Akif ABBASOV – “Nə toyum toy-düyün, nə yasım yasdı…”

AKİF SON ŞƏKİL(“Aldanma sözlərə” romanından)

Nə toyum toy-düyün, nə yasım yasdı,
Sənsiz ağlayammır, güləmmirəm, gəl
(Allahverdi Məmmədli)
Əzizə çətin vəziyyətə düşəndə «O»nu, bir də qardaşını xatırlayırdı. «O» sağ olsaydı, həm də Əzizənin olsaydı (demə başqasının imiş), heç Adilxana rast gəlməzdi də. «O», söz vermişdi ki, Fatma arvadı da şəhərə gətirəcək, birlikdə yaşayacaqlar. Hər sözə inanmaq olmur. İnsan nədənsə vədlərə, sözlərə aldanır. Əzizə yan otağa keçib çamadanını açdı. Qardaşı Səmədin şəklini götürüb öpdü. Doyunca onun əksinə baxdı. Səməd idmançı idi. Karate ilə məşğul olurdu. Neçə-neçə yarışdan qalib çıxmışdı. Qərbi Azərbaycanda yaşadıqlarından çox vaxt rəqibləri ermənilər olurdu. Hər dəfə erməniləri məğlub edəndə elə bil ona dünyanı bağışlayırdılar. Kənddə Samvel də, Sergeylə Aşot da ona yalaqlanır, ondan çəkinirdilər. Bir növ onlar Səmədin buyruq qulları idilər.
O vaxt maşını saxlayıb Fatma arvadı kuzova qaldırmışdılar. Arvad özündə-sözündə olmadığından əl-qolunu ölçə-ölçə nəyisə adamlara qandırmağa çalışmış və bir daha özündən getmişdi. Kimsə:
- Deyəsən, arvad demək istəyir ki, meşədə kimsə qalıb.
Sürücü etiraz edərək:
- Ləngiyə bilmərik. Ermənilər gəlib çıxar, dərimizə saman təpərlər.
Murad adlı yaşlı kişi:
- Bir düşün, baxın, – dedi. – Bəlkə yaxınlıqda kimsə yaralıdır. Götürək allaha da xoş gedər.
Düşüb baxmış, gəlinin meyitini maşına qaldırmışdılar. Nizam kişi isə elə o vəziyyətdə meşədə qalmışdı. Maşın Azərbaycan kəndlərindən birinə gəlib çıxanda bundan xəbər tutdular. Geriyə qayıtmaq olmazdı. Gəlini kənd qəbiristanlığında dəfn etdilər.
Səmədlə Əzizə faciədən bir gün sonra xəbər tutdular. Axtara-axtara gəlib Fatma arvadı Daşlı kəndində tapdılar. Əzizə ilə qardaşı Səməd Gözəlin məzarı başına gəlib göz yaşı tökdülər. Səməd dərhal atasının dalınca yollandı. Nə billah elədilərsə onu fikrindən döndərə bilmədilər.
Səməd haradansa bir tapança tapıb özü ilə götürmüşdü. Gündüzlər gizlənir, gecələr yol gedirdi. Nəhayət, gəlib kəndlərinin yaxınlığındakı meşəyə çatdı. Anası səmti ona nişan vermişdi. Axtara-axtara gəlib atasının budağı üzərində beli sındırılmış ağacı tapdı. Kişi sürüşüb aşağı – torpağa düşmüşdü. Hərəkətsiz idi. Hadisədən bir həftəyə yaxın vaxt keçirdi. Səməd donub yerində qalmışdı. Nə hərəkət eləyə bilir, nə də atasının halına göz yaşı tökə bilirdi. Ayaqları sözünə baxmırdı. Təxminən on dəqiqə bu vəziyyətdə qaldı. Sonra ona elə bil qüvvə gəldi. İrəli yeriyib meyiti qucaqladı. Hönkür-hönkür ağladı. Birdən sanki möcüzə baş verdi. Hiss etdi ki, qucağında tutduğu cansız cəsəd hərəkətə gəlir. Səməd əvvəlcə qorxdu. Sonra özünü ələ alıb yoxladı. Nizam kişinin nəfəsi gəlirdi. Aclıq, susuzluq, ağrı onu əldən salsa da, hələ canını almamışdı. Göz qapaqlarını güclə aralayıb Səmədi tanıdı:
- Gəl…din? Bi…lir…dim…m ki, gə…lə…cək…sən… Ba..şını aşağı əy…
Səməd əyildi. Nizam kişi onun üzündən öpdü. Yazığın gözlərində yaş quruduğundan yaşarmırdı.
- Gö-zə-li qor-ruya bil-mə-dim. Anan sağ-dı?
Səməd başı ilə «hə» dedi.
- Əzi-zə ne-cə-dir?
- Yaxşıdır, ata, anamın yanındadır. Gəldim səni aparım.
Nizam kişi zarıdı.
- Gec-dir, oğul. Sala-mat qal, – dedi və başı sinəsinə düşdü.
Səməd atasının axır nəfəsinə gəlib çatmışdı. Onun cəsədini buradan apara bilməyəcəkdi. Yüz kilometr məsafə qət etməli idi. Ətraf ermənilərlə dolu idi. Hələ özü geriyə qayıda biləcəkdimi? Bu, özü də müəmmalı idi. Odur ki, yan cibindəki süngünü çıxarıb həmin şahid ağacın dibində atasına qəbir qazmağa başladı. Çətin idi, lakin başqa əlacı yox idi. Bir neçə saat əlləşdikdən sonra qəbir hazır oldu və öz əli ilə atasını dəfn elədi.
