Bəxtiyar Hidayət – GÖBƏKHAQQI

bextiyarSonuncu dəfə  hazaman restoranda basdırma yemişdi- hüvüdübillah  yadına da düşməzdi indi. Bunlar müəllim adamlardı- bunlarınkı “sabrazim” di. Onda da bir-iki  “zalatoy kalço”, bir – iki də konserv, uzağı bir banka da xiyar turşusu. Evdən də hərə özü üçün pendir- əppəkdən zaddan gətirər. “Karotki den günü” – yəni şənbə günü ya  məktəbdə, ya da məktəbin yaxınlığındakı çayın qırağında özləri üçün dünaynın bala dərdini unudarlar, başlarını açarlar. Çayın yatağı tez- tez dəyişdiyindən  bunlar da aradabir əvə yerlərini dəyişmiş və getdikcə yuxarılara çəkilmişdilər. Beləcə də guya bir həftənin ev problemlərini də, məktəb problemini də o çayın sularında axıtmış olurdular. Di gəl, növbəti həftə məlum olurdu ki, bunlar əslində öz ömürlərini beləcə çay aşağı axıdıb çay yuxarı gəzirmişlər.

O caylağın azacıq anrısında isə, məhşur bir restorandı-Ağcaqayın restoranı. Bu tərəflərə gələn əziz qonaqlar mütləq burada ağırlanır və gedəndə də uzun müddət öz xatirələrini bölüşürlər ki, bəs dünyada necə gözəl yerlər var. İllərdi bu müəllimlər üçün arada Araz çayı kimi sərhəddi həmin çay da. Ha özlərini möhkəmlədiblər, amma hələ bir dəfə imkan eləyib Ağcaqayına gedə bilməyiblər. Ağcaqayın restoranında oturmaq bunların qaraca pullarına görə deyil.  Bunlar Ağcaqayında otursalar gərək həmin ayın kreditinin üstünə cərimə gələ, həmin ay nisyələrini ödəməyələr, alışmapullarını verməyələr. Mal yiyəsi də qabaqlarını kəsib lap qızıl- qırmızısına belə deyə:

-Yediyiniz zəhərin pulunu verin də.

Heç restorana getməyə- getməyə dəfələrlə belə sözlər eşidiblər. Amma bunların da atişləməz yolları var. Çayqoyuşanda çoxları elə bilir ki, bu adamlar həftədə bir dəfə Ağcaqayında şellənirlər. Hətta bunlara paxıllığı tutanlar da var.

Həmin o konservdən, əppək- pendirdən, “zalatoy kolço”dan götürüb  “karotki den” olanda bir- bir varid olurlar çaylağa. Orda da yeyib- içib geri qayıdanda elə fon yaradırlar, guya Ağcaqayından gəlirlər. Kimdi soruşan ki, hardan gəlirsiniz- soruşana da Ağcaqayında yaxşı basdırma yedik, əla yerdi- deyirlər. Dünya beşgünlükdü- onun da biri “karotki den”. Belə deyirdi Etibar müəllim həmin  o başlarının açılan günü.

İndi Ağcaqayında oturmuşdu və iki nəfərə də iki kilo basdırma gəlmişdi – araq da bahalı bir araq, özü də buzun içində. Oturduğu da müəllim yoldaşları kimi  bitinin ətini yeyənin biri deyil, öz sinif yoldaşı, keçmiş can- ciyəri, pulunu da, səxavətini də balta kəsməyən Akifdi- onun Akılı dedikləri  uşaqlıq yoldaşı, sinif yoldaşı.  Stolun üstündə barmaq qoymağa yer yoxdu-turşu, salat, göy- göyərti,  çeşid- çeşid. Heç toyda stola bir belə su qoyulmur. Etibar müəllim ömründə belə bir kef görməmişdi. Amma buna kef də demək olmazdı. Onu bura, bu ən məhşur restorana, ən bahalı yerə çağıran adam, bir burnuna o söz, bir burnuna da bu söz:

-Adını soruşdum, adın Etibar

Sənin etibarsız adına salem

Tuşladın üstümə tapança kimi

Sənin kamerana, lentinə salem

Ha- ha, ha. Nə qazandınız ay müəllim? O İtov İt İt oğluydu, nəydi, onu da gətiribsiniz mənim fermamı çəkməyə. adam ştativlə gəlmişdi, mən də ona bir ştat verdim getdi- ayda 50 manat tulapayı verirəm İtov İt İt oğluna.

-Səfərov Səfər  Səf…

-Əşşi, onun da haqqını verdim- heç sayta zada qoymadı o çəkilişi. Axı nədi qəsd- qərəziniz? Harda acından ölən var tökmüsünüz kameranın qabağına ki, bəs ölülərimiz yazıq olub gediblər. Bədbəxtlərin özləri ayaq üstə ölüblər, amma min ilin ölülərini urvatlamaq istəyirlər. Axı sən niyə qoşulmusan o qirolara, qaraçılara? əşşi qaraçı da yaxşıdı bunlardan. Harda görünüb ki, ölülər inəklərdən qorxsunlar?

-Nəə?

- Mən kopolu nə pislik edirəm elimə, obama? Daha da ucuzluq yaradıram, ət bazarda 6 manatdı, mən  beş səksənə hələ nisyə də verirəm. Pendir elə, yağ elə- ucuzluq yaratmışam kənddə. Niyə qoymursunuz işləyək? De də, de qarnının ağrısını. Özüm ölüm biləndə ki, işin təşkilatçılarından biri sənsən, az qaldım soyuq silaha əl atım. Brut, sən dəə?

-Brut nədi?

-Brut dəə, rəhmətlik Sezara xəyanət eləyən dostu.

-Sezara rəhmət oxuyursan, amma öz kəndinin ölülərinə hörmətsizlik edirsən.

