Akif ABBASOV – SULTAN II MURADIN BİZANS İMPERATORU II MANUİLƏ CAVABI

AKİF SON ŞƏKİL (“İstanbulun fəthi” romanından)

                                            (əvvəli var)

         Sultan II Murad xeyirxah, rəhmli, alicənab bir insan və hökmdar idi. Dava-dalaşla arası yox idi. Amma çox vaxt məcbur qalırdı. Onu istəmədiyi halda yerindən oynadır, qəzəbləndirirdilər. Sultan II Murad xanın  II Manuillə də işi yox idi. Amma Bizans imperatoru dinc durmurdu. Onun əsəbləri ilə oynayırdı.

         İndi  Sultan cin atına minmişdi, halından, vəziyyətindən belə görünürdü ki, bu tezliklə cin atından düşməyəcəkdi. II Manuilin qarasınca deyinirdi: “Məni hələ yaxşı tanımayır! Qazdığı quyuya özü düşəcək!”

         II Murad xan incə qəlbli şəxs idi. Bu xasiyyət ona atasından – I Mehmət Çələbidən keçmişdi.

         Sultan II Murad xan II Manuil Paleloqun  dabbağda gönünə bələd idi. Bilirdi ki, o, bel bağlamalı adam deyil. II Manuil Bizans imperiyasının əksər hissəsinin türklər tərəfindən tutulduğu bir vaxtda taxta çıxmışdı. O, Sultan I Bəyazidin vassalı olmuşdu.

         O zaman  Manuilin çağırışı ilə yardıma gələn xaçlılar Nikokolyada ağır məğlubiyyətə uğramışdılar. Manuil köməyə İngiltərəni, İtaliya və Fransanı çağırdı. Ankara müharibəsində Əmir Teymurun qələbəsi Manuilin əl-qolunu açdı, qorxusu-hürküsü keçdi. O, Pelopennesdə öz mövqelərini möhkəmlətdi. Hətta Fessaloniki Bizans imperiyasına qaytarmağa müvəffəq oldu. Lakin iyirmi il sonra yenidən türklərə bac-xərac, vergi ödəməli oldu. Sonralar – ömrünün son günlərində səltənətdən əl götürüb saçlarını rahib kimi kəsdirdi və tərk-dünya oldu.

         Manuil  V İoanın kiçik oğlu idi. V İoan onu Bizans həbsxanasına düşməkdən   qurtardığı üçün öz varisi və həmimperator elan etmişdi. Həm də demişdi ki, özündən sonra taxt-tacın onun olacaq.

V İoan böyük oğlu Androniki taxta sahib olmaq hüququndan məhrum etmişdi. Buna səbəb Andronikin  ona qarşı xəyanəti və öz atasına kömək əlini uzatmaması idi.

         Andronik acığa düşüb başına adamlar yığıb, çevriliş etdi, hakimiyyəti ələ keçirib, atası ilə qardaşı Manuili  Aneme qalasında dustaq kimi saxlatdırdı. Həbsxana həyatı haradasa üç il çəkdi. Xoş təsadüf onların üzünə güldü – ata-bala zindandan qaça bildilər, əl-ələ verib Konstantinopolu geri aldılar.

         V İoan yenidən taxta çıxanda Manuil Sultan Bəyazidin Bursadakı sarayında fəxri girov kimi saxlanıldı. 

          Bizans imperatorluğunun Osmanlı dövləti qarşısında vassallıqdan irəli gələn vəzifələri vardı. Manuil girov olduğu vaxtlarda Anadoludakı son Bizans anklavı Filadelfiyanın mühasirəsində iştirak etdi.

II Manuil sonralar  yana-yana, odlana-odlana deyirmiş: “Mən türk əsgərləri ilə birlikdə və onların xeyrinə vuruşurdum. Bilirsiniz bu nə demək idi?  Bu, o demək idi ki, türklərin gücünü artırır, öz gücümüzü zəiflədirdik”.

 1391-ci il idi. II Manuil atasının ölüm xəbərini eşidib Sultan I Bəyazidin sarayından qaçdı. Qardaşı oğlu VII İoana sığındı və səltənətə yiyələnmək üçün onun bütün tələblərini yerinə yetirdi. Hakimiyyəti ələ keçirən kimi Andrinikin oğlu VII İoanı  qovub paytaxtdan çıxardı. Onlar arasında səkkiz il qanlı çarpışmalar oldu.

         Sultan İldırım Bəyazid Konstantinopola yürüş edərkən İmperator II Manuilə belə bir ultimatum göndərmişdi: “Mənə itaət etmək istəmirsənsə, öz şəhərinin darvazalarını içəridən bağla. Sənin divarlarından kənarda qalanların hamısı mənimdir”.

         II Manuil boyun qaçırdı. Ondan yox cavabı alan kimi Sultan I Bəyazid müharibəyə başladı.

