Arif Ərşadın “Yuxu”su

arif

 

Kultur.az  Arif Ərşadın “Yuxu” hekayəsini təqdim edir:

 

YUXU
Yanvar ayının əvvəli olmasına baxmayaraq neçə gün idi ki, şəhərdə havalar çox mülayim keçirdi. Havada nə şaxta vardı, nə də ki, yağış-qar, elə bil yaz havası idi. Fəxrəddin nahardan sonra maşınını düzəltirməkdən ötrü birbaşa servizə gəldi. Usta İbrahim bekarçılıqdan qəzet oxuyurdu. Fəxrəddin maşını emalatxanaya salıb usta İbrahimə salam verərək ona yaxınlaşdı, – Usta, səhər yola çıxaçam, bir buna əl gəzdir, – deyib, maşının açarlarını ona uzatdı. Usta İbrahim gözünü oxuduğu qəzetdən ayırmadan ondan açarları aldı. Fəxrəddin kənarda qoyulmuş boş kətilin üstündə əyləşib maraqla İbrahimdən soruşdu:

-Ay usta, nə oxuyursan elə?

Usta əlindəki qəzeti Fəxrəddinə uzadaraq deyinə-deyinə ayağa qalxdı:

-Al sən də oxu. Deyirəm, qudurmuşluğa baxey, sənin pulun çoxdu deyə, nə istəyirsən onu da eləməlisən ki? Dəhşətdi vallah, sən dostlarınla bir qarın ət yeyəcəksən deyə, heç o boyda da heyvanı …

Fəxrəddin ustadan qəzeti alıb, – Sən işini gör, qoy mən özüm oxuyum, danışma, yoxsa maraqsız olar, – deyərək, elə oturduğu yerdəçə qəzeti oxumağa başladı.

Fəxrəddin evə qayıdanda artıq hava yavaş-yavaş qaralırdı. Zəngi basmağıyla arvadının qapını açmağı bir oldu, sanki o, bayaqdan qapının arxasındaca durub ərinin gəlməyini gözləyirmiş:

-Harda qalmısan, a kişi, lap narahat oldumey.
Fəxrəddin paltosunu çıxardıb arvadına uzatdı:

-Harda olasıyam ki, maşın servizində. Könə maşındıda, ustaya göstərməsəm yola çıxmağa ürək eləmirəm axı. Gərək maşına baxasan, baxmayanda orasın tutursan burası gedir,burasın tutursan orası.
Arvadı onun paltosunu alıb asılqandan asdı, sonra  ərinin dalınca mətbəxtə keçdi. İki stəkan çay süzüb birini onun qarşısına qoyaraq  əriylə üzbə-üz əyləşdi. Bu zaman beş yaşlı oğlu əlindəki oyuncaqla mətbəxə daxil olub düz atasının qarşısında dayandı. Fəxri əlindəki oyuncağını atasına uzadaraq ağlamımsıyaraq dedi:

-Ata, mənim də maşınım xarab olubey. Mənə təzə maşın alda, nolar, özüdə cip olsun.
Fəxrəddin oğlunun sınmış oyuncağına baxıb, onun başını sığalladı və mehribancasına dilləndi:

-Yaxşı, mənim balam, alaram.
Arvadı ərinin sözünə qımışdı:

-Belə alansan, elə birini də özünə al da, beş ildi bu könə maşını sürürsən. Adam oturub bir yerə getməyə də utanır.
Xasiyyətcə həlim olan Fəxrəddin arvadının sözünə başını bulayaraq gülümsündü, qarşısındakı çaydan bir qurtum içərək arvadına cavab verdi:

-İmkan verirsən ki, mən maşınımı təzələyim.
Fəxrəddinin bu sözü arvadının barıt çəlləyi kimi partlamasına səbəb oldu:

-Uşaq burda olmasaydı, sənə elə söz deyərdim ki… Neynirəm mən sənə, a kişi? Nə vaxt sən özünə təzə maşın aldın, mən qoymadım, hə?
Fəxri anasının əsəbləşdiyini görüb atasına sığındı. Fəxrəddin oğlunu qucağında oturdub üzündən öpdü və dedi:

-Sabah gedək toya gələk, sonra gedib mağazadan sənə təzə, ondan da gözəl maşın alacam.

