Bəxtiyar Hidayət – DAŞ QOXUSU

bextiyar“Daş qəlbli qəlbli insanları neylərdin, ilahi”. Indi dilində bu sözlər bitmişdi şairin. Bağda daş təmizləyirdi və iri daşlar bir- birinə dəyib çarpanalar qopduqca ətrafa qəribə bir qoxu yayılırdı- daş qoxusu. Ömrü torpaqda- daşda keçsə də, şair ilk dəfə idi bu qoxunun fərqinə varırdı . Elə bu qoxunu duyduqca da daş qəlbli insanlardan ömrü boyu qaçacağını, qaçmalı olduğunu yəqinləşdirmişdi. Şair telefonu da söndürüb başını bağ- bağatda işləməklə qatırdı. Bağ da ki az qala 20 sot. Indi baxırdı, nə qədər görüləsi  iş varmış buralarda. Çayxanada,  fb- də avaralanmağa son vermək lazım idi bu işləri görmək üçün.. Nələrdən imtina etməmişdi indiyə qədər. Hətta  şairlərin əsas təbii ehtiyacı sayılan araqdan da, siqaretdən də imtina etmişdi.  Həyatda əlindən gələn ən asan iş idi imtina etmək. Sanki dünyaya imtina etmək üçün gəlmişdi. Bu daş qoxusunu duyunca hər an həyatdan da imtina edə bilərdi.

2-3 gün idi beləcə həvəslə işləyirdi. Torpağa bağlanırdı həm də. Daşa da bağlanırdı könlü.  Qəlbinə daş bağlayıb dözməli idi hər şeyə. Ədəbi umu-küsülər, ədəbi problemlər, tanınmaq azarı, tanınmamaq dərdi- hamısı bu bağın çəpərindən o üzdə qalmışdı. Daş qəlbli insanların qoxusunu unudurdu. Daş ətrini duymuşdu həyatında ilk dəfə olaraq. Çəpərin bir tərəfində nuh- nəbidən qalma daşlığı bir günün içində təmizləyib qurtarmaqda idi.  Bu daş qoxusuna daşdan çıxan çörəyin ətri də demək olardı. Çünki artıq şairin qələmdən pul qazanmaq xəyallrı daşa dəymişdi.  Indiyəcən bir neçə yerdə işləmişdi- cəmi 1-2 ay çəkərdi rahat iş dediyi yazmaqla pul qazanmaq işi. Ya redaktorla yollaşmaz, ya da nəsə bir qəmbərqulu çıxırdı.

Ölkənin ən radikal və ən tirajlı qəzetində də işləmək şansı olmuşdu. Amma…

Ha dedilər, gəl vəsiqəni götür, Bakıya getməyə imkan olmadı. Arada da yenə bir qəmbərqulu peyda oldu.

Rayonda ədəbiyyat muzeyi üçün 5 milyon pul ayrılmışdı. Qocaman şamlar, küknarlar doğranırdı. Şair də “bu ki əla mövzudur” deyib ucuz telefonu ilə şəkil çəkirdi ki, üstünü beş- on məmur aldı. Dartıb telefonu əlindən aldılar. Polis çağırdılar. Şair birtəhər canını qurtardı bunların əlindən. Elə bu mövzuda da bir yazı  yazdı- qəzetdə ilk işi olacaqdı. “Boz ədəbiyyat naminə yaşıl soyqırım”dan bəhs edirdi o yazı. Amma qəzetdə yazını vermədilər.  Sosial problemlərdən yaz-  deyib ona yazmaq qaydası da öyrətmək istədilər. Bunu da şair götürə bilməzdi- gedin hoppanın dedi.

Bundan əvvəl “ 7 günah” dediyi “7 gün.az” saytında işləmişdi. Demək olar ki, qara qul kimi işləyirdi- cəmi 150 manata görə. Bir saytın işini təkbaşına həll edib rayonda yaşaya- yaşaya  respublikada oxunan saytlardan birinə çevirmişdi. Sayt rəhbəri 150 manatı da qarınağrısı ilə verirdi. Özü də dəhşətli dərəcədə yalançı idi. Desə Qazaxdayam, demək  ən aşağısı Bakıda idi. Şair bir də bildi ki, bu adam ona verilən pulu məmurlardan alıb verir. 100 manatı da o redaktorda qaldı,  vəsiqəni qusuntu qaytarırmış kimi qaytardı. Sonra “rubruka.az” , “qulis.az”, sonra da “çərçı.az”. Hərəsində bir ay işləyə bildi. Yox, mənlik deyil, mən bunlarla işləyə bilmərəm dedi. Axı necə işləyə bilərdi- gərək onların havasına oynayaydı.