* * *
Şər qarışmışdı. O, başı aşağı, fikirli, dərd-qəm içərisində meşənin içərisilə addımlayırdı. Birdən maşın səsi eşitdi. Cəld aşağı əyilib özünü ağacların birinin arxasına verib gizləndi. İki maşın idi. Ondan bir az aralıda maşınları saxladılar. Beş-altı qadın və kişi maşınlardan tökülüşdü. Kefli idilər. Yanlarında iki it də vardı. Səməd acı təəssüflə fikirləşdi: «İtlər duyuq düşsələr, əllərindən yaxa qurtara bilməyəcəyəm».
Belə görünürdü ki, ermənilər meşəyə kef çəkməyə gəlmişdilər. Maşınların işığını yandırdılar. Hərəsi bir qadının qolundan tutub kolun dibinə çəkdilər. İtlər maşının yanını kəsdirib durmuşdular. Səməd bir anlığa fikirləşdi: «İtlər olmasaydı, maşınlardan birinə minib yola çıxardım».
İtlər, sanki onun fikrini oxudular. Ağız-ağıza verib hürməyə başladılar. Tanış olmayan qoxunu hiss etmişdilər. Ermənilərdən kimsə itlərə acıqlandı. Onlar səslərini kəsdilər. Az sonra yenə başladılar. Erməni donquldandı:
- Bu çər dəymişlər də vaxt tapdılar hürməyə… Yəqin onlar da tamaha düşüblər … – qəh-qəhə çəkdi.
Birdən itlərdən biri yerindən qopub Səməd tərəfə götürüldü. Səməd bayaqdan tapançanı ayağa çəkib gözləyirdi. Əlacsız qalıb atəş açdı. İkinci it də irəli cumdu. Növbəti güllə onu da aşırdı.
Artıq ermənilər də döyüş vəziyyəti almışdılar:
- Ara, bu supa oğlu kimdirsə, itlərin nəfəsini kəsdi… Ara, siz də atın… Güllə hər tərəfdən yağdırıldı. Səməd yerini dəyişdi. Onu gördülər və gülləyə tutdular. Kiminsə səsi gəldi:
- Ara, bu harada varsa – türkdür…
Səmədin vur-tut beş gülləsi qalmışdı. Qənaətlə işlətməli idi. Onu bilirdi ki, ermənilərin əlindən yaxa qurtara bilməyəcək. Odur ki, güllələri havaya sovurmaq istəmirdi. Ən azı beş erməni öldürməli idi. Nişan alıb atdı. Ermənilərdən biri sinəsini tutub yıxıldı:
- Ara, supa oğlu öldürdü məni.
Ermənilərdən birinin gülləsi Səməndin çiynini qana boyadı. O, sürünə-sürünə yerini dəyişdi. İri gövdəli ağacın arxasına keçdi. Ermənilər mühasirə həlqəsini daraltdılar. Deyəsən, qadınlarda da silah vardı. Onlar da atırdılar.
Səməd:
- Bu da Gözəlin qisası, – deyib alnından bir qadını nişan aldı. Qadın qışqırıb kökündən baltalanmış ağac kimi yerə sərildi. İşin tərsliyindən maşının fənərləri Səmədə sarı tuşlanmışdı. Onun gizləndiyi yeri və ətrafı işıqlandırırdı. Ayağa qalxıb qaçmaq istəsəydi, mütləq onu vuracaqdılar. Fənərləri gülləyə tutsaydı, gülləsi qurtaracaqdı. Birdən ağlına gələn fikirdən sevindi. Əlini atıb yerdən bir daş götürüb atdı. Daş maşının farasına dəyib sındırdı. İşıqlardan biri söndü. İkinci daş o biri maşının işıqlarından birini keçirdi. Tez sürünüb yerini dəyişdi. Güllə açıldı. Əgər cəld yerini dəyişməsəydi, güllə onu tutacaqdı. Üç gülləsi qalmışdı. Fənərlərdən ikisini güllə ilə söndürsəydi, ətraf zülmətə dönəcək və o, meşənin qaranlığında yoxa çıxacaqdı. Atdı. Güllə sərrast oldu: «Qaldı biri: Tapançanı tuşlamaq istəyirdi ki, birdən arxadan başına nəsə endirildi. Gözləri qaraldı, tapança əlindən düşdü. Ermənilərdən biri onun arxasına keçə bilmiş, tapançanın qundağı ilə onun başına möhkəmcə bir zərbə endirmişdi. Onu güllə ilə də vura bilərdi. Görünür, diri tutmaq istəyirmiş.
***
Səmədi maşına basıb kəndə gətirdilər. Meyitləri də sahiblərinə çatdırdılar. İki evdə şivən qopdu. Ölənlərin yaxınları, qohum-əqrəbası hücum çəkib Səmədi tələb etdilər. Gecə ilə onu didik-didik etmək istəyirdilər. Lakin onları sakitləşdirib dedilər ki, sabah kənd camaatının gözü qarşısında istədiyiniz cəzanı verərsiniz. Çünki Səməd bir-iki adamın yox, hamının düşmənidir. Gələnlər dağılışıb getdilər və sabahı gözləməyə başladılar.
Sergey qabağa keçdi. Onun göstərişi ilə Səmədi tövlələrdən birinə salıb ağzını bağladılar. Amma əvvəlcə möhkəmcə əzişdirdilər. Təpiyə, yumruğa tutdular. Yaralı çiyninə dəyən zərbələrdən huşunu itirib hərəkətsiz qaldı. Sergey:
- Bunun atası Samveli öldürmüş, məni də yaralamışdı, dedi:
O cəzasını aldı. İndi növbə oğlunundur. Sergey axşam evə lül-qənbər qayıtdı. Kefi kök idi. Roza ilə meşədə təbiətin qoynunda eyş-işrətdə olmuşdu. Türk zalım oğlu keflərinə soğan doğramasaydı, günü lap xoş keçəcəkdi. Hələ allah üzünə baxdı ki, sağ-salamat qurtardı. Güllələrin biri ona dəyə bilərdi. Amma Səmədi tutduqları üçün artıq olub-keçənləri, qanıqaraçılığı unutmuşdu. Ermənilərin ölümü onu yandırmırdı. Bir türkə işgəncə verməkdən ötrü on erməninin ölümünə razı olardı.