Onun sualına cavab verməyən ərinin sakitcəsinə oğlu ilə danışmağı arvadı bir az da hövsələdən çıxartdı:

-Cavab ver də, niyə dinmirsən, sən maşın aldın, mən qoymadım?

-Sən imkan verirsən ki, mən özümə maşın alım?

Ərinin sözü arvadına elə bil od qoydu:

-Mən sənə nə deyirəm ki, sən aldın, mən danışdım?

Faxrəddin əsəbləşmiş arvadına baxıb gülümsünərək cavab verdi:

-Düzdür, sən mənim maşın almağıma danışmırsan. Amma sənə ildə bir kürk almayanda danışırsan, özüdə yay başlayandan düz qış girənə kimi, elə ki, kürk alındı, onda sakitləşirsən.

Arvadı əlini yelləyərək:

-Pay atonnan, böyük bir şey olubey, yeddi ildir evlənməyimiz, bir kürk almısan da.

-Gül kimi təzə boz rəngli palton ola-ola bəs, keçən il mənə aldırdığın ayı dərisindən olan qara rəngli kürkü nəzərə almırsan?
-Birincisi, keçən il aldığın qısa ətəklidir, yəni gödəkcə, bu il aldığın isə uzun. İkincisi isə, bunlar ayrı-ayrı fasondadır, həm də rəngləri ayrıdır,biri qonurdur, o biri qara, anladın?
Fəxri üzünü anasına tutub dilləndi:

-Bəsdirin də, dalaşmayın, nə olar.

Fəxrəddin heç bir söz deməyərək ayağa qalxdı, oğlunun əlindən tutub qonaq otağına keçdi və televizorun düyməsini basdı. Oğlu ilə birgə təzəcə başlayan “Ayı və Maşa” cizgi filminə baxırdılar ki, arvadı otağa girib, – Səhər yola neçədə çıxacağıq? – deyə, soruşdu. Fəxrəddin gözünü televizordan ayırmadan, – Səhər saat doqquzda, – deyərək, ona cavab verdi.
Səhər saat doqquza on dəqiqə qalmış oğlu ilə tamamiylə  geyinib hazır vəziyyətdə dəhlizdə dayanan Fəxrəddin, hələ də geyinib hazır olmayan arvadını səsləyərək, – Biz, səni aşağıda gözləyirik, mən Fəxri ilə düşüm  maşını qızdırım, sən də bir az yeyin ol, – deyərək, qapını açıb oğlu ilə evdən həyətə endilər. Artıq yarım saat olardı ki, onlar maşında oturub gözləyirdilər. Fəxrəddin bu müddət ərzində iki dəfə arvadının əl telafonuna zəng etsədə, o telefonun dəstəyini qaldırmamışdı. Axrıncı zəngdən az sonra əynində ayı dərisindən olan qonur rəngli uzun ətəkli kürkünü geyinib blokdan çıxan anasını gördükdə Fəxri sevinclə atasına baxıb dedi:

-Ata, ana gəldi, sür gedək.

Fəxrəddin maşına əyləşən arvadının kürkünə baxaraq gülümsündü:

-Belə havada kürk nədir, geymisən? Paltonu geyinərdində.
Maşına əyləşib yerini rahatlayandan sonra qapısını bağlayan arvadı qımışdı:

-Yox bir, palto geyəcəydimsə bəs onda bu boyda yolu nəyə gedirəm? Gedirəm ki, bütün qohumlar görsün ki, təzə kürk  geyinmişəmdə. Qoy belə məni istəməyənlərin ürəyi partlasın.
Fəxrəddin maşını işə salaraq, – Mən də elə bilirəm toya gedirsən, sən demə kürkü göstərməyə gedirsənmiş, – deyərək, maşını yerindən tərpətdi.
-Bəs nəyə gedirəm? Çox elə gözüm atır onların toyu üçün, maşınıvı sür əşi, sür getdik.

