Bəxtiyar Hidayət – QIZIL KÜPƏSİ ƏFSANƏSİ

bextiyar(hekayə)

Gör bir hazamanda,  hardan – hara, o dünyanın cəhənnəmindən bu dünyanın cəhənnəminə lap mələk sürəti ilə uçub  gəlib Donqar Əlsəfər yadına düşmüdü. Donqar Əlsəfərin 20 il idi donqarını qəbir düzəltmişdi. Donqar Əlsəfər heç öz törəmələrinin yadına düşmürdü, o ki ola  yad bir kəsin.

Kolleqası  Zülfüqar müəllim xahiş eləmişdi- kiloynan qəzet tap mənə. Zülfüqar kəndbəkənd düşüb “karalyok” yığırdı. 30 kilosu 2 manata. Heç nə- pulsuz parasız. Kasıbın xurması da gəlir gətirməz, varlı kefinə xurma yedirdən ölkədə.

Bəxtiyar müəllimin də vağzalın üstündə bir tanışı vardı- hər ikisi köhnə musavatçı idi. Bir- iki seçkidə bir yerdə döyülmüşdülər, bir yerdə döyüşmüşdülər, bir yerdə sutka almışdılar.  indi qəzet satırdı- qəzet budkasında da qəzetdən başqa hər şey vardı- vanna, şlanq, əl- üz yuyan, siqaret, hətta budkanın qabağında da kubik, taxta, tikinti materialları. Lap icra orqanları kimi öz işindən başqa hər işlə məşğul idi burda qəzetçi. Rayon rəhbərliyi də bunlara göz yumurdu- müxalifəti guya belə şeylərlə cilovlayırdılar.

Əslində isə, elə bu qəzetçi kimilərin özləri aralanmışdılar müxalifətdən.

İndi Bəxtiyar müıllimin köhnə dostunda kiloynan qəzet  olurdu- “vazvrat” gedəsi qəzetlərin çoxu burda kiloynan satılırdı. Vaxtilə Bəxtiyar müəllimdə həqiqətən də ton- ton karalyoku Rusiyaya yola salacaq qədər qəzet olardı. Amma indi internet  deyilən vardı və Bəxtiyar müəllim də  qəzetə pul vermirdi. Həm də internet olmasa da qəzet almazdı- inanmırdı heç nəyə.

Hələ ki, 3 kilo qəzet almalı idi.  Zülfüqar müəllimə “karalyok yeşiyi” üçün təxminən bu qədər qəzet lazım idi. Yeşikləri qapı- qapı paylayanda hər yeşik üçün 3-4 qəzet də verirdi ki- altına sərin. Belədə Rusiyaya mal aparanlar karalyoku daha yaxşı alırlar.

3 kilodan əlavə də 4-5 yaxın tarixin qəzetini pay verdi köhnə musavatçı- elə şeylər olur internetə vermillər, qəzetdə itib batır. Apar başını qat- dedi.

Dükandan aralanan Bəxtiyar müəllim əlüstü yaxın tarixin qəzetinə baxdı- nazirlərdən birinin 10 ton dollarını tutub Putin.

-Gör ee, bərəbərlik imiş, hamı bərabər imiş. Birinin dolları ton- ton olsun, o biri kiloynan it ilinin qəzetini alsın.

Bir nazir müavininin evindən isə, iki ton dollar çıxmışdı- bir ton dollar 3 milyard eləyirmiş, 6 milyard pul. Putin Xəzərdə 30  milyardımızı tutub? Heç min ildi Xəzərdən 30 milyard qazanc götürməmişdik. Mən də gəlib 3 kilo qəzet alıram- 3 kilo. 10 ton pul, 3 kilo qəzet. Tfuuuu. Müstəqillik oldu üç badam bir qoz. Guya hamı bərabər imiş. Bizdə o bərabərlik işarəsinin sinəsinə elə dağlar çəkiblər ki, olub türmə işarəsu-#.

Sonrakı xəbərə baxdı- Amerika yenə hakimiyyəti  siyasi məhbusların məhkəmələrində ədalətli olmağa çağırmışdı, müəyyən tövsiyyələr vermişdi. Guya siyasi məhbusların məhkəməsində ədalətli olsalar ABŞ-ın maraqlarını təmin edəcəkdilər. Başqa məhbuslar isə, kimsəyə lazım deyildi. Onların lap dərisini də soysalar Amerikadan səs çıxan deyildi. Həm də bu nə çağırmaqdı belə?

Donqar Əlsəfər məhz bu yerdə yada düşdü-   o məhşur oğru. Oğru olmaqla bərabər həm də “ demaqoq”.  Həm oğru olasan, həm də düzlükdən danışasan. Əlin əyri ola, dilin düzlükdən danışa- bunu məharətlə bacarırdı Əlsəfər. Hansı vəzifəli adamdan Moskvaya bir məktub ünvanlasa, evi yıxılmışdı. Qorxurdular ondan, çəkinirdilər ondan. Dünyanın düz vaxtında  raykomun birinə- Sən Aşırov döyülsən, Döşürovsan, pul döşürməyə gəlibsən demişdi. Ondan sonrakı raykoma isə- sən  Pullu Aslansan, elə edərəm Çullu Aslan olarsan, özünə yığnal- demişdi.  Moskva Donqar Əlsəfəri eşidirdi, nəinki  ABŞ-ı.

Qorxduqlarına, çəkindiklərinə görə də hörmət edirdilər, oğurluqlarına göz yumurdular. O da kənddə kimin quzusunu istəsə oğurlayıb kəsirdi, kabablayırdı səfalı bulaqların üstündə. Qəribə adam idi- dünən yazıb- pozub işini düzəltdiyi adamın bu gün quzusunu oğurlaya bilərdi.  Və yaxud da dünən çörəyini yediyi adamın bu gün çəpişini oğurlaya bilərdi. Hələ iri oğurluqlara da keçib danasını, düyəsini başqa oğrulara sata bilərdi öz malı adına. Oğurladığı heyvanın ətini heç vaxt tək yeməzdi. Qonu- qonşu yığılardı başına- öz malınız kimi yeyin deyərdi. Səhər məlum olardı- elə o qonaqlıqda olan kiminsə toğlusu yoxa çıxıb.

Belində heyvərə bir donqar vardı-adamın əli əyri olduğu kimi beli də əyri, donqar idi. Sanki donqarının ağırlığı sinəsinə düşürdü. Beli o qədər əyilmişdi, sinəsi az qala yerlə paralel idi. Kənddə uşaqları inandırmışdılar ki, guya Əlsəfərin belində qızıl küpəsi var. Guya o öləndə hökumət aparıb qızılı çıxarası idi. Həm də  dəcəl uşaqları onunla qorxudardılar- Donqar Əlsəfər gəlib səni aparacaq. Donqar Əlsəfər  isə- uşağın yanında hər şeyi danışan adam idi- guya kənddə çoxunun nənəsi ilə gəzmişdi.