İki erməninin atışma zamanı öldürülməsindən Siranuşun da xəbəri vardı. Amma bu hadisənin Sergeyin vecinə olmaması onu təəccübləndirdi.
- Yenə nədir, kefin ala buludlarda gəzir… heç olmasa, öldürəni tutdunuz?
- Sergey qrafindən stəkana su süzüb başına çəkdi:
- Tutdunuz nədir, atasını yandırdıq. İndi yarımcan Aşotun tövləsində özü üçün kef edir.
- Tanıya bildin? Kimdir?
Sergey özündən razı:
- Kim olacaq? Nizamın yetimçəsi Səməddir də… Sabah camaatın gözü qabağında işinə əncam çəkəcəyik.
Siranuş Səmədin adını eşidib tutuldu. Nəfəsi daraldı. Lakin bunu büruzə verməməyə çalışdı. Sonra nəsə düşünüb:
- Birdən gecənin bir aləmi durdu qaçdı…
- Qaçmağa halı olsa – qaçar. Yaralıdır, həm də malcan çırpmışıq. Sonra da Aşotun tövləsi daşdandır. Pəncərəsinə dəmir barmaqlıq vurub. Qapısı da dəmirdəndir. Keçən il mal-heyvanı oğurlanandan sonra Aşot işini ehtiyatlı tutub. Düz deyirlər ki, iş-işdən keçəndən sonra qarı tuman bağısını bərkidir. Bundan başqa, mən Aşot-maşota bel bağlayan deyiləm. Qapını qıfıllayıb açarını özümlə götürdüm…
***
Sergey ayaq üstə güclə dayanırdı. Siranuş ayaqqabılarını, şalvarını çıxarmaqda ona kömək etdi. Sergeyin çarpayıya uzanmağı ilə yuxuya getməyi bir oldu. Siranuş da paltarını çıxarıb onun yanında uzandı. Lakin gözlərini yumsa da yuxuya gedə bilmədi. Dağı arana, aranı dağa apardı. Səmədin qaynar gözləri, iri əzələli qolları, bədəni, nüfuzedici baxışları gözləri yadına düşdü.
Sergey dərin yuxuya getmişdi. Xorna çəkirdi. O, kefli olanda onun bax beləcə div yuxusuna getdiyini, bir də səhər oyandığını Siranuş yaxşı bilirdi. Üsulluca yorğanı üstündən kənara çəkdi. Çarpayıdan düşüb əlini onun şalvarının cibinə saldı.
Gecə yarısı idi. Siranuş həyətə çıxdı. Ətrafa göz gəzdirdi. Kənd dərin yuxuda idi. Uzaqdan ağlaşma səsi gəlir və ətrafın qərib sakitliyini pozurdu. Siranuş ehtiyatla Aşotun evinə yaxınlaşdı. Darvaza bağlı idi. O, pişik kimi sıçrayıb hasarı aşdı. Heyvərə it dərhal onun qarşısında peyda oldu. Lakin hürmədi. Siranuş Aşatoun arvadı Marfa ilə rəfiqə idi. Bu evə tez-tez gəlib getdiyindən it onu tanıyırdı. Siranuşun qoxusunu aldığından, ona toxunmadı. Qadın itin başını tumarladı. İt yalmandı. Siranuş tövləyə sarı getdi və qapını açdı. İçəridə xeyli mal-qara vardı. O, tövləni işıqlandırdı. Səməd gözə dəymirdi. Qapını təzədən bağlayıb tövlənin o biri qarşısına yaxınlaşdı və açarı qıfıla saldı. Səmədin zarıltısı gəlirdi. Siranuş özünü ona yetirdi. Başını qaldırıb dizinin üstünə qoydu:
- Samad, ay Samad…
Səməd güclə göz qapaqlarını aralayıb baxdı. Fənərin solğun işığında Siranuşu görüb təəccübləndi. Onu geri itələdi.
- Samadcan, gəlmişəm səni qurtarım. İstəyirsən özüm də səninlə gedim. Bu Sergey canımı boğazıma yığıb. Supa kimidir. Arvadbazlıqdan başı ayılmır.
- Əl çək, qancıq… Yaxşısı budur öldür məni…
- Samadcan, sən bilirsən ki, man sani çox istəyirəm. Siranuş tökməbədənli qadın idi. Ağ-appaq bədəni, iri gövdəli, yoğun baldırları vardı. Yeriyəndə az qalırdı yeri dağıda. Yanlarını oynada-oynada gedərkən arxadan baxanları tamaha salırdı. Səməd yoldaşlarından eşitmişdi ki, erməni arvadları başqa bir candır. Yataqda onlara çatan yoxdur.
Kənddə Səməd də tay-tuşlarından görkəmcə fərqlənirdi. Qarabuğdayı, iri sümüklü, enli kürəkli gənc idi. Başqasının arvadına, qız-gəlininə gözünün ucu ilə də baxmazdı. «İnsan öz namusunu qorumaq istəyirsə, gərək başqasının da namusuna toxunmaya». Onun qənaəti belə idi. İnsan, xüsusən, qadınlar qəribə xislətli olurlar. Eşq-məhəbbət, maraq, meyil kimi hisslər müxtəlif təzadlarla müşayiət olunur. Görürsən ki, biri dərdindən ölür, ona məhəl qoymursan, sənə biganə olanın birisinin həsrətini çəkirsən. Siranuş hələ qız vaxtlarında çoxlarının ürəyinə od salanda onu heç kim yox, yalnız Səməd maraqlandırırdı. Nə qədər bəzənib-düzənsə, xoş münasibət göstərsə də Səmədi özünə cəlb eləyə bilmədi. Axırda kar aşmayacağını görüb acığa düşüb Sergeyə ərə getdi.