-Əşşi, öz kəndimin ölülərinə min rəhmət. Mənim kəndimin diriləri naxələfdi, diriləri.  Ölüləri ilə nə işim. Mənə pislikləri dəymir, ayağım altını qazmırlar, rüşvət istəmirlər,  demaqoqluq eləmirlər. Dünyanın ən təmiz adamlarıdı ölülər. Sən de görək bu işə niyə qol qoymusan? Axı biz köhnə dostlarıq. Axı sənin üstündə neçə- neçə adam döymüşəm. Onda səni qoruyanda məhlənin şərəfini qoruyurdum həm də. Sonra  qıraq kəndlərlə davada öz kəndimin şərəfini qorudum. Sonra da Bakıda öz rayonumun şərəfini qorudum. Moskvada Azərbaycanın şərəfini qoruyub neçə- neçə razborkalara girdim. Hələ heç Qarabağdan danışmıram. Amma sən belə şeyləri bilməzsən. O zaman necə mənim qoltuğuma sığınırdınsa, indi də eləcə hökumətin qoltuğuna sığınmısan.

-El naminə sinif yoldaşına da qarşı çıxmaq ol…

-Kiri əə, kiri bir. El, el. O elin gör neçə adamına iş vermişəm. Gətirib Arakeli, Qarakeli ha işlətmirəm, Hayqanuşu, Anahidi ha işlətmirəm. Öz ellilərimə çörək verirəm dəə. Elin düşməni özünüzsünüz elə. Bu boyda Çayqoyuşanda sizdən də satqını yoxdu- 20 faizini işğal etdiribsiniz kəndin.

Etibar müəllim guya savadsız bir adamı başa salırmış kimi:

-Əşşi, 20 faiz Qarabağdı e… Lazım gələrsə…

-Bah, guya bilmirik. Sənin pay torpağın hanı, müəllim? Satmısaaan. Kimə? Yavıxlı kəndinin bir düdəməsinə. Demək torpağı azalıb  kəndin, bir hektar sənin hesabına torpaq itirib bu kənd. Eləcə də o Rakif. O dəvəllayı, sözünü- gapını bilməz  kopolu. Söz çıxarıb ki, guya mən fermada arvadbazlıq edirəm. Rus deyir “qde jivyoş, tuda ne yibyoş”. Təmiz ağızla deyirəm, Allah Saakaşvilinin ölənlərinə qəni- qəni rəhmət eləsin. O təhər şərait qurdu Gürcüstanda. Mən gedib arvadbazlığı orda eləyib gəlirəm. Daha burdakı kimi kameradan qorx, şantajdan qorx, polisə rüşvət ver- belə şey yoxdu orda. Ax  Rakif, Rakif.  Rusiyada belələrini “zakona qoyub” yerini tanıdırdıq. Heyif deyildi oralar? Burda adam sukaya da söz deyə bilmir a kişi.

-Ağsaqqal adamdı, elə demə.

-Nəə, ağsaqqal, ağsaqqal. Mənim eşşəyim yadındadı? Adını da Kəhər qoymuşdum. Fermanın qabağına gırc yeməyə getməzdi mənim eşşəyim. Gırc heç bilirsən nədi?

-Nə bilim e, heyvan saxlaya bilirəm ki, biləm gırc yemək nədi.

-Hə, mən uzun illər Moskvada yaşasam da bilirəm, amma sən kənddə yaşaya- yaşaya bilmirsən.

Etibar müəllim ürəyində dedi- sıpa kopolu indi guya kvadrat tənliyi zadı bilir də. Guya riyazi analiz zad eləyir də- gırc haqqında elə danışır, sanki alim zaddı.

Akif gırcın tərifini dedi:

- Malın- qoyunun qabağından qayıdan ota- çöpə gırc deyilir. Yəni otun atxodu. O da peyinə qarışmış formada. Bax mən qoymazdım Kəhər gedib fermanın qabağında gırc yesin.  Yonca yedizdirərdim ona. əslində sənin kimilərin yediyi çörək də kimlərinsə qabağından qayıtmış gırcdı.

- De görək Kəhərin bura nə dəxli var?

-Hə, o Kəhərin remen yerindən ağ tüklər çıxmışdı- g.tünün altından, qarnından, belindən. Bax Rakif müəllimin üzündə- başındakı ağ tükləri də elədi. Elə bu xarabada çox ağsaqqal dediklərin o gündədi. Elə sənin də ağsaqqallığın elə olacaq. Ömrü boyu gırc yeyəcəksiniz. Bunun da adını çörəkpulu qoyub hər alçaqlığı edəcəksiniz.

-Əşşi, təhqirə keçmə xahiş edirəm. Mən də deyirəm nə deyəcək. gırc belə gəldi, remen elə getdi, ağ tük də filan elədi.

Etibar müəllimi Ağcaqayına dəvət edib Akif dişiinin dibindən çıxanı demək istəyirdi. Bu imiş deməli liana zəhər verən kərtənkələ.

Bəs harda qalmışdı məhləuşaqlığı, sinif yoldaşlığı? Etibar müəllim zəif uşaq olduğundan daim Akifə güvənmişdi. Indi Etibar müəllim niyə belə edirdi- Akifə çatmırdı.

Etibar müəllim, stoldakı naz- nemətin iyinə düşmüşdü- anaşanın tüttüsünə düşən adamlar kimi. Akifin çox danışmağı isə onun birucdan tıxamağına mane olurdu. Hörmətsizlik olardı biri danışa, o da başını sallayıb tıxaya. Amma arada əlini ağzına atırdı. Akifin ağır sözlərini isə, nadanlığa yozur və ürəyində nadana söz demək simu- zəri dənizə tökmək deməkdi- Nizami belə deyib deyirdi.

Akif  Rusiyada Akula kimi tanınmışdı. Elə indi də özünü okeandan qıraqda qalmış akula kimi hiss edirdi. Heç cürə uyğunlaşa bilmirdi bu mühitə. Nəsə problem olanda bir az zor gücünə, bir az da haqq gücünə həll etməyə öyrəşmiş  Akula indi burda nə zor tətbiq edə bilirdi, nə də kimisə”neprav” çıxarda bilirdi.      Ürəyində- Kül başına Akula gör kimlə razborka aparırsan? Adi bir dılğır müəllim. Tfuu, dünya, tfu sənin ədalətinə. Əşşi, mən belələrini heç adam sayıb söz deməzdim. Ax, ax, ax. Nə deyim Allaha? Övladlarım qız olmasaydı nə itim azmışdı buralarda- kopolunun xarabasında 12- 13 yaşına çatdımı qız ər gəzir, lyubovnik gəzir. Mən dözə bilərdimmi ? Çıxdım gəldim. Gəlişimlə də bu kopoluya xeyir verdim- qızlar olmasa iki sinifi bölünmürmüş. Mənim qızlarımın səbəbinə iki sinifdə 40 saata qədər dərs artdı.  Bu da belə. Nə üzüləsi boğazı var kopolunun?

