Canını və cibini sevən Avropalının sevimli şəhərindən -Reportaj

budapestHətta almanların alış-veriş üçün gəldiyi, bir çayın ikiyə böldüyü Budapeştdən səfər qeydləri; Macarıstanda istirahət etmək üçün bir neçə səbəb…
Nəyə görəsə şəhər mənə ilk baxışda Praqanı xatırlatdı. İlin əvvəlində görüb də vurulduğum balaca, şirin, nağılvari şəhəri…
 Bəlkə də binalarının hündür olmamasına, tarixi məkanların çoxluğuna, insanlarının əyləncəni sevməsinə görə…
Bütün hallarda şəhərdə həyat qaynayır. Eyni zamanda bir sakitlik, sükut da hökm sürür. Paradoksal bir mənzərə…
 
BUDAPEŞT  - CANINI VƏ CİBİNİ SEVƏN AVROPALININ SEVİMLİ ŞƏHƏRİ 
Bəli, Qəbələdən İstanbula…. İstanbuldan isə Budapeştə doğru yol almışıq. Məqsədimiz Macarıstanın sevilən, adı bir çox başucaldan siyahılarda yer alan şəhərini oxucularımıza tanıtmaqdır. Bundan başqa, bir neçə ay əvvələ qədər qaçqınların axın etdiyi Avropa ölkələrindən biri olan  Macarıstanın son durumunu öyrənmək istəyirik. Məlum, indi hansı xəbər portalını, televiziya kanalını açsan, ordan üzünə Avropaya axın edən miqrantlar çıxır. Onların yaşam standartları, sərhədlərdə saxlanmaları, yaşadıqları aclıq, səfalət…
“Yeni Müsavat” ötən ildən etibarən Azərbaycandan Avropaya axın edən azərbaycanlı miqrantların hekayələrindən ibarət geniş yazılar seriyası dərc edir və bu, ölkədə də ciddi müzakirələrə səbəb olur. Bu dəfə isə foto, videoaparatımızın, eləcə də diktafonumuzun hədəfi Avropaya Suriyadan, Əfqanıstandan… köç edən miqrantların hekayəsi, yaşam şərtləridir. İmkan daxilində onları araşdırmaq arzusundayıq. Hələliksə…
Təyyarəmiz Budapeşt hava limanına enir. Salona diqqət edirəm: turistlər arasında ruslar da var, türklər də… Əsas üstünlüyü isə türklər təşkil edir. Təbii, bu, biz Istanbuldan gəldiyimiz üçün bu, belədir. Pasport qeydiyyat şöbəsində isə ölkəyə giriş edənlərin ümumi mənzərəsi diqqət cəlb edir. Yaşlı almanlar, təqaüdçü avstriyalılar… Onların gəliş səbəbi isə sağlamlıqlarıdır. Bu haqda bir qədər sonra…
 