 

 

Sovxozun hənd qoruqçusu idi- uşaqların da dostu. Kimsənin eşşəyini, danasına xalxala salmazdı- salsa da bir xahişə açarı verərdi- get aç hamısını burax kopolunun mərətlərinin. Mən sizin vaxtınızda dam yarıb dana çıxardırdım, siz iki çəpişi axşama salamat evə apara bilmirsiniz, a sizin nənənizin məməsini yeyim.

Özü də iki arvad saxlayırdı. Gah o evdə gah da bu evdə olurdu- iki ailənin ikisinin də həyətindən çox zaman kabab iyi gəlirdi. Donqar Əlsəfər kefindən qalan deyildi. Belə bir görkəmi ilə atın belinə quş kimi sıçrayırdı. Sanki belinin donqarı donqar yox, qanad idi. Nə qədər içsə də, atın belində idisə gedib iki evdən birinə sağ- salamat çıxası idi. Deyəsən at da bilirdi bu gün Donqarın hansı arvadın yanında qalacağını.

Adamın oğurluğunu neçə dəfə əlində tutmuşdular- amma sübut edə bilməmişdilər:

-Atamın göru haqqı öz damımın heyvanıdı. Damda tutub kəsmişəm. Inanmırsan, bu kitab, bu Quran.

Deyəsən elə kənddə Quran bircə bunun evində vardı- o da and içmək üçün. Əlini Qurana basıb camaatı inandırardı. Sonra da məlum olmuşdu ki, Əlsəfər həqiqətən də öz damından tutduğu qoyunu kəsibmiş. Sadəcə qoyun bunun özünün deyilmiş. Bəs xalxın qoyunu bunun damında nə gəzirdi- adam axşam sürü vaxtı evinin altından keçən cığırın iki addımlığından düz mal damına kimi yalama duzlar düzərmiş. Yalama duzlara daraşan qoyun- quzu addım- addım mal damına yaxınlaşır, sonra da beş- altısı mal damındakı yalama duzlara girişir. Əlsəfər də mal damında- qoyunun birini orda saxlayıb qalanını qovur- özü də qoyun yiyəsinə söyə- söyə- səni sağanın əlini…

İndi millətin müstəqilliyinin ya şitini çıxartmışdılar, ya da duzu elə o Donqarın yalama duzları kimi idi.

Küllü təpəyə çıxıb-“ aya-ya, ayayaayaaaaaa heeey”- bağırardı. Dalınca da “Qoruxdu qorux, qorux, dövlət qoruğu. Çıxıart mərətini, anan bu, atan bu”. Ağır- ağır söyüşlər.  Guya dövlətin özünü yaman sevirdi, hələ bir qoruğunun da qayğısına qalırdı. Uşaqlar da tezbazar Xəzəlli dərəsindən mal- qoyunu çıxarardılar. Sonralar məlum oldu ki, Əlsəfər heç Xəzəlli dərədə kimin olub- olmadığını bilmirmiş. Eləcə bağırırmış- eşidib çıxan çıxar, çıxmayanın da canı sağ olsun. Indi Amerikanın çağırışı da Donqar Əlsəfərin Küllü Təpədəki çağırışına bənzəyirdi.

Bu Donqar Əlsəfər oğruyla oğru, doğruyla doğru, uşaqla uşaq, böyüklə böyük- belə adam idi. Hamının dilini tapırdı. O yalda bağıranda da bilirdi- Xəzəlli dərədə kimin uşaqları ola bilər, o tərəf kimin mallarının örüşüdü. Sonra da axşam- axşam həmin evlərdən birində qonaq olardı- uşağı çağırardı- avara oğlu avara, sən o itin- qurdun uşaqlarına qoşulma,əmin ölməyib (özünü deyirdi). Qoruq yeyəsinin beləsi- belə. Gətir basdır qoruğu. Ancaq itin- qurdun uşaqlarına qoşulma- özün tək gətir mal- qoyunu. Çalış həyatda diribaş ol. Birinci diribaşlıq, ikinci tripaşlıq.

Belə adam idi- orda bağırıb qorxutsa da axşam uşağın könlünü alıb dədəsi ilə də yarım araq içərdi- toqqanın altını bərkidib evinə yollanardı.

 

Moskva hər məktubuna bir komissiya göndərmişdilər. Bir ay rayonun rəhbərlərini apar- gətirə salmışdı. Hətta ona vəzifə- filan da təklif edirdilər. Yox deyirdi- məni o dəqiqə tutdurarlar, mənimki elə qoruqçuluqdu.

Hə, belində küpə olub- olmadığını isə uşaqlar risq edib soruşa bilmirdilər. Hökumət onun belindəki qızıl küpəsini neynəyəcək, neynəməyəcək- uşaqlara sirr olaraq qaldı. Hökumət isə ondan tez öldü- ona qədər də uşaqlar böyüdülər. Qızıl küpəsi əfasanəsi beləcə puç oldu.

Onda Bəxtiyar müəllimgil burnufırtıqlı uşaqlar idilər. Arada da dava xəbərləri gəlirdi. Onda kənddə uşaqlı- böyüklü inanırdılar ki, 3-4 avtomat olsa kəndi qorumaq olar. Onda burnufırtıqlı uşaqlar istəyirdi Əlsəfər tez ölsün- belindəki bir küpə qızılnan nəinki bir kəndi, bütün Azərbaycanı guya silahla təmin etmək olardı. Onda elə bilirdilər bir küpə qızıl çox- çox əlçatmaz şeydi.

Amma indi adi bir nazirin evindən ton- ton dollar çıxırdı, kərpic- kərpic qızıl çıxırdı, 10 litrlik 20-30 ədəd bankanın  içi dolu qara brilyantlar çıxırdı. Onda ayrı vaxt idi.

Yerdən təzə qalxan uşaqları isə, kimsə belə şeylərə inandıra bilməzdi- filankəsin belində bir küpə qızıl var.