Bu arada isə Etibar müəllimin yadına düşdü- axrıncı dəfə il yarım bundan əvvəl olmuşdu restoranda. Rakif müəllimə zamin durmuşdu- pulu götürüb boğazlarını yaşlamışdılar başqa bir restoranda. Onda da basdırma yemişdilər. Amma o basdırma Etibar  müəllimə baha başa gəlmişdi- indi Rakifin də, onun da maaşından tutulurdu həmin kreditə görə. Ümumiyyətlə məktəbdə krediti olub məhkəməyə düşməyən müəllim, xidmətçi yox idi. Hər gün məktəbdə qırğın- qiyamət idi. Saçyolması da olurdu.

Məktəbdə vəziyyət həqiqətən gərgin idi. Müəllimlər heç düz əməlli kontur da ala bilmirdilər. Telefonu borcdan bağlı olardı əksərinin. Amma Etibar müəllimin işçiləri bunun da yolunu tapmışdılar. Demək belə- hansında kontur varsa, o, o biri müəllimə 20 qəpik göndərir. Həmin müəllimin telefonu açılır. Sonra da adamın 20 qəpiyini geri göndərir. Sonra da özü bir başqasının telefonunun “borcunu bağlayır” ,öz aləmlərində hökumətə kələk gəlirlər. Amma o dəfə hökuməti aldada bilmədilər- nədən ki, bir kimsənin telefonunda 20 qəpik tapılmadı. Bax belə idi vəziyyətləri.

 

Müəllimi Akifin amiranə səsi ayırdı xəyallardan- əşşi, hökumət 2-3 ay qabaqdan deyir müəllimlərin maaşı artacaq. O saat bazar alışıb yanır- amma mən bazara ucuzluq gətirmişəm atamın goru haqqı. Gəl görək bu millət üçün sən nə edibsən, mən nə etmişəm.Bunu da içək yaxşı oğlanların sağlığına. Çalış yaxşı oğlan ol, dünyada bircə yaxşılıq qalacaq.

Badələri toqqaşdırıb başlarına çəkdilər. Akif üyüdüb tökürdü:

-          Hə, bax, mən o zaman könüllü getdim müharibəyə. Sən  onda qaçıb taxtın altına girmişdin. Indi də direktor olub məktəb taxtına çıxıbsan. O şair var e, Yaralı Bəxtiyar. Lap o deyən kimi eləmisən:

Döyüş vaxtı taxt altına girənlər,

Hərəsi bir yerdə taxta çıxıbdı.

Nə deyib amma, nə yerində deyib qıryatının ağrısını aldığım.

Əşşi mən can qoydum, yaralandım. Bu gün qoruduğum torpaqda inək saxlaya bilmərəm? Dana saxlaya bilmərəm?

Sən axı nəyinlə öyünürsən? Adi bir süpürgəçini il yarımlıq maaşına götürürsən işə. Mən fermamda 12 sağıcı var- hərəsinə ayda 200 manat verirəm. Sən 150 manat verirsən, özü də rüşvətlə götürürsən.

-Hamısı mənə qalmır ki…

-Kiri bir. Sənin 80 müəllimin var- uzağı- uzağı ayda hərəsi ortalama 200 manat alarlar.

-210-220 də olur

- Olsun, olsun. Mənim də var 120 inəyim. Hərəsi sutkada 10 litr süd verir. Südün litrini 70 qəpikdən hesabla.  Zaqraniçni sortu da, zaqraniçnidi mənim təsərrüfatım. Daha səninkilər kimi mesni deyillər. Indi gör vəziyyət necədi- mənim bir inəyim bir müəllimin pulunu qazanır. Xalqın da uşağını kor eləmir. Mənim fermamın peyini bütün kəndi təmin eləyir. Nə qədər glib aparıblar. Özü də pulsuz- parasız. Sizing məktəb heç bu qədər  də xeyir verməyib kəndə- kəsəyə. Süpürgəpulu, summativpulu, bayrampulu, yığımırıq biz. Hələ lap ağ eləyib bayraqpulu, şəhidpulu yığmırıq biz.

-Onda şəhidlər guşəsi düzəldirdik…

- Hökumətin pulumu yoxdu?  O şəhidlərin qanı tutsun görüm sizləri.

-Yaxşı da. Mən elə bildim uşaqlığımızı yada salıb deyib- güləcəyik.

-Əşşi, zibilə düşüb səninlə bir məktəbdə oxumadım ki. Sinif yoldaşısan, eləmə də o qələti. Səni bura razborkaya çağırmışam. De görüm indi, mənim təsərrüfatıma 8 mart bayramı lazımdımı? Yoox.

-Nə 8 mart a kişi?

-Dayan, dayan. Sənin də obyektində erkək cinsin nümayəndələri azdı, mənim də. Amma mənim obyektimdə 8 mart heç yada da düşmür. Sənin obyektində isə, 8 mart gələndə dəhşət olur. Az qalır müəllimələr qızlarının cehizini də o bayramda yığsınlar. Eləsi var deyir- “padarka lazım deyil, pul verin”. Yazıq Klara Setkin,  gör kimlərdən ötrü mübarizə aparıb. Qadın istismarına qarşı mübarizə aparıb o. indi isə qadın özü uşağı istismar edir onun bayramında. Hanı bu dünyada ədalət? Mənim inəklərimə isə 8 mart lazım olmur. Onlar heç rüşvət də almırlar.  Gedib seçkini saxtalaşdırmrlar, karusel oynamırlar. Gülmə əə, gülmə.

Bu arda Akula coşmuşdu- Etibar isə bir ucdan səkil tikələri ötürməkdə idi.

-Sənin var 800 şagirdin- düzdü, mənim o boyda dana- dunam yoxdu. Amma gəl indi onları müqayisə edək.

-Əşşi, malı- mala qatma, ha, ha, ha.