“ƏYLƏNCƏ” DEYƏNDƏ YADA MACARLAR DÜŞÜR 
Budapeşt Şərqi və Mərkəzi Avropanın ən böyük şəhəri sayılır. Əsrlər boyunca Osmanlı imperatorluğuna aid olub, sonralar isə Avstriya-Macarıstan imperatorluğunun ikinci paytaxtı olaraq tanınıb. Odur ki, onu Şərqin və Qərbin özəlliklərini özündə birləşdirən şəhər kimi təqdim edirlər.
Yazdığım kimi, aeroportdan mərkəzə gedən yol boyunca şəhərin ilk yaratdığı təəssürat Praqa ilə səsləşən məqamları oldu. Öyrənirəm ki, macarlar isə öz şəhərlərini “kiçik Paris” adlandırmaqdan xoşlanırlar. Tarix desən tarix, gözəllik desən gözəllik. Üstəgəl, bir çox üstünlükləri də var. Dünyanın ən ucuz ölkəsi adlandırılan Almaniyanın sakinləri həftəlik bazarlıqlarını etmək üçün bura gəlirlər. Macarların milli pul vahidi olan forent olduqca bərəkətlidir. 1 avro -309 forent. Xərclə, bitmir. Burada olduğun günlərdə pul qabın o qədər şişkin olur ki, özünü dünyanın ən zəngin adamı hiss edə bilirsən.
Şəhəri Dunay çayı iki hissəyə ayırıb: Buda və Peşt. Hər iki hissəsi öz əzəməti, tarixiliyi, fərqli turistik məkanlarının çoxluğu ilə fərqlənir. Amma turistləri, xüsusən də əyləncəni sevən turistləri bura cəlb edən ilk əsas detal burda bar, pivə evi, əyləncə məkanlarının bolluğudur. Hər küçədə sayını belə unutduğum qədər əyləncə məkanı. Hətta macarlar bu işdə plankanı o qədər yüksək tutublar ki, buzlu masa, buzlu oturacaqlardan ibarət bar da qurublar. İçəridə də müştərilərə qar qız, şaxta baba qiyafəsində qulluq edən ofisiantlar.
 
VANNALAR ŞƏHƏRİ – TERMİNAL BULAQLARIN ANA DİYARI 
Amma turistlərin buranı seçməsinin ikinci əsas səbəbi yuxarıda da qeyd etdiyim kimi, müalicə imkanlarıdır. Canını sevən avropalılar burdakı terminal bulaqlardan yararlanmağa tələsirlər. Əbəs yerə Budapeşti “Vannalar şəhəri” adlandırmırlar ki… Çünki Macarıstanda termal bulaqlar çoxdur. Budapeşt isə dünyada şəfalı termal suları ilə ən zəngin paytaxt sayılır. Hazırda isə ənənəvi Budapeşt hamamlarını günümüzün müasir spa xidmətləri əvəzləyib.
 
ZƏNCİRLİ KÖRPÜ, ƏZƏMƏTLİ PARLAMENT BİNASI, QƏHRƏMANLAR MEYDANI – TURİSTLƏR BURDA “QAYNAYIR” 
Şəhərin ucuzluğu, muzeylərinin, tarixi abidələrinin çoxluğu, alış-veriş imkanlarının çoxluğu da bu seçimə şübhəsiz ki, təsir edir. Şəhərin 31 illik sakini olan azərbaycanlı dostlardan biri bizə Budapeşti tanıdır. Hissə-hissə, addım-addım. Buda və Peşti bir-birinə birləşdirən ilk körpünün üstündən keçirik – Zəncirli körpü. Olduqca füsunkar mənzərədir.
Uzaqdan dünyanın ən böyük üçüncü parlament binası görünür. Öyrənirik ki, tikintisi 20-ci əsrin əvvəllərində tamamlanan Budapeşt Parlament Binasını məclis açıq olmadığı vaxtlarda 45 dəqiqəlik turlarla gəzmək mümkündür. Tikintisi 20-ci əsrin əvvəllərində tamamlanan bu binanı bələdçinin iştirakı ilə gəzmək mümkündür. Yay dövründə həftə içi 08.00-18.00, həftə sonları və qış dövründə isə saat 08.00-16.00 aralığında açıqdır.
Budapeştə gəlib, Qəhrəmanlar Meydanına getməmək olarmı? Burda isə daha çox heykəllər, daş abidələr danışır. Macar xalqının gəlmiş-keçmiş bütün tarixi qəhrəmanlarının abidələrinə orda rast gəlmək mümkündür.
Parklar Budapeştin baş tacıdır. Ucu-bucağı görünməyən yaşıllıqlar, göllərin qırağında parklar, təmiz hava, bol oksigen. Budapeştin ən böyük parkı isə Varosligetdir. Şəhərin mərkəzinə olduqca yaxın olan parkın əsas girişi, Hősök Tere (Qəhrəmanlar Meydanı) tərəfində yerləşir. Parkın içərisində botanik bağçadan kurorta (Széchenyi) və əyləncə parkı Vidámpark-dan Vajdahunyad Qalasına qədər bir çox təbii və süni gözəllik gizlidir.
Sonda da şəhərin Gallerd Təpəsindən quşbaşı nəzər saldınmı, şəhərin bütün enerjisini sinənə çəkmiş olursan deməkdir.
 
