açan çiçəkləri ağ rəngli, kiçik və xoş ətirli olur. Çiçəklərin bəziləri erkək, bəziləri dişidir.
• Dişi və erkək çiçəklər ayrı-ayrı bitkilərdə olur.
• Dişi çiçək açan pirkallarda sentyabr-yanvar aylarında xırda, qırmızı meyvələr əmələ gəlir.
• Meyvələri tumlu, yumru və suludur. Rəngləri bəzi növlərdə qırmızı, bəzilərində isə qara olur və bu meyvələr sadəcə dişi çiçəklərdən əmələ gəlir. Meyvələri quşlar və bəzi məməlilər üçün olduqca önəmli qida maddələri ilə zəngindir.
• Budanması olduqca asandır. Pirkal kollarından çox sıx çəpərlər düzəldə bilərsiniz.

Nəyə ehtiyacın var?
• Günəşli və yarımkölgəli yerlərdə yaxşı inkişaf edir.
• Kölgəyə olduqca dözümlüdür.
• İstiyə qarşı müqavimət gücü çox olsa da, birbaşa günəş şüalarının təsirindən qorunmalıdır.
• Donvurmaya, şiddətli soyuğa, xüsusən də dənizdən əsən küləklərə qarşı da davamlıdır.
• Şiddətli küləklərdən zərər görə bilər, ona görə də küləkdən qorunmalıdır.
• Kökləri nəmişliyi sevmir, daimi sulu yerlərdə çürüyür.
• Məsaməli və az miqdarda nəm torpaqlarda yaxşı bitir. PH-ı çox olan qumlu torpaqlar da pirkal üçün ideal sayılır.
• Toxum və çiliklə artırılır. Toxumların cücərmə müddəti 2 il olduğundan çiliklərin birbaşa torpağa əkilməsi daha məsləhətlidir.
• Meyvə üçün erkək və dişiləri yan-yana əkilməlidir.
• Meyvələrini yeyib, toxumlarını aparan heyvanlar və quşlar vasitəsilə də çoxalır.

Müxtəlif növləri
İtiyarpaqlı pirkal (Ilex aquifolium):
• Ən çox Qara Dəniz bölgəsində bitir.
• Çox zəif inkişaf edir.
• Maksimum 15 metr hündürlükdə olur.
• Qışda yarpaqlarını tökmür.
• Sərt, tünd-yaşıl rəngli yarpaqları itiuclu və çıxıntılıdır.
• May-iyun aylarında ağ rəngli çiçəklər açır.
• Sentyabr-noyabr aylarında əmələ gələn meyvələri noxud iriliyində və qırmızı rəngdə olur.

Yapon pirkalı (Ilex crenata):
• Tropik-subtropik bir növüdür.
• Mülayim iqlimli yerlərdə yaxşı inkişaf edir.
• Birbaşa günəş şüaları deyil, yarımkölgəli yerləri sevir.
• Həmişəyaşıl bitkidir.
• 2-5 metr, nadir hallarda 10 metrə qədər uzana bilir.
• Meyvələri qara rəngdədir.
• Sıx yarpaqlarına görə “canlı çəpər” kimi istifadə edilir.

“Nelli r. stivens” pirkalı (Ilex “nellie r. stevens”):
• Konusvarı, həmişəyaşıl bitkidir.
• Böyük yarpaqları olur.
• Apreldə gözəl olmayan, yaşıl-ağ rəngli çiçək açır.
• Qışda parlaq, qırmızı rəngli meyvələri yetişir.
• Orqanik, məsaməli torpaqlarda yaxşı inkişaf edir.

Mənbə : gardens.az jurnalı

Yazıya 632 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.