Tofiq Tağızadə Məlik Dadaşovu çəkiliş meydançasından niyə qovdu?

melikBu gün “Moll Nəsrəddin” jurnalının yaranmasından 110 il ötür. 1906-cı il aprel ayının 7-də ilk sayı işıq üzü görən  jurnal “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” şüarı ilə özünün bütün ideologiyasını bəyan etdi. Mirzə Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi jurnal Azərbaycan ictimai fikir tarixinin ən uğurlu mərhələsi oldu.
Moderator.az “Kino-kuryoz” layihəsində də bu gün məxsusi olaraq Mirzə Cəlil yaradıcılığından bəhs edən, onun şah əsəri “Ölülər” pyesi əsasında lentə alınan “O dünyadan salam” filmindən danışacaq.
Rejissor filmə qadağa qoydu
1992-ci il kimi ağır bir dönəmdə min bir çətinliklə film çəkib sonra həmin filmə qadağa qoyacaq rejissor sizcə kim ola bilər? Kino biliciləri çox düşünmədən Tofiq Tağızadə cavabını verəcəklər. Həqiqətən də çox prinsipial insan olan Tofiq Tağızadə ömrünün sonlarında çəkdiyi iki filmi ekranlara qoymur. Daha doğrusu, birini- yəni “O dünyadan salam”ı, özü , digərini – “Köpək” filmini isə başqaları televiziya üçün qadağan edir. Halbuki rejissor “O dünyadan salam” filminin çəkilişində xeyli əziyyətlərə qatlaşmışdı. Ən azından Məlik Dadaşov, Mirzə Babayev, Əlabbas Qədirov, Mikayıl Mirzə kimi aktyorlarla üz-göz olmuşdu. İş o yerə çatmışdı ki… Kefli İsgəndəri oynayan türk rejissoru Yılmaz Durunun qonararının yüksək olması belə aktyorların rejissorla dalaşmasına gətirib çıxardı. Bu haqda az sonra. İndi isə rejissorun niyə bu cür çətinlik hesabına çəkdiyi filmə qadağa qoymasından danışaq:
Filmin lentə alındığı 1992-ci ilin qanı-qadası haqqında danışmaq əbəsdir. Bəzi mətləbləri məndən dəfələrlə gözəl bilirsiniz. Qorbaçovun rəhbərlik etdiyi nəhəng “xalqlar həbsxanası” süqut etmiş, yenicə müstəqil olan ölkəyə isə yağılar göz dikmişdi. Filmdə ölülərin qəbirlərindən çıxıb bir-bir öz evlərinə qaçış səhnəsini də rejissor dövrün siyasi mənzərəsinə replika olaraq çəkmişdi. Yəni, “ölülər” -15 respublika dirilir, azad olur, öz evlərinə qaçırlar. Bu replikalara və aktual problemlərin ifşasına görə rejissor öz filminə vurulur. Onu kinoteatrlara təqdim edir. Lakin sıfırdan da aşağı marağın olduğunu görüb küsür. “O dünyadan salam” filminin gözdən düşməsinə yol verə bilmərəm” deyib, televiziyaya qadağa qoyur. Yalnız o rəhmətə gedəndən uzun illər sonra film televiziyada yayımlanır.
Adını çəkdiyimiz filmi rejissor MDB, Türkiyə, Orta Asiya, Şərqi Avropa coğrafiyasına çıxarmaq istəyirdi. İsgəndəri az qala gözdən salan türk aktyorunun çağırılması da o səbəbdən idi. Bu haqda da bir az sonra. Amma indi qayıdaq, bayaq dediyimiz mübahisələrə…
Rejissor Məlik Dadaşovu çəkiliş meydançasından qovur 
Filmin çəkilişləri başlayandan ta sonuna qədər Şeyx Nəsrullah rolunun ifaçısı Məlik Dadaşovla rejissor arasında kəskin mübahisələr olur. M. Dadaşov səhnədə Şeyx Nəsrullahın əvəzedilməz ifaçısı idi. O, bu rolda sərbəst davranmağa vərdiş etmişdi. Teatrda rejissorlar ona heç nə demirdilər. Amma Tofiq Tağızadə də Tofiq Tağızadə idi. Filmdə o, Məlik Dadaşova imkan vermirdi. Təsəvvvür edin ki, çəkiliş gedə-gedə Şeyx Nəsrullah qəfildən dönüb yenidən Məlik Dadaşov olurdu və deyirdi ki, Tofiq bu nədir, mən mollanı yox, şeyxi oynayıram.
