Zərif ürəyin kədərli nəğmələri…

qanli

Hörmətli İradə xanım!

Dünyada ən gözəl biclik düzgünlükdür. Etiraf edim ki,  qələm yoldaşlarımdan sizin adınızı bir-neçə dəfə eşitmiş olsam da, nə özünüzlə, nə də yaradıcılığınızla tanış  deyildim. Bir neçə ay əvvəl “Qanlı öpüşlər” (Bakı-2013) adlı hekayələr kitabınız əlimə keçdi. Tanıdığım imzaların sırasını artırmaq məqsədilə kitabdan necə deyərlər, öz özlüyümdə – “xala xətrin qalmasın” “Gəncə-Qazax marşurutu” adlı hekayəni oxudum. Hekayə məni məndən necə aldısa, bir də onda “ayıldım” ki, kitabın son səhifəsindəyəm və belə bir imza ilə gec tanış olduğuma çox təəssüfləndim. İstədim kitab haqqında fikirlərimi yazam, sonra fikrimdən daşındım. Səbəbi isə birdən-birə içimdə fil çəkə bilməyən ağrı-kədəri zərif ürəyindən keçirməyi bacaran qələm sahibini görmək və yaxından tanış olmaq arzusunun baş qaldırması oldu. Məqsədimə yetmək üçün mobil nömrənizi əldə etdim. Dəfələrlə zəng etsəm də, telefonunuzun cavab verməməsi istəyimin üstündən xətt çəkdi. Sonralar  şeir kitabınızla da tanış oldum. Onu da maraqla oxudum. Yaradıcılığınızdakı ağrı-acı ilə tanış olanda nədənsə təsəvvürümdə surətiniz kobud bir insan kimi yarandı. Hər dəfə yoldaşlarla çay süfrəsinə əyləşəndə sizin hekayə və şeirlərinizdən söhbət salırdım. Düzü yoldaşlar mənim sizin yaradıcılığınız barədə dediyim tərifli sözlərlə razılaşırdılar.

Bir məsələ mənim üçün hələ də qaranlıqdır: görəsən nə üçün indiyə kimi sizin kimi bir istedadlı qələm sahibi barədə eşitməmişəm. Görünür mənim kimi sizin imzanızı da  heç kim “tanımırmış”. Təsadüfən yaxın dostum dünən bizi tanış etdi. Cavad Xanın məqbərəsi yaxınlığındaki oturacaqlardan birində əyləşib xeyli söhbət etdik.  Arabir  söhbətə qoşulsam da, fikirimdə hekayələrinizdə olan ağrıların içərisindən sizə boylanırdım. Xəyalımda yaranmış kobud İradə Aytel obrazının yerini boy-buxunu və  gözəlliyi ilə diqqət çəkən, “özü”  kimi nazlı-ədalı”,  qara telləri (“Taleh” hekayəsi) sifətini gizlətdikcə əli ilə geri daraqlayan zərif ürəkli, sakit, incə danışıqlı İradə Aytel tutmuşdu.

Sizdən ayrılan axşam “Qanlı öpüşlər” kitabınızı təkrar oxudum. İndiyə kimi eyni kitabı ikinci dəfə oxuduğumu xatırlamıram. Kitabı ikinci dəfə oxuyub qurtaran kimi bu yazını yazmalı oldum.

 

İradə xanım, indi gəl oturaq diz-dizə və göz-gözə. Kitabınızın məndə oyatdığı təəssüratı  danışım, siz də qulaq asın. Mülahizələrimlə  razılaşmadığınız və könlünüzə toxunası məqamlar olsa, üzrlü hesab edin. Oxucu kimi bu, mənim şəxsi mülahizələrimdir.

