31 Mart – ƏSL GENOSİD FAKTI

amerikaAmerika alimi Samuel Uimz erməni gizlinləri barədə yazdığı əsərdə deyir: “Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir”. Bəs görəsən dünya niyə erməni millətçiliyinin xalqımıza qarşı mərhələlərlə həyata keçirdiyi soyqırımı faktına göz yumur?
          1988-ci ilə qədər erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı planlı “ssenari” üzrə həyata keçirilən təcavüzkar siyasətin 150 ildən bir az çox tarixi var idi. Bu mənfur siyasətdə məqsəd xalqımızı tarixi ata-baba torpaqlarından qovmaq, uydurma “Böyük Ermənistan” dövləti yaratmaq idi. Çox təəssüflər olsun ki, onların “yersiz gəldi, yerli qaç” ideyasını reallaşmasına Çar və Sovet Rusiyası kimi dövlət dəstək vermiş, tarixin indiki mərhələsində onların varisi olan Rusiya Federasiyası da həmin təcavüzkar siyasətə göz yumur.
       Bəli, 1813-cü il və 1828-ci illərdə məhz Rusiya ilə İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. İmperator I Nikolayın fərmanı ilə 1828-ci il martın 21-də Türkmənçay müqaviləsinin 15-ci bəndinə uyğun olaraq İrandan 40 min, 1829-cu ildə Rusiya-Türkiyə müharibəsindən sonra Türkiyədən 84 min erməni İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülmüşdü.
      Erməni vilayəti yaratmaq adı ilə erməni şovinistləri özlərinə nəinki Rusiyada, həm də ABŞ, İngiltərə, Fransa kimi ölkələrdə himayədarlar tapmaq üçün dəridən-qabıqdan çıxır, hər cür iyrənc əməllərə əl atırdılar.
   1887-ci ildə Cenevrədə “Qncaq” (“Zəng”), 1890-cı ildə Tiflisdə “Daşnaksütyun”, 1895-ci ildə Nyu-Yorkda “Erməni vətənpərvərləri ittifaqı” kimi şovinist partiya və vəhşi terror təşkilatları da məhz azərbaycanlılara qarşı kütləvi qırğın aksiyaları həyata keçirmək məqsədilə yaradılmışdır.
    1905-1907-ci illərdə çar Rusiyasında baş vermiş inqilabı hadisələrdən istifadə edən erməni quldur dəstələri Bakıda və Azərbaycanın digər bölgələrində dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər. Erməni quldur dəstələrini Bakıda məskunlaşan erməni varlıları maliyyələşdirirdilər. Onların çoxu “Daşnaksütyun” terror təşkilatının üzvləri və sponsorları idilər.
    20-21 fevral 1905-ci ildə İrəvanda həmin terror təşkilatı şəhərin azərbaycanlı sakinlərini vəhşicəsinə öldürməsi “Kavkaz” rus qəzetində öz əksini tapmışdı. Qəzetin yazdığına görə, bu qətlləri Parisdə və Venetsiyada nəşr edilmiş erməni dərsliklərindən tərbiyə almış terrorçular törətmişlər.
     1905-ci ilin mayında erməni quldur birləşmələri Naxçıvanda, Zəngəzurda, avqustun 21-də Şuşada, avqustun axırlarında yenə Bakıda azərbaycanlılara dəhşətli divan tutmuşlar. 3 oktyabr 1905-ci ildə Sırxavənddə erməni terrorçularının rəhbəri Namazasp azərbaycanlı kəndliləri xüsusi amansızlıqla qırdığına görə “Daşnaksütyun” təşkilatı tərəfindən general rütbəsinə layiq görülmüşdür. 1906-cı ilin yanvarında Paprəvəndə basqın edən erməni quldur dəstələrinə isə Andranik rəhbərlik edirdi.
   Hələ XX əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsulu general Q.Mayevski onun haqqında yazırdı: “1901-ci il qışın əvvəllərində Andranik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”. Andranik azərbaycanlı kişilərin başlarını kəsir, hamilə qadınların qarnını qılıncla yarır və hələ dünyaya gəlməmiş uşaqları quldur dəstəsinə doğratdırırdı.
   Amerika alimi Samuel Uimz erməni gizlinləri barədə yazdığı əsərdə deyir: “Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir”.
    Heyf, dünya hələ də bu millətin faşist ruhu gəzdirdiyini görmək istəmir. Hələ 1916-cı ildə Sankt-Peterburqda erməni tarixçisi V.İşxanyan dərc etdirdiyi “Narodnosti Kavkaza” məqaləsində yazırdı ki, “…ermənilərin lüğətində heç vaxt vətən sözü olmayıb. Onlar tarix boyu Kiçik Asiyadan və Rusiyadan kənarda, Fərat çayının… Qaraçay sahillərində, Frakiya və Mesopotomiyada  parakəndə dəstələr şəklində yaşayıblar. Onların Zaqafqaziyaya qətiyyən dəxli yoxdur. Onların Azərbaycan və Dağlıq Qarabağ haqqındakı iddiaları qeyri-qanuni və əsassızdır”. Bu fikirləri başqa erməni tarixçiləri Abekyan, Patkanyan da təsdiqləyir.