ŞƏHƏRƏ GƏLƏN TURİSTİN BİR GÜNLÜK XƏRCİ 51.06 DOLLAR 
Yuxarıda yazmışdım, bir daha xatırladım. Budapeşt ucuzluğuna görə fərqlənir. Belə ki, tətilini Avropada keçirmək istəyən, lakin çoxlu pul xərcləmək istəməyənlər üçün “Price of Travel” səyahət saytı Avropada gəzmək üçün ən ucuz şəhərlərin siyahısını tərtib edib.
Siyahı tərtib olunarkən, mərkəzdə və yaxud mərkəzə çox yaxın olan 3 ulduzlu otellərin bir gecəlik qiymətləri əsas götürülüb. Bundan başqa, taksi qiymətləri, turistik ərazilərə giriş qiymətləri, gündəlik qidalanma xərcləri də nəzərə alınıb.
“Üç Ulduzlu Səyahət İndeksi” adlandırılan siyahıya Avropanın 20 şəhəri daxil edilib.
Budapeşt həmin siyahıda 7-cu yerdə olub. Budapeşt, Macarıstan – 51,06 dollar…
 
MACAR DİLİNİ ÖYRƏNMƏYƏ ÇALIŞMAYIN, ALINMAYACAQ… 
Barlar küçəsi. Gəzən bar – ona velosipedli bar da deyirlər. Risk edib, birinə mindik. Elə gəzdiyimiz maşından düşüb, 6 nəfərlik o velosiped-barda oturduq. 6 nəfərin hər biri ayağının altındakı çarxları hərlədikcə biz şəhərdə irəlilədik. Pivə təklif etdilər, içmədik. Amma öyrəndik ki, həmin velosipedlərin bir saatlıq kirayəsi 20 avro civarındadır. Əylənə-əylənə şəhərdə pivə içməyi kim istəməz ki?
Bura gələn turistlər dil baxımdansa bir qədər əziyyət çəkirlər. Çünki macarlar da çexlər kimi dil məsələsində qısqancdılar. Üstəgəl, dil də o qədər çətindir ki, ordakı sözləri lüğətin köməyi ilə bir neçə saatlıq əzbərləmək də mümkün deyil. Təsəvvür edin, “ora necə getmək olar” kimi sadə sualın səslənməsi belədir: “Hogyan juthatunk el oda”. Tələffüz etməyə çalışanda dilinə Çin işgəncəsi verirsən az qala. Qoçaqsan öyrən, danış, dərdini anlat….
Budapeşt və macarlar haqda dadımlıq, ilk yazı bu qədər. Amma Macarıstan səfərimiz bir-birindən ilginc müsahibə və reportajlarla davam edəcək. Növbəti saylarımızda…
 
 - *Hətta macarlardan da sirr kimi gizlədilən Bişkə kəndindəki miqrant düşərgəsindən film kimi yazı, fotolar, video
 
 
 - *Suriyadan, Əfqanıstandan köç edən miqrantlar niyə Macarıstanda qalmaq istəmir? 
 
 
 - *Parlament seçkilərində səsi oğurlanan miqrant oğlu “Yeni Müsavat”ın əməkdaşına nələr danışdı? 
 
 
 - *Rəsmi Macarıstan bu düşərgəni gizlədir, bunun arxasında hansı məqamlar var? 
 
 
 - *Ramil Səfərovun Macarıstan həbsxanasındakı günlərindən bilinməyən məqamlar, müdhiş hekayələr 

 

Yazıya 1146 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.