         Sultan II Murad düşüncələrinin pəncəsindən qopub pəncərəyə doğru getdi və çölə baxdı. Ətrafda sakitlik idi. Mühafizəçilər sarayın həyətində gəzişirdilər. Baş vəzir Çandarlızadə İbrahim Paşa uzun libasının ətəkləri sağa-sola yelləndiyi halda belini dik tutaraq gəlirdi. Ayaq saxlayıb mühafizə rəisinə nəsə dedi. O, qulaq asıb təzim etdi.

Sərin meh əsirdi. Təmiz hava sarayın pəncərəsindən salona dolur, rahatlıq, dinclik, sakitlik gətirir, adamın ruhunu oxşayırdı. Sarayın bağçasında cürbəcür ağaclar vardı. Onlar çiçək açmışdılar. Bağça ətirli çiçəklərlə dolu idi. Həm gül-çiçəyin rayihəsi, həm də çiçəklənən ağacların xoş ətri insanı bihuş edirdi. Yasəmən ağacları daha gözəl görünürdü. Eyni ağaclar olsalar da, çiçəkləri fərqli rənglərdə idi.

Bağçanın ortasındakı fontanlar suyu ətrafa səpələyir, bağ-bağçanın, həyət-bacanın gözəlliyini və sərinliyini artırırdı. Bir az aralıda bığ yerləri təzəcə tərləyən cavan döyüşçülər qurşaq tutub güləşirdilər. Öz qüvvələrini, qoçaqlıqlarını, cəldlk, məharət və çevikliklərini qılınc çalmaq, qalxan tutmaq, nizə və ox atmaqla sınayanlar da vardı.

Sultan düşündü: “Hər tərəf al-əlvandır. İnsanlar da sevincli, gülərüz. Həyatlarından razı görünürlər. Onların xoşbəxtliyinə, bəxtiyarlığına qəsd etmək günahdır. Amma  bəzən səndən asılı olmur”.

Sultan baş vəziri hüzuruna çağırtdırdı. İbrahim Paşa təzim edib əmrə müntəzir dayandı. II Murad əlinin işarəsi ilə mühafizəçi bir kənara atılmış naməni qaldırıb İbrahim Paşaya uzatdı. Baş vəzir alıb gözdən keçirdi. Sultan gözünü baş vəzirdən çəkmədən:

-Fikrin nədir? Bizans imperatoruna yenə inanaq? – deyə soruşdu.

İbrahim Paşa həyəcanlı bir səslə cavab verdi:

-Hünkarım, bu, bir kələk və hiylədir ki, əl atıb, – dedi. -Yenə çətinə düşüb. Sizin qəzəbinizə tuş gələcəyindən qorxur. Niyyəti vaxt qazanmaqır. Düzməcə Mustafa meydan sulayanda səsini çıxarmırdı. Əl altından ona kömək edirdi.

II Murad xan:

-Mən də belə düşünürəm. Divanı çağır. Mənim bir planım var. Müzakirə edək. Divan üzvlərinin fikrini də öyrənmək istəyirəm.

Divanın iclası çağırıldı. Sultan keçib taxtında əyləşdi. Baş vəzir, vəzirlər, əyanlar ayaq üstə sıralandılar.

- İbrahim Paşa, Bizans imperatorunun naməsi ilə divan üzvlərini tanış elə.

Baş vəzir naməni oxudu. Sultan onların hər birini gözdən keçirdi. Divan üzvləri qaş-qabaqlarını tökmüşdülər. Vəzirlərdən biri:

-Hünkarım, cəsarətimə görə əfv diləyirəm. İmperator ağ eləyir. Tez-tez sifətini dəyişir. Bilmirsən dostdur, bilmirsən düşməndir.

Başqa vəzir:

-Belə görünür ki, dost deyil, -dedi. -Amma özünü düşmən kimi də qələmə vermək istəmir.

İbrahim Paşa əlavə etdi:

-Qələmə vermək istəməmək – sözdədir. Həqiqətdə düşmənçiliyi daha çoxdur.

Sultan II Murad xan onları diqqətlə dinləyib qəti səslə  qərarını bildirdi:

-Ordunu döyüş hazırlığına gətirin. Konstantinopol üzərinə yürüşə başlayırıq. Başqa nə təklif var?

Divan üzvləri bildirdilər ki, Sultanın qərarını bəyənirlər. II Murad xan:

-Bizans imperatorunun elçiləri bizdən cavab gözləyirlər. İbrahim Paşa, onlara de ki, gedib öz imperatorlarına desinlər ki, cavabı şəxsən mən özüm gətirəcəyəm. Ordumun başında Konstantinopola yetişəndə cavabını alar.

Elçilər geri dönmək istəyəndə Sultandan buyruq gəldi ki, gözləsinlər. Onlar Konstantinopol səmtinə ordu ilə birlikdə gedəcəklər.