 

***

Kitabda on bir hekayə var. Hər bir hekayə digərindən özünəməxsusluğu ilə seçilir. Hamısında bir ağrı, bir kədər. Hətta yumorlu hekayələrinizdə də dodaqda yaranan təbəssümə kədərin gözündən baxırsınız. Yeri gəlmişkən, onu da qeyd edim ki, ağrı-kədər şeirlərinizdə də var. Elə bil ki, taleh sizi bu dünyaya sevincinizi dərd-kədərdə axtarmaq üçün göndəribdir. Zərif ürəyiniz bu qədər ağrıya necə tab gətirir?

Başqa hekayələrdə güclə də olsa, dodaqqaçdı hiss olunduğu halda, “Yetim laylalar”, “Fahişə mələk”, “Qanlı öpüşlər” ağrının çəkisinə görə tamamilə fərqlənir.

Qısqanclıq ədəbiyyatda yeni mövzu deyil. İstedad isə  köhnəni yeni etməyi bacarır. Necə ki, Şeksprin “Otello”su və Cəfər Cabbarlının “Oqtay Eloğlu”su biri digərini təkrar etmədən dahiyanə sənət əsəri kimi bu gün də oxucular və tamaşaçılar tərəfindən sevilir. Siz “Qanlı öpüşlər”də isə bu qədim mövzuya tamam başqa yöndən yanaşmısınız. Hekayədə yaratdığınız  qısqanc qız obrazı xarakterinə, məhəbbətin bütövlüyünə görə Otellodan və Oqtay Eloğludan daha güclüdür. Otello Dezdamonanı, Oqtay Eloğlu Firəngizi öldürməklə öz  işlərini bitmiş hesab edirlər. Elçini öldürən sevgilisi isə sevgilisinin meyidini də qısqanır. Cismən ölən Elçin sevgilisi üçün sağdır.

“…Səni sevirəm! Səni sevmişəm! Səni həmişə sevəcəyəm!” – deyərək, “Sonuncu dəfə dodaqlarını onun (Elçinin F.S) dodaqlarına yaxınlaşdırdı və güclə eşidiləcək səslə pıçıldadı: – Sən mənimsən!”

Hekayənin gücü “Sən mənimsən”dədir. Bu ifadə qısqanclıq mövzusunda yazılmış “Qanlı öpüşlər”i tamamilə fərqli bir əsər  kimi oxucu gözündə dahiyanə əsərlərlə bir sırada dayanmağa haqq verir.

Şərqlinin  emosional, qısqanc, məhəbbətinin bakirəliyini qorumaq üçün hətta canından artıq sevdiyi sevgilisini “uf” demədən öldürməyə hazır olmasına  yeni formada yanaşılması ilə oxucunuzu inandıra bilmisiniz.

Oxucu Elçinin ölümünə tədricən, psixoloji baxımdan məharətlə apardığınız hazırlıq işləri öz bədii təsdiqində – bundan o yana yol yoxdur fikri ilə məcburən razılaşmalı olur.

“Yetim laylalar” hekayəsi müasir dövrdə bir çox qadınların körpə həsrəti ilə qovrulan ağrılarına tökülən göz yaşınızdır. Şairliyinizlə nasirliyinizin qaynağından yaranmış hekayənin hər sətirində ürəyinizin döyüntüsü və  göz yaşlarınız oxucunun ixtiyarını əlindən alır.

“Yetim segah” üstündə köklənmiş hekayənin ağrılarında bir həzinlik, bir musiqi ritmi duyulur. Ana olmağa hazırlaşan qadının ağrıları elə canlı, real təsvir edilib ki,oxucu ağrını öz canında hiss edir. Bilmirəm, bu, bəlkə də sizin qadın olmağınızla bağlıdır. “Dözülməz sancıdan o üz- bu üzə çevrildikcə çarpayının boşalmış yayları inildəyir, onun ağrısına qoşulurdu”. Görəsən ağlagəlməz, belə kəskin ağrıya nədir ananı dözməyə məcbur edən? Nədir?! – İçini uzun illər göynədən körpə həsrəti! Lakin ananın arzuları gözündə qalır. Arzusunda olduğu laylaları oxuya bilmədiyini “Boynunu bükdü laylaları…” – deyərək, nəzərə çatdırırsınız.

