Mükafat Yaqub – Qayıdış

mukafat yaqub

(Hekayə)

-Dur, oğlum, dur… Daha vaxtdı, qalx ayağa… – anası onu yuxudan oyatmaq istəyirdi. O,  elə şirin yatırdı ki, oyanmaq istəmirdi. Anası isə əl çəkmirdi:

- Qalx, oğlum, qalx, daha sənin vaxtın gəldi…

- Qoy bir az da yatım da, ay ana. Yuxum gəlir axı…

-Dur, mənim balam, dur… Daha yatmaq vaxtı deyil. Mütləq durmalısan. Oyan, qalx ayağa. İndi sənin vaxtındı, indi sən durmalısan…  – Anası durmadan təkid edirdi, – Tez elə, hələ, tez elə, dur ayağa…

-Ay ana, axı, hələ səhərə çox qalıb, niyə oyadırsan məni. Yatmaq istəyirəm…

Anası onun boğazından yapışıb dik qaldırdı. Əli onun boğazında pəncərəyə tərəf sürüklədi. Amiranə səslə onun başına qışqırdı:

-Səninlə deyiləm qalx ayağa.Yeri, düş həyətə. Səhərə az qalır. Dan yeri sökülür. Bu gün sənin vaxtındı, sənin zamanındı. Sənin növbəndi. – Onun boğazını bir az da möhkəm sıxdı.Az qaldı ki, boğula. Barmaqları, həm də dırnaqları, boyun-boğazını möhkəm sıxdığından dərisi göynəyirdi. – Hələ bi həyətə bax… Di gecikmə, qaç həyətə, vaxtı itirmə, tez ol, mənim ağıllı balam. Sənin də növbən çatdı, sənin də bəxtin açıldı… Tez ol, yeri… Şükür sənə, İlahi… Şükürlər sənə Allahım…

-Yaxşı, ay ana, qaçıram, burax, boğdun məni… – çölə baxa-baxa xırıltılı səslə dilləndi. Həyət süd kimi ağ-appaq rəngdə idi. Hər yer ayın şəfəqlərinə bürünmüşdü.

Anasının əlindən buraxılıb, tez şalvar-köynəyini geyindi. Qaça-qaça, hövlnak həyətə düşdü. Səhərin sərin mehi onun sifətini oxşadı. Anasının barmaq yerləri bir balaca sızıldadı. Belə bir gecəni, daha doğrusu, gecənin səhərə çevrildiyi anı, ömründə ilk dəfə idi ki, görürdü. Tamamilə çaşqın vəziyyətdə idi. Amma ayaq üstə zorla dayanmışdı. Yıxılmamaq üçün müvazinətini güclə saxlayırdı. Süd rəngli ağ gecənin gözəlliyi, cazibəsi onu elə məftun etmişdi ki, yuxu ilə reallığın sərhəddini itirmişdi. Ətrafı elə görməmışcəsinə seyr edirdi ki, sanki, illərcə, bu vaxtı gözləmişdi.

Həyətin ortasında dayanıb ətrafı seyr edirdi. Sərin meh onun yuxusunu tamam qaçırdı. Amma hələ də çaşqınlıq içində idi. Nədənsə bir balaca oynaqları sızıldamağa başladı. Sonra isə anasının boyun-boğazındakı əlinin təmasını hiss etdi, barmaq  yerləri ağrıyırdı. Hələ özünə gəlməmişdi ki, sağ tərəfdəki qonşunun həyətindən səs-küy eşidildi. Sonra musiqi, çal-çağır, zurna-balaban səsi gəldi. Öz-özünə düşündü ki, axı, bu Fətiş gildə hələ toya çox qalırdı. Nə əcəb belə tez başlayıblar. Mübarəkbadlıq etmək üçün onlara tərəf getmək istəyirdi ki, sol qonşu Mehbalı gildə vay-şivən səsi aləmi götürdü. Tükləri biz-biz oldu. “Görəsən bulara nə oldu. Bu nə ağlaşmadı. Allah eləməsin, bir hadisə olar, ölüb-eləyən olar. Hələ özümü onlara çatdırım. Toy asan işdi. Vay odu ki, vay ola… Qonşuluqdu, hələ görüm nə ağlaşmadı.”  Mehbalı gilə getmək üçün həyət qapısına yaxınlaşırdı ki, yolun o tayındakı, üzbəüz qonşu Domrul kişinin evindən bir partlayış səsi eşidildi. Dalınca alov göyə bülənd oldu. Sonra isə parta-part səsləri çoxaldı. Evləri yanırdı. Özü də yaman möhkəm yanırdı. Tez özünü onlara çatdırıb, yanğını söndürməyə tələsdi. Küçə qapısını açdı. Qaça-qaça yolun o biri tərəfinə keçmək istəyirdi ki, sürətlə gələn maşın onu elə möhkəm vurdu ki, o göyə qalxaraq çəpərin üstündən öz həyətlərindəki saman tayasının üstünə düşdü.