Artıq iki saat olardı ki, onların maşını üzü rayona tərəf şütüyürdü. Balaca Fəxri maşının pəncərəsindən yol boyu sıralanmış ağaclara, uzaqda görünən kəndlərə, dağlara, meşələrə baxır və hərdən də gördükləri yerlər haqqında sulallar verirdi. Fəxrəddin arvadının arxa oturaraqda yol boyu mürgülədiyini görüb oğlunun suallarına özü həvəslə cavab verirdi. Fəxri dağın ətəyindəki meşələri atasına göstərib soruşdu:
-Ata, o meşələrdə heyvanlar yaşayır?
Fəxrəddin gözünün ucu ilə oğlunun göstərdiyi istiqamətə baxaraq, – Hə, yaşayır, bütün vəhşi heyvanlar elə o meşələrdə yaşayırda, – deyərək, oğluna cavab verdi. Fəxri balaca əlləri ilə arxadan atasının boynunu quçaqlayaraq dedi:

-Ata, sür meşəyə, heyvanları yaxından görək də. Orda ayı da var?
-Var oğlum, bu meşələrdə ayı çoxdur, amma  indi getsək biz ayıları görə bilmərik, axı qışda bütün ayılar yatıb, yazda oyanırlar. Həm də indi meşəyə getməyə bizim vaxtımız yoxdur, toya geçikərikey. Havalar isinəndə mən səni bir gün gətirib bu meşələrdə gəzdirərəm.
Fəxri atasının sözündən narazı qaldığını gizlətməyərək mızıldandı. Bunu görən Fəxrəddin nə düşündüsə sevincək dilləndi:

-Fəxri, on beş-iyirmi  dəqiqədən sonra qabaqda bir  yeməkxana var, orda qəfəsin içində ayı saxlayırlar. Həmin yeməkxanaya çatanda maşını saxlayaram həm çay içərik, həm də sən ayıya baxarsan.
Fəxrəddin maşını yeməkxananın həyətində saxlayanda arvadı yuxudan ayıldı. Fəxri  maşından düşüb atası ilə birgə ayı olan dəmir qəfəsə doğru getdilər, anası isə yavaş-yavaş onların dalınca gəldi. Dəmir qəfəsdə balaca bir ayı balası var idi. Fəxri balaca ayı balasına baxıb atasından soruşdu:

-Ata, bəs sən deyirdin ayılar qışda yatırlar, bəs bu ayı balası niyə oyaqdır?
-Yəqin anasını gözləyir, – deyən anası üzünü çevirib yavaş-yavaş yeməkxanaya doğru addımladı.
Fəxri əli ilə ayı balasını göstərərək atasından soruşdu:

-Ata, bəs bu balaca ayı balasının anası hara gedib?
Fəxrəddin çiynini çəkərək dilləndi:

-Bilmirəm oğlum, bax anan gedir içəri, gəl biz də gedək, həm çayımızı içək, həm də yeməkxananın işçilərindən soruşaq.
Onlar yeməkxanaya tərəf adımlayarkən, anasının onlara tərəf geri çevrilərək, – A kişi, bunun dərisindən bilirsən nə kürk çıxar, amma hələ balacadır, – söyləməsinə, atasının anasına tərs-tərs baxması Fəxrinin gözündən yayınmadı. Onlar içəri daxil olub boş masaların birində əyləşdilər. Süfrəçi onlara yaxınlaşıb, – Nə sifariş verəçəksiniz? – deyə soruşduqda, Fəxrəddin çay sifarişi verdi. Az sonra süfrəçi əlində çaydan və stəkanları masaya düzüb qayıtmaq istəyirdi ki, Fəxrəddin onu saxladı:
-Cavan oğlan, üç ay bundan qabaq mən burdan keçəndə qəfəsdə bir ana ayı da var idi. Amma indi onu görmədim.
Süfrəçi onun nə söyləyəcəyini maraqla gözləyən Fəxrini süzdü, sonra əyilib Fəxrəddinin qulağına nə isə pıçıldadı və heç bir cavab gözləmədən masadan uzaqlaşdı. Fəxrəddin süfrəçinin sözündən sonra başını buladı, cibindən bir siqaret çıxardıb yandırdı. Sonra çaydan bir qurtum içib stəkanı kənara itələdi. Cibindən çıxardığı pulu çaydanın altına qoyaraq, – Siz çayınızı için, mən sizi maşında gözləyirəm, – deyib, yeməkxanadan çıxdı. Fəxri də stəkanı əli ilə kənara itələyərək, – Mən də çay içmirəm, – deyib, atasının dalınca qaçdı…
Onlar toyda olduqları vaxt ərzində qanı qara oturan atasının demək olar ki, heç nə yemədiyini, anasının isə əksinə olaraq iştahla yeməsini, sonra isə kürkünü çiyninə ataraq masalarda əyləşən qohumlarına bir-bir yaxınlaşaraq onlarla görüşüb – danışmasını görüb atasına dedi:

-Ata, mən evə getmək istəyirəm. Gəl gedək də burdan, mən yorulmuşamey, yatmaq istəyirəm.

