Anarın qəlyanının tüstüsündə böyüyənlər

anarBir neçə gün öncə mətbuatdan gənc yazar Emin Pirinin ürəyimi ağrıdan kiçik bir açıqlamasını oxudum. AYB üzvü şair elə həmin qurumda təmsil olunan atası – yüksək qan təzyiqindən əziyyət çəkən şair Sabir Yusifoğlunun vəziyyətinin ağırlaşması, həkimlərin ona hərəkət etməyə icazə verməməsi, maddi durumları ağır olduğuna görə iynə-dərmanları almaqda çətinlik çəkdikləri haqda məlumat vermişdi.

Gənc yazar istedadlı şair olan atasına indiyədək dövlətin heç bir yardım göstərməməsindən, təqaüd almamasından şikayətlənmişdi: “Heç biri təqaüd almayıb. İldə 50 yazıçıya verilir bu təqaüd. Azərbaycanda 50 yazıçı adı çəkmək çətindir, məsələn, mən bu dəqiqə sadalaya bilmərəm. Artıq 10 ildir təqaüd verilir, 500 adama verilib və bu adamların içində istedadlıları çox azdır. İstərdim, atama halal haqqı olan təqaüd verilsin ki, o pulla heç olmasa dərmanlarını ala bilək”.

Məsələyə soyuqqqanlı münasibət bildirən AYB sədri Anar isə deyib: “Gələn il nəzərə alarıq”.

Ancaq xalq yazıçımız gələn ilə qədər bu adamın, rəhbərlik etdiyi qurumun üzvü olan istedadlı, xəstə şairin necə yaşayacağı, dərmanlarını necə almalı olduğu, sağ qalıb-qalmayacağı haqda, təəssüf ki, heç nə deməyib.

Mənim bu məsələdə ən çox iki şey diqqətimi çəkdi: bir qələm adamının ağır durumda olmasına digər qələm sahibinin bu dərəcədə laqeyd olması və təqaüdün kimlərə, necə verildiyi.

Hər iki məqam illərdir əsərləriylə hər yerdə – kitabxanalarda, televizorda, kinoteatrlarda qarşılaşdığımız, demək olar ki, onları oxuyaraq, onlara baxaraq böyüdüyümüz baş yazıçımız Anarla bağlıdır. Çünki bu bumbuz laqeydliyin də, prezident aparatına gedən təqaüdçü siyahılarının da müəlliflik hüququ məhz ona məxsusdur. Ən azından kağızlara o qol çəkir.

Mənim başqaları kimi, burada Anarı geninə-boluna tənqid etmək fikrim yoxdur. Onun yazıçılığını, istedadını da müzakirə obyektinə çevirməyəcəyəm. Açığı, son illər xeyli dəbə minmiş bu mövzunu heç xoşlamıram. Bir də ki, onun əsərləriylə böyüdüyüm halda, onları necə bəyənməyə bilərəm?! Bir dəfə uşaq vaxtı küçədə dostlarımdan birinin o birinə “Sən mənim siqaretimlə böyüməmisən? Amma indi məni bəyənmirsən!..” deməsini yaxşı xatırlayıram. Biz də ən azı Anar müəllimin qəlyanının tüstüsünə baxa-baxa boya-başa çatanlarıq.

Görünür, Anar müəllim bu cür hadisəylə ilk dəfə qarşılaşmır, soyuq münasibəti və biganəliyi də bu üzdəndir.

Ancaq necə etmək olardı ki, vəziyyət gəlib bu həddə çatmasın? Yəni yazıçılar və şairlər yaşlananda, xəstələnəndə, gücdən düşəndə həkimsizlikdən, davasızlıqdan-dərmansızlıqdan, ən əsası da laqeydlikdən əzab-əziyyət çəkməsinlər.

Necə etmək olar ki, məsələn, əhli-qələmin, çox demirəm, elə bizim neftçilər, gömrükçülər kimi, normal bir poliklinikası, xəstəxanası olsun və xəstələnəndə orada onları lazımi şəkildə, pulsuz müalicə etsinlər? Ancaq bu da təqaüd siyahısı kimi olacaqsa, elə olmasa yaxşıdır…

Xəstə insan bütün hallarda müalicə olunmalıdır; şair, yazıçı, tənqidçi, neftçi, gömrükçü, yaxud pinəçi olmasından asılı olmayaraq. Ancaq hər bir vətəndaş, eyni zamanda, peşə sahibi bununla bağlı dövlətə təkliflər də verməli, bunu ondan tələb də etməlidir. Yazıçını bir çox digər peşə sahiblərindən fərqləndirən odur ki, o təkcə özünün yox, bütün insanların dərd-sərini, ağrısını çəkir. Əgər bu gün o öz canının, dava-dərmanının hayındadırsa, başqaları haradan yadına düşəcək?

Bizdə normal ədəbi mühit, kitab bazarı yox səviyyəsindədir. Yazıçılar kitab yazmaqla, ədəbi jurnallarda çap olunmaqla pul qazana, maddi ehtiyaclarını qarşılaya bilmirlər. Odur ki, qələm əhlinin hamısı gözünü dövlətin əlinə dikib. Axı belə olmaz! Çox məhdud sayda yazıçı bu həqiqəti tez-tez dilə gətirir. Ancaq problemin həll olunması üçün ciddi və kütləvi səylərə ehtiyac var. Əgər, səhv eləmirəmsə, 1500 nəfər üzvü olan Yazıçılar Birliyi və onun sədri bu istiqamtədə heç bir iş görə, heç bir irəliləyişə nail ola bilmirsə, o qurumun funksiyası və missiyası nədən ibarətdir?

Əgər min beş yüz nəfər bir qurumda yalnız dövlətdən təqaüd, müavinət almaq məqsədilə birləşibsə, məni bağışlayın, amma o adamlara yazıçı deməyə, vallah, adamın dili gəlmir. Mənə görə, yazıçılıq ətrafda baş verənləri görməzlikdən gəlib, hansısa mücərrəd mövzularda romantik, xəyali nəsnələr uydurmaqdan ibarət deyil. Yazıçılıq ilk növbədə ictimai statusdur. Hər bir yazıçı ilk növbədə öz xalqının oğlu olmalı, onun dərdləriylə yaşamalı, daim ondan bir addım irəlidə olmalıdır.

Yazıçı öz millətinin vicdanı olmalıdır!

Qafqazinfo.az

Yazıya 654 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.