Hörmətli İradə xanım!

Sizin yaradıcılığınızdan (oxuduğum iki kitabınıza əsaslanıram) böyük fransız dahiləri Mopassonun və Zolyanın iyi gəlir. Yaratdığınız obrazlara yalançı maskalar taxıb danışmırsınız. Onları necə varsa  - ənliksiz, kirşansız təqdim edirsiniz. Ürəklərindən keçənləri dilinə gətirirsiniz. Yaratdığınız surətlərin  arzularının  qarşısına süni sədlər çəkib, onları oxucunun təfəkkürünə  müqəddəslər kimi sırımırsınız. Bax, budur, sizin kitabınızı əziyyət çəkmədən iki dəfə – bir nəfəsə mənə oxudan.

“Fahişə mələk” hekayəsində mən iki İradə görürəm. Bir İradə bütün dünyada  kapitalın imkansızları öz çamurunda tədricən məhv etməsinə qarşı etiraz səsini ucaldır. Ona görədeyirəm ki, XX əsrdə iki ictimai-iqtisadi formasiya mövcud idi: Sosizlizm və kapitalizm. Bəyənmədiyimiz sosializmdə insan şəxsiyyəti,  kapitalizmdə isə pul əsasdır. Pulun cəmiyyətdə törətdiyi fəlakətləri Sevinc obrazında çox gözəl cilalaya bilmisiniz.

Digər İradə isə Sevincin taleyindəki ağrıları özünün zərif ürəyindən keçirərək həmin ağrılara sahib çıxmaq istəyir. Hekayədə yazıçı İradə ilə vətəndaş İradə qarşılaşması maraq doğurur. Yazıçı İradə yeniyetmə, gözəl qızların pulun gözəgörünməz gücü hesabına korlanmasını kapitalist cəmiyyətin bir bəlası kimi ümumiləşdirərək “Fahişə mələk” adı ilə insanlara ibrət dərsi verir. Vətəndaş İradə isə fahişəlik yuvasına yuvarlanmış Sevincə insan kimi kömək əlini uzadır. Yaşadığı cəmiyyətdə addımbaşı təhqir və ikrahla qarşılaşan Sevinc vətəndaş İradənin qayğısına sığınmaqla az da olsa təsəlli tapır.

“Sevinci dinlədikcə gözlərimdən yaş axırdı. Mənə elə gəlirdi ki, getməsəydim, onu tək qoymasaydım bütün bunlar olmazdı. Özümü günahkar sayırdım…” – deyən yazıçı İradə vətəndaş İradəni günahkar bilir. Bax, burada yazıçı İradə qələminə, vətəndaş İradə isə vicdanına xəyanət etmir.

Özünə kənardan baxmağı hər adam bacarmır. Qələm sahibinin isə özünə kənardan – başqasının gözü ilə baxması üçün içi təmiz, ürəyi böyük, hamıya eyni məhəbbət gözü ilə baxmağı bacarmalıdır.

Necə ki, C.London “Martin İden”,  Q.Xəlilov “Atam və mən”, V.Titov “Ölümün acığına” əsərlərində özlərinə  kənardan baxdıqları kimi İradə Aytel də “Gəncə-Qazax marşurutu” və “Mən onu sevirdimmi” hekayələrində özünə başqalarının gözü ilə baxmaqla oxucu yaddaşında sevimli qələm sahibi kimi qala bilir.

