Nizaminin əsrlərlə gizli qalan Azərbaycan dilindəki divanından NÜMUNƏLƏR

nizamiBöyük şair, filosof  Nizami Gəncəvi barəsində hələ də deyilməyən faktlar çoxdur. Hətta bəzi ölkələrdə uzun müddətdir ki, onun fars, yoxsa Azərbaycan şairi olması barədə hələ də müzakirələr aparılır. Həqiqət Azərbaycanın tərəfində olsa da, bu məsələyə passiv münasibət hələlik İranın lehinə nəticələnir. Qonşu dövlət bütün bəşəriyyətə gərək olan bir dühanı artıq öz adına “rəsmiləşdirir”. Səbəb kimi təkcə Nizaminin fars dilində yazmasını demək absurddur. Çünki XII  əsrin ictimai-siyasi ab-havası, eləcə də elmi-ədəbi əlaqələri bu dildə yazmağa imkan verirdi.
Amma  Nizami Gəncəvinin Azərbaycan dilində divanının olması da iddia olunur. Bir neçə il bundan əvvəl apardığımız araşdırmadan sonra Nizaminin ana dilimizdə olan divanının nizamişünas-alim, filologiya elmləri doktoru Sənan İbrahimov tərəfindən latın əlifbasına köçürüldüyünü öyrəndik. Misirdə Xədəviyyə kitabxanasında tapılan divan uzun illər türk şairi Nizami Qaramanoğlunun adına çıxarılıb. Lakin başda Zəncan Universitetinin professorları olmaqla  başqa alimlər də elmi dəlillərlə onun Azərbaycan şairinə aid olduğunu sübut etdilər.
Moderator.az  Misirdəki divanın Nizami Qaramanoğluna səhvən necə aid edildiyi barəsində yazı hazırlayacaq. Amma hazırda həmin divandan bir neçə nümunəni elektron mətbuatda ilk dəfə olaraq diqqətinizə çatdırırıq. Məlum araşdırmadan sonra “İqra” nəşriyyatı araşdırmaçı-alim Sənan İbrahimovla əlaqə saxladı. Sənan müəllim əski əlifbadan latın əlifbasına köçürdüyü divanı nəşriyyata təqdim etdi. “İqra” nəşriyyatı “Nizami Gəncəvi- Azərbaycanca yazdığı divan” adlı kitabını oxuculara hədiyyə etdi. Bir araşdırmanın müsbət nəticəsi olan bu kitabdan elektron mediada ilk dəfə olaraq nümunələr gətirəcəyik. Qeyd edək ki, həmin kitabda da ön sözün və şərhlərin müəllifi elə Sənan İbrahimov olub. Kitabın ərsəyə gəlməsində onunla bərabər, “İqra” nəşriyyatının rəhbəri Rəşad İmanlı, professor Əlyar Səfərli və kitabın Güney Azərbaycandan olan redaktoru Sədyar Eloğlunun xüsusi xidmətləri olub:
“Nərgis” qəsidəsindən nümunələr
Doldurub çün cigərindən qədəhi-zər nərgis,
Nuş edər ləbi-ləlin yadına sağər nərgis.
Bir ayaq cami şərab ilə ki, var başında,
Şöylə məst oldu ki, doğru tutamaz sər nərgis.
Bükülüb beli, şərardı dişi, titrər başı
Tifl ikən oldu məgər piri-müəmmər nərgis?
Sin içindədir ayağı yenə məğrur oluban
Nocavanlığı tutar, səbzədə sağər nərgis
Əhli-dil kimi sabah içmək üçün cani-şəbuh
Tökdü simin qədəhə badeyi-əhmər nərgis
   ****
 Saçdı kafur üzrə ənbər  kakili-mişkin dust,
 Tutdu can mülkün sərasər kakili-mişkin dust.
Örtməyə idi zülmət küfr ilə iman nurunu,
Gər deyilmişsiydi kafər kakili-mişkin dust.
Etdi ətrafı münəvvər çöhrəyi-gülgün yar
Qıldı afaqi müətr*  kakili-mişkin dust.
İrəşərdi ey könül, sərişteyi məqsudə əl,
Olsa əl vermək müəssər kakili-mişkin dust.
Müntəha qəddinin üstündə Nizami tuğrası*
Sədra tavusinə bənzər kakili müşkün dust.
(Qeyd: bu aşiqanə qəzəldəki “müətr”-ətirli, “tuğra” isə- şax, dik anlamını verir)
****
Hər nəsimi-canfəza ki, ol zülfi-pürçindən* çıxar,
Şərmsar* edər qoxusu müşki kim, Çindən çıxar.
Sökmək ilə çıxmadı dildən xəyali zülfünün
Gərçi derlər: yaxşı söz ilə ilan indən* çıxar.
Yarı bəndən yarənin çıxmaz xəyali sinədən
Dini yox kafər deyildi, duzəx* içindən çıxar.
Çün yüzün dindir nola dindir nola zülfünə kafər dersəm
Kafər olur, şübhəsiz, ol kimsə kim, dindən çıxar.
Rahi vəslin andı aşiq, çıxdı ləlindən cavab,
Yəni der aşiq, bu yoldan cani-şirindən çıxar.
Ey Nizami umma yarın çin zülfündən xilas
Kim görübdür peşəni, çün cəngi-şahindən çıxar”
(Qeyd: Məşuqun mədhi verilən qəzəldəki anlaşılmayan sözlərin mənası: zülfi-pürçin-buruq saç, şərmsar-xəcalətli, indən-yuvasından, duzəx-cəhənnəm”)
 
Hazırladı: Elmin Nuri

Yazıya 649 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.