Kənd işğal olundu. Donqar Əlsəfər də  sanki işğal olmuşdu- nə hörməti qalmışdı nə cah- cəlalı. Indi bir qoca bir qarı idilər- o biri arvad gedib Bakıya çıxmışdı.  Əlsəfərin də  2 oğlu öldü- biri şəhid oldu, biri də xəstəlikdən öldü. Beli qırılmışdı Əlsəfərin- İndi donqarını yük kimi daşıyırdı sanki. Belini qıran isə camaatın təhnizi idi- o qədər əməl tutub, o qədər yalandan Qurana and içib, Tanrı kişi də sinəsinə oğul dağı çəkib. Bəlkə də Əlfsəfərin donqar belini qıran heç bu deyildi- sözünün eşidilməməyi, sayılmamağı idi. Indi əl boyda bir rayonun icra başçısının müavini də saymırdı onu. Və sözü eşidilməyə- eşidilməyə özü də qəflətən öldü. Az qaldı heç ölüm xəbəri də eşidilməsin- el pərən- pərən düşmüşdü. 10-15 adam yığılıb aparıb quyladı Əlsəfəri.

…Sonra da yenicə ifşa edilmiş təhlükəsizlik nazirliyinin əməkdaşının əməlləri vardı qəzetdə- bunları da oxumadı. Onsuz da internetdən oxumuşdu. Onsuz da özü neçə illərdi deyirdi- onsuz da belə şok məlumatlar gündəmə gələndə özünün də hörməti qalxırdı kəlləçarxa- kişinin oğlu deyirdi dəə.

Həmçinin MTN-nin cəllad Çoydarovun gizli həbsxanasından bəhs edilmişdi. Insanlara verdiyi işgəncələrdən bəhs edilirdi. Heç ermənilər belə işgəncə vermirmişlər.

Bax onda əsirlərin xatirələri yada düşdü- erməni komandirinin özünün gizli həbsxanası vardı . Ümumiyyətlə ön cəbhələrdəki hər hərbi hissənin öz gizli həbsxanası vardı. Özləri əsirləri pula dəyişmək istəyirdi- döyürdülər, işgəncə verirdilər. Ən yaxşı halda isə, işğal edilmiş kəndlərdə evlərin sökülməsinə göndərirdilər. Amma toka vermirdilər. Əlbəttə, bu cür işgəncəni Çoydarovlar kəşf etmişdilər, onlar verə bilərdilər. Özü də millətin irəli getmiş, böyür- başında 10-15 adamı da saxlaya bilən adamlarına qarşı.

Eh yazıq millət- dedi, əsirlərini erməni generalları gizli həbsxanalarda çürütsün, irəli getmişlərini də Çoydarovlar. Tfuu, tfuu, dünya sənin gərdişinə nə deyim? Niyə dağılmır ayə, bu xaraba?

…Dayan, dayan, Alik Salmanov. Adam baş savcının əsas “kassir”i imiş. Milyonlarını itirib xaricə qaçmış bir biznesmen haqqının özünə qaytarılması üçün bu Alikə 1 milyon dollar veribmiş ki, baş savcı işini düzəltsin. Amma  ara yerində o  1 milyon da itibmiş.

Bu ad mənə lap tanışdı axı- Alik Salmanov, Alik Salmanov.  Həə, yataqxana qaravulu. İndi baş savcının baş sürücüsü, həm də  auditantı olub. Kərəmov deyərdik ona. Guya 11 yaşında özünə maşın almışdı. 12 yaşından da toylara öz adıyla yazılırmış. 14 yaşında ev alıb özünə. Qəribədir, hətta Yasamal uşaqları da inanardılar ona.

Bir suyu Orhan Gəncəbaya oxşayırdı Alikin. Onda 40-45 yaşı olardı, amma uzağı 36-37 yaş vermək olardı. Ucaboylu, enlikürəkli idi. Qara şəvə saçlarını eynilə Orhan Gəncəbay kimi darayırdı.

Yasamalda yataqxanada adicə qaravul işləyirdi. Bilinmirdi haralıdı- Gəncəliylə gəncəliydi, qazaxlıyla qazaxlı, ayrımla ayrım, padarla padar, sünniylə sünni, şiə ilə şiə. Hələ desəm rusla rus, türklə türk idi. Yataqxanadakı türk tələbələrlə dini söhbətdə şiələri “neprav” çıxarırdı, Yasamal uşaqları ilə dini söhbətdə sünniləri.  Bir növ öz balanslı həyatını yaşayırdı Alik ki, 30 il sonra da onun ölkəsi balanslı siyasət aparacaqdı. Alik öz balanslı həyatında ilişməmişdi- amma onun dövləti nəhayət bir gün ilişəcəkdi.

Orhan Gəncəbaya oxşaması onun türk tələbələrlə əlaqə qurmasına sanki bir vasitəçi olmuşdu. Qaravul olsa da, adi adam deyildi Salmanov. Elə şeylərdən pul çıxarırdı- məsələn, rus qızları. Yataqxanadakı  türkiyəli tələbələr  hamısı da pullu- paralı. Bunlar da ölürdülər rus qızından ötrü. Lap aybaşı olsa da, rus qızını yatağasalmaqdan çəkinmirdilər. Bunların da bu azarını bilən Alik hər gecə iki- üç qız qaldırardı yataqxanaya. Bəzən də gedib qızları öz “09”-u ilə gətirirdi. Xeyli də pul alardı türklərdən.  Onlar əməliyyata başlayınca isə bir qədər tərcüməçilik edərdə tərəf- müqabillərə, aşiq- məşuqlara.

Qəribədir ki, həm də kriminal aləmlə yaxınlığı vardı Alikin. Yasamal uşaqları axşam- axşam yataqxanada gün keçirərdilər. Alik də basıb bağlayardı- guya rus qızı məsələsi də baştutanlıq, şamtutanlıq deyilmiş. Ruslar bizim düşmənlərimiz imiş- onlara bu da az imiş. Özü də türk- rus tarixi düşməndi və Alik də bu tarixi davada türk qardaşlarımızın yanındadır. O da düşmən rus xalqından qisasını belə alır. Bəzən olurdu ki, bir rus qızını 4-5 türk tələbə paylaşmalı olurdu. Alik də başını bulaya- bulaya- ax bu türklər. Qadın ölüsüdülər. O boyda Krımı Pyotur Perviyə bir qıza verib Sultan Süleyman. Yasamal uşaqları Aliki həm də savadlı biri bilirdilər- amma tələbələr onun tarixi biliyinə gülürdülər.Alik elə bilirdi dediyi düzdü və bu barədə kiminlə desən mübahisə edə bilərdi.

Alik hətta yataqxananın birinci mətrəbəsindəki sovetin vaxtından qalma beynəlxalq telefon aparatına da barmaq eləmişdi- o bu telefonla danışanda qəpik- filan atmırdı. Saatlarla da danışırdı- hətta Rusiyanın uzaq Arxangelsk vilayətindən şirin dilini işə salıb iki qız da gətirmişdi.  17-18 yaşlarında Mariya və Nataşa  macəra axtara- axtara gəlib çıxmışdılar bu yataqxanaya. Alik də onları çox baha qiymətə türklərə satmışdı. Sonra da türklər yataqxananı tək elədilər. Kirayələrə çıxdılar. Onların 4-ü Alikin Bakıdakı evlərində kirayədə qalırdılar və Alik yenə də onların rus aclığını doyuzdururdu.

