Erməni analarının göz yaşında boğulmaq

eminprofilkoseEmin Piri

Başlandı. “Humanizm” dalğası altında Azərbaycan əsgərinin şərəfini ona qısqananlar.

Millətini sevməyənə mən inana bilmərəm. Fərqi yoxdur milləti kürd olsun, türk olsun, talış olsun, ləzgi olsun və.s. Millətini sevməyən ailəsini sevə bilməz. Ailəsini sevməyənə isə heç nəyi etibar etmək olmaz. (Nədənsə bu tip adamlar hazırda söz sahibi olub). Onlar humanizm dalğası adı altında tətikdə duran kəslərdir. O tətikdə ki, məqamı gəldikdə satıla biləcək, pula gedəcək hər şeyin sahibinə tətik sıxmaqçün. Və dünyanın oturuşmuş qaydasıdır bu.

Qonşusundan su damdığı zaman hay-küyləri aləmi götürənlər,  bir hektarlıq əkin sahəsinə birinin inəyi girdiyi zaman qiyamət qoparanlar bir gecəylə “humanist” oldular.  Maaş üçün bir-birinin “torbasını” tikənlər, donoslar yazanlar, kiminsə xoşuna gəlməkçün bəyanat verənlər bir anın içində  Həzrəti İsaya çevrildilər.

Bəli, razıyam, ədəbiyyat dünyanı xilas edəcək. Necə ki, Hüqoların çıxışlarıyla Fransa işğaldan azad olmuşdu.

Belə anlar çox vacibdir. Çox insanların üzü açılır. Kiminin məqam bilib özünü reklam etməsi, kiminin hansı 5-ci kolona girməkçün simasını göstərmək istəyi və.s.i

Çox üzlər açıldı. Hansı məmurun ətrafına 5-ci kolon uşaqlarını yığması, hansı vəzifəli ədəbiyyat adamının yanına yalnız, yumşaq ifadəylə desək, Azərbaycana nifrət edənləri yığıb bəsləməsi gün aydınlığına çıxdı. Bu həm də kolon uşaqlarının davası idi.

Həm də hansısa məmur süfrəsinin qırıntılarıyla maliyyəşən saytın əksər əməkdaşlarının Azərbaycan şəhidinə nifrət etdikləri üzə çıxdı.

Allahından heç bir ciddi qəbul olunası əsəri olmayan, hər zaman gündəlik aqressiya atmaqçün statusları oxunan ədəbiyyat adamları üçün ən önəmli günlərdir.

Kimsə “uşaq öldürün” demir, kimsə bazar yerində terror törədib günahsız insanların qatili olun demir. Bəs, haqq uğrunda savaşa nə deyirsiniz? Anlayıram, haqq uğrunda savaş dediyiniz an bəzi mitinqləri nümunə gətirəcəksiz. Elə isə dövlət aparatından maliyyələşən saytların, qurumların əməkdaşı olaraq mitinqə çıxmaqla kimsəni aldatmaq mümkün deyil. Özünüz də hansı bazarın alverçisi olduğunuzu yaxşı bilirsiniz.

Bütün analar eyni ağlayır. Amma bütün anaların göz yaşı eyni ola bilməz. Oğlunu oğurluğa göndərmiş, övladını rüşəvətə, qatilliyə öyrətmiş bir ananın bunların uğrunda ölən oğlu üçün tökdüyü göz yaşı daha ədalətli ola bilməz…

Dünya ədəbiyyatından misal çəkən bəşərilər nədənsə Hüqonun “Qoy, hər ev bir qurban versin. Təki, Fransa işğaldan azad olsun” sözlərini unudur. Humanizm dalğası adı altında gizlənən yazarlar niyəsə Dostoyevskinin yazılarını unudur. Sol mübarizə apardığını deyənlər niyəsə Heminqueyin Avropada əlində silah savaşdığını unudur.

Dünya ədəbiyyatının qaymaqlarından olan yüzlərlə belə yazıçıdan misal gətirə bilərəm. O yazarlar ki, həm də uşaq ədəbiyyatının yaradıclarından sayılır. Haqq uğrunda mübarizə şərəfdir. Şərəfimizi “humanizm” dalğası adı altında satmağa çalışmayaq.

Sülh hər şeydən daha gözəldir. Amma haqqın qələbəsindən sonra… (xeber365.com)

Yazıya 905 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.