ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ BAŞLANDI

bextiyarÇox dedilər bu ATƏT-ın Minsk qrupu nəmənə şeydi, nəyə yarayır,  nə işlə məşğuldu, axırda bu qrup da bir işə yaradı. Nəhayət 25 il hazıryeyənlik edəndən sonra adamlar ağıllı bir işin qulpundan yapışdılar. Erməniləri və azərbaycanlıları barışdırmaq qərarına gəldilər. Bununçün də öz planları vardı. Püşkatma yolu ilə erməni və Azərbaycan tərəfindən iki sərhəd kəndi tam demokratik qaydada seçib pilot layihələrinə start verdilər. Bu kəndlər də oldu cəmi aralarında 150 metr məsafə olan Erməni Coğazı və Müsəlman Coğazı. 25 il əvvəl bu kəndlər bir- birini elə tanıyırdı, heç  ermənilər qonşu erməni kəndlərini, azərbaycanlılar da qonşu Azərbaycan kəndlərini elə tanımırdılar. 25 il əvvələ qədər bu kəndləri  bir birindən ayıran Coğaz çayının sahilindəki Sarı bulağın üstündən tüstü zillənmirdi. Amma bu 25 ildə bu kəndlərdə çox evləri yandırıb tüstüsünü göyə sovurmuşdular. Sarı bulağın üstündə müsəlmanlı, ermənili o qədər ortaq məclisləri olmuşdu ki bu kəndlərin. Amma25 il bir igidin ömrüdü. Bir -birini tanıyanların çoxu dünyadan köçmüşdü. O vaxtkı cavanlar indi qocalmışdılar.  Azərbaycan dilini bilən ermənilər də artıq unutmuşdular. Amma rus dili vardı -hər iki kəndin kişiləri ailələrinin ağır güzəranını Rusiyada işləməklə düzəltmişdi . Rus dilində rahat danışa bilirdilər.

Hər iki tərəf qaragünlü idi. Allahın mobil telefonu da tutmurdu- hər iki tərəf günahı atırdı Odun dağının üstünə. Guya bu dağ dalğalara mane olurmuş. O tərəf Coğazda Vivacell, Armentell tutmurdu, bu tərəf Coğazda Bakcell, Azərcell. Amma hər iki tərəfdə seçki öncəsi Karusell əməliyaytı rahatca baş tuturdu, hər iki ölkəni uğurlu gələcəyə doğru aparırdı.

Hər iki tərəfdə yollar bərbad gündə idi. Hər iki tərəfdə bu yollarda illərin sınağından çıxmış bir- iki Niva markalı maşın vardı ki, təcili rayona gedəsi adamları daşıyırdı. Və həmçinin də hər iki tərəfin hərbçilərinə taksi xidmətini bu Nivalar göstərirdi. Bu tərəfdəki Niva şoferinin də adı Kolya idi, o tərəfdəki Niva şoferinin də.

Bizim Kolya deyirdi- Xalxın kişiləri  meqastar sürür, Diva sürür, mən qaragünlü də şoqqax Niva.

Bu arada xəbər çıxmışdı ki, ermənilərin genetikası türk çıxdı. Bax onda bizim Kolya:

-Əşşi bizimki qorxuram ərəb çıxa. Kopayoğlunun erməniləri də düdüyümüzə, dolmamıza sahib çıxdıı kimi türkçülüyümüzə də sahib çıxa. Bircə ağrısın alım qara sazın, ona sahib çıxa bilməzlər. Qarabağa sahib çıxa bilərlər, qara saza yox.

   Plana görə əvvəl hər iki tərəfdən snayperlər çəkildi. Sonra da ordu çəkildi. Bu kəndlərdə cəmi bir- iki polis postu qoyuldu. Qalırdı aradakı minaları təmizləmək. Sonra da sərbəst gediş -gəliş olasıydı. Ermənilər israrla ortaq bazar tələb edirdilər. Açıqca deyirdilər ki, gömrük monopoliyası onların belini qırır. Və sadəlövhcəsinə elə bilirdilər gömrük monopoliyası sadəcə Ermənistanda var. Buna görə də ermənilər kasıbdılar. 

Bu iki kənd rahat qonşuluq şəraitində yaşaya bilsə, başqa yerlərdə də bu təcrübədən istifadə ediləcəkdi.  Ilk öncə isə həmin Sarı bulağın üstündə bir ortaq məclis qurulmalıydı. Bu məclisdə də başqa tamada kimi ATƏT-in nümayəndəsi oturacaqdı.