Sergeyi sevmirdi. «Ad olsun, ərə getdi» prinsipinə söykənib ailə qurdu. Amma kefindən də qalmadı. Gözü tutanın yatağına girdi. Fikirləşdi ki, dünya beş günlükdür. Adama da gördüyü kef qalır bu fani, vəfasız dünyada. Fikirləşdi ki, Səməd onu almadı-almadı, zövqü-səfa çəkməyə nə sözü. Arada ona atmaca atdı, qandırmağa çalışdı. Kar aşmadığını görüb dilə gəldi, yenə xeyri olmadı. Neçə illər arzusu gözündə qaldı.
Səməd ailə qurdu, özünü ailəsinə, ev-eşiyinə həsr etdi. Siranuş, çətin olsa da, Səmədi unutmağa çalışdı. Lakin bacarmadı. İndi Səmədi, sadəcə, görmək, dindirməklə də olsa təsəlli tapırdı. Ermənilər türklərin evlərini yandıranda, onları qovub çıxaranda Siranuşun bütün ümidləri puça çıxdı. Nizam kişi, Gözəl öldürülmüşdü, Fatma arvaddan xəbər yox idi. Səmədlə Əzizə də hələ bu hadisədən əvvəl çıxıb Bakıya getmişdilər. Daha buralara dönəsi deyildilər. O, Səmədlə bir də qiyamətdə görüşəcəkdi. İndi Səmədin kənddə əsirlikdə olduğunu eşidəndə, ürəyi yerindən oynamış, ölən ümidləri çiçəkləməyə başlamışdı. O, Səmədi ermənilərin əlindən qurtara bilərdi. Səməd də bunu qiymətləndirərdi. Səmədə olan münasibəti erməni olduğunu sanki Siranuşa unutdurmuşdu. Səmədlə keçirəcəyi xoş dəqiqələrdən ötrü ölümdən keçməyə belə hazır idi. Kərəm Əslinin yolunda olmazın əziyyətlərinə qatlaşdı. Kərəm türk, Əsli erməni idi. İndi rollar dəyişmişdi. Siranuş Səməddən ötrü dəli-divanə idi. O, nəyin bahasına olursa-olsun gənci dardan qurtarmaq istəyirdi. Həm də anlayırdı ki, əllərinə fürsət düşən kimi ermənilər heyf çıxmağa, türklərdən nəsə qoparmağa çalışır. Bir yandan torpaqlarını tutur, digər yandan da Ermənistandakı ev-eşiklərindən qovurdular.
Səməd özündə-sözündə deyildi. Huşunu itirmişdi. Köynəyi cırıldığından əzələli sinəsi çöldə qalmışdı. Siranuş əli ilə onun tüklü sinəsini tumarladı. Səməd yarımcan vəziyyətdə də əzəmətli, yenilməz görünürdü. Siranuş yaxasının düymələrini açdı. İri döşləri kənara çıxdı. O, əyilib ağappaq döşlərini Səmədin tüklü sinəsinə sürtməyə başladı.
Bədəninə yumşaq bir şeyin dəydiyini hiss edən Səməd göz qapaqlarını aralayıb baxdı. Baxışları Siranuşun məhəbbətdən alışıb-yanan gözlərinə sataşdı. Əli ilə onu geri itələdi. Siranuş onun bu hərəkətindən qətiyyən incimədi. Yadına düşdü ki, vaxt azdır. O, Səmədi qurtarmalıdır. Odur ki, yaxasını düymələyə –düymələyə:
- Dur, Samad, dur, Sergey oyansa, özünü bura çatdıracaq, qaçmaq lazımdır. Sabah ətini şişə çəkəcəklər. Bizimkiləri ki, tanıyırsan…
***
Sergey arxası üstə uzanmışdı. Xorultusu evi başına götürmüşdü. Birdən böyrü üstə çevrilib əlini irəli uzatdı. Arxadan Siranuşun dolu əndamını qucaqlayıb yatmağı xoşlayırdı. Lakin bu dəfə Sergeyin əli boşa getdi. Özünü bir az irəli verdi və təəccüb içərisində gözlərini açdı. Siranuş yerində yox idi. Sergey harayladı. Cavab gəlmədi. Əlini atıb siqaret götürdü və yandırdı. Bir-iki qullab vurub fikrə getdi. Siranuşun yanında Səmədin adını çəkməkdə ehtiyatsızlıq etmişdi. Səmədlə arvadının eşq macəraları qulağına çatmışdı. Lakin nə qədər çalışmışdısa, onları bir yerdə tuta bilməmişdi. Rastlaşdıqda Sergeyin ona qanlı-qanlı baxdığını görən Səməd başa düşürdü ki, Sergey arvadını ona qısqanır. Odur ki, onu saxlayıb, inandırmağa çalışmışdı ki, Siranuşla onun arasında heç bir yaxınlıq yoxdur. Eşitdikləri yalandır. Amma Sergey inanmaq istəsə də, özü ilə bacara bilməmiş, ürəyinə xal düşmüşdü. «Od olmasa, tüstüsü çıxmaz».