Sultan II Murad xan at belində Osmanlı ordusunun müşayiəti ilə Konstantinopola yola düşdü. Otuz minlik ordu yol üzü getdikcə qarşılarına yüzlərlə insan çıxır, Sultana bu səfərdə xeyir-dua verir,  zəfər diləyirdilər. Atların ayaqlarının səsi evlərdə səslənirdi. Sultan II Murad atının belində qürurla oturmuşdu. Zirehli geyimdə idi, başına sifətini və qulaqlarını tutan dəmir dəbilqə qoymuşdu. Onunla bir cərgədə baş vəzir İbrahim paşa, o biri vəzirlər, bir cərgə arxada qoşun birləşmələrinin başçıları, sərkərdələr  idi. 

Əsgərlər qələbə əzmi ilə silahlanmışdılar. Əsgərlərin bir qismi döyüş toplarını, qala divarlarına zərbələr vurmaq, onları uçurmaq üçün mancanaqları hərəkətə gətirir, ordudan geri qalmamağa çalışırdılar. Lap qabaqda Osmanlı imperiyasının şanlı-şöhrətli bayrağı aparılırdı. Ox və nizə atanlar hər biri  ayrıca dəstələr kimi irəliləyirdilər. Səfərin nə qədər çəkəcəyini heç kim, Sultan II Murad xanın özü də bilmirdi. Odur ki, hərbi sursat və ərzaq ehtiyatı tədbirləri görülmüşdü. Gecələmək, dincəlmək üçün çoxsaylı çadırlar götürmüşdülər.

Xeyli getmişdilər. Atların bədənlərindən, burun pərlərindən buğ qalxırdı. Axır gəlib şəhərin divarlarına yetişdilər.

Sultan II Murad qabaqcadan plan qurmuşdu. Dəniz yolundan Bizansa gələcək köməyin qarşısını almaq üçün özü ilə donanma gətirmişdi.

Əlverişli yerdə düşərgə saldılar. Yavaş-yavaş axşam çökürdü. Bizanslı elçiləri öz həyatları ilə bağlı dərin narahatlıq və həyəcan  keçirdikləri anlarda Sultan II Murad xanın göstərişi ilə onları azad buraxıb dedilər:

-Gedin, ağanıza deyin, onun naməsinə cavabı qüdrətli Sultan özü gətirib. Cavabı döyüş meydanında verəcək. Manuil ağlını başına yığsın. Nə qədər qan tökülməyib Konstantinopolun açarlarını gətirib öz əli ilə Sultan II Murad xana təhvil versin.

Osmanlıların əlindən sağ-salamat qurtulduqları üçün sevinən elçilər tələsdilər. Ordugahdan tez uzaqlaşmaq istəyirdilər. Qorxurdular ki, arxadan kimsə oxla onları vurar. Ağılları özlərinkilərə getmişdi.

Elçilər artıq Bizans imperatorunun hüzurundaydılar.  II Manuil naratat bir nəzərlə onları süzürdü:

-Mən sizi barışıq üçün göndərmişdim. Siz isə gedib üstümüzə ordu gətirdiniz. Vecsizlər! Çörək itirənlər! Di dillənin.

Çöhrəsinə ölüm rəngi çökmüş elçibaşı qorxa-qorxa dedi:

-Cəsarətimə görə bağışlayın məni. Osmanlı padşahı namənizi oxuyub bir kənara tulladı. Çox acıqlandı.

Belinə dəyən yumruq zərbəsi onun sözünü ağzında qoydu.

II Manuil dodaqaltı pıçıldadı:

-Deməli, sülh yox, müharibə istəyir. Neynək.

İmperatorun işarəsi ilə elçiləri bayıra atdılar. Elçilər II Manuilin qəzəbinə gəlmədikləri üçün dərindən nəfəs aldılar. Qorxurdular ki, İmperator Sultan II Murad xanın acığını onlardan çıxar. Bu son zamanlarda onlar nə qədər həyəcan və təlaş keçirmişdilər. Bəlkə də hərəsi neçə il qocalmışdı, hansısa xəstəliyə tutulmuşdu.

Sultan II Murad xan üzünü İbrahim Paşaya tutaraq:

-Bu, Konstantinopolun altıncı mühasirəsidir. Dua edin bizansların müqavimətini qıraq. Babam İldırım Bəyazidə də nəsib olmayan qələbəni biz qazanmalıyıq.

II Murad xan  sözünün qabağına söz çıxaranı əsla bəyənməzdi. Odur ki, baş vəzir çar-naçar razılaşdı:

-İnşallah, ünkarım.  Sizin qüdrətiniz qarşısında dağlar da acizdir.

Müharibəni bilmək olmur. Bəzən az qüvvə ilə də zəfər qazanılır, bəzən çoxlu döyüşçü və hərbi sursatla nə qədər çalışırsan istədiyinə nail ola bilmirsən. Ona görə hərbi məharət, düzgün strategiya və taktikadan yararlanmaq, münasib qərar qəbul etmək, əsgərlərdə ruh yüksəkliyi, qələbəyə inam lazımdır. Ağıllı, tədbirli döyüşün bütün incəliklərini nəzərə almaq vacibdir. Yaranmış vəziyyətdən asılı olaraq taktikanı dəyişdirə bilmək də bacarıqdandır.

                                  (ardı var)

 

Yazıya 665 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.