Günel Eminzadə — Gözləmə, əsla…

günel

“Salam”dan sonra sənə nə deyim, “Gözləmə”, ən son sözüm olsun “Əlvida!”

Səninlə xatirəm azdır, bilirsən, birgə şəklimiz belə olmadı ki, baxım silim onları noutbukumun, planşetimin, telefonumun yaddaşından ayrıldığımızı anladığım zaman… Hədiyyən də yoxdur ki, atım onu zibil qabına hirsləndiyim zaman… 

Tək bir xahişim var: Gözləmə!

Sənə hər davamızdan, anlaşılmazlıqdan, mənə olan haqsız davranışından sonra zəng edəcəyimi gözləmə, əsla!

Heç nə olmamış kimi hər şeyi unudub birinci ismarıc yazacağımı da gözləmə məndən!

Sən zəng etdiyində, dəfələrlə nömrəmi yığanda, zənginə cavab verəcəyimi gözləmə…  

Yazdığın ardıcıl və çoxsaylı ismarıclarına da cavab yazacağımı gözləmə…

Susqunluğumu və incikliyimi anladığın zaman qapımı döydüyün zaman qapının arxasında sən olduğunu bilib, qapını açacağımı, səni bağışlayıb, qucaqlayacağımı gözləmə…

İctimai nəqliyyat vadsitələrində, ictimai yerlərdə, birlikdə vaxt keçirdiyimiz məkanlarda gözlərin axtarmasın məni, oraları sevmirəm daha, çıxmayacağam sənin önünə…

Səninlə nə vaxtsa yenidən birlikdə nahar, şam edəcəyimizi, çay, kofe içəcəyimizi gözləmə məndən…

Məni yenidən baxışlarınla süzə biləcəyini, mənə fərqli, maraq dolu, qiymətləndirici baxışlarınla baxacağını gözləmə…

Əksər kişilər eynidir, əmin oldum buna bir daha…

Sənə güvəndim, inandım, fərqli olduğunu düşündüm, yaxın bildim, insan kimi bağlandım, sevdim… Sən isə layiqsənmi buna?

Sənə, özümə yeni həyat üçün şans verdim, əbəs yerə…

Ümidlər çıxdı boşa, inam yanıb kül oldu, buxarlandı, çəkilən siqarət kimi, sevgini insanlar öldürdü, içlərinə çəkdilər, içdilər qırmızı şərab kimi sevgini, qanlarını artırdılar, meyxoş, məst oldular, düşündükləri və qəbul etdikləri, oyaq vaxtı cəsarət etmədiklərini söylədilər…

Sən də o sərxoş insanlar kimi bir kobud hərəkətin, sözünlə öldürdün məni, incitdin məni, qırdın qəlbimi…

Səni günahkar, səbəbkar bilmirəm… Əsla! Özüməm səbəbkarı da, günahkarı da…

Oxudun məni kitab kimi, bitdi kitabın, bitdi marağın… Bəlkə ötürmək istəyəcəksən başqalarına oxumaq üçün…

Məni də, sevgimi də saldın dəyərdən…

Özümə nifrət etdim, sevgidən məhəbbətə bir addımlıq yol var, bir vaxt özümü sevərdim, sevilmək və sevmək istəyərdim… İndi isə özümə nifrət edirəm, istəyirəm mənə nifrət etsinlər və nifrət edim əksər kişilərə və sevgiyə,  yalanlara, sözlərə, inama, ümidə, insanlığa…. Səni sevməyimə nifrət etdim…

İncimə, gözləmə məni… Sevgi sözlərdə yaşamaz, əməldə yaşar, unutma bunu…

Xoşbəxt ol, mənsiz, məndən uzaqlarda… Əksər kişilərə ancaq ehtirasını oyatmaq, yanıb yandırmaq, odunu söndürmək, seks, vaxt keçirtmə, əyləncə lazımdır…

Sevgi nəyinizə lazımdır axı?! Qadının mənəvi dünyası, xarakteri, insanlığı önəmli deyil, əsas ehtirasdır, zahiri gözəllikdir!

Bacarsan, sən məni bağışla, səni bağışlamışam, amma unuda bilmirəm etdiyini, ölmüş sevgimi dirildə bilmirəm, gözləmə bunu…

Yazıya 822 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.