Axrıncı dəfə yaxın dostunun saytını ayda 200 manata işlədəsi idi ki, o işə də bəri başdan yaxın durmadı. Çünki o yaxın dostu da fıs çıxdı.

Onda Gürcüstanda bir tədbir vardı. Ermənilər də tədbirə dəvətli idilər. Mövzu da” Cənubi Qafqazda sülh mümkündürmü?”

Məclisin ortasında onun dostu qalxdı ermənilərin üstünə- siz bizim İrəvanı verin, Göyçəni verin, Xankəndini, Şuşanı verin. Siz Hindistandan gəlmisiniz, sizin qohumlarınız siqanlardı. Qafqazlı deyilsiniz. Tanrı türkü qorusun.

O  yandan da bir erməni qayıtdı ki, zyoma, düz demirsən, biz kosmosdan gəlmişik, heç bu dünyaya dəxlimiz yoxdu.

Sən demə dostu yanında xötək kimi gətirdiyi balacaboy oğlana bütün bunları çəkdirirmiş. Elə tədbirə də bu məqsədlə gəlibmiş.

Sonra da həmin roliki yutuba yüklətdirib “gənc jurnalist ermənilərin dərsini verdi” deyə reklam etdirməyə başladı. Respublikada tanınmağa başladı. Qalan məclis iştirakçılarını ölkədə qınaq obyekti elədi. Onda şair kimiləri qınaq obyekti oldu- gedib ermənilərlə çaxır içirsiniz, amma gör o ermənilərin dərsini necə verib.

Lap axırda məlum oldu ki, “biz kosmosdan gəlmişik” deyən erməni məhşur satirik imiş. Şairin dostunu dolayıbmış sadəcə.

O dost da sonra birdən birə müxalifəti satdı- oldu hökumətin iriçaplı jurnalistlərindən biri.

“qulis.az” ateist sayt idi. Amma  onun yazısını “donuz məsələsi”nə görə verməmişdilər. Guya məqaləsində “donuz” sözü varmış, bu üzdən də müsəlmanların heysiyaytına toxuna bilərmiş. Necə qalaydı belə saxtakarlarla bir yerdə?

Və anladı ki, bu sayta- mayta, qəzetə- məzetə bağlanmaq onluq deyil. Istedad düşmənidi belə yerlər. Nəsə ayrı bir dolanma üsulu tapmaq lazımdı- o da torpaq. 20 sot torpağı vardı. Əkib- becərmək, xeyir götürmək lazım idi.  86, 6 min kvadrat kilometrlik ölkədən nə qədər qaçmağa çalışmışdı, amma bacarmamışdı. Indi bu 20 sot torpağa sığınmalıydı şeirlərində dünyaya sığmayan şair.  Daş qoxusu onu daha da həvəsləndirirdi. İllərdi mətbuatda külüng vuranlar hələ daş ətrini duymamışdılar, amma o külüngsüz- filansız duymuşdu bu ətri.  Elə qarşı təpədən də daş ətri gəlirdi. Külək daş ətrini daş ətrinə qatmışdı.

Qarşı təpədə bir bölük əsgəri  işlədirdilər. Bəlkə də Çin səddini çəkən qullar belə əziyyətlə işləməmişdi. Ölkə başçısı daha postneft dövrünə qədəm qoyulduğunu bildirərək, hər qəpiyin qədrini bilməyi prioritet məsələ elan etmişdi. Ölkə xaricdən borc almaq ərəfəsindəydi. Yəqin buna görə əsgərləri belə işlədirdilər- dikinə qalxan yola daş düzürdülər. Gör nə qədər neftə, pula qənaət edilirdi? Bununçün də linglə iri daşları yerindən tərpədir, gürzlə əzib daş parçalarını iri vedrələrdə, kisələrdə  altdan- yuxarı daşıyıb yola düzürdülər. Həm də Berlin küçələrinə daş düzən əsirləri xatırladırdılar..