“Taleh” hekayəsində maraqlı bir məsələyə toxunulub: Müharibə mövzusunda yazılmış əsərlərdə həmişə cəbhəyə gedənlərin arvadının, nişanlısının saçının birini ağ, birini qara hörərək yol gözləmələrindən bəhs edilib. İ.Hüseynovun senarisi əsasinda çəkilmiş “Tütək səsi” filmində və İradənin “Taleh” adlı əsərində insan xarakterindəki mürəkkəblik real boyalarla çözülür. Eyni mövzuda yazılmış əsərlərdəki fərqi diqqətli oxucu görə bilir. “Tütək səsi”ndə ki,   obrazlar İkinci cahan müharibəsinin kişiləridi. “Taleh”dəki Məmmədov Elmar isə XX əsrin axırıncı onilliyində yaşamış obrazdır. Zaman dəyişib. Elmar cəbhəyə gedəndə oğluna deyir: “Mən olmayan zamanlarda bir çətinliyiniz olsa Nurəddin əmiyə deyərsən. Çəkinmə, o, mənim dostumdur…”. Ələ düşən imkanı havayı yerə xərcləməyən Nurəddin Elmarın ailəsinə yaxşı “qayğı” göstərir. Sonda Nurəddinlə Talehin qarşılaşmasını və hadisələrin sonrakı gedişini qeyri-müəyyən tərzdə intizar yaratmaqla oxucunun ixtiyarına  buraxırsınız . Bu priyom hekayələrinizin hamısında müşahidə olunur.

Bəzi hekayələrinizdə ciddiyyətlə bərabər, incə bir yumor, kinayə də var. Ciddiyyətin içərisində yumoristik ab-hava yaratmaq çətin işdir. Ancaq siz bunun öhdəsindən layiqincə gələ bilmisiniz. “Qonaqlıq”, “Səhv düşən fatihə”, “Qatil portretlər” dediklərimizə nümunə ola bilər.

“Qatil portretlər”lə bağlı qısaca fikrimi bildirim: Rüşvətxor həkimin oğlunun ölümünə səbəb olması  mövzusu  çox işlənib. Bu yaxınlarda “Ədəbiyyat” qəzetində bu mövzuda zəif bir  hekayə də çap olunmuşdur. Sizsə həmin  mövzudan bir vəsilə kimi istifadə edərək ictimai məzmunlu gözəl bir hekayə yazmısınız. M.Cəlilin Kefli İsgəndəri (“Ölülər”) şərab şüşəsini özünə sipər etdiyi kimi, sizin  Mahmud kişidə də (“Qatil portretlər”)  köhnə döyüşçü kimi veteran “qnişkası”nın  toxunulmazlığından istifadə edir. “Seçki bizə gərək deyil, onsuz da lazım olanı özləri seçəcək”, “Bizdə heç doğru-düzgün müxalifət də yoxdur, hamısı onlara işləyən pulgirlərdir” və s. sözləri ilə Mahmud kişi cəsarətlə bu günümüzün çatışmazlıqlarını oxucuya çatdırır.

“Virtual sevgi” də bugünkü gənclərin düçar olduğu internet bəlasını qələmə almaqla xeyirxah bir iş görmüsünüz. İnternet xəstəliyi cəmiyyətin çoxuna yoluxub. Çoxları arzularına internetdə “qovuşur”. “Gündüzü sevmirdi. Onunçün dünya gecədən…  və şirin, ehtiraslı bir səsdən ibarət idi”. Görəsən  nə üçün Günəşi  sevməyən Günay,  ancaq  gecələr telefon və internetlə baş-başa qalmağa daha çox üstünlük verir?Romantik arzularını gecələr telefon və internetdə reallaşdıran Günay Rüfəti təsəvvüründəucaboylu, enlikürək, əzələli, qarasaçlı və s. görmək istədiyi kimi canlandırır. Belə bir arzu ilə Rüfətlə qaranlıqda görüşür…

Yeri gəlmişkən, sizin yaradıcılığınıza xas olan bir məsələni vurğulamağı borc bilirəm. Sözü istəyinizə tabe edə bilirsiniz. Sözlə istədiyiniz formada “oynamaq”la bərabər, onu istədiyiniz formaya salmağı bacarırsınız. Bu, yaradıcı adam üçün əsas şərtlərdən biridir.