-Mən ciddi deyirəm- gör mənim ” ibtidai sinif”imdə hansı şərait var, səndə hansı. O boyda məktəbdə istilik yoxdu- uşaq donur. Hər uşaq bir odun aparır məktəbə. Olmayan neynəsin bəs? Vallah düz deyirəm, gəlin təzək verim, təzək.  Amma mənim buzovlarımın yeri istidi. Mənim 10 xidmətçim var- aylıq verirəm- 200 manat. Sən 120 manat verirsən. Mən işə rüşvətsiz götürmüşəm, sən rüşvətlə- götürmüsən. Mən işçim evə gedəndə süd, pendir də verirəm. Amma sən evdən gətirdirsən müəllimlərə qatığı, südü.

Mən heç bir işçimi aylığa buraxmamışam. Amam səndə 5-6 müəllimin adı siyahıda, özü bazardadı. Hələ o müəllim yanına…

-Rerititor.

-Repititor olmasın olsun rep deyən. Kənddə ayrıca bir avtobus var e- hazırlıq avtobusu. Şəhərə müəllim yanına gedən uşaqları axşam daşımaq üçün. Bəs siz nəyə yarayırsınız? Di gör mənim hansı dana- dunam başqa fermaya gedir.

-O ayrı…

-Əşşi nə ayrı, ayrı salmısan? Bir məktəbdə ki, ibtidai sinif şagirdi də oxuya bilməsin. O da repititor yanına getsin. Təsəvvür elə də- mənim bir iki- üç aylıq buzovumu anası əmizdirmir, mən də bunu başqa inəyin altına salıram ki əm. Belə də şey olar? Bir var inəyin məməsi kor ola ki, buzovu başqa inəyin altına salasan, ya da ki buzov tamam yetim qala. Bəs səndə ölən- eləyən yoxdu axı.

-Sən malı mala qatırsan qardaş.

-Gəl bunu da içək özü burda olmayıb ürəyi burda olanların sağlığına.

-Sağ olsunlar.

-Bax də, gəl özün bax mənim kollektivimə. Gör necə mehribandılar. Bir- birini necə yalayırlar. Daha sənin kolelktivinkimi qanlı- bıçaq deyillər. Axı sovetin vaxtında da burda ferma var idi- onda ölülərə bə niyə mane olmurdu inəklər? Yoxsa indi inəklər də dəyişib?  O fermanı əmlak payı deyib dağıtdılar. Hə, o məntiqlə gətərk siz də məktəbi sökəydiniz. Əmlak payı- hərə öz işlədiyi yeri dağıtsın. Belə də şey olar?

-Sovet ateist dövlət idi. Dinimizi əlimizdən almışdı.

-Nəə? Ay müəllimin biri müəllim, axı o vaxt bu fermada bin- bərəkət vardı. Kəndin yarısı bura ilə dolanırdı. Onda ölülər niyə yada düşmürdü? Nə ateizm, nə filan? Inək nə qanır ateizm nədi, molla nədi, sosializm nədi?

-Yox e, olmaz də, kəndin qəbristanlığının yanında ferma tikmək kəndə hörmətsizlik deməkdi. Sabah birdən sənin itin açıldı, ölü basdırmağa gedənlərə mane oldu.

-Əşşi, itin ölüdə zadda nə işi var? It də molla deyil, mürdəşir deyil, prakat çala verən deyil ki, ölü ilə maraqlana. Bəlkə peyin iyi ölülərin əsəbinə toxunacaq? Sən özünü tülkülüyə vurma. O fermayla bağlı bizim xatirələrimiz var. Dərsdən qayıdanda ordan keçərdik. Silos boşalardı- hər sağıcı bir çöp götürərdi.

-Hə, hə. Bizə verərdilər ki, hər tapılın üstünə bir çöp ataq. Kimin çöpü hansı tapıla düşürdü- onun olurdu həmin tapıl. Gözəl günlər idi.

-Hə, bax o tapılların üstünə düşən çoplər. Dünaynın ən ədalətli bölgüsü idi bu. Həyatda bölgülər belə deyil- ferma buna görə elə müqəddəs qalıb mənim aləmimdə. Indi kim nə götürmək istəyir çop əvəzi bomba atır, tüfəng atır, böhtan, şər atır. O çöplər, silos, ayrı bir dünya idi. Gəl bunu da keçmiş günlərin sağlığına içək.

Içdilər. Akif üyüdüb- tökürdü.

-Yadındadı o fermanın qabağına nə yazılmışdı? “Heyvandarlıq zərbəçi cəbhədir. Vı.İ. Lenin”. Elə indi də o sözləri mən öz fermamın qabağına yazdırmışam. Amma təmiz ağızla deyirəm, rəhmətlik Leninin adını müəllif kimi yazdırmamışam. Axı indi başqa zamandı- Leninin adını çəkmək olmur. Hə, o sözü bircə mən tərsinə oxuya bilirdim- Qılradnavyeh İçəbrəz Ridəhbəc.

-Hə, hə.

- Bax səni kimi müəllimlər dediyi şeylərin də hamısını tərsinə oxudum. O boyda Moskvada ad- san qazandım. Amma sən? Sən namərdlik etdin. Prokurorluğa şikayət, icraya şikayət. Nəymiş, qəbristanlığın yanında ferma tikmək olmaz? Inək ölüyə mane olur? Ya inək mələyəndə ölülər yata bilmir? Belə ölü qədri bilənsiniz? Kənddə Hökumət Partiyasına bina tikiləndə xım yerindən nə qədər qədim qəbir çıxdı? Bəs onları niyə xımın altında qoydunuz? Hökumət Partiyasına bina tikmək daha vacib idisə, bir qədər aralıdan da tikə bilərdiniz. Guya çox vacib imiş o «П» şəkilli bina. Biz o zaman əsgərlikdə sənin kimi fərarilərin başını qırxıb “П” şəkili yazırdıq başına.

-Əşşi, zəhərə döndərmə gül kimi kefimizi. Kim eşəkdi, biz də ona palan.

-Mən palan zad deyiləm. Sizin böyüklər də heç palan –zad deyillər, qudurmuş itdilər. Fermada balalama başlayanda  cırımdartan itlər kəsdirərdi fermanın qabağını. Qoymazdılar bir ətənəni başqa it dartışdırsın. Axırda da qudurub bir- birini məhv edərdilər. Sənin o böyüklərin də elədi. Yaxşı, deyirsən kim eşşəkdi biz də ona palan. Mən razı. Onda mən də köhnə palan içi tökəcəyəm. De görüm o zaman əsgərlikdən necə yayınmışdın?