Əşşi dedi- onsuz da ölkə özü bir həbsxanadı- bu əsgərlər isə əsirlərdi. Qabaqlar belə deyildi. Guya sovetin vaxtında qaranlıq dünyada yaşayiriqdiq. İndi günümüzə bax.Biz lap yer əkiləndə torpağın üstünə çıxan soxulcanlar kimi çıxdıq qaranlıqdan işığa. Qurd- quş da yedi cəmdəyimizi. Qabaqlar  kənddə kimisə 10 manat verib qoyun nobatına göndərmək olmurdu- sənin hambalın zadammı deyərdilər. İndi hər gədə- güdədinin qabağında əyilməli olursan. Elə buraxma saytlarda fəhləlik etməkdən kiminsə qoyun nobatına gedib 10 manat qazanmaq sərfəlidi. Bu nədi ee.

Indi həm daş təmizləyir, həm də ağacları suvarırdı. Yəni istirahat üçün dincələndə də gedib şlanqı dəyişirdi. Şair elə ədəbiyyatda da belə edirdi- nəsrdən keçirdi şeirə, şeirdən keçirdi nəsrə. Hər ikisində də uğurlu nələrsə yazıb- yaratmışdı.

Indi çəpərin hər yerini əkəcək,  lobyadan, qarğıdalıdan, kartofdan xeyir götürəcəkdi. Mətbuatdan gələn xeyir dəyməzdi bir kilo lobyaya, kartofa. Dünən köhnə əkənək yerini əkib qurtarmışdı. Xam torpaqlara girişmişdi. Dünən  torpağın ətrini hiss etmişdi. Hətta yanmış peyinin də ətrini hiss etmişdi- köhnə peyinin.

Özü də köhnə peyini köhnə  və buraxma (bezdarnı) yazarlara bənzətmişdi- müqayisə etmiş və üstünlüyü köhnə peyinə vermişdi. Hansı ki, köhnə yazarların çoxu ilə qılınc- qırğında idi. Amma onlar şükrənli imiş. Bundan əvvəl isə çəpərə təzə peyin daşımışdı. Təzə peyin verilmiş yeri isə rezin sapoqla əkmişdi- təzə peyin qoxusunu da hiss etmişdi. Təzə peyini isə-özlərini at poxu kimi şişirdən  təzə yazarlara bənzətmişdi. Hələ yanmamış, bişməmidilər. Amma təzə peyin şəxsən onunçün daha münasib idi- yoxsa əndirabadi təzə yazarlar. Hərəsi dalına zırıltı bir lapet qoşub  deyir mən də şairiəm. Mən də yazıçıyam. Adama ağıl verirlər. Guya   bunlardan yoxdu- filan.

Mövzuları 3 yerə bölünür. Fahişəlik, azadlıq və bərabərlik. O boyda Fransa inqilabını inqilabi yenilik eləyib bu günə qoymuşdular. Yumurtadan dünən çıxsalar da, tülküdən üç gün qabaq olmuşdular sanki, o qədər biclik bilirdilər. Biclikləri də yazı- pozudan pul çıxarmaqdan ibarətdi. Bir- birinin haqqında yazırlar, bir- birini reklam edirlər. Dünyayla bir adları var. Ona görə də səydərəş redaktorlar həvəslə iş verir onlara. Lap işdən qovulsalar da, o biri səydərəş redaktor əvəzedilməz bir kadr əldə edirmiş kimi dartıb öz redaksiyasına gətirir. Nə yazdıqları ədəbiyyata daxildi, nə də yaşadıqları. Di gəl o səydərəş redaktorlar elə bilirlər bunların yazdıqlarında nəsə var, hələ cəmiyyət gəlib bunların səviyyəsinə çatmayıb. Adamalr fb- də elə kinoları paylaşırlar ki, fağır redaktorlar elə bilir belə kinolara baxmaq intellekt əlamətidi, hələ o haqda bir- iki fikir demək isə Konfutsiyə kon-fu zərbəsi vurmaqdı. Bunlar isə tənqid etdikləri evdar qadınlar serialdan aralana bilmədiyi kimi  kinolardan və fb- dən aralana bilmirdilər sadəcə olaraq.