Ona görə də Səmədin Bakıda olmasından istifadə edib Samveli də götürüb onların evinə getmişdi. Məqsədi Səməddən heyf çıxmaq üçün bir gecəliyə də olsa Gözəli ələ keçirmək idi. Bu da yadınızda varsa, baş tutmadı. İndi Səməd özü onun əlində idi. Tövlənin açarını da Səmədlə haqq-hesabı çürütmək üçün götürmüşdü. Siranuş gəlib çıxmaq bilmirdi. Sergeyin ürəyinə nəsə damdı. Tez əlini atıb şalvarını götürdü. Tövlənin açarı yerində yox idi. O, cəld geyindi:
- Qancığı görürsən? Yekə dalını Səmədin hüzuruna aparıb…
Həyət qapısı arxadan qıfıllanmışdı. Samvel iti addımlarla həyətə girdi. İt hürə-hürə onun üstünə cumdu. Səsə Aşot çıxdı və itə acıqlandı. Sergey tövlənin qapısını açdı. İçəri boş idi.
- Supa oğlu supa! Tıs vurub yatmısan. Sənə deməmişdim gözün bu türkdə olsun. İndi başınla cavab verəcəksən. Səhər tezdən onun yerinə səni şişə keçirəcəyik. Cəld dalımca gəl…
Sergey itin yanından keçəndə ona bir təpik vurdu:
- İt ki, it… Türkü yola salır, mənim üstümə cumur.
Endirilən təpik itin sür-sümüyünü əzişdirdiyindən Sergeyin üstünə atıldı və ayağından onu qapdı. Sergey qışqırıb söydü. Aşot tez yod, tənzif gətirdi. Sergey qışqırdı.
- Ay eşşək, tez maşını işə sal… Türk cəhənnəmə, arvad da əldən getdi…
Aşot tədbirli tərpəndi:
- Maşının səsini eşidib gizlənərlər. Gərək piyada gedək…
Sergey üz-gözünün turşudaraq:
- Piyada getsək, çatmarıq. Onda gərək velosipedə oturaq.
Bu təklif Sergeyin ağlına batdı:
- Di, tez ol, velosipedi gətir… Tapança da götür.
Onlar ikisi də – qabaqda Aşot, arxa oturacaqda Sergey velosipedə əyləşdilər və yola düşdülər.
Səməd yaralı olduğundan çox da uzağa gedə bilməmişdi. O, tək idi. Siranuş gözə dəymirdi. Sergey öz-özünə deyindi: «Yəqin qancıq özünü dincəldib evə qayıdıb. Eybi yox, onunla sonra danışaram».
Səməd ac idi. Taqətdən düşmüşdü. Yarası ağrı verirdi. Odur ki, yorulub yolda qalmışdı. Onu bir kolun dibində tapdılar. Sergeylə Aşotu görəndə durub qaçmaq istədi. Amma başının üstünü aldılar.
***
Əzizə həyatda haqsızlıqlar, alçaqlıqlarla az rastlaşmamışdı. Başqalarının başına gətirilən bu oyunların bir çoxu onun yadından çıxmışdı. Lakin doğmalarına, özünə edilən pislikləri, təhqirləri heç cür unuda bilmirdi. İnstitutda oxuyanda da haqsızlıqlarla üzləşmişdi. Həmin hadisə yadına düşəndə möhkəm əsəbiləşirdi. Riyaziyyatdan imtahan idi. Müəllim qrupa xəbər göndərmişdi ki, qiymət almaq istəyənlər qabaqcadan onu görsünlər. Əzizə belə təmənnalı müəllimləri anlaya bilmirdi. Onlar müəllim adına ləkə gətirirdilər. Bir neçə tələbə ehtiyatlı tərpənmiş onun istədiyi pulu vermişdilər. Əzizə imtahana hazırlaşdığından bu söz-söhbəti, xəbərdarlığı qulaq ardına vurmuşdu. Lakin doğru deyiblərmiş sən saydığını say, gör fələk nə sayır».
Əzizə gecəni, gündüzə qatıb imtahanlara hazırlaşdı, əla qiymət alacağına şübhə etmirdi. İmtahandakı şifahi cavabları da, məsələ həlli də imkan verirdi ki, əla qiymət alsın. Lakin gözlədiyinin əksinə olaraq müəllim «yaxşı» yazmaq istədiyini bildirdi. Əzizə etiraz etdi. Bu, müəllimə xoş gəlmədi və o acığa düşdü. «Əlaya heç mən özüm bilmirəm». Əlavə suallar, məsələ və misallar verdi. Nəticə yaxşı olsa da, müəllim əla yazmaq istəmirdi ki, istəmirdi. Axırda iş o yerə çatdı ki, özündən çıxıb 2 qeyri kafi qiymət yazdı. Əzizə sonra göndəriş alsa da əli rüşvətə öyrənmiş, vicdanını pula satan, müəllim tələbə münasibətlərini qurmağı bacarmayan, pedaqoji etikadan kənar bu şəxs hər dəfə qızı məyus edirdi. Əzizəyə sonuncu göndəriş verilmişdi. Bu dəfə iki qiymət alsaydı kursda qalacaqdı. Ona görə də komissiya tələb etdi. Və riyaziyyat müəlliminin ciddi cəhdinə baxmayaraq biliyi əla ilə qiymətləndirildi. Əzizə əvvəldən şikayət də edə bilərdi. Lakin bunu özünə rəva görmürdü.
Nə əcəb dünyada yaxşı adamlar varmış! Həmin şəxslərlə Mahmud müəllim kimi ləyaqətsizləri müqayisə edərək, üstünlüyü yaxşılara verdi. Və belə günlərin birində «O»na rast gəldi. Dünya bir anlıqda əlvan rənglərə boyandı. Hər şey gözəl göründü. Kobud sürücünün də, deyingən qonşunun da, xudbin qrup yoldaşlarının da, qiymətdə aldadan satıcının da, hərəkətlərinə əhəmiyyət verməməyə çalışdı. Biri haqqında fikirləşdi ki, yəqin əsəbidir, kimsə qanını qaral¬dıb, ona görə kobudluq edir; o biri barədə düşündü: görünür, dərdlidir; satıcı haqqında ürəyində dedi: «Yəqin ehtiyacı var, nə bilmək olar?!»