Bu evlər də əslində ruslara məxsus olmuşdu- qoca babuşkalara. Qəribədir ki, babuşkalar tezbazar ölmüş və evləri də qalmışdı Alikə. Adam eyni vaxtda 4 babuşka ilə necə ZAQS-a girmişdi, bunu fələk də bilmirdi.

 

Yataqxananın birinci mərtəbəsində polis bölməsi vardı- Alik polislərlə də dost idi. Onların da hesabını verirdi. Həm polislə, həm də kriminal söhbətlərdən başqa heç nə ilə fərqlənməyən Yasamal uşaqları ilə yaxınlıq edirdi. Bəzən də xırda xuliqanlıq edən Yasamal uşaqlarını polisin əlindən alırdı- hörməti qlxırdı kəlləçarxa.

Bakıda 5 evi  (özünün də evi vardı) olmasına baxmayaraq ayağını yataqxanada daha da möhkəmləndirirdi Alik. Yataqxananın zirzəmisini özəlləşdirmişdi. Deyəsən hansısa firması da vardı- Salman MMC.

Buna görə də zirzəmini boşaltdırmışdı- zirzəmi kitab anbarı idi. Alik buranı elədi sement anbarı. Kitabları da elə bizim Bəxtiyara və onun otaq yoldaşı Qocayevə, bir də öz yerlisi, Padar Zahirə boşaltdırdı. Əlbəttə ki, onların pulunu verdi. Hətta onları öz MMC- sinə fəhlə də götürdü. Bura gələn sement bu üç nəfər boşaldır, eyni zamanda sifarişlə müştərilərin qapısına da  aparırdılar. Əvəzində də gah Alikdən, gah da müştəridən pul alırdılar o ağır illərdə.

Alikin Bəxtiyara belə can yandırması da qəribə bir iş idi. Əvvəllər araları yox idi- hətta dəfələrlə mübahisə etmişdilər. Bir dəfə isə, Alik acığa düşüb Bəxtiyarı polisə satmışdı- qoymayın, yataqxanaya “pletka” gətirib, yanğın törədəcək. Polis də elə yataqxananın girəcəyindəcə Bəxtiyarın əlindən almışdı “pletka”nı. Hələ bir az da irəli gedib aparıb öz maşınının baqajına qoymuşdu- amma Bəxtiyar da əl çəkmirdi:

-          “Pletqıyı ver, pletqıyı ver”

Elə bu danışıqdan tutan polis ona- bizim rəis də sizin yerlidi, Mamed müəllimi tanımırsan?

Bəxtiyar Mamed müəllimi tanımışdı. O polis də Mamed müəllimən buralarda belə bir yerlisi olduğunu bildirmişdi. Mamed müəllim də- yerlimdə işiniz olmasın demişdi.

Əlbəttə ki, “pletka” elə həmin axşam qaytarılmışdı.

Amma elə həmin axşam Bəxtiyar Alikə ağır sözlər də demişdi. Alik də işi adlatmışdı “Yasamal məhkəməsi”nə. Yasamal uşaqları söhbətə gəlmişdilər- Alikə ağır söz demək olmazmış, Alik yaxşı oğlan imiş- filan. Gərək dediyini sübut edəsən, adam dilindən çıxan sözə “atveçat” olmalıdı. Bəxtiyar da bir- iki türməyə aid kitab oxuyub, vəssalam. Elə o kitablara dayanıb eləmə tənbəllik, sözü lap qırdırma dedi:

-          Alik itlərin sukasıdı. Siz onun dostusunuzsa, “pristupnu mir” mən deyəni deyir. Həm də onun maşını “ət maşınıdı”.

Sübut! Sübut da “pletka” məsələsi.

-          Alik, bu nə məsələdi?

-          Əşşi, bu ayrım gör nələr eşələyir. O sukalıq deyil ki, mən bunun ləhcəsini dinləmək istəyirdim- bir burda olaydınız- “pletqıyı ver, pletqıyı ver”. Ha- ha, ha.

-          Alik, nə lağ edirsən, bax yataqxanadakı türklər də mən kimi danışır. Onlar da “kapıyı” deyir- kapıyı kapat. Daha “nıynan” danışmıllar.  Bə ət maşınına nə deyirsən?

-Əşşi, öz qardaşlarımıza öz tarixi düşmənlərimizi peşkəş edirik burda. Ət maşını, ət maşını. Mən də sən öl özüm ölüm anlamıram bu ət maşını deyəndə nəyi nəzərdə tuturmuş. Ha, ha, ha…

O məsələ beləcə çözüldü- guya anlaşılmazlıq olubmuş. Polislərin də içində yaxşı oğlanlar varmış. Axı Qarabağda da nə qədər polis döyüşmüşdü. Nə qədər polis şəhidimiz var- filan. Alik yenə basıb bağlamışdı.

Bundan sonra isə Bəxtiyarla dostlaşmışdılar. Alikin yerlisi Zahirin də araya girməsi ilə, bu dostluq sonralar işgüzar münasibətlərə çevrilmişdi. Salmanov artıq hər üç işçisinə “trudavoy” da açdırmaq istəyirdi. Bəli, onlar gələcəyin ən böyük şirkətinin ilk qaranquşları idilər. Sadəcə özlərinə çatmırdı bu. Xəsislik edib bir “trudavoy” almırdılar. Yoxsa Alikin peçatı da var idi, ştampı da.

Bəxtiyar isə Aliki heç eşitmirdi. Adama nə qədər deyərlər- fürsətdən istifadə elə, ay bala, yazıqsan.

-          Ay ayrım, tale belə fürsəti bir də verməyəcək. Kəndiniz işğal olub ee. Sən birinci növbədə özün bu yataqxanadan çıxmamalısan. Məktəbi qurtarandan sonra qal Bakıda. Lap magistraturaya gir. əsgər getmə.  Həyatda çox geri düşəcəksən. Lap da başqa cür elə- odur, türklərin otaqları Zahirdədi. Get bir halal süd əmmişi gətir, ZAQS da kəsdir, ol o otaqların sakini. Kimdi səni çıxardan? A kişi, metronun böyründə 2-3 otaqlı evin olur ee, havayı. Yoxsa nə vardı meşənin içində. Pendirə qaçma, şəhərə qaç. Get dədəni- ananın da gətir Bakıya. O qədər boş evlər var- girin bir- ikisinə ay axmaq. Nə mənim belə şansım olardı- orderli evləri də zəbt edərdim.