Amma əsas işləri nədənsə yazmaqdı. Bunlar  gərək şamu- səhər nədənsə yazalar, dolanmaları çıxa.  Bu gün bir saytın ruhuna uyğun yazıb, sabah ordan çıxanda, başqa yerə keçəndə də elə o başqa yerin ruhuna uyğun yazı yazmaq bunlar üçün çətin deyildi. Plastilin kimi olsalar da özlərini elə aparırdılar guya qaya kimi möhkəmdilər. Bir kişi öz arvadını döydümü başlardıalr vay- şivən salmağa. Amma mitinqdə öldürülən adamdan yaza bilməzdilər. Döyülə- döyülə öldürülən  əsgərdən isə ömrü boyu yazmazdılar.

Əsgərləri gördükcə öz əsgərliyi yadına düşdü. Bunlardan az əziyyət çəkməmişdi. Xüsusən ilk aylarda itin zülmünü çəkmişdi. Sup qazanında çömçəninə qədər hərləyərdin, bir tikə ət tapmazdın. Şirinçayın şirini olmurdu. Günlərlə qara çörəyin umuduna qalmışdılar. Üstəlik də 4-5 saat təpik döymək. Onda bu əziyyətlərdən xials ola bilərdi- sinif yoldaşı 4 ilin əsgəri idi. Baş çavuş kimi də bütün “maladoylar” onun tabeliyində idi. Yerliləri olan “maladoylar” az qala sinif yoldaşı Qəniyevin əlini  öpməyə də hazır idilər.

İlk görüşləri belə olmuşdu. Uzaqdan gördü bölündükləri 5-ci zastavanın çavuşu təyin edilən Qəniyevdi, gizlincə 4-cü zastavanın arxa sırasına keçdi. Qəniyev ona hörmət edib sonra da kənddə bunu başına qaxa bilərdi.

Görəsən bunu yazarlardan hansı edərdi? Heç çoxu əsgərlikdə də olmamışdı Qəniyevin səbəbinə o ağır günlərdə kef çəkə bilərdi. Amma Qəniyev ona yaxınlaşmaq istəsə də “problem yoxdu” deyirdi. Qəniyev  karantinin son günlərində onu dilə tuta bildi- əşşi, gəl səni Bakıya saldırım dedi. Orda da nə deyərsən deyərsən.

Qəniyevin sayəsində Bakıda xidmət edəsi oldu. Guya valideynləri gətirib 200 dollar verəcəkdilər Armudbaş deyilən mayora. Armudbaş iki gündən sonra 200 dollarını istədi.

-Cənab mayor, hansı 200 dollar?

- Qəniyev dediyi pul.

Qəniyevə yağlı bir ana söyüşü söydü- biz düşmənik tayfalıqla.

-Ayrımlarda hələ düşmənçilik qalır?

-Hə, mənim babam onun əmisini öldürüb. 2 ayda da istədi orda məni öldürə. Gecələr kravatların altında sürünməkdən dirsəyimin dərisi ilan qabığı kimi dəyişmişdi. Indi də yəqin sizin yanınıza saldırıb ki, siz öldürəsiniz məni.

-Axmaq, mən adam öldürənəm? Mən qatiləm? Niyə mən axı? Qəniyevin anasını…

Sonra da bütün şəxsi heyətı yığdı- bu əsgərə toxunan mənə toxunur. Mənim piserimdi. Bunun qanı mənim üstümdədi.

O gündən qərargah həyatı başaldı- yazı- pozu işi. Amma 5-6 gündən sonra Armudbaşa yalvardı ki, mənlik deyil.  Qarşıdan ordu günü gəlirdi- orda çıxışı vardı. Vəssalam, o çıxışı edəcəkdi , bir az dövlət başçısını, bir az güclü ordumuzu tərifləyəcəkdi, bir az vətən sərhədlərinin müqəddəsliyindən danışacaqdı və olacaqdı komandirin gözünün işığı. Hətta komandir özü onu piser götürə bilərdi. Amma gözlənilmədən Armudbaşa yaxınlaşıb çıxış edə bilməyəcəyini dedi. Guya publika önündə karıxıb sözləri yadından çıxardır.

Həm də qərargah həyatı onluq deyildi.Gərək 10 metr gedənə kimi 3-4 dəfə hərbi salam verəydi. Gərək daim səliqə- səhmana fikir verəydi.

Armudbaş sanki bunu gözləyirmiş. Onun  yerinə pulunu alıb başqa bir ali təhsillini qoydu. 3 ayın tamamında da göndərdi ucqar zastavalardan birinə. Orda da dəhşət idi- yeni əsgərləri didirdilər. sınıdırrdılar.