Bax, beləcə, şən, qayğısız, sevgili günləri başlandı. Deyirlər, vaxtilə insan təbiəti indiki kimi olmayıbmış. Onun dörd əli, dörd ayağı, kürəyə oxşar bədəni varmış. Bir boynunun üstündə bir-birinin tam eyni olan, lakin əks istiqamətlərə baxan iki sifəti varmış. İnsan öz gücü, qüvvəsi, bacarığı, ağlı, çevikliyi etibarilə indikilərdən fərqlənirdi. O, allahlarla belə boyun əymirdi. Bundan xəbər tutan Zevs onların qüvvəsini parçalamaq, hər birini iki hissəyə bölmək qərarına gəldi. Bunlardan da kişi və qadın yarandı. Həmin hissələr həmişə qovuşmağa can atırlar, buradan da Eros, yəni təbii məhəbbət yaranıb. Biz əslində bütöv insan deyilik, vahid tamın hissələriyik. Yalnız öz hissələrimizi tapdıqdan sonra əsl insana çevrilirik.
Əzizə də öz hissəsini tapmışdı. Ona görə də özünü bəxtiyar, məsud sanırdı.
İndi ötüb-keçənləri andıqca görürdü ki, həyat onun fikirləşdiyi kimi yalnız əlvan boyalara bürünməyib, yalnız adama səadət bəxş etmir, şirin badəsini içirtmir, onun həm də zəhər kimi acı badəsi var. Hərdən məcbur edir ki, onu da içəsən. Həyatın xoş anları kimi keşməkeşli, ağır, sarsıntılı, əziyyətli, iztirablı günləri də çoxdur. Öz tayını tapanlara bəxtiyar demək olar.
Kəlbəcərli İlyas baba ilə Xatın nənə nə az, nə çox düz 105-106 il ər – arvadlıq həyatı sürüblər. İlahi 105-106 il! Bəziləri ailə qurandan sonra heç ilk uşaqları dünyaya gəlməmiş ayrılırlar. Hər gün bir-birlərini görmək neçə-neçə il sonra da insanları təngə gətirir. 105-106 il, bir əsrdən çox bir-birinə həyan durasan, birgə şadlanasan, birgə qəmlənəsən, çətinliklərini birgə həll edəsən. 130-140 il birlikdə ər-arvad kimi yaşamaq nədir, hətta 100 il ömür sürmək belə böyük hünərdir. 130-140 il yaşayasan bundan 100 ildən çoxunu bir-birinə həsr edəsən. Deməli, xoşbəxt ailə həyatı insan ömrünü də uzadır. Ailə uğursuz olanda ömür də qısalır, xoşbəxtlik də azalır, yoxa çıxır.
Əzizə «O»nunla birlikdə 150 il birgə yaşaya bilərdi. Bütün həyatını ona həsr edərdi. Lazım gəlsəydi, onunla ölərdi, dirilərdi. «O»na məhəbbətinin həddi-hüdudu yox idi. İki əsr bu məhəbbətin oduna qızınmaq olardı. Ancaq olmadı. «O» öldü, Əzizəni də öldürdü.
Adilxanın hərəkətini ona bağışlamazdı. Ancaq bağışladı. Dünyadakı pisliklərin yanında o nə böyük günah tutmuşdu ki?! Əzizəni maşına sürüyən, sağ və sol tərəflərində oturub bıçaqlarını onun böyürlərinə söykəyən oğlanları tutdurardı. Lakin tutdurmadı. Mahmud müəllimin alçaq hərəkətinin qarşısında bu nə idi ki? Mahmud müəllimi bağışlamadı. Taleyin hökmünə buraxdı. Əzizə həmin gəncləri də bağışlamazdı. Ancaq cavanlıqlarına qıydı. O, pislik üçün yaranmayıb. Pislərin cəzasını qoy allah özü versin. Allah özü Mahmud müəllimin cəzasını verdi. Alçaq hərəkətlərinə görə bir gün milis işçiləri tərəfindən yaxalandı.
Ermənilər də çox fironluq edirdilər. Allah onların da hamılıqla cəzasını versin. Arxalı köpək qurd basar. Biz onlarla hələ ki bacara bilmirik.
Sonralar döyüşlərdə əsir alınmış Vazgen Səmədin başına gətirilən oyunları danışdı. Fatma arvad, Cavadla Əzizə Səmədə yas tutub, nə vaxtdan bəslədikləri ümidi dəfn etdilər. Fatma arvad Əzizəni çağırırdı. Kimsə gəlmişdi. Əzizə Səmədin şəklini bir daha öpüb, çamadana qoydu, gözlərinin yaşını sildi.
Əzizə o biri otağa keçdi. Milisdən idilər. Gələnlər onu sorğu-suala tutanda Əzizə heç kimdən şikayət etmədi. Hətta özünü tox tutdu. Zarafata salıb: «Maşında bir az gəzdirib, evimizə gətirdilər», – dedi:
Cəfərxan Əzizənin ağlına, əxlaqına, xeyirxahlığına heyran qaldı.
- Ürəyində öz-özünə dedi: «Heyf belə gəlin ailəmizə qismət olmadı».
***
Gəl, sındır həsrətin qılınc buzunu
Gəl, çağır görüşə bəxt ulduzunu!
Yaşamaq istəsən illər uzunu,
Köç ürəyimə!