    Bir qədər keçmiş minalar da tamamilə təmizləndi. Amma bu kəndlər barışası olmadı. Çünki minaları itlər “təmizləmişdi”- özü də müsəlman tərəfin itləri. Ermənistan ayaq üstə idi. ATƏT- in Minsk qrupu hər iki tərəfdə qınaq obyekti omuşdu. Bəs niyə birdən- birə, bazar açılha-açıldaykən bu qanıqaraçılıq çıxdı ortaya?

  Qarşıdan Çərşənbə gəlirdi- od çərşənbəsi. Coğaz  kəndi illər ərzindıə partdağana həsrət qalmışdı. Illər ərzində bayramlarda partdağan partlada bilməmişdilər. Qorxmuşdular  ermənilər səsə güllə atarlar. Sonra da dağılmış evin düzəlməsi çətin məsələ idi. Hökumət belə məsələlərə pul mənbəyi kimi baxırdı. Bir ev dağılmışdısa, bunu statistikada 10 ev kimi qələmə verirdilər. Sonra həmin evin sahibinə 3-4 şifer, 1-2 də taxta- tuxta verib dağıntıya ayrılan pulu həzmi- rabedən keçirirdi məmurlar.

  Amma indi əsl fürsət idi. Nə qədər partdağan alsalar yaxş idi -az qala o partdağanlara verilən pula 10-15 nəfərin kreditini ödəmək olardı. Partdağanlar növbənöv- bombavari, raketvarı, gülləvarı… Biri qrad səsi çıxaranda biri alazan səsi çıxarırdı. Biri Qaubitsa səsi çıxaranda biri pulemyot səsi çıxarır, o biri də AQS kimi aləmi lərzəyə salırdı.  Kolya özü 3-4 dəfə baqajı doldurub gətirmişdi kəndə. Bu illər ərzində hələ belə pul tutmamışdı bəyənmədiyi Niva ilə.

  Erməni Coğazı rahat axşam keçirirdi ki, birdən partapart başladı. Bilinmədi nəmənədi- bilinən oydu ki, Azərbaycan tərəfi az qala əlli istiqamətdən, özü də az qala əlli növ silahla hücuma keçmişdi. Hətta özlərinə o qədər əmin idilər ki, əvvəlcədən qələbə tonqallarını da qalayıb ətrafında yallı gedirdilər, lopa atırdılar. Coğaz erməniləri artıq qonşu Azərbaycan kəndində çərşənbə olduğunu, o çərşənbədə tonqal qalandığını unutmuşdular. Elə Coğaz azərbaycanlıları da unutmuşdu bunu. Çərşənbə hayı deyildi.

Partapartdan qulaq tutulurdu, ermənilər də qalıb iki polisin umuduna. Demək ATƏT rüşvət alıb, onların başının altına yastıq qoyub. Azərbaycan tərəfin avropalılara rüşvət verməsi təzə şey deyildi. 20 il idi kürü diplomatiyası ilə bütün Avropanı ələ almışdılar. Hələ bunun qaz diplomatiyası, neft diplomatiyası da bir ayrı həngamə idi.

  Aha, minalar partlamağa başladı. Gör necə də hazırlaşıblarmış. Xəbər gedib Yerevana çatdı . Yerevandan Moskvaya bildirdilər. Moskva da amanabənd imiş- bu hayha-hayda  silah- sursat barədə danışıqları sürətləndirmək istəyirmiş. Ucuz qiymətə silahlar göndərəcəyinə söz verdi. Amma  Rusiyadan silah gəlincə bu partapart gedib Yerevana çata bilərdi. Bu nəydisə, ayrı cür müharibəydi. Səs- küydən az qala göydə ulduzlar da qorxub özlərini gizlətmişdilər.  Mina partlatmaq üçün bu qıdır ixtisaslaşmış iti demək dar günə saxlayırmış Azərbaycan tərəfi.

Yerevan  indi də məsələni Brüsselə ötürdü. Onlar da məsələni təsdiqlədilər.

Azərbaycan tərəfi rayonun icra başçısından təcili izahat tələb elədi.

-Nədi özbaşına müharibə başlamısan? Qudurmusan? Dünya birliyi sülh tələb edir axı.

Yerindəcə quruyub qalan icra başçısı dərhal Coğazın icra nümayəndəsini yanına çağırdı. Sonra da 7777 N-li hərbi hissənin komandiri Koroğlu Çənlibelskini  yuxudan oyatdı:

-Orda nə davadı elə? O boyda silah hardandı sizdə?

- Bizdə elə silahlar yoxdu. Bəlkə əhalini gizli şəkildə silahlandırıb xarici qüvvələr. Hanı bəs sizin KQB, niyə yatırlar axı?