Yarım saata qədər özünə gələ bilmədi. Saman tayasının  təpəsində, beli üstə, əlləri yana açılı şəkildə uzanmışdı. Göydə hələ ulduzlar vardı. Ay bolluca işıq saçırdı. Hər tərəf ağ-appaq süd rəngində idi. Heç bir yeri ağrımırdı. Amma oynaqları bir balaca sızıldayırdı. Bütün bədəninin əzaları səyriyirdi. Tayadan enmək üçün beli üstə aşağı  sürüşməyə başladı. Yavaş-yavaş sürüşüb yerə çatdı. Ehmalca ayağa qalxdı. Heç bir yeri əzilməmişdi. Amma özünü əzgin, bir az da yorğun hiss edirdi. Ətrafdan  səs-səmir gəlmirdi. Yəqin etdi ki, zərbənin təsirindən qulaqları tutulub, ona görə də eşitmir. Nə çal-çağır, nə vay-şivən, nə də yanğının partlayış səsləri eşidilmirdi. Bircə ayaq və çiyinlərindəki oynaq səsləri idi eşidilən. Sanki paslı çərçivələr idi, cırıldaşırdı. Oynaqlarının sümükləri bir-birinə elə sürtünürdülər ki, şaqqıltı və cüyültü səsləri aydın eşidilirdi. Yadına düşəndə ki, onu maşın vurub tayanın başına atdı, cəld bəletə tərəf qaçıb küçəyə çıxdı. Maşın-zad yox idi. Qaçmışdı. Küçədə də insi-cins gözə dəymirdi. Tüpürüb, maşın sahibini yaxşıca xalatladı. Domrulun evini deyəsən söndürmüşdülər. Daha alov görünmürdü, ancaq tüstü sezilirdi. Qonşuların həyəti çıraqban idi. Hənirti də hiss olunurdu. Amma yaralanıb-yaralanmamağını bilmək üçün evə gəlməli idi. Bu qədər hadisələri qavramaq və özünə gəlmək  lazım idi. Bütün bunlar ona çox qəribə gəlirdi. Sanki bir yuxu idi. Amma bunu aydınlaşdırmaq üçün özünü bir çimdiklədi də. Bədənindən yumşaq bir sızıltı, titrəyiş keçdi. Elə də bir ağrı hiss etmirdi, lakin yeridikcə, hərəkət etdikcə, özünü çimdiklədikcə bir yüngüllük hiss edir, həzz alırdı.

Evə girib, qeyri-ixtiyari olaraq  işığı yandırdı. Həyat yoldaşı Simər onu görüb bir qıyya çəkdi. Ayağa qalxıb onun üstünə qaçdı və çiyinlərindən yapışıb ağlaya-ağlaya özünə sıxdı:

-Sənə qurban olum, ay Fərəc… Ay kişi, sən bura necə gəlmisən. Bəs məni niyə oyatmadın. Dörd ildi sənin yatağından kənara çəkilmirəm, indi niyə məni oyatmadın.Dörd il iflic yatan adam buracan necə gəldin, ay  sənə qurban… Allahm, sənə çox şükür, min şükür, İlahi…

Arvadı danışırdı, ağlayırdı, üzünü cırırdı, sonra gülürdü. Bir azdan uşaqlar da səs-küyə oyandılar və atalarını ayaq üstə gəzən görüb sevinə-sevinə atılıb-düşməyə başladılar. Sevindiklərindən ağlayırdılar. O avtomobil qəzasına düşən günü anadan olmuş dörd yaşlı oğlu ilk dəfə olaraq atasını ayaq üstə görüb əl çalır, oynayır, dombalaq aşırdı. Hamı sevinir, gülür, göz yaşı axıdırdı. O isə on iki il əvvəl rəhmətə getmiş anasının ətrini  ciyərlərinə çəkir, ac-gözlüklə, sanki, havası çatmırmış kimi dərindən nəfəs alır, bir daha o ətri duya bilməyəcəyindən qorxaraq tez-tez əsnəyirdi. Səyriyən əzalarında, boyun-boğazında anasının barmaq izlərini axtarır, boğazındakı dırnaq ağrısının həzzini uzatmaq istəyirdi. Bu ağrı, bu ətir, bu iz onun həyata ikinci sağlam doğuluşu və qayıdışı idi…

-Anam…– bu sözü göz yaşı içində, bütün duyğularla təkrarlayırdı…

Yazıya 793 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.