Əlbəttə ki, Bəxtiyara bunlar çox qəribə gəlirdi.

Yataqxananın komendantı fağır adam idi. Indiki baş savcının da ellisi idi. Amam heç elə şeylərdən istifadə edən adam deyildi komendant. Yəqin ki Alik onun əli ilə baş savcıya yol tapmışdı.

Zahir monqolsifət, ortaboylu, qıpçaqgöz, ayı kimi  güclü, pişik kimi cəld idi. Üzünün tükü seyrək olsa da gec- gec təraş etdiyindən, “keçisaqqal” olduğu hər an sezilirdi. Qocayevlə Bəxtiyar  ikisinə bir kisə sement daşıyanda bu hər qoltuğuna birini vururdu. Pulu da qəpiyə- qəpik üç yerə bölürdü.

Amma birdən işin başını buraxdı Zahir. Elə dərsin də başını buraxdı. Heç tərpənməyə heyi olmurdu son vaxtlar. Rus qızlarının sənədləri it- bata düşmüşdü. Guya sənədləri tapılacaqdı və bu müddətdə gizləməli idilər. Bunları da Zahir türklərin otaqlarında- hansı ki tərk edib kirayəyə çıxmışdılar- saxlayırdı. Və yanlarından ayrılmırdı Zahir. Sonda da rus qızlarının zibilinə keçdi deyəsən-  əvvəl xəstəliyə tutuldu. Sonra da dərs buraxdığına görə arayış- filan düzəldə bilmədi.  Evə də utandığından bir şey deməyib. Alik də kömək eləmədi- yoxsa bir “bolnişni” Alikin əlində nəmənə şey idi. Dərs buraxdığına görə də unuversitetdən qovuldu. Sonra da basdılar əsgərliyə.

Buna qədər isə, Mariya və Nataşanın sənədləri tapılmadı ki, tapılmadı. Demə qızlar arada yataqxananın tərk edib hardansa oğurlu ediblərmiş. Buna görə də axtarışa veriliblərmiş. Daha onları otaqda saxlamaq olmazmış. Sənəd də yox. Alik buna da yol tapmışdı- sement anbarı. Qızlar burda qalırdılar. Sement torbalarının üstündə yatırdılar. Daha Zahir onlara yazıq adamlar kimi baxır, hər gün yemək daşıyırdı. Elə Bəxtiyar da- hamballıq edib pul qazanırdılar, bu puldan da o qızlara yemək- içmək alırdılar. Polisin isə xəbəri yoxdu ki, cinayətkarlar zirzəmidədi.

Qızları isə bit- bir basmışdı.

Sonda bunları yataqxananın hamamına saldılar. Bir- iki günlük də Zahir öz otağında saxladı. Və qızlar tutuldu. Onda Bəxtiyar rayonda idi. Zibil- zibilə qarışdı- Alik guya bu arada “bolnişni” məsələsini həll ethaetdəymiş. Indi də Zahirin tutulma məsələsini həll etdi- Zahiri əldən aldı. Amma universitet batdı.

Bəxtiyar bir də 5 ildən sonra gördü o qızları- əsgərlikdən təzə gəlmişdi onda. Tv-də qadın türməsindən veriliş vardı. Baxdı, tanıdı. Qızlar onu satmamışdılar o zaman. Heç Aliki də satmamışdılar. Arada Zahir yanmışdı.

Zahiri isə əsgərlikdə gördü Bəxtiyar. Özü də necə- adam vəhşiləşmişdi. Rus qızlarının bit- birəsinə görə ağlayan Zahir indi bəlkə də adam əti də yeyərdi. Adamarı bit kimi əzərdi- of da deməzdi.

… Bəxtiyar hansı hisslərləəsgər getmişdi? Özünü xoşbəxt sayırdı müstəqil ölkənin əsgəri olduğuna görə. Amma bu “xoşbəxtlik” cəmi 2- 3 gün çəkdi.  Hamama gedənə qədər.  Sanki  o buz kimi hamamın suyu o hissləri də özüylə yuyub apardı kanalizasiyaya. Hamamdan əvvəl“maladoy”ların hamısının başını qayçı ilə qırxdılar. Eləbil qırxılıqla qoyun qırxırdılar. Başları zolaq- zolaq olmuşdu- guya lezva tapılmırdı. 400 əsgərin pal- paltarı komandirlərə qazanc qalmışdı. Çoxunun da cibində pul- para vardı. Pulu hamamacan  aparıb çıxaranlar elə bilirdilər qəhrəmanlıq ediblər. Çünki əvvəlcə xeyli gənc əsgərin pulunu siyahı ilə götürmüşdülər- guya hamamdan sonra özlərinə verəcəkdilər. Amma o pullar batdı, “yemədi getdi”. Hamamda lüt bədən- pulu harda gizlədəydin? Üstündə də pul saxlayıb bunu gizlədənə çavuşlar ana- bacı söyüşü söyüb. 1-2 nəfər pulu ağzında gizlətdi- vəssalam. Qalanlar ana- bacı söyüşünə və gizlədiləsi bir yer qalmadığına görə pulları çavuşlara etibar etdilər. o pullar da “yemədi getdi”.

Bəxtiyar, yalnız Bəxtiyar öz pulunu geri ala bildi.

Andiçmə günü Bəxtiyarın da çıxışı vardı. Elə o pulları siyahıya alan gizir də aparıcı idi. Səhnəyə çıxacağı elan olunan Bəxtiyar düşdü gizirin üstünə- mənim 17 şirvanımı ver, yoxsa səhnədə deyəcəm ki, mənim 17 şirvanım qayıtmasa, əsgər andını içməyəcəm. Gizir də tez- tələsik cibində nə vardı vermişdi- 16 şirvan. Əslində isə pul 7 şirvan olmuşdu.

O çıxışda isə Bəxtiyar yazılıb verilən mətni oxuya bilməmişdi- həyəcan basmışdı onu. Yenidən vətənpərvərlik hissi oyanmışdı onda- möhtəşəm aura vardı. Bir yandan barabanlar, bir yandan da barabanların ritminə uyğun addım səsləri.

Bəxtiyar çıxışında:

-Deyirlər Vətən sərhəddən başlanır. Biz bu sərhəddi qorumağa gəlmişik. Amma mən istəyirm bu sərhəd dağılsın. Biz dağıdaq o sərhəddi, biz. Mən istəyirəm iki Azərbaycan birləşsin və bizim sərhədimiz Zəncanda , Həmədanda olsun.