Bir neçə dəfə möhkəm dalaşırlar. Amma iş-işdən keçdiyindən, filmin yarıdan çoxunun çəkildiyindən rejissor Dadaşova bir söz deyə bilmir. Amma bir gün səbri daşır. Kefli İsgəndəri oynayan türk aktyoru Yılmaz Duruya qəbiristanlıq səhnəsinə görə qonorar həddindən artıq çox yazılır. Amma o səhnənin yalnız axırında bu aktyor çəkilmişdi. Başda Mirzə Babayev olmaqla, bir neçə aktyor rejissorla buna görə mübahisə edir. Amma aranı birthər sakitləşdirirlər. Elə bu dəm, bayaqdan əsəblərini cilovlayan Məlik Dadaşov sərt şəkildə mübahisəni qızışdırır. Rejissor da əsəbləşərək ona çəkilişi tərk etmək əmri verir. Məlik Dadaşov da ağına-bozuna baxmadan pavilyondan uzaqlaşır. Hadisə filmi az qala şikəst edir. Düz 38 aktyor və yaradıcı heyət üzvü filmdən inciyərək Dadaşovun arxasıyca gedir.
Amma bir neçə aydan sonra Tağızadə ilə Məlik Dadaşov barışırlar. Filmi bu barışıq xilas edir.
Kefli İsgəndəri öldürən Yılmaz Duru
Əslində onun filmə dəvət olunmağının tam başqa bir səbəbi var idi. İxtisasca rejissor olan Yılmaz Duru həm də Türkiyədə stusiya rəhbəri idi. Rejissor Tağızadə onunla şərt kəsir ki, əsas obraz olan Kefli İsgəndəri oynayacaq və mütləq öz studiyasında filmi dublyaj edib Türkiyədə təbliğ edəcək. Bu gizli sövdələşmədən çoxlarının xəbəri yox idi. Ona görə də yaradıcı heyətin az qala hamısı türk aktyora görə rejissorla mübahisə edirdi. Ona qonorarın ikiqat verilməsi isə səbri daşıdırdı.
Sınaq çəkilişlərində əsas rol üçün iştirak edən Mikayıl Mirzəni hamı Kefli İsgəndər kimi görürdü. Onun səs imkanları da buna imkan verirdi. Amma Yılmaz Duruya uduzmasını aktyor heç cür qəbul edə bilmirdi. Tağızadə isə onu işsiz qoymadı. Yılmaz Durunu məhz o səsləndirdi. Mikayıl Mirzə sonradan mətbuata verdiyi açıqlamasında həmin obrazı böyük qəzəb hiss altında səsləndirdiyini bəyan edirdi.
Filmdəki kuryozlar
Filmdə Siyavuş Aslanın oynadığı Hacı Həsən (İsgəndərin atası) roluna əslində  Əlabbas Qədirov təsdiq edilmişdi. Lakin sonradan necə oldusa rol Səyavuş Aslana verildi. Bu “necə oldusa”lardan Azərbaycan film tarixində çox olub…
Bu filmdən sonra Tofiq Tağızadə cəmi bir film çəkdi. Amma heç birini ekranlara vermədi. Sonradan sanki hamıdan küsdü. Rəhmətə gedəndə də bircə televiziya kanalı və radio belə onun ölümünü işıqlnadırmadı.
Film müstəqillik illərində dünya arenasına çıxmaqdan ötrü edilən ilk cəhd idi. Təəssüflər olsun ki, heç Azərbaycan arenasına da çıxa bilmədi.
Yalnız bir festivala – Türkmənistandakı “Gümüş Aypara” festivalına göndərildi. Onda da birinci yeri tutdu.
 
Qeyd: Yazıda kinoşünas Ulduzə Canıyevanın “Azərbaycan filimlərinin yaranma tarixindən” kitabından, Aydın Kazımzadənin məqalələrindən və “Mədəniyyət” kanalının filmə həsr etdiyi proqramdan istifadə edilib. 
 
Elmin Nuri

Yazıya 627 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.