Bütün əziyyətlərə dözdü. Paltarını əlindən almaq istəyirdilər,şəxsiyyətini, mənliyini də üstəlik. Onunla bir vaxtda xidmətə başlamış 8-9 əsgər vardı burda. Hamısının da günü qara. Bir dəfə yeməkxana naryadına düşən “maladoy” bəzən 10 gün növbədə qalırdı.

Əziyyətlərdən yaxa qurtarmaq üçün Axund deyilən əsgərə sığınmışdılar.  Axund dindar idi və 3 il idi ki, dinin, namazın, Allahın səbəbinə heç bir əziyyət çəkmirdi. Ölkəni talayıb, ölkə insanlarını səfil günə salan məmurlar ilin sanılı günlərində həccdə, məsciddə, iftar süfrəsində günahlarını yuduqlarını sandıqları kimi burda da komandirlər, hətta “dembllər” Axunda günahyuma obyekti kimi baxırdılar. Sanki Axund hamam idi, bunların günahı da kir-pasaq. Elə sanırdılar Axunda hörmət eləməklə bütün günahları yuyulur. Bu üzdən də Axundun ayrıca otağı vardı- özü də iki adda. Kimi bu otağa namaz otağı deyirdi, kimi də dərsxana. Axund da burda mənəviyyat söhbətləri aparırdı. Gənc əsgərlərdən kim əziyyətdən azad olmaq istəyirdisə, dərhal keçirdi Axundun dəstəsinə.  Şair bu dəstədən də imtina etmişdi. Sonralar  o əsgərlərin çoxu ilə araq yoldaşı olmuşdu şair. Axund həqiqətən  “maladoylar”ın canını çox əziyyətlərdən qurtarmışdı. Hətta sıra hazırlıqlarından da. Axund namaz vaxtlarını elə salmışdı- bütün sıra hazırlıqları ilə eyni dəqiqəyə təsadüf edirdi. Filankəs hardadı- namazda. Vəssalam. Allaha da qurban olum onun namazına da. Axund o əsgərləri qorumaqda öz məqsədi vardı- nurçuluğu təbliğ eləmək.

Indi ədəbiyayt aləminin də beləcə axundları vardı ki, gənc yazarları onlar öz “dərsxana”larına cəmləmişdilər. Axund dinlə baş girləmişdisə, bu axundlar da uzun illər millətçiliklə, vətənpərvərliklə başlarını girləmişdilər ədəbiyyat aləmində. O əsgərlər namaz otağına daxil olanda tam rahat olduqları kimi bu gənc yazarlar da Adil Alxasın, Camal İbadullanın, Rəşid Məcidin dərsxanalarına daxil olanda hərtərəfli əziyyətlərdən azad olurdular. O əsgərlərə bunun əvəzində nurçuluq aşılanırdısa, bu yazarlara da bunun əvəzində həmin axundfason yazarları təbliğ etmək düşürdü.

O gənc əsgərlər sonra özləri “dembl” olacaqdı. Gənc əsgərləri incidəcəklərdi. Kənddə- kəsəkdə əsgərlikdən danışıb qəhrəmanlıqlarından dəm vuracaqlardı. Bu gənc yazarlar da bax eləcə özlərini bəri başdan qəhrəman kimi aparırdılar. Onlar əllərinə düşən gənc əsgərləri necə incidirdilərsə, bu gənc yazarlar da gələcəkdə özləri redaktor olanda başqa gənc yazarları elə incidəcəklərdi. O əsgərlər bir “maladoy”un sözündən səhv tutub min cür əziyyət verdiyi kimi bu yazarlar da bir gənc yazarın bir cümləsində səhv  tutub günlərlə incidəcəklərdi.

Amma onda hələ Salamatova corab yuyanı vardı onların. Bəkirova aftaxa daşıyanı vardı onların. Məmliyevin paltarını ütüləyəni vardı onalrın. Daha nələr, nələr.