T.Nəzərli

Əhvalatı eşidən kimi Natiq müəllimin qanı qaraldı və möhkəm əsəbiləşdi. Adilxanı tapıb onunla haqq-hesabı çürütmək istədi. Cəld məktəbin həyətinə çıxdı. Lakin burada ayaq saxladı. Çıxarıb bir siqaret yandırdı. Dərin bir qullab vurub fikrə getdi və əli boşaldı. Əvvəla, buna Əzizə necə baxardı? İkincisi, Əzizə hələ ona öz fikrini bildirməmişdi. Sonra da o, müəllim və tərbiyəçi idi. Ötən dəfə Adilxan onun üstünə hücum çəkmiş, o da cavabını vermişdi. Bunu başa düşdülər. İndi o, Adilxanın üstünə getsəydi, günahkar özü olacaqdı. Və buna heç cür haqq qazandıra bilməyəcəkdi. Həm Adilxanın səviyyəsinə enəcəkdi, həm də onu qınayıb deyəcəkdilər: Qızın anası, dayısı qala-qala bu müəllimə nə düşüb yuyulmamış qaşıq kimi özünü araya soxur? Nə qohumudur, nə nişanlısı, nə də arvadı. Hə, yeri gəlmişkən, Cavad da arada bacısına, Əzizəyə dəymək üçün kəndə gəlmişdi. Hadisədən burada xəbər tutdu. Bacısının elə hey problemlərlə üzləşdiyini görüb qanı qaraldı. Yaz tətili olduğundan məktəbdə dərslər yox idi. Ara-sıra müəllimlər məktəbə gəlir, yarımçıq qalmış işlərini, yazı-pozularını davam etdirir, məktəb sənədlərini qaydaya salırdılar. Gedərkən Fatma arvada tapşırdı ki, hazırlaşsınlar, sabah dallarınca gələcək. Gedib dörd-beş gün onlarda qalarlar.
Bacısı ilə Əzizəni rayona aparmaqda məqsədi həm də bu idi ki, onlar bir neçə gün camaatın gözündən uzaq olsunlar, söz-söhbət kəsilsin.
İndi Əzizə ilə anası yol tədarükü görürdülər. Fatma arvad həyət-bacadan, mal-heyvandan muğayat olmağı qonşusu Gülbahar arvada tapşırmışdı. Əzizə həyətdə anasının və özünün ayaqqabılarını təmizləyirdi ki, səs eşitdi. Dönüb baxanda Natiqi gördü. Darvaza açıq olduğundan onun nə vaxt həyətə keçdiyini görməmişdi.
- Salam, Əzizə!
Əzizə özünü itirdi. Donub qaldı. Gözlənilməz qonaq onu lap çaşdırdı:
- Salam, Natiq müəllim.
- Eşitdim…
- Gəl, bu barədə danışmayaq. İçəri keç.
- Yox, yaxşıdır.
Natiq özündə qüvvə toplayaraq:
- Əzizə, bu məsələni qurtarmaq lazımdır. Səni narahat edirlər. Mən də iztirab çəkirəm. Gəlmişəm, fikrini öyrənim.
Əzizə, nəhayət, qəti qərara gələrək:
- Mənim bir sözüm yoxdur. Ancaq anamla da məsləhətləşim.
Natiqə elə bil dünyanı verdilər. Bayaqdan gözlərinin dərinliyində gizlənmiş narahatlıq sevinclə əvəz olundu.
Fatma arvad qonşuya getmişdi. Natiq Əzizənin əlindən tutdu. Gözlərinə baxaraq:
- Sağ ol, Əzizə! Mən səni sevirəm! Özü də çox. Bunu qiymətləndirdiyin, məni məyus etmədiyin üçün minnətdaram. Deyəsən, harasa hazırlaşırsınız?
- Elədir. Rayona dayımgilə gedirik.
***
Murad artıq həyatda yox idi. Xuraman bununla razılaşa bilmirdi. O ərinə hədsiz bağlanmışdı. Deyirlər məhəbbət də ölür. Yalandır! Ədəbi məhəbbət, hüdudsuz məhəbbət ölmür, ölə bilməz. O, sevməmişdi ki, sevgisini öldursün. Arzu kimi, məhəbbəti də onun balası idi. Balanı da öldürmək olar? Arada Əzizəni xatırlayırdı. Onun taleyi üçün narahat olurdu. Onda qınayıcı nəzərlərlə Muradın şəklinə baxırdı. Amma Xuramana elə gəlirdi ki, Murad da ona həmin nəzərlərlə baxır. Nədənsə Xuraman özünü təqsirli bilərək gözlərini qaçırırdı. Sanki Murad da onu qınayırdı. Təəccüb qalınası iş idi. Arzu da atasının xiffətini edirdi. Bir neçə dəfə Xuraman onu dayanıb Muradın şəklinə baxan görmüşdü. Yazığın nə yaşı vardı ki, atasız qaldı? Bir doyunca ata qayğısı görmədi. Doğrudur, Xuraman ona həm atalıq, həm də analıq edir, qayğı çəkməyə qoymurdu. Amma ananın öz yeri var, atanın öz yeri. Atalarının əllərindən tutub qürur hissi ilə yeriyən uşaqları görəndə Arzunun onlara necə həsrətlə, qibtə hissilə baxdığını görür və varından yox olurdu.
Muradı bircə anda itirdilər. Arzu uşaq bağçasında idi. Xuraman mətbəxdə xörək hazırlayırdı. Əti maşından keçirib təzəcə qurtarmışdı. Kələmi ləçəklərə ayırıb isti suya salıb çıxarırdı ki, əti büksün. Qapının zəngi çalındı. Murad idi. O, adətən, səhər çıxıb axşam tərəfi qayıdırdı. Onun günorta evə gəldiyini görən Xuraman təəccüblə:
- Nə yaxşı tez gəldin. Heç olmasa bir dəfə naharı evdə edərsən.