-Əşşi, heç ətənənin yeridi? Heç əsgərliyin yeridi? Gül kimi stolumuz var.

-Bunu da içək,  pis oğlanların sağlığına. Onlar olmasa yaxşının qədri bilinməz. Dünyanın işləri belədi də- hər şey nisbi olduğu kimi…

Etibar ürəyində- Kül başına Eynşteyn, gör indi danaçı oğlu danaçı səni də “neprav çıxaracaq” deyəsən.

Akif isə cümələsinin axırını belə gətirdi:

-Hər şey nisbi olduğu kimi hər şey də bir- biri ilə müqayisə olunandı. Müqayisə olmasa dünaynın işləri düz gəlməz.

-Nə müqayisə?

-Bax, bizim sinifi götür. Mətləb müəllimin sözlrini yada sal. Deyirdi hamınız Fazılə minnətdar olmalısınız. Deyirdik niyə? Deyirdi çünki o lap pis oxuyur. Biz də 2 yaza bilmirik, məcbur qalıb 3 yazırıq. O 3 alanda Nəsrəddin 4 almalıdı, Akif 4 almalıdı. Akif də 4 alanda Etibar 5 almalıdı. Əslində Etibar özü 3-ə layqi bilir. Yadındadı?

-Hə, hə.

-Bax bütün dünyanın işləri belədi- gərək müqayisə edəsən. Sən indi olmusan pis oğlan. Amma dünyadı də bu- bunun mavisi var, peysəri var, gözünnəngörəni var. Onlarla müqayisədə sən yaxşı oğlansan. Sənən də müqayisədə kimsə yaxşı oğlandı. Elə lətifəsi səndən uzaq olsun, ölkələr də belədi. Hansısa ölkəyə görə hansısa ölkəni inkişaf etmiş sayırlar. Bizə baxanda Rusiya, Rusiyaya baxanda məsələn Venqirya, ona da baxanda  Germaniya inkişaf eləyib. Deməli biz olmasaq Germaniyanın da qədri -qiyməti olmaz. İç, iç öz sağlığındı. Yüz vuraq, düz duraq, sən o dərədə, mən bu dərədə. Ha, ha, ha…

-Sən canın məni təhqir eləmə.

-Əşşi mən qızıl xırdalayıram, sən də təhqirdən danışırsan.

Başları bir qədər yeyib- içməyə qarışdı. Akif susmuşdu- bu arada ofisant gəldi ki, nəsə lazımdımı. Asif:

-          Zvanokunuz zad yoxdumu a bala? Müəllim otutub burda. Zvanoksuz olmaz axı. Adam öyrənib.

-          Xarab olub.

-          Əşşi, həyatın özünün də zvanoku xarab olub. Dərs qurtarmır ki, qurtarmır. Qaçmaq da olmur bu dünyanın dərslərindən. Təsəvvür elə ki, hər gün eyni dərs,  eyni müəllim. Mövzu da təkrar, hərrə tatı, vur tatı. Belə də şey olar? Belə yerdəneynəyəllər?

-          Haayh?

-          Caan. Dərsdən qaçallar.

Ofisant qımışa- qımışa getdi. Qonşu kabinetlərə də bir şeylər gətirəsi idi. Elə əlində sini qayıtmışdı ki,indi də  Akifgilin kabinetindən ucadan bir gülüşmə eşitdi. Bəs bayaqdan mübahisə edən bu iki nəfər nəyə gülürdü?

Yenə əmlak payından danışırdılar. Akif də əmisi oğlu Abdurahmanın əhvalatını danışdı. O zaman kənddən Leninin heykəli götürüləndə ayaqqabısının biri yerdə qalır. Abdurahman  hər içəndə gedib dərdini o ayaqqabıya danışırmış- Ay Lenin baba, bizi qoyub hara getdin? Ühü, ühü, ühü. Bir gün də kefinin kök vaxtı gəlib görür camaat fermanı sökür. Abdurahmanın qanı qaralır. Yenə ağlamağa başlayır:

-Hələ sökün, dağıdın. Bir gün o ayaqqabı sahibi gələcək ayaqqabının dalınca.

Amma o ayaqqabının yeri də itmişdi indi. Bir müddət çöl heyvanları üçün su qabı olmuşdu o ayaqqabı. Indi kol- kos arasında itmişdi.

Bu arada kabinetdən indi də möhkəm səslər eşidirdi ofisant. Akif yenə coşmuşdu:

-OŞ pulu da yığırsınız. OŞ nə deməkdi? Guya Oşda qırğızlar qırdıqları özbəklərə yardım göndərirsiniz? O haqq- hesab özbəklərin özlərinin yadlarından çıxıb.

-Ha, ha, ha. Əşşi, sən allah özünə güldürmə adamı. OŞ- yəni “Opşıy Şot”- hər şeyin təsdiq olması. Məktəb terminidi- daha Oş qətliamı hara, biz hara.

- Olsun məktəb işi. Nə üçün yığmalısınız? O İtov İt İt oğluna deyərəm belə yazar- sən sübut elə ki, bu OŞ o Oşdan deyil. Yazar ki, Çayqoyuşan məktəbində 5 il əvvəl Oşda qırılmış özbələrə hələ də yardım yığılır. Guya məktəbdə türkçülük partladır. Sən sübut elə ki, elə deyil, bu Oş o Oşdan deyil. Tülkü tülkülüyünü sübut eləyənə qədər dərisini boğazından çıxarırlar. Hələ de görüm o peçatpulu nədi elə?

-Əşşi, nazir qərar çıxartdı ki, məktəblərin adı dəyişsin. Orta məktəb olsun “tam orta məktəb”. Yəni Çayqoyuşan kənd orta məktəbi olsur Çayqoyuşan kənd tam orta məktəbi. Hə, buna görə də ştamp, peçat hamısı dəyişdi. Bir dənə “tam” sözünün zibilinə düşdük.