Təxminən bu cür bir çıxış yapdı. Bu da onun böyük komandir tərəfindən həm tanınmasına, həm də möhkəm danlanmasına səbəb oldu-  dövləti təxribata çəkmə, bala.

Bax belə- əsgərlik çox ağır gedirdi. Aclıq, soyuq, baxımsızlıq, dedovşina üzürdü qananı. “Maladoylar” deyirdi yeməyə nəsə qatıblar, kişilik də kəsərdən düşüb. Bu həqiqətən də belə idi. Nəydisə bütün əsgərlər yoxlamışdı- mümkün deyildi. Qəribə kişilik məktəbi idi. Sanki elə o dərmanla da əsgər şəxsiyyəti də ölmüşdü. Uşaqar vardı ki, bir qarın yeməkdən ötrü yalvarıb yeməkxana naryadına yazdırırdılar adlarını. 2 min nəfərin qab- qacağını yuyurdular qazan dibi qartlamaq üçün. Orda da başqa əsgərlərin əlli cür ayrı tapşırıqlarını da can- başla yerinə yetirirdilər.  Gərək dözəydin, vəssalam. Başqa yol yox idi. Qaçdınsa, gərək buralara qayıtmayaydın- qız paltarı geyindirib hamıya göstərəcəkdilər. Sonra da saçını qayçıyla qırxıb kəllənə də rus əlifbasının ” П”hərfini yazacaqdılar- yəni Petux. Əlbəttə bunu yazanlar məhz ona görə rus əlifbasına müraciət edirdilər ki, latın əlifbasından xəbərləri yox idi. Elə bu latın əlifbasından xəbərləri olmayanlar da əsas söz sahibləri idilər. Və universitet bitirib gəlmiş gənc əsgərlər də bunların əlinin altına düşmüşdü- çətin idi, çox çətin idi.

Buna qədər isə komandirlərin biri ilə də münasibətlər kəskinləşmişdi.Andiçmə mərasiminin məşqində hərbi marşın sədaları Bəxtiyarı yenə kövrəltmişdi. Musiqi rotası əla bir ab- hava yaratmıdı. Hərbi parad da öz yerində- hər şey əla idi. Sanki əsgərlərin qarını ac deyildi. Bax bu arada Bəxtiyarın gözlərindən özündən asılı olmayaraq yaş axmağa başladı. Bu arada yekədal komandir ona yaxınlaşıb:

-Noolub əəə, maman yadına düşüb? Kişi ol e, kişi.

- Şərəfsiz oğlu şərəfsiz, get cəhənnəm ol. Kişinin o boyda dalı olmaz.

- Səni elə bir yerə göndərəcəm ki, şərəf nə olduğunu unudacaqsan ay yazıq.

… Və komandir dediyini eləmişdi- Bəxtiyar cəhənnəmdən betər bir yerə düşmüşdü. 5-6 maladoy 15-20 “dembl”. Di gəl yaşa.

Biri deyir onu elə, biri deyir bunu. Hamısı da yaşca Bəxtiyardan uşaq. Amma kimdi yaşa baxan. Bəxtiyar da bunların dediklərini eləmir. Nə qədər döydülər xeyri olmadı.

Bəxtiyar hərdən sovet əsgərliyində olanların xatirələrini yadına salırdı- bir gün, beş gün döyülə bilərsən. Gördülər ki, sınmırsan, əl çəkəcəklər. ondan sonra da yaşadın.

Ay- hay. Kimdi əl çəkən burda? Hər gün döyülmək, hər gün təhqir. Guya bu əclafları 4 il imiş çöllərə salan Bəxtiyar imiş, “vaynkomat”- zad deyilmiş.

Bəxtiyar da sözünü deyirdi- sizin taylarınızın çoxu Qarabağda şəhid oldu- dembl yaşına çatmadı. Siz gəlib buralarda dembllik edirsiniz. Allah bilir dədəniz bura saldırmaq üçün nələr verib.

Nəysə, burda alınmadı- bu dembllərin də sən demə bir qorxusu varmış- Sultanov. Padar balası. O eşitsə ki, burda bir belə “dembl” bir maladoyun öhdəsindən gələ bilmir, gəlib əfərəklərini üzəcəkmiş.

Hərdən Bəxtiyarı onunla qorxudurdular- bir gün Sultanov gəlib çıxar buralara. Adamın ayağından asır o. Ondan komandirlər də qorxur, “qrajdanskilər” də. Vurduğu qalxmır onun. Hər adam gözünün içinə baxammır onun.

Sultanov uzaq zastavaların birində imiş. O uzaq zastavada da hamısı elə Sultanov kimi adamyeyənlər imiş. Lakin o adamyeyənlər də Sultanovdan çəkinirmiş. Bəs bu Sultanov kim imiş görəsən?

… Və bir gün Sultanov həmin hərbi hissəyə gəldi- guya “sançasta” gəlibmiş. Çatan kimi də hamını NBM-ə (Nəzərət Buraxılış Məntəqəsi) yığdı.

-Kimdi əə, o “borzuluq” edən?

Bəxtiyarı göstərdilər- Budu, deyir mən dembl- membl hərləmirəm, sizi vaynkomat əsgər gətirib, mən yox. Gedib davanızı vaynkomatla çəkin. 4 il qulluq eləmisiniz deyə belimə ha mindirəsi deyiləm sizi. Heç 41- 45-in veteranları sizin kimi minnət qoymur camaatın boynuna. 4 ildi kef çəkirsiniz, sizin taylarının Qarabağda can qoyanda siz burda mama uşağı kimi…

-Kəs görək. Qudurtmusunuz ki maladoyu.

Bəxtiyar tanıdı onu. Amma Sultanov tanımamışdı.

Sultanov Bəxtiyarın gözünün içinə tərs- tərs baxaraq havanı iki- üç dəfə iylədi- hələ bundan dolma iyi gəlir ki.

Və birdən “dembllərin” 4-5-ni qatdı şillə- təpiyin altına- nətəri qudurdubsuz maladoyu siz? Gözünə baxın bunun. Gözünü qorxuda bilməyibsiniz. Ilk dəfədir maladoy mənim gözümə düz baxır.

Lap arxayın olan Bəxtiyar:

-Əşşi, artistlik eləmə. Kişisən, gedək meşədə təkbətək söhbətimizi edək. Yoxsa bu küçüklərinə güvənib burda farmazonluq eləmə. Gedək, ya sən ölərsən ya mən. Mən də deyirəm kimdi bu Sultanov. 10-15 adama güvənib  üstümə gəlir. Qoymeyin ayə, qoymeyin, üstümə İrasim gəler. Sən öləsən təkbətəkə qalsa sənə ot yolduraram.