Müəyyən səhnələrin, xüsusən intim duyğuların təsviri zamanı reallığa sadiq qalmaqla bərabər, sözün ismətindən ecazkar formada istifadə etməyi bacarırsınız. Bu, qələminizin bir çoxlarının həsəd aparacağı möcüzəsidir. Fikrimizi “Virtual sevgi” hekayənizdən aşağıdakı nümunə ilə isbat edək:

“Rüfət yenidən barmaqlarını Günayın saçlarına toxundurdu. Sanki güclü bir cazibə onun əllərini aşağıya doğru çəkirdi. O, yavaş-yavaş qarşısındakı bütün müqəddəsliyində özü də bütə çevrilirdi. Günayın sinəsi, yupyumru  bir cüt sinə qabarı, mütənasib vücudu əynindəki kip donuna sığışmırdı. Rüfət də bunu duyurdu. Elə duyduğu üçün də bircə anda bu əsrarəngiz gözəlliyi xilas etmək istəyirdi. Və elə titrək əllərinin köməkliyi ilə bütü qəfəsdən azad etdi…”

Səhərə yaxın özünə qayıdan Günaya elə gəlir ki, çarpayısı balacalanıbdır. “Fikirləşdi, “bu nədir, nə yaman narahatam, eh, yerim daralıb deyəsən”. İstəmədən gözlərini açıb, yan-yörəsinə boylandı. Çarpayısının bir tərəfini zəbt edən qara, arıq, çəlimsiz, həm də ona yadlardan yad olan kişini görəndə özünü itirdi…”

Bax, budur virtual sevgininsonu. Müəllif haqlıdır. Neçələrini tanıyıram ki, telefonla, internet vasitəsi ilə  tanış olub, ailə həyatı qurublar. Aradan bir neçə ay keçməmiş isə ayrılıblar.

 

Siz “Virtual sevgi” hekayənizlə əsl vaxtında həyacan təbili çalmısınız.

Güclü müşahidə qabiliyyətiniz var. Yaratdığınız obrazları öz dünyagörüşünə uyğun danışdırmaq bacarığınız çox tədqirəlayiqdir. Obrazları məharətlə danişdırmaqda C.Cabbarlı ilə yanaşı durmağa haqqınız çatar.

“Səhv düşən fatihə” hekayəsindən aşağıdakı nümunəni  nəzərdən keçirək:

“Məsmə:

-          Deyirəm, ay Çimnaz, qar da yağmır bir damcı. Yağseydi şaxta sınardı. Aaz ay Çımnaz, gülaf yadınnan çıxmıyıb ki?

-          Yox, götürmüşəm.

-          Bə molluya da deyifsənmi?

-          Oy, ay Məsmə, ora dolu döyülmü molluynan. Elə bil it xılıdı” və.s

Təbiilik göz qabağındadır. Obraza dil vermək, onu danışdırmaq hər qələm sahibinin işi deyil.

Hötmətli İradə xanım!

Yazıçı üçün lazım olan məziyyətlərdən biri onun  dilinin  zənginliyidir. Bu baxımdan bəxtiniz gətirdiyi üçün Yaradana minnətdar olmalısınız. Dilinizin sadə, lirik, musiqili, poetik və  axıcı olması ilə bərabər, oxucunu çox asanlıqla yuvasından çıxarda bilir.

Kitabınızda tək bir hekayədə sevinc duyulur. “Vağzallı vağzalı” hekayəsini. “Bayaqdan bəri ondan əl çəkməyən, ona sarı can atan “Vağzalı” indi özü baş götürüb qaçırdı”, cümləsi ilə yekunlaşdırmağınız Gülnarın sevincini necə də gözəl əks etdirir.

Həmişə oxucuya sevinc hissi yaşadan  hekayələr yazmağa çalışın. Kədərli-ağrılı hekayələr yazanda isə  məni də çağırın, ağrı-acınıza şərik olum. Ağrı-acını zərif ürəyinizə qıymıram. Axı siz böyük ədəbiyyatın  yaradıcılarından birisiniz.

Mən sizin istedadınıza inanıram.

Hörmətlə: Fazil Sənan

02.04.2016

 

Yazıya 1122 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.