Amma təkrar olsa da, yenə də qeyd edək ki, seperatçı erməni millətçiliyinin bəşəriyyətə qarşı təhlükə olduğuna əhəmiyyət verilmədi. 1915-1920-ci illər arasındakı dövrə təsadüf edən ikinci mərhələdə erməni silahlı daşnak və bolşevik birləşmələri Bakıda və Azərbaycanın qəzalarında misli görünməmiş soyqırımı törətdilər. Həmin dövrdən minlərlə azərbaycanlı, həmçinin etnik azlıq təşkil edən dağ yəhudiləri kütləvi qırğınlara məruz qaldılar.
Əvvəlcədən hazırlanmış ssenariyə görə Bakı və Bakıətrafı əraziləri işğal etmək 1918-ci ildə bolşevik qiyafəli, daşnak qulduru S.Şaumyana, Şirvan, Şamaxı, Muğan, Lənkəran bölgələrində kütləvi qırğın aksiyaları S.Lalayana və T.Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək daşnak generalı Hamazaspa, Naxçıvanı, Zəngəzuru, Qarabağı talan etmək Andranik Ozanyana həvalə olunmuşdu.
    Azərbaycanda mart soyqırımı planı Erməni Milli Komitəsi və “Daşnaksütyun” partiyası tərəfindən 1917-ci ildə hazırlanmışdır. Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin sərəncamında əksəriyyəti ermənilərdən ibarət 20 min nəfərlik silahlı qüvvə var idi. Saakyan, Andranik, Mikoyan (öz qəddarlığı ilə ad çıxarmış Anastas Mikoyan sonralar uzun müddət SSRİ rəhbərlərindən biri olmuşdur), Arakelyan, Avetisov və digər daşnakların başçılıq etdiyi quldur dəstələrinin yalnız bir məqsədi var idi: Azərbaycanlıların bir hissəsini qırmaq, sağ qalanlarını doğma yurd-yuvalarından didərgin salmaq, Xəzər dənizindən Türkiyə şəhərlərinədək ölkənin bütün ərazilərini boşaltmaq.
     1918-ci ilin mart-aprel aylarında Bakı Quberniyasında 229, Gəncədə 272, İrəvanda 221, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi, məscidləri, qədim memarlıq abidələrini yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar. Həmin kəndlərdə, (eləcə də Azərbaycanın cənub bölgəsində) yaşayan 500 mindən çox insan qətlə yetirilmişdir.
1918-ci ilin mart ayında S.Şaumyanın başçılığı ilə 10 min nəfərdən ibarət silahlı quldur dəstəsi 3 gün ərzində 30 minə yaxın günahsız azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirmişdir.
  Bolşeviklərin və onların varislərinin bəşəriyyət üçün “peyğəmbər” adlandırdıqları V.İ.Lenin Şaumyana göndərdiyi teleqramda onun əməllərinə heyran olduğunu bildirdi. Heç peyğəmbər də bir xalqın digər xalq tərəfindən bu cür qəddarlıqla qırğına məruz qalmasını özünə rəvac verər?!
   18 mart 1918-ci ildə Şamaxıya soxulan erməni quldur birləşmələri evləri yandırır, tanınmış ictimai xadimləri, ziyalıları öldürürdülər. Rusiyanın Birinci Dövlət Dumasının sabiq üzvü Məmmədtağı Əliyev də o vaxt xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
   Erməni quldur dəstələri bəşər tarixində misli görünməmiş soyqırım aktına imza atdı. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti bu soyqırıma siyasi qiymət verib, daşnakların Azərbaycanda törətdiyi cinayətləri araşdırmaq üçün Fövqəladə Tədqiqat Komissiyası yaratdı. Komissiya 3500 səhifədən ibarət 36 cildlik materiallar toplusu hazırladı. Komissiyanın üzvü Novatskinin fikrincə, Şamaxını viran qoyan erməni quldur dəstələri bir ideyadan – öldürmək və qarət etmək, qarət etmək və öldürmək ideyasından ruhlanmışdılar.  O, öz məruzəsində deyirdi: “Öldürülənlər arasında tanınmış ictimai-siyasi xadimlər, görkəmli sənət adamları da var idi. Şəhər başçısı Teymur Xudaverdiyev, Birinci Dövlət Dumasının sabiq üzvü M.Əliyev, axund Hacı Cəfərqulu və başqaları”.
Lakin buna baxmayaraq, azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti sonrakı illərdə də davam etdirildi. Mart soyqırımını törədənlər Azərbaycana qarşı öz bədxah əməllərin dünyanın hər yerində    zəncirvari terror aksiyaları ilə həyata keçirirdilər. Azərbaycan Cümhuriyyətinin Baş Naziri və Xarici İşlər Naziri F.Xoyski 1920-ci ildə Tiflisdə, Daxili İşlər Naziri işləmiş B.Cavanşir 1921-ci ildə İstanbulda mart soyqırımının fəalları olan erməni terrorçuları tərəfindən qətlə yetirilmişlər.
1948-53-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdunda yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər, 1988-ci ildə etnik təmizləməni başa çatdırdılar. Daşnaklar 1990-cı illərdən başlayaraq, terrorçuluq dalğasını genişləndirdilər. 1992-ci ilin fevralında erməni cəlladları Xocalıda soyqırımını həyata keçirdilər.
     Bu gün  hər il olduğu kimi  31 Mart Dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Göründüyü kimi, bu gün də ermənilər öz sərsəm ideyalarına sadiq qalaraq, Qafqaz regionunda sülhə və əmin-amanlığa təhlükə mənbəyidir. Dünya ictimaiyyəti – ABŞ və  Avropa bu həqiqəti dərk etməlidir.
Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist.

Yazıya 627 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.