Sultanovun gözlərin bərəldi. Hirsindən başını divara döyməyə başladı:

-Öl Zahir, öl, öl. Gör sənə nə deyir maladoy. Blyaxa- muxa…

- Səni gözləyirəm yuxarı zoğallıqda. Burda meymunluq eləmə blət.

-Yaxşı, itin oğluyam səni vurub meyid eləməsəm.

- Görərik .

Zahir ordakı dembllərin əksərini şillə- təpiyin altına saldı. Yenə hrsi soyumamışdı.

Gəlib Bəxtiyarı keçdi- özü də sanki qaydasız döyüşə girən boksyor idi- məşq edə- edə irəliləyirdi.

Kitelini soyunub bir ağacdan asdı. Barmaqlarının ucunda “jim” eləməyə başladı. Aşağısı əlli dəfə dalbadal “jim” eləyib sonra da təpiklə budaqları qırmağa başladı- hi yaaa, hi yaaa. Guya karateist imiş

Bəxtiyar domaşıb zoğal döşürürdü. Zahir isə maykasını da soyunmuşdu. Hətta iri bir daşı da yumruğuyla ikiyə böldü. Bədəni qurbağa sinəsi kimi enib- qalxırdı. Bütün bunlar isə Bəxtiyarın halına təsir etmir, Zahir daha da hirslənib əlavə nömrələr göstərirdi, şpaqat açırdı.

Və birdən Bəxtiyar:

-Ay padar, ayrımı tanımadın?

-Ayə, səsənmi qardaş? Sən öl əməllicə qorxmuşdum. Ha- ha, ha. Allah öyünü yıxsın, bunu de da bə.

Öpüşüb- görüşdülər. Ağlaşdılar da. Zahir də ağlayarmış.

Zahir:

-İllər nə tez keçib getdi.

-Sən nə tez vəhşiləşdin. Əşşi mən də qorxmuşdum- dedim görən bu Sultanov dedikləri kimdi. Allahsız, nağayrıbsan bunlara? Eləbil Əzrayıl zadsan. Nə tez dəyişibsən belə? Sən hara, adam döymək hara?

- Tezdimi Allahına qurban olum. 4 ildi çölləməyəm.  Burda belə olmasan hörmətin olmaz. Dörd il də əsgərlik olar? Eləbil mafiya zaddı- giriş var, çıxış yoxdu. Qurtarsaydıq gedrdik Alikin yanına.

-Alik?

-Hə, Alik. Onun şirkəti böyüyüb. Bakıda binalar tikməyə başlayıblar.  Bəlkə də on “zdaniya” tikir  Alik. Şəhərin ən bahalı yerlərində ev satır. Atam deyirdi- o gün yanıma gəlmişdi- Aliki soruşdum. Hə, baş savcıyla əlbirdi Alik. Rusların evlərinin ikisini satıb şirkəti böyüdüb. Əvvəl yataqxanamızı  özəlləşdirib. Otaqları ev qiymətinə satıb. Yataqxanamızın qabağındakı “avtostayanka”nın ərazisini alıb sonra da. Bir azdan bütün şəhəri alacaq deyəsən.

-Əşşi, mən hələ təzə gəlmişəm, Allah bilir nə vaxt buraxılaram.

-Hə də. Yaxşı özümüzü elə aparaq guya bir- birimizi tanımırdıq. Sən də burda söhbətdə düzgün çıxıbsan.

Xülasə, Zahir Bəxtiyarın hörmətini qaldırdı- daha ona əl uzadan Zahirə əl uzadırmış. Bəxtiyar da söhbətdə düzgün çıxmışdı. Yaxşı oğlan imiş, və sair və ilaxır.

Zahir həmin gün onu şəhərə qonaq da apardı- yaxşıca yedilər- içdilər. Havaxtdı araq içməmişdi Bəxtiyar.

 

… Adi bir qəzet Bəxtyar müəllimi gör haralara aparıb çıxartdı. Birdən də Donqar Əlsəfərin qəbrini görmək istədi.

Qəzet bükülüsünü orda yaxında tanış bir budkaya qoyub qəbristanlığa buruldu. Gedib baş çəkdi  Donqarın qəbrinə. Baş daşı ortadan çat vermişdi- o dünyada da narahat idi Əlsəfər. Götürüb nəvəsinə zəng elədi:

-Kopolunun adamı, bu rəhmətliyin baş daşı çatdayıb axı.

-Nağayrım mən? Deyirlər dəyişdirmək olmaz. Onda dalınca kimsə gedəcək o dünyaya.

- Əşşi bu da vəzifədən çıxan nazir zaddımı dalınca komandası getsin?Ayə,  sinə daşı da çatdayıb. Qəbirin ayağını da eşiblər. Goreşən zad olmasın.

- Yəqin kimsə qızıl küpəsini aparmağa gəlib. Ha, ha, ha.

Qəzetdə yazılanlar yadına düşdü-Çoydarovun adamları qəbristanlıqları da söküb qızıl axtarırmışlar. Hə, elə bir məlumat da vardı. Özü də elə Zahirgilin rayonunda. Vahimələndi Bəxtiyar müəllim.

-Sən zarafat elə. Bu ölkədə hər şey ola bilər.

-Əşşi, gəl bir araq alım sənə. Nə işin var o rəhmətliklərin yanında? Oğurluqmu öyrənmək istəyirsən? Qırxında öyrənən gorunda çalar.

-Bilmirəm nə işim var, bilmirəm.

-Bazarda ucuzxanadayam. Gəlirsən?

-Hə, yarım saata ordayam.

Amma Donqarın nəvəsi ilə görüşə bilmədi. Inanılası deyildi Zahirdən zəng gəlmişdi. Zahir Gürcüstana gedirmiş- atüstü görüşüb söhbətləşmək istəyirmiş. Rayonu ələk- vələk eləyib, axırda tapıb onun nömrəsini.

… Yarım saatdan sonra restoranda oturmuşdular. Zahirin üzündə çox mağmın bir ifadə vardı. Bu o Zahir deyildi.

-          Qardaş, bacar qaç bu xarabadan. Mən birtəhər canımı qurtardım.

Zahir əsgərlikdən sonra bir müddət Alikin yanında “teloxranitel” olur. Sonra görür adam bir evi 3-4 adama satır. Hamıya kələk gəlir- yollaşa bilmir, ayrılır işdən.