 Məsələ xeyli böyüdü. Erməni tərəfi artıq mətbuatda 3-cü dünya müharibəsinin başlamasından yazırdı.

 Azərbaycan tərəfin mediası da borclu qalmadı. Hətta saytlardan biri manşeti belə qoymuşdu- 4-cü dünya müharibəsi başladı.

 Qaranəfəs özünü icra hakimiyyətinə salan Coğazın icra nümayəndəsi salamsız- kəlamsız.:

-Heç bir atışmadan söhbət gedə bilməz. Partdağandı, partdağan.

-Nəə?

-Patrdağandı hamısı.

- Bəs minalar necə partlayıb?

Icra nümayəndəsi qaldı gözünü döyə -döyə:

-Yəqin çaqqal- çüqqaldı.

-Sən öləsən çaqqala görə də danlanırıq.

Bu arada ratsiya ilə zəng gəldi kabinetə- ermənilər artıq iriçaplı silahalrdan atmağa başlayıblar. Coğazın icra nümayəndəsi götürülü kəndə tərəf. Rayonun icra hakimi götürüldü paytaxta tərəf.

  Üzünüzə xeyirli sabahalr açılsın. Səhər qan- qada ilə açıldı. Hər iki tərəfdən ölənlər, yaralananlar vardı. Azərbaycan tərəfi  “qara bayrama” dönmüş od çərşənbəsindən danışırdı. Erməni tərəfi ixtisaslaşmış itlərdən, raketlərdən, qumbaraatanlardan. Həm də qeyd edirdilər ki, mərmilərin biri də hədəfi tutmayıb.

Artıq yaxın ölkələrin mətbuatı da məsələni gündəmə gətirmişdi- guya Üçüncü Dünya Müharibıəsi həqiqətən başlamışdı. . Ermənilər yazırdı ki, azərbaycanlılar qəfil hücuma keçib. Azərbaycanılalr yazırdılar namərd ermənilər öz mahiyyətlərini yenə biruzə verdi. Çərşənbə tonqalı atəşə tutuldu. Xarici saytlar da burdan məlumat götürüb daha da şişirdirdilər.

 ATƏT-in Minsk qrupunun üzvləri gəlib çatanda hər iki kənd boşaldılmışdı. Saysız hesabsız hərbçilər vardı hər iki tərəfdə. Hər iki tərəfin əli tətikdə idi. Hər iki tərəf onlara düşmən kimi baxırdı.  Hər iki tərəf  onları ATƏT- in aldatdığını düşünürdü. Əslində hər iki tərəfin böyüklərinə bu vəziyyət sərf edirdi. Hər iki tərəfdə  seçki ərəfəsi idi. Buna görə də ATƏT-in adamalrının burada güllələnməsi ehtimalı yüksək idi.Bunu duyan quşürəkli fransalı həmsədr az qaldı özünü batırsın. Lap biabır olmamaq üçün elə kameralar önündəcə təbii ehtiyacını ödədi. Yaralı barmağa siyməsə də, yaralı torpağa siydi.

Bu kadrlar bütün dünyaya yayıldı. Dünya ictimaiyyəti Qarabağ adlı bir problemin olduğunu  daha dərindən anlamış oldu.

Ara yerində Nivalar da vurulmuşdu. Hər iki tərəfin Kolyası yaralı idi.

Bizim Kolya ATƏT-i asıb- kəsirdi:

-Pilot layihə, pilot layihə. It uşağı it, şoferi  böyrüüstə qoyub pilot gəzirlər.

Kolya sonra da qəzetlərə baxıb:

-Bambılı uşağı bambılı, adlarını jurnalist qoyublar, bilmirlər ki, üçüncü sort dünya  ölkələri üçüncü dünya müharibəsini başlaya bilməzlər. Bizim itlər qorxub o tərəfə qaçıb, onların itləri də bəri qaçıb. Bunun adını qoyublar üçüncü dünya müharibəsi.

Bir az nəfəs alıb öz-özünə danışmağa başladı:

-Odey, Putini şiələr müsəlman çıxardıblar. Obamanı da sünnilər müsəlman çıxardıblar. Üçüncü dünya müharibəsi sünni şiə davası kimi başlayacaq deyəsən. Yoxsa 5-10 it partdağandan qorxub o dağılmışa qaçıb, bunun adını qoyublar üçüncü dünya müharibəsi.

Sonra da qorxu canını basdı- partdağan məsələsi açılsa dərisinə saman təpərdilər.

 Amma bu dava lazım idi, qarşıdan seçki gəlirdi. Havayı yerə təlaş keçirirdi.

Bəxtiyar Hidayət

Yazıya 1843 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.