-Sənin o nazirin məktəbin peç problemini həllə eləmir, hələ bir peçat problemi də çıxardır. De görüm şagirdə peç lazımdı, ya peçat? Hər şeydən xəbərimiz var bizim. Çörəyi qulağımızın dibinə yemirik.

Etibar müəllim Akifin dediklərindən yaman qorxmuşdu. Akif dediklərini yazdırsa maarifdən oxuyub frontal yoxlama- filan göndərə bilərdilər. Akif də ağıllanmışdı demək- daha hər şeyi qol güücünə həll etmir. Kopolunun Moskvası adamı nətəri ağıllandırır əə. Özü də savadlanıb bir az- Yaralı Bəxtiyardan da şeir dedi.

-İndi nə istəyirsən?

-Əl çək məndən, əl çək. Mane olma. Bilirəm, bilirəm tək Rakiflə sən deyilsən- o müxalifət partiyasının sədri  İttifaq müəllim də qoşulub.  Özgəhan vaxtı  düşmən olursnuz. Hansı maraqdı sizi birləşdirən?

- Ümumkənd naminə…

- Sizə nə var ee, sabah ümuqafqaz naminə Zori Balayanla da barışarsınız.

-Sən də elə yerdən deyirsən ki…

-Hə, o göbəkhaqqına görə eləyir, göbəkhaqqına görə.

-Göbəkhaqqı ? Göbəkhaqqını göbək rəqsi oynayan rəqqasələr alır. Ittifaq müəllim göbək rəqsi oynamır ki. Düzdü, adam gərnəşmə müəllimidi…

-Hə, bax görürsən, kənddə yaşayıb bilmirsən özgə cür də göbəkhaqqı var. Göbəkhaqqını şəhərdə rəqqasələr, kənddə də buğalar, qoçlar, dıvırlar qazanır.Kənddə erkəklər, şəhərdə dişilər qazandığı pula göbəkhaqqı deyilir. Bu da bunun tərifi. Elə bilirsən ikıs, iqrik deməklə hər şeyin tərifini bilirsən? Bəli, bəli. Axı siz ali təbəqə olubsunuz. Təmiz ağızla deyirəm, rəhmətlik dədən qapısında mal- qoyun deyil, ceyran- cüyür saxlayırdı.. Daha bizim kimi gününüz fermalarda ha keçmirdi. Göbəkhaqqı nə deməkdi İttifaqdı, İt tifaqıdı nədi o mehriban düşmənindən öyrənərsən.

-Sən desən dünya dağılmaz ki…

- Di hajathaqqı olası deyil ki. Iribuynuzlu və xırdabuynuzlu, təkdırnaqlı ,cıttdırnaqlı heyvanların erkəyində   tənasül orqanı göbəklə bir yerdə olur. Xalq da mədəni şəkildə belə bir ad qoyub. Biabırçı ad qoyası deyil ki xalq.

-Ha, ha, ha, tənasüb həə? Ha, ha, ha.

-Tənasüb yox ay müəllim,tənasül, tənasül. Mən mədəni deyirəm. Sənin o tənasübündən də halıyıq. Kənar hədlərin hasili orta hədərin hasilinə bərabərdi. Amma cəmiyyətdə belə deyil- orta təbəqə yoxdu. Kənar təbəqələr də biri insanlıqdan kənar varlılar, biri də var- dövlətdən kənar kasıblardı. Bərabərlik isə “qoqqudu”.

-Alimliyin də varmış.

-Əşşi, nəysə. Indi o İttifaqdı, İt tifaqıdı nədi, onu da yandıran mənim congələrimdi. Əvvəl xalqın inəklərini onun congəsi sürürdü. Congənin də boyu balaca. Bəzən boyu çatmırdı sıçramağa. Ittifaq buna görə də yer qazıb, congə yuxarıda, ink də qazılan yerdə mayalanma prosesini həyata keçirirlər. Beləcə də “yubalnı isdanok” düzəldib. Boyu hündür inəklərin də başını özü tutur. Indi gör bunlar hakimiyyətə gəlsələr neyniyəllər. Necə ki, buğaları inəyi minib pul qazanır, özləri də xalqı həm minər, həm də pullarını əlindən alar. Kimə inanasan bu xarabada, kimə? Kopolunun xarabasında axırda biz olmasaq inəyi başqa kəndə sürməyə aparacaqlar. Ittifaq 10 manat alır- congənin bir dəfə inəyin belinə qalxmasına görə. Amma mən buna görə bir kopolunun adamından bir qəpik almamışam. Bəs onda bu kənd məndən nə istəyir? Təsəvvür elə- İttifaqın cöngəsi kayfını çəkə- çəkə gündə 10 manat qazanır ən azından. Heç müəllim belə qazanmır. Indi qazancı əlindən çıxıb o baştutanın. Sovet hökumti belələrini tüfeyli deyib basırdı dama. Jiqalo kopolu.

-Jiquli?

-Ehh, müəllim ki müəllim. Jiqalo, jiqalo.  Internetdən öyrənərsən nə deməkdi jiqalo. Onsuz da məktəbin internetində avara- avara şeylərə abxırsınız. Hamısından xəbərimiz var. O  jiqalo kopolu özgə vaxtı selsovet Əhmədnən bir- birini qırırlar, indi cici- bacı olublar. Bilirəm hamısı o selsovet Əhmədin işləridi- siz də əl buyruqçususunuz bu işdə. O bələdiyyə Mehralıya lap paz çalacam, paz. Qoca der- der kopolu. Qoy bir i İtov İt İt oğlunu görüm.

-Səfərov Səfər Səfər oğlu.