Onlar şadlıq sarayından çıxıb yola düşəndə artıq hava qaralmışdı. Fəxrəddin maşını sürətlə sürsə də fikirli görünürdü. Arvadının yol boyu toy təsüratlarından etdiyi söhbəti sanki eşitmir, onun qiybətlə dolu söhbətlərinə heç bir reaksiya vermirdi. Fəxri isə sakitcə maşının arxa oturacağında oturub pəncərədən qaranlıq yollara  tamaşa edirdi. Onlar günorta vaxtı çay içdikləri yeməkxananın yanından keçəndə Fəxri atasından soruşdu:

-Ata, bu ayı balası olan yer deyil?

-Hə, oğlum həmin yeməkxanadır, nədir ki? – deyərək, Fəxrəddin oğluna cavab verdi.
-Ata, bəs o ayı balası anasız orda tək necə qalır?

Fəxrəddin bir siqaret çıxardıb dodağına qoyaraq yandırdı, sonra dərindən bir qullab vuraraq tüstüsünü sinəsinə çəkdi. Maşının sürətini azca azaldıb pəncərənin şüşəsini aşağı saldı. Handan-hana sinəsindəki tüstünü pəncərədən çölə üfürüb dedi:

-Nə bilim ay oğul, yəqin artıq öyrəşib.
Maşın evlərinin qarşısında dayananda artıq gecədən xeyli keçmişdi. Fəxrəddin arxa oturacaqda yuxulamış oğlunu qucağına alıb pillələrlə yuxarı qalxdı. Arvadı ondan qabağa keçib evin qapısını açaraq mənzilə daxil oldu. Kürkünü çıxardıb divanın üstünə ataraq tez oğlunun yerini açdı. Fəxrəddin uşağı çarpayısına uzadıb onun əynindəki paltarlarını soyundurmaqda arvadına yardım etdikdən sonra öz yataq otağına keçdi. Fəxrəddin çox yorğun olduğundan arvadının nə vaxt gəlib yerinə uzanaraq yatdığından belə xəbəri olmadı.

-Yox, ola bilməz, ola bilməz! – söyləyərək, Fəxri yuxuda sayaqlayırdı. Oğlunun ağlayaraq qışqırtısına Fəxrəddin yerindən dik sıçradı və tələsik oğlu yatan otağa keçdi. Arvadı da hövləng yerindən qalxaraq onun dalınca oğlu yatan otağa girdi. Fəxrəddin işığı yandıranda artıq Fəxri öz səsinə oyanaraq  yerinin içində oturmuşdu. Anası onun titrəyən bədənini qucaqlayaraq bağrına basdı. Fəxrəddin əli ilə onun alnındakı təri silərək soruşdu:

-Niyə ağlayırsan, oğlum, yuxu görürdün?

-Hə ata, yuxu görürdüm, – deyən Fəxri hələ də titrəyirdi. Onun həyacanlı olması atasının gözündən yayınmadı, – Nə gördün yuxuda? – deyərək, atası onun başını sığalladı.

-Ata, yeməkxananın həyətində gördüyümüz ayı balası yadındadır?
-Hə, yadımdadır, – deyə atası ona cavab verdi.
Fəxri titrək səslə sözünə davam etdi:

-Ata, yuxuda həmin ayı balasını gördüm. O, ayı balası mənə dedi ki, sənin ananın əynindəki kürk mənim anamdır.

Fəxrəddin tərs-tərs arvadını süzdü, sonra ona sığınmış oğlunu qucağına alaraq yatmaq üçün öz otağına apardı.

Səhər onun əlindən tutaraq,  bağçaya aparan anasının geydiyi boz rəngli paltosuna baxaraq Fəxrinin sakitcə, – Palto sənə daha çox yaraşır, -  dediyi sözü isə anası eşitmədi.

Yazıya 571 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.