-          Qardaş, Alalh hamının ölənlərinə rəhmət eləsin, mən rəhmətlik dədəmə ildə bir dəfə Quran oxutdura bilmirəm, ildə bir dəfə gedib qəbrini ziyarət edə bilmirəm, niyə söydürəydim goruna hər gün? Aldadılmış müştərilər elə bilirdilər mənəm əsas günahkar ki, onları Alikin yanına buraxmıram. Yoxsa Aliki tapsalar evlərini, ya da pullarını alacaqlar. Mən də ayrıldım işdən.

Amma Alik onunla salam- kəlamı kəsməyibmiş. Hər yerdə də “şirkətin ilk qaranquşu” kimi hörmət edirmiş, hərdən də pul- para verirmiş. Zahir sonra qayıdır rayona. Qızıl alverinə başlayır. Işləri pis getmirmiş. Dubaydan qızıl gətirib öz gün- güzəranının düzəldibmiş. Alik də də köməyini əsirgəməyib, hərdən də zəng edib məsləhət verirmiş. Hətta bir dəfə də-işi çox böyütmə, diqqəti özünə cəlb eləmə deyib, Zahir eşitməyib. Elə o eşitməzlik də ona baha başa gəlib. Çoydarovun rayondakı əlaltısı ilişdirib adamı. Alikin təbiri ilə desək- böyüyün sözünə baxmayıb böyürə- böyürə qalıb, ulunun sözünə baxmayıb, ulaya- ulaya qalıb. Az qala bir küpə qızılı gedib əlindən. Özü də MTN- in təcridxanasında qol- qabırğası sınınca döyülüb, ayağının altına dəyənəklə o qədər döyüblər ki, böyrəklər “atkaz eləyib”. MTN- dən meyidi çıxıb az qala. Ondan sonra da bütün bədəni bu məmləkətə “atkaz eləyib”. Yaşaya bilmirmiş buralarda.

3-4 ay müalicədən sonra özünə gəlib. Alik özü qorxusundan ona yaxınlaşa bilməyib ki, əlaqələrini Çoydarovçular bilməsin.

Və birdən- birə səadət günəşi doğub bəxtinə. Arxangelskdən Mariya axtarıb tapıb onu. Elə Mariyanın Bəxtiyara da salamı varmış- xeyir duası varmış. Indi Gürcüstana gedib ordan uçasıymış Arxangelskə. Bilet Gürcüstanda daha ucuz imiş. Həm də Mariyanın salamını gətiribmiş. Mariya bir milyonerin arvadı imiş indi. Nataşa isə Moskva tərəflərdəymiş.

-Nə bilim ee, qardaş. O zaman deyirdin yaxın zamanlarda 7 santimetr qızıl olacaq ölkənin ərazisi. Amma ara yerində bir küpəlik qızılım getdi. Yaxşı ki o zaman o qızlara kömək eləmişdim. Yoxsa indi haralarda idim. Çörəyim ovsanata keçdi- qurban olum Allaha. Çoydarovçular da bir- bir batıb gedirlər.

-Alik deyəsən onların dəstəsində deyil.

-Yox əşşi. Alikin əl- qolu açıldı indi. Daha qabağında duran olmayacaq. Amanını qıran Çoydarovun dəstəsi idi Alikin.

-Oralarda vəziyyət necədi? Deyirlər Rusiya dağılacaq.

-Qağa, dağılsa noolacaq e? Amerikadan bəyanat gəlir, Rusiyadan da kasıb- küsuba pul. Dağılan da deyil- pul düşüb bir az. Burda alçaqlar millətin başında turp əkir, deyir get sən də sarımsaq ək, soğan ək. Orda elə şey yoxdu- zakon yest zakon.

-Nə bilim qardaş. Türkiyə də qardaşlıq eləmədi heç bizə. Qalmışıq Allahumuduna.

- Əşşi, bir hökumətimiz Türkeşin dalınca düşdü, biri də Gündeşin. Heç birindən yarımadıq.

Onlar süfrədən qalxınca məlum oldu ki, dollar da qalxıb. Zahir- yaxşı ki üstümdəki pulları vaxtında dəyişdim dedi.

Görüşüb ayrıldılar.

Aradan iki gün keçmişdi ki, ölkəni nümayişlər başına götürdü. Hökumət isə möcüzəli şəkildə geri çəkilirdi. Bir yandan da hökumətin dalının iki dayağı- Türkiyə və Rusiya müharibə vəziyyətinə gəldi.  Çıxış yolu kimi Milli Etimad Hökuməti yaratmaq qərara alındı. Belə də oldu- Milli Etimad Hökuməti yaradıldı. ABŞ bu addımı alqışladı. Milli Etimad Hökumətinin əsas təşkilatçısı isə general- leytenatn Salmanov Alik Qəmbər oğlu idi. Adam həm ölkəni bürüyən böhranı cilovlamalı, həm də Rusiya və Türkiyəni barışdırmalı idi.

Həmin gün Bəxtiyar müəllimin ürəyi çat verdi. Həmin gün Donqar Əlsəfərin sinə daşının çatı daha da böyüdü.

Həmin gün Zahir Arxangelskdən zəng elədi:

-Gəl, burda sənə iş tapmışam. Daha oralarda yaşaya bilməzsən sən. Sənin də bədənin “atkaz eləyib”, bilirəm.

Həmin gün Bəxtiyar evlənməyinə peşman oldu- bu boyda külfəti indi mən hara aparım?

Həmin gün  rus pulu da xeyli ölmüşdü. Həmin gün mətbuat Rusiyanın tezliklə dağılacağından bol- bol bəhs etmişdi. Həmin gün Zülfüqar müəllimin karalyok yeşikləri Rusiyaya yola düşmüşdü. Dağılmaqda olan Rusiyada camaat kefinə xurma yedirdirdi.

Həmin gün prezident baş savcıya və onun bir xeyli əməkdaşına  ölkənin ən ali medalını- Şərəf Nişanını vermişdi. Alik Salmanov da həmin medala layiq görülmüşdü. Həmin gün Bəxtiyar müəllim xalis qızıldan hazırlanan bu medalın indiyə qədər nə qədər adama verildiyini saf- çürük etmişdi. indiyə qədər bir neçə küpə qızıl da beləcə göyə sovrulmuşdu.

Həmin gün  Ermənistanda Rusiya- Türkiyə- Azərbaycan danışıqları başlamışdı. Alik Salmanov tədbirin təşkilatçısı olmaqla bərabər, ən mühüm danışıqların tərcüməçiliyini də öz üzərinə götürmüşdü.

Həmin gün uzaq Arxangelskdə Mariya bir xeyli ağlamışdı. Aliki o görüşdə görən Mariya yerindəcə donub qalmışdı. Sanki yerə sementləmişdilər onu.

Yazıya 1096 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.