Indi bu yazarlar da Alxasların, İbadullaların, Məcidlərin çəmədandaşıyanı, şilləvuranı, sözdeyəni idilər.  Bəzən isə o Alxaslar, İbadullalar, Məcidlər xoruz döyüşdürürmüş kimi bunları mətbuatda qırğına çıxardırdı. Sınmaqlarının dərdini çəkmirdilər, hələ buna 50 cür də don geyindirirdilər. Zalım balası,hazır o donu geyinmə dəə, ulduz olmaq üçün əsas şərtdi bu.  Guya bunalrı cəmiyyət başa düşmürdü. Guya cəmiyyət Mopassanalrı anlayırdı, amma bu passanalrı anlamırdı. Fb  ikicə günlüyə bağlansa bağırları çatlardı.  Adamalr 50 layk yığanda az qala Layka uçan yerlərə qalxıb geri qayıdırdılar. Əlləri ling görməsə də barmaqları link atmaqdan yağır olmuşdu.  Belə linklərdən şairə də gəlirdi tez- tez. Sanki linglə vururdular şairi. Heç nə bacarmayanda isə keçirdilər köşə yazmağa. Ölkə doluydu belə köşə yazarları ilə. Amma bilən yox idi köşə əslində nə deməkdi. Bilmirdilər ki, köşə dedikləri   gönün ən qıraq yerinə deyilirdi  və bundan da qədimdə çarıq üçün qaytan olurdu. Başlarında intellektual hava, ayaqlarında da çarıq, köşədən qaytan. Bu idi yeniliklərinin şəkli, halı. Və o da vardı ki, bəlkə də heç gön nədi, çarıq nədi, qaytan nədi, onu da bilmirdilər.

Hələ bunlar yaxşılarıidi. Iqtidaryönümlü Yazarlar ittifaqının üzvlri vardı ki, onlar lap biabırçı idi. Guya onalrın liderləri Fanar müəllimin alternativi yoxdu deyə 30 il idi kresloya qaynaqlanmışdı. Bu haqda vaxtilə belə yazmışdı:

“  Əslində alternativ sözünü əvəzləyəcək söz var dilimizdə- Xurcuntayı. İndi  İYİ-çilər deyir Fanar müəllimin xurcuntayı yoxdu.  Bu da mənim yadıma bir məsələni salır- demək bir qoca  qarı varmış. O qədər qocalıbmış, artıq nəvəsi də ölüm yaşına gəlibmiş. Amma qarı hələ yaşayırmış. Bir gün nəvənin köçü dağa qalxan vaxtı yolda camışlardan biri doğur. Köç geri qalmasın deyə nəvə kalçanı  eşşək xurcununun bir gözünə, ona da xurcuntayı kimi nənəsini də bir gözünə qoyur. Bir də görür qarı kalçanın qulağına nəsə deyir. Nə eşitsə yaxşıdır- a kalça, kaş sənin balanın da belində dağa qalxaydım. Indi Fanar müəllim  bizim gənc yazarların balalarının vaxtında da deyəsən alternativsiz lider olmaq istəyir. Allah ömür versin”

Əsgərləri sıraya düzüb təpik döydürə- döydürə yeməyə apardılar. Şair də nahar üçün evə gəldi. Çatan kimi kompyüteri açdı. Kompyüterin monitorunda vaxtilə kənddə qaynar qazan kimi fəaliyyətdə olan, indi uçub dağılmış pionerlagerin  köhnə şəkli vardı. Uşaqlığı yadına düşdü. Heç kimə yovuşmadığına görə atası adını pionerlagerə yazdırmışdı ki, bəlkə cəmiyyətə qarışa. Amma 5-6 gündən sonra dəsmalını, sabununu da götürüb qaçdı. Səbəb də çox yemək vermələri  idi. Orda İlqar müəllim deyilən biri vardı- payını yeməyəni döyə- döyə yedirdirdi. O da nətəri yesin bir öynədə üç cür yeməyi-“pervi, iftaroy, treti”.  Əlac qaldı qaçmağa.

Interneti açdı- yenə türmədə bir nəfəri döyüb öldürmüşdülər.

Əşşi, sovetin vaxtında adamı döyə- döyə yedirdirdilər. indi döyə- döyə öldürürlər. Onda ölkən başdan- başa pionerlager idi. İndi  veranxananın hər yeri konslagerdi. Elə o əsgərlər də konslagerdəkilərin günündədi. Belə də veranxana olar? Belə də verənxana olar?

 

Televizoru açdı- Rusiyada 50 dərəcə soyuq varmış. Maşınların təkərləri zəncirlənibmiş

-Əşşi bu köpəkuşağı burda zəncirlənən adamalrdan danışmır, Rusiyada təkərdən danışıllar. Rusiyada maşın təkəri zəncirlənir, burda adamlar. Yəqin təkərə düşmək belə olur.

