“Borçalı” Cəmiyyətinin Hüseyn Saraçlının yubileyinə təbrik sözü

sazQədim-qayım Borçalı eli Türk dünyasına böyük şəxsiyyətlər bəxş etmişdir. Borçalı eli həm də zəngin folkloru, dialekt zənginliyi, mədəniyyət özəllikləri, ustad aşıqlar diyarı kimi Türk dünyasına töhfələr vermişdir. Güneyli-qüzeyli hər kəsin qəlbini fəth etmiş ustad zirvələrindən biri aşıq Hüseyn Saraclıdır. Böyük sənətkarlardan olan ustad aşıq Hüseyn Saraçlının 100 yaşının tamam olduğu günləri yaşayırıq. Bu bir saz-söz bayramdır, çünki bu cür sənətkarlar əsrlərin az-az yetirdiyi böyük ustadlardandır. Fitri isteda, güclü hafizəyə, zəngin biliyə və nitq qabiliyyətinə malik olmuş dastan aşığı Hüseyn Saraçlının Azərbaycan aşıq sənətinə verdiyi töhfələr əvəzsizdir, onun söylədiyi dastanlar, saz havalarını klassik üslubda, özünəməxsus ağayanalıqla ifa etməsi, sözün müqəddəsliyinə mühafizəkar yanaşması dediklərimizə əyani sübutdur.

Aşıq Hüseyn Qurban oğlu Saraçlı 1916-cı ildə Borçalıda – Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində dünyaya göz açıb. Kolxoz quruculuğu dövründə, 1931-ci ildə rus bolşeviklərinin Qurban kişini güllələməsi digər ailə üzvləri kimi onun oğlu Hüseynin də ürəyinə çalın-çarpaz dağlar çəkmişdi. Amma bu gənc özünün qələbə ruhunu öləzitməmiş, əksinə ata-babasının tutduğu yolu, Borçalı kişilik, ərlik-ərənlik, böyüklük ənənəsini davam etdirmək üçün bütün gücünü səfərbər etmiş, nəticədə milli-mənəvi dəyərlərimizin tərəqqisində özəl əhəmiyyətə sahib olaraq zamanının azman sənətkarlarından birinə çevrilmişdir.
Gənc Hüseyn natamam orta təhsilini Saraçlı kənd məktəbində almış, lap gənc yaşlarındanaşıqlıq sənətinin sirlərinə bələd olmağa başlamışdır. O, dərsini əvvəlcə həmkəndlisi Aşıq İsmayıldan almış, sonra isə Aşıq Quşçu İbrahimin 12 şəyirdindən biri kimi ona qulluq etmiş, Faxralı Şair Nəbi, Şair Ağacan, Aşıq Sarvan Bayramın saz-söz xəzinələrindən bəhrələnmişdir.
Zahiri görünüşü, boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti, mənəvi-estetik və əxlaqi dəyərləri ilə seçilən, çoxlarının birmənalı olaraq əfsanəvi milli qəhrəmanımız Koroğluya bənzətdiyi Aşıq Hüseyn Saraçlı əvəzsiz bir ozan idi. O, özünün təbirincə desək xırım-xırdadan başqa 14 şəyird yetişdirmişdi ki, bu sıraya tanınmış aşıqlar Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı da daxildir. Aşıq Hüseyn Saraçlı səyirdləri ilə birlikdə dağlı-aranlı Borçalını el-el, kəndbəkənd dolaşar, ağır-ağır toy məclisləri keçirər, oğullar evləndirər, qızlar köçürərdi.
Hüseyn Saraçlı bir yaradıcı aşıq kimi aşıq poeziyasının müxtəlif janrlarında qoşduğu şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının da müəllifidir. Onun ifa etdiyi saz havaları “Azərbaycanfilm”in istehsal etdiyi “Firəngiz”, “Tütək səsi”, “Ələsgər”, “Oxuyan torpaq” filmlərinə də füsünkar rəng qatmışdır. “Cahangirin nağılı”, “Qul Qarani və Xəstə Hasan”, “Mehdi bəyin nağılı”, Aşıq Şenliyin dastanı olan ilk dəfə ondan eşitdiyimiz “Salman bəy və Dürrətel” dastanı, “Yaralı Mahmud”, “Koroğlunun Ağ şəhərə səfəri”, “Zərnigar xanımın Çənlibelə gətirilməsi” və neçə-neçə bu cür maraqlı dastanlar onun söyləməsində dillər əzbəri olan dastanlardandır.
Aşıq Hüseyn Saraçlı Azərbaycan aşıqlarının II və III qurultaylarının, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün fəal iştirakçılarından olmuşdur. O, 1980-ci ildə Gürcüstan SSR-nin “Əməkdar Mədəniyyət İşçisi” adına layiq görülmüş və hələlik bu titula sahib olan yeganə aşıqdır. 1986-cı ildə Xalq şairi Hüseyn Arifin başçılığı ilə aşığın 70 illik yubileyi Saraçlı kəndində qeyd olunmuşdur. Bədii əsərlərindən ibarət toplu 1992-ci ildə “Yazıçı”nəşriyyatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub onun həyatı və sənət fəaliyyəti ilə bağlı “Hüseyn Saraçlı dastanı”nı yaratmışdır.
Ustad aşıq 1987-ci ildə doğulduğu Saraçlı kəndində Haqqa qovuşmuşdur. Onun nəşi kənd məzarlığında torpağa tapşırılmış, doğma kəndində büstü qoyulmuşdur.
“Borçalı” Cəmiyyəti olaraq əvvəlcə Ustadın 100 illik yubileyi münasibətilə onun ruhunun şad olmasını, nur içində yatmasını diləyir, sonra isə bütün sazsevərləri, millətimizi, elimizi təbrik edir, xalqımıza Hüseyn Saraçlı ənənəsini ləyaqətlə davam etdirməyi arzulayırıq.
 
“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyəti adından sədr Zəlimxan Məmmədli

Yazıya 723 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.