-Əşşi, mənim itimdi indi o adam. 10 kilo pendir versəm qəbirdəki dədəsinin də əleyhinə yazar. Amma mən vicdanlı adamam. Yalan yazdırmıram. Həqiqəti yazdıracam. Bu qoca der- der xalq hərəkatı vaxtı selsovet olanda indiki milli bayrağımıza qarşı idi. Onda cəbhəçilər o buyrağı dalğalandırırdılar. Bu da acığa düşüb bayrağı cırmışdı. Sonra cəbhə hakimiyyətə gələndə buna heç nə eləmədi. Sadəcə vəzifədən atdılar. Bu da cəbhə devrilən kimi yenidən öz yerinə qayıtdı. Öz cırdığı bayrağın altında 10 il dövlət adamı oldu.  Planın hamısı bax o der-der kopolunundu. Rayonda kiməsə söz verib o yeri. Qardaş, mən pay torpağımı satmamışam, ferma tikmişəm. 5 qardaşıq, heç birimiz də yerimizi satmamışıq. Indi də eləmişik ferma, örüş. Nə istəyirsiniz bizdən? Yeri gəlsə bu kəndin karinnoy sakini bizik. Yersiz gəldi yerli qaçdımı? Sənin baban 48-də gəlib bu kəndə.  Mehralı kopolu 48- də gəlib. Selsovet Əhmədin haralı olduğu bilinmir- İran tatıdı deyəsən. Rakif 89-da qaçqın kimi gəlib. Vaqif təyinatla gəlib çıxıb. Daha minəsi deyisiniz ki bizi? O Mehralını gərək minəm e, minəm gərək.

-Həə , lap evini yıxmaq olar.

-Çox papaqları düzdə qoyacam mən. Sənin də vəziyyətin yaxşı olmayacaq. Heç nəyi demirəm, Vaqif müəllimin o iti zəhərləməyini aləmə car eləsəm, təkcə sizin məktəb yox e- bütün rayon maarifi ber- biabır olar.

Nə idi Vaqif müəllimin başına gələn? Etibar müəllim məktəbin təsərrüfat müdürü Vaqif müəllimi daim gözdən salar, uşağın da böyüyün də yanında alçaldar. Vaqif də çörəkpulundan olmamaq üçün dillnməz. Özü də Hökumət patriyasinin kənddə sədridi. Etibar müəllimin sözü, ittihamı bitəndimi? Uşaq niyə dalaşdı, böyük niyə dərsə gəlməyib?Ayna niyə qırıldı?Işləmirsən, ərizəni yaz.

Etibar müəlim onu çoxdan ata bilərdi bayıra- 3 min də alıb bir başqasını yerləşdirsə nəyi itirdi ki? Amma adam Hökumət partiyasınn sədri idi kənddə. Elə o xəttlə də 6-7 saat dərs götürmüşdü.

Axır vaxtlar bir boz it gəlib çıxıb məktəbə. Yeməkxanadan çıxan uşağa elə quyruq bulayir heç  Etibar maarif müdürünə, Vaqif də Etibara elə quyruq bulamır, şırvanmır. Etibar da Vaqif müəllimə xüsusi tapşırıq verib -hara baxırsan, qov iti. Özgə kim qovasıdı- qaravulun kartı direktoru cibində, özü Rusiyada. Bağbanın kartı elə, özü Bakıda. Texniki işçilərin də içində iki kişi var- ikisi də burda yox- kişi müəllimlər də iki cüt, bir tək. Onlar da müəllim nüfuzunu qorumalı idi. Vaqif qorumasa da olar- onsuz da dərs demək gəlmir əlindən. Elə dərs deyə bilmədiyinəgörə keçib bu işə. Bir az stajlanıb keçmək istəyir Etibarın yerinə. Etibar da bunu bilib salıb onu gözümçıxdıya. İti qov burdan. It də həyasız it. Burdan qovursan ordan qayıdır. Dərs gedə- gedə aynaların qabağını imsiləyir. Sanki o da dərdə oturmaq, o da bu analoqu olmayan təhsildən bəhrələnmək istəyir..

Vaqif məcbur qalıb 11-ci sinifin oğlanalrına 5 manat verdi- aparın azdırın iti.

Iki gündən sonra qayıtdı it.

Sonra da belə- kolbasaya siçan dərman sürtüb ala- qaranlıqdan itə verdi. It də ağzından selik- gələ- gələ özünü qonşunun çəpərinə çatdırdı. Orda da can verib öldü.

Itin ağzını seliyini dindələyən qonşu Gülayə arvadın toyuqları qırıldı. 15 toyuq getdi o boz itin güdazına. Gülayə arvad da məktəbdə tufan elədi. Məktəb kollektivi meyidi vaxtında gizlədə bilməmiş, Gülayə arvad da isti izlərlə hadisənin üstünə düşmüşdü.

Axırda hər şagirddən 10 qəpik yığıb “toyuqpulu” vergisini də beləcə ödədilər.

-Axı sən dövlətə sadiqliyini beləmi sübut edirsən? Hökumət partiyasının kənd özəyinin sədrinə it qovdurub hörmətini it hörməti edirsən. Bilsələr sənin dərini özünüzünkülər çıxaracaq boğazından ay bala.

Bu arada qonşu kabinetdə əvvəl bir bağırtı- çığırtı, sonra da gülüşmə səsləri eşidildi. Bağırtı- çığırtı da, gülüşmə də çox yüksəkdən olmuşdu. Məsələnin mahiyyəti məlum oldu. Demə qonşu kabinetdə rayonun polis rəisi nazirliyin yüksəkçinli iki əməkdaşına qonaqlıq verirmiş. Bu Ağcaqayın restoranı da rəisin daimi məskəni. Burda verilən lüləkabab rəisin çox xoşuna gəlirmiş. Hər gün vaxt tapıb burda lüləkabab yeyirmiş. Ofisanta tapşırıb ki, mən dedim, demədim lüləkababımı gətirərsən. Indi isə nazirliyin o iki yüksəkçinli əməkdaşı üçün belə ucuz yemək sifariş etməyi şəninə sığışdırmamışdı. Ofisant da qalıb intizarda. Neyləyim- necə eləyimdə. Baxıb ki, rəislər durhadurdadırlar- bəs sonra birdən danlayar ki, lüləkababı niyə yaddan çıxartdın ayə? Və ofisant sonda girib kabinetə ki:

-Rəis, hərənizə daldan bir lülə də qoyummu?

Nazirlik əməkdaşları ilan kimi qalxıblar quyruqlarının üstünə:

-Nə deməkdi bu? Ay uşaq, sən kiminlə danışdığını bilirsənmi?

Rəis isə özünü saxlaya bilməyib- möhkəmdən gülüb. Sonra da nazirlik əməkdaşlarını başa salıb- burda belə danışırlar. Adi danışıq qaydasıdı. Nazirlik əməkdaşları da birdən- birə rəisdən də möhkəm gülməyə başlayıb. Sonra isə gediblər və hətta Akif müəllimin də hesabı ödənib.

