Ermənilərin təəssübünü çəkənlər…

seymurSeymur Verdizadə

Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən üç günlük müharibədən sonra ictimai müzakirələrin başlamasında təəccüblü heç nə yoxdur. Milli Ordumuz düşmənin üzərində çaldığı zəfərlə son 22-23 ildə məğlubiyyət sindromundan əziyyət çəkən cəmiyyətə stimul vermiş oldu. Hərbi əməliyyatların davam etdiyi üç gün tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixlə öyünməyə hər bir azərbaycanlının haqqı var.

Mən ictimai müzakirələrə cəmiyyətin inkişafını təmin edən əsas faktorlardan biri kimi yanaşsam da, həmişə bu cür müzakirələrin obyektiv aparılmasına tərəfdar olmuşam. Söhbət ümummilli məsələlərdən gedəndə heç vaxt ədalət hissini itirmək olmaz. İnsanın öz fikrini vahid həqiqət kimi cəmiyyətə sırımağa çalışması səfehlik əlamətidir. Bütün ideyalar cəmiyyətin inkişafına xidmət etməli, insanlara fayda verməlidir. İnsan, danışmaq xatirinə ağzını açıb-yumanda gülünc görünür.

Hesab edirəm ki, hərbi əməliyyatların birinci mərhələsi başa çatdığı üçün bu mövzuda açıq danışa bilərik. Təəssüf ki, son günlər bəzi “dostlarımız” sosial şəbəkələrdə şəhidlərimizin sayı üzərində manipulyasiya etməyə başlayıblar. Mən nəinki genefondumuzun əsasını təşkil edən gənclərimizin, hətta ömrünün 99-cu baharını yaşayan zavallı bir qocanın da burnunun qanamasını istəmirəm. Amma mənim istəyib-istəməməyimdən asılı olmayaraq, müharibə ölüm, qan-qada deməkdir. Cəbhədə heç kimə piroq paylamırlar. Ermənistan Müdafiə Nazirliyinin öz itkiləriylə bağlı təqdim etdiyi saxta rəqəmləri əsas götürüb, ordumuzun qələbəsinə kölgə salmaq naqislikdir. Təkcə özlərinin deyil, həm də bizim əvəzimizə canlarını fəda edən şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin borcudur. Üç günlük müharibədən çıxan nəticə budur: Azərbaycan əsgəri gözünü qırpmadan canını vətən uğrunda fəda etməyə hazırdır. Kompüterin arxasında gizlənənlərin sinəsini düşmən gülləsinə sipər edən adamların fəaliyyətini təftiş etməyə haqqı yoxdur.

Təəccüb doğuran başqa bir məqam isə şəhidlərimizin sayı üzərində manipulyasiya edən adamların atəşkəs haqda qərara ironik yanaşmasıdır. Əgər siz əsgərlərimizin şəhid olmasını istəmirsinizsə, niyə hərbi əməliyyatların dayandırılmasına təpki göstərirsiniz? Bəs, məntiq harda qaldı?

Üç günlük müharibə ilk növbədə son illər ərzində Azərbaycan Ordusunda baş vermiş keyfiyyət dəyişikliyini ortaya çıxardı. Məlum olduğu kimi, şəhidlərimizin arasında bir neçə yüksək rütbəli zabit də var. Hansı ki, biz Birinci Qarabağ Müharibəsində bəzi zabitlərin müxtəlif bəhanələrlə döyüş meydanından yayındığını görmüşdük. Amma 2-4 aprel tarixlərində həyata keçirilən hərbi əməliyyatlar zamanı bunun əksi baş verdi. Bu dəfə döyüşə hamıdan əvvəl komandirlər atıldı. Əvəvlki dövrdən fərqli olaraq, komandirlər bu dəfə əsgərlərin arxasında gizlənmədilər, əksinə, əsgərləri öz arxalarınca apardılar. Mayor Elnur Əliyev əsgərlərinin həyatını xilas etmək üçün özünü qumbaranın üstünə atdı. Komandiri əsgərinə, əsgəri vətəninə görə canını fəda edən bir ordu mütləq qalib gələcəkdir!

P.S. Ötən gün istefada olan bir polkovnik mənə dedi ki, “Lələ təpə” yüksəkliyini azad etmək üçün 1994-cü ildə ard-arda iki əməliyyat keçiriblər. Amma hər iki cəhd uğursuzluqla nəticələnib. Polkovnik onu da dedi ki, “Lələ təpə” yüksəkliyinin Azərbaycan Ordusuna hansı üstünlüklər qazandırdığını qarşıdakı döyüşlərdə daha yaxşı anlayacağıq.

P.P.S. Ermənilərin təəssübünü çəkənlər indidən narahat ola bilərlər…(Qafqazinfo.az)

Yazıya 905 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.