Həmin gün şər qarışana kimi daş daşıdı. Sanki əsgərlərlə bəhsə girmişdi. Əslində onu həvəsləndirən əsgərlər yox, daş qoxusu idi. Axşam şəltəyə girəndə evdəkilərə- işığı keçirin, yata bilmirəm dedi. Sonra da öz- özünə deyindi, ayə, demək bu millət işıqdan ona görə qaçır. Işıq yatmağa mane olur axı. Bu millət öz ziyalısını ona görə öldürür deyəsən. Səs salma yatanlar oyanar, qoy hələ yatsın.

Səhəri gün işləyə bilmədi- hava çox dəyişmişdi. Azacıq da sulu qar yağmışdı. Əsgərlər də işə çıxmadılar. Bir- iki gün də elə oldu- soyuq keçdi havalar.

Tv- də bu soyuq günlərdə tikintisinə milyonlar xərclənən alov qüllələrini göstərdilər. Bəlkə də bu alov qüllələri Dədə Qorqudun tonqalı idi- Vətən təhükədə idi bəlkə də. Amma əsas məsələ-  kasıbların komasını heç bir dərəcə də qızdırmadı. Əşşi, nə alov qülləsi? Əsgərlər çəkdiyi yol kimsəyə gərək olmadı. Sonralar təpənin o biri üzündən  ayrı yol çəkildi.

Bir xeyli müddət təpənin bu üzündən daş qoxusu gəldi. Şair bu qoxunu hər gün siqaret tüstüsü kimi ciyərlərinə çəkirdi.

.. Nəhayət havalar düzəldi. Şair yenə bağ- bağatda başını qatmağa başladı. Hərdən telefonu açıb saata baxırdı. Və qəfildən zəng gəldi. O dalına lapet bağlayanlardan biri idi:

-Şair, rayondayıq. Filan da burdadı, Bəhmənkəs də burdadı, Filan- Filan da burdadı. Gəl görüşək. Dünəndən burdayıq, telefonuna zəng çatmırdı. Gənc Yazarlar İctimai Birliyinin xətti ilə gəlmişik. Gənc Yazarlar İctimai Birliyi bəlkə sənin də kitabını hazırlasın? Gəl danışaq.

- Mən Gürcüstandayam. Ona görə zəng çatmır.

-Nəə, kontur qalmadı indi.

-Həə, məndə də. Gələn dəfə görüşərik. Hələlik. Siz kefinizə baxın.

-Hələlik, şair.

Şair öz- özünə deyinməyə başaldı:

-Axmağın biri axmaq. Indi mən əsərimi verməliyəm bu armudbaşa ki, kotan ək üstündə, redaktorluq elə. Əşşi qoy peyinimizi daşıyaq dəə.

Şair həmin gün 50 əl arabası təzə peyin daşıdı çəpərə. Çəpərdə daş qoxusunu peyin qoxusu əvəz etmişdi.

Həmin gün ölkənin illərlə susan baş nazirinin 81 yaşı tamam olurdu. Öz- özünə dedi:

-          Onun 81 yaşda baş nazir olması siyasətimizin 18+ halıdır. Sadəcə rəqəmlər səhf düşüb. Necə deyərlər, bu çərxi fələk tərsinə dövran edir indi.

Səhəri günü peyini yabalayıb dağıtdı. Sapoqlarını geyinib beli götürdü. Fit çala- çala yer əkməyə başladı. Arada fitini kəsib öz- özünə təskinlik verməyə başladı:

-Eybi yox, bu gün əlimə bel alıram, sabah Nobel alaram.

Bəlkə bir gün Nobeldən də imtina edərdi. Əgər o mükafat bu köhnə yazarların, bu təzə yazarların ümidinə qalsa bu hökmən olardı.

Yeri əkə- əkə gətirib bu daş yığınına çatdırdı. Yenə daş ətri vurdu şairi. Amma…

Bu daş yığını Əmir Teymuru yadına saldı. Əmir Teymur səfərdən qayıdanda  ölən əsgərlərinin hərəsinin adına bir daş atdırarmış. Daşdan təpələr yaradarmış. Indi bu daş təpə də onun ölən arzularının, ümidlərinin abidəsi idi. Az qala bir ordu ümidi, arzusu ölmüşdü. Indi daş qoxusunu leş qoxusu əvəz etmişdi.

 

Yazıya 617 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.