Ofisant beləcə də dedi- Akif müəllim, rəis sizin hesabı ödəyib.

Bu haqq- hesabı belə görən Etibar müəllimin rəngi qaçmışdı. Gör ee, rəis adama hesab ödəyir. Nə yaxşı tapşırmayıb rəisə ki, filan müəllimi saldır qoduqluğa?

Akula isə yenidən siçan dərmanından ölmüş boz itin söhbətinə qayıtdı::

-Bu heyvana şiddətdi, bunun öz cəriməsi var. Allahın dilsiz- ağızsız heyvanından nə istəyirsiniz?

-Yaxşı sən Alalh, yediyimizi zəhər eləmə. Mən elə bildim uşaqlığımızı yada salacağıq.

-Yada salaq də. Axı sən məni tanıyırsan? Bax, üzünə deyirəm hər şeyi. Sən düz eləməyibsən. Uşaqlıq deyirsən də, uşaqlıq. Şaka yadındadı, fermanın buğası. Sizin ailəni onun buynuzundan qurtarmışam e.

O ili direktor da ferma işçilərinin yanında öz ailəsi üçün bir dəyə qurdurmuşdu. Yeganə ailə bunlar idi ki, mal- heyvanları yoxdu, amma binəyə getmişdilər. Direktora dağ havası buyurmuşdu həkimlər. Camaatdan bir qədər aralı qurulmuşdu direktorun çadırı. Özü də hamınınkından seçilən bər- bəzəkli çadır. Daim də kabab iyi gəlirdi ordan. Gah cüyür , gah kəkik, gah da çöldonuzu ətini kabab edirdilər. ov əti olmayanda da quzu kəsilərdi o çadırın önündə.Fermanın ac- yalavac uşaqları bu iydən hayıl- mayıl olmuşdular. Elə inəklər də o çadırın yanından keçəndə mütləq bir qan iyinin başına yığılıb böyürüşürdülər. insana kabab iyi necə təsir edirdisə, heyvana da qan iyi təsir edirdi eləcə. Və bir axşam Şaka buğa cumdu o çadırın üstünə. Çadırın bir tərəfini qaldırdı. Çadırdakılar tumanpaça  çıxdılar çadırdan. Onda Etibar çadırda qalmışdı. Özünü yetirən Akkılı qovdu buğanı. Ağıl eləyib əlinə kösöv almışdı. O boyda Şaka kösövdən qorxdu.

Səhər direktor buğanı güllələdi. Ətini də ferma işçilərinə halal elədi. Suvoy malın içindən də başqa bir buğa gətirdilər yaylağa. İndi o Şakadan danışırdı Akif.

-Hə, dağ buğası da deyərdik ona.

-Hə, bu o Şakanın adını indi öz döllük buğama qoymuşam. Bir də Sevan vardı- Sviş buğa. Sviş nə deməkdi, bilirsən?

-Nə bilim?

-Cins buğa idi, yəni İsveç cinsi. Biz də ona Sviş deyirdik. Mal dağa qalxanda o sviş buğa ayaqlaşa bilməzdi- qalardı aranda. Bax indi bizim bu xarabada da İsveç dəyərləri, nə bilim ee, Avropa dəyərləri yerli dəyərlərlə ayaqlaşa bilmir.

-Nə blim ee, Allah bilən məsləhətdi.

-Hə, o Şaka buğanın eynidi sanki mənim döllükk buğam da. Özü də onu hər adamın inəyinin üstünə buraxmıram. Yaxşı oğlanların inəyini sürür Şaka, yaxşı oğlanların. Telefona çəmişəm, al bax bir.

Etibar müəllim telefonu alıb baxdı və həqiqətən də dizi yerə gəldi. Bu videoda Şaka buğa zad yox idi. Etibar müəllimin özü idi- bir şagirdi üçbucaq xətkeşlə döyürdü.

- Mən sizi elə sizin üsulalrla ilişdirirəm, müəllim. Nə yaxşı siz onun- bunun yataq otağına kamera yerləşdirə bilirsiniz, biz sizi gizlin çəkə bilmirik? Buna nədi sözün?

-Axı sən namərd adam deyilsən?

-Mərdi qova- qova namərd eləyirsiniz. Bu video İtov İt İt oğlunun əlinə keçsə noolar?

-Qurban olum, bir qələtdi eləmişəm. Kişi yıxdığını kəsməz.

- Düz deyirsən, mən nakişilik eləməyəcəm. Amma şərtim var. Demək sən, Rakif, Vaqif, İttifaq- imzanızı geri götürürsünüz. Torpaq və Xəritəçəkmədən gəlib belə deyiblər- üzünüz ağ olsun- ora da yazmısınız. Sonra da qalır Əhmədlə Mehralı. Onların da öhdəsindən özüm gələcəm.

-Oldu, baş üstə.

-İmza geri götürülndə  silinəcək. Di getdik.

Qalxdılar. Deyəsən Akifin DYP zad vecinə deyildi. Sərxoş- sərxoş düz DYP əməkdaşlarının yanından siqnallaya- siqnalalya keçdi. Üç DYP əməkdaşı üçü də ona “çest verdilər”

Etibar müəllim lap dəli kimi olmuşdu. Akifin isə kefi ala buludda idi. Aşıq oxudurdu:

-Din alem ay dəəər- din alem ay dəəər-din alem ay dəəərdin alem.

Artıq Etibar müəllimgiin darvazasına çatmışdılar.

-Müəllim, bu da sənin payın- götürərsən, on kilo pendirdi. Götürməsən inciyərəm.

-Sağ ol dərdiş, sağ ol.

Etibar  müəllim hıqqana- hıqqana pendiri götürdü. Akif tozlandıra- tozlandıra yolaqdan aralandı. Etibar müəllim on kilo pendiri də götürüb evə qalxdı. Amma birdən göbəyindən dəhşətli bir ağrı qalxdlı. On kilo pendir sanki bir tonluq yük idi. Öz- özünə dedi:

-Kopolu məni qrija eləməsə yaxşıdı. Bu boyda da yükü götürmək olar?

Ağrı get- gedə şiddətlənirdi…

Yazıya 787 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.