Murad:
- Bəxtəvərlikdən danışırsan. Oturmağa vaxt yoxdur. Hazır nə varsa, gətir, bir tikə yeyim, gedirəm. Ezamiyyətə göndərirlər.
O, tez- tələsik nahar edib qalxdı. Xuramanı öpüb getdi. Yola düşərkən tapşırdı ki, mənim ağzımla Arzu balamızı da üzündən öpərsən.
Murad iki gün olardı ki, ezamiyyətdə idi. Arada evə zəng çalmış, Arzu ilə də danışmışdı. Uzağı üç günə qayıdacağını bildirmişdi. Xuramanın hesabına görə, Murad bu gün evdə olmalıydı. O, paltar yumağı nəzərdə tutmuşdu. Amma nəsə əli işə yatmırdı. Fikrindən vaz keçdi. Özünü narahat hiss edirdi. Darıxırdı, nəsə bədbin, qüssəli bir hiss, duyğu onda əsəbi əhval yaradırdı. «Görünür havada maqnit burulğanı var», – deyə öz-özünə düşündü. Elə bu fikirlərə qərq olmuşdu ki, telefon zəng çaldı. Xuraman vanna otağında paltar yuyurdu. Əlini qurulayıb dəstəyi qaldırdı və eşitdiyi xəbərdən az qaldı ağlı başından çıxsın: Murad avtomobil qəzasına düşmüşdü …
***
«O», qəflətən küçənin hərəkət hissəsinə çıxdı. Nə üçün yolunu dəyişdiyini özü də bilmədi. Asfalt yolla maşınlar şütüyürdü. Fikirli-fikirli o biri tərəfə adlamaq istəyirdi. Yol polisinin fit səsini eşidib sanki ayıldı. Qəfil də geri dönüb qayıtmaq istədi. Artıq gec idi. Maşınlardan biri kəskin tormoz verdi. Sürücü bir təhər sükanı səkiyə sarı döndərdi. Arxadan yetişən başqa bir maşın onu vurub o biri maşının üstünə atdı. Adamların qarışıq səsi eşidildi. Daha heç nə xatırlamır.
Təcili yardım gəldi. Götürüb xəstəxanaya apardılar. Vəziyyəti ağır idi. Qıçı sınmış, daxili orqanları zədələnmiş, beyni silkələnmişdi. Bir aydan artıq ölümlə pəncələşdi. Həkimlər, tibb bacıları bir an onu gözdən qoymurdular. Nəhayət, onların əziyyəti hədər getmədi. «O»nun üzü bəri olan kimi ilk öncə Əzizəni xatırladı. Yanına gəlib-gedən az idi. Yad şəhərdə kim idi onu tanıyan?! Bir aydan çox idi ki, Əzizədən xəbərsiz idi. Yəqin küsüb. İnciməyə haqqı vardı qızın. Ancaq «O»nun başına gələnlərdən xəbərsiz idi. Xəbər tutsaydı, özündə-sözündə olmayacaqdı. İstədi Əzizəyə zəng vursun. Fikrindən daşındı. Yaxşı yeriyə bilmirdi. Sonrası da alnında, yanağında avtomobil qəzasından sonra dərin şırımlar açılmışdı. Bu görkəmdə onun gözünə necə görünəcəyi barədə fikirləşdi. Gəncin narahatlığını görən həkimlər «O»nu xatircəm etdilər ki, müalicədən sonra sifətindəki şırımlar yoxa çıxacaq. Axsamağı keçəcək. Ezamiyyətə gələndən sonra bir neçə dəfə uşaq bağçasına zəng edib Əzizəni telefona çağırtdırmışdı. Amma orada yalnız bir telefon vardı. Bəzən müdirə cavab verirdi. Əzizə Badam xanımın yanında onunla danışmaqdan utanırdı. Odur ki, «O», Əzizənin qaldığı evin ünvanını yazmaqla onu müəyyən saatda «Danışıq məntəqəsinə» çağırtdırır, burada ürəklərini boşaltdırdılar. Xəstəxanaya düşəndən bu imkan da əlindən çıxmışdı. «O»nun kirayə tutduğu mənzildə də telefon yox idi. Sevdiyi gəncin zəng etmədiyini görən Əzizə özü onu «Danışıq məntəqəsi»nə dəvət etmişdi. Soraq çıxmamışdı.
Xuramangildə «O»nun şəklini görəndən sonra Əzizə düşünmüşdü: «Demə «O», Bakıya – arvadının yanına qayıdıbmış. Bunu ondan gizli saxlayırmış. Ona görə də zəng etmir, «Danışıq məntəqəsinə»nə gəlmirmiş.
***
Günlər ötür, «O» get-gedə sağalırdı. Artıq durub yeriyirdi. Ayağını daha əvvəlki kimi çəkmirdi. Sifətindəki şırımlar da üzə gəlirdi. Yəqin Əzizə möhkəm inciyib. Bundan belə onu yola gətirmək çətin olacaqdı. Əgər tapa bilsəydi… Bir həftə əvvəl uşaq bağçasına zəng edərkən ona demişdilər ki, Əzizə daha burada işləmir.
«O», səhvə yol verdiyini anlayır və bunun peşmançılığını çəkirdi. Yataq vəziyyətində olarkən tibb bacısından xahiş edə bilərdi ki, Əzizə ilə onu birləşdirsinlər. Xəstəxanada ki, telefon vardı. Qız nömrəni bilsəydi özü zəng edəcəkdi. Bəlkə də gəlib ona dəyəcəkdi. Bax, biz hamımız beləyik. Səhvə yol verə-verə gedirik. Bu isə həyatımızda çətinliklər, anlaşılmazlıqlar, qanıqaraçılıq yaradır.
(ardı var)





Yazıya 758 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.