Nüşabə Əsəd Məmmədli – SÜLEYMAN PEYĞƏMBƏRİN PADŞAHLIĞI

nushaba teze shekilSüleymana qalmayan dünya sənə qalarmı?
– Mənə qalar.
General Damanski… yox… yox, – yuxudan hövlanak oyandı. Ürəyindən bir gizilti keçdi: uşaqlarım bu yeni il bayramında gəlməyəcəklər. Dünənə kimi ümidini oğluna bağlayırdı. Sevinclə düşünürdü ki, oğlu ailəsi ilə birgə Gəncəyə gələcək, onun evi nəvələrinin sə-küyünə qərq olacaq. O da ömrünün payız çağında bu sevinci qalan bir il üçün, yəni – gələn bayrama qədər ürəyinə zərrə-zərrə səpələyəcək.
Ancaq o, oğlundan məktub aldı – təbrik edirəm, öpürəm. Dostlarım bizə qonaq gəlir. Yeni ili Antalyada qarşılayacağıq. Dilbər kompyuteri bağladı. Keçən həftə isə məktubu qızından almışdı – Biz Filadelfiyaya gedəsi olduq. Ürəyim sənin yanındadır. Öpürəm. Biz Gəncəyə yayda gələcəyik. Vəssalam. Hər iki övladı ona təskinlik verirdi: yaxşı ki, qardaşım ailəsi ilə sənin yanında olacaq; yaxşı ki, bacım yanında olacaq…
Dilbərin əli-ayağı boşaldı. Soyuducunu açdı – içi ərzaqla dolu idi – hinduşqa, balıq, balıq kürüsü, mey¬və və s. vəi. Qapını ört dü. Yenə də qulağında şikəst ba¬cısının sözləri səsləndi: General Damanski gəl¬mə-yəcək? Dilbər bu sözləri artıq 30 il idi ki, eşidirdi, hər yeni il ərəfəsi bacısına baş çəkəndə o, Dilbəri bu sözlərlə qarşılayırdı, – General Damanski gəlməyəcək?
Qəribə burasıdır ki, bacısı qeyri vaxtlarda ona bu sualı vermirdi – ancaq yeni il ərəfəsi soruşurdu:
– General Damanski gəlməyəcək?
Və bu sualın cavabını ancaq Dilbər bilirdi. Ruhi xəstə bacısı üçün uzaq Tatarıstandan gələn Mansır həmişə, hər vaxt sağ idi. Bacısı da onun gəlişini gözləyirdi. Dilbər onu yadına salanda, – qəlbindən küt bir ağrı keçirdi – onda Dilbər gil hərbiçi – təyyarəçilər yaşadığı həyətdə olurdular, onun atası Gəncədəki aviasiya emalatxanasında işləyirdi. Onun dostları da aviatorlar idi – dispetçerlər, təyyarəçilər, mühəndislər. Mansır ucaboy, arıq, cazibədar letenant idi.
Dilbər hər səhər axşamın tez gəlməsini arzulayır, Mansırın evində işığın yanmasını gözləyirdi. Sanki Mansırın evində yanan işıq, onun ömrünü işlandırırdı, təsadüfən Mansırla rastlaşanda isə, onun ayaqları tutulur, səsi batırdı, fəqət onun ürəyində günəş doğurdu. Bu işıq elə bil bütün aləmi nura qərq edirdi.
Hərdən bir Mansır onların evinə keçirdi – atası ilə söhbət edir, anasının bişirdiyi əncir mürəbbəsi ilə çay içirdi, nəşrdən yeni çıxmış kitabları təhlil edir, baxdıqları filmlərə münasibətlərini bildirirdilər. Dilbər ilə bacısı bir-birlərinə o qədər oxşayırdılar ki, Mansır zarafat edirdi. Mən evlənəndə sizi dəyişik salacam, – üçüdə gülürdü.
Dilbərin ürəyi uçunurdu – dərhal özünü gəlinlik paltarında, Mansırın qoluna girmiş vəziyyətdə görürdü. Arzu ilə də xoşbəxt olmaq mümkünmüş. Mansır deyirdi ki, o, mütləq general olacaq. Dilbərin bacısı bu sözlərdən uğunub gedirdi. Yeni il gecəsi – anası iri masanın üstünə ağappaq nişastalanmış süfrə salırdı. Onun üzərinə hazırladığı cürbəcür yeməkləri düzürdü. Bütün qonşular –cəmi 10-12 adam bu süfrə ətrafında əyləşirdi – kimi özüylə balıq, kimi kolbasa, kimi də içki gətirirdi. Sonra patefon qurulurdu – qonaqlar rəqs edirdi. Təkcə anası oynamırdı. Onda çöldə quşbaşı qar yağırdı. Dilbərgilin iri zallarında iri odun sobası yanırdı. Ocağın şöləsi atasının qurduğu yol¬kanın parıltılı oyuncaqlarında əks olunurdu – ev¬ləri möcüzəli bir aləmə dönürdü. Patefonda «Bes¬a¬mo¬muça» oxunurdu. Mansır Dilbərlə rəqs edirdi. Dilbər özünü dünyanın ən xöşbəxti sanırdı. Allaha ona bu anları bağışladığı üçün şükür oxuyurdu: Yaşamaq nə gözəldir, ilahi!!!
Sonra bəyaz rəqs elan olundu. Qonşuları Marusya Polyakova rəqsə Dilbərin atasını dəvət etdi. Marusya xala onlara iri bir «Napoleon» tortu gətirmişdi. Dilbər də, bacısı da bu tortu çox sevirdilər. Ümumiyyətlə, Marusyanı da, onun əri «dyadya» Mişanı da çox istəyirdilər. Onlar Dilbəri və bacısını öz uşaqları ilə birgə bazar günləri şəhər kənarına aparır, voleybol, badminton oynayırdılar. Otun üstündə süfrə salıb, nahar edirdilər. Şəhərdən kənar gəzinti üçün anası Dilbərgilə kükü, kotlet hazırlayırdı. Uşaqlar yazın-yayın bazar günlərini səbirsizliklə gözləyirdilər. Uzun qış gecələrində isə onlar çox vaxt «dyad» Mişagildə loto, domino oynayırdılar, şeir müsabiqəsi keçirirdilər. Qalib üçün mükafat – kitab verilirdi. Bir dəfə Dilbər bu ev müsabiqəsində Şekspirin 66-cı sonetini söy¬lə¬miş¬dir. Hamı bir ağızdan soruşanda ki, bu kimin şeiridir? – Dilbər cavab vermişdi, – mənim. Onda bacısı ye¬rindən dik atıldı, – Yalan deyir, yalan deyir, Şekspirin şeiridir – qız yüyürüb evlərindən Şekspirin sonetlərini gətirdi. Dilbər ağladı. Mansır otaqda idi.
Dilbər əlacı olsaydı, elə yerindəcə ölərdi, yada bir quş olub göyə uçardı. Hər gün gəlib həyətdəki tut ağacına qonub, Mansırın işığının yanmasını göz¬lə¬yərdi, pəncərədən Mansıra tamaşa edərdi, xoşbəxt olar-dı.
Yeni il gecəsi dilbər bəxtiyar idi. Mansır onunla rəqs edirdi – ta bəyaz rəqs başlayana kimi. Dilbərin bacısı Mansırı rəqsə dəvət etdi. Dilbərin gözləri qaral¬dı. Mansır onun bacısının başını sinəsinə sıxmışdı, ona nəsə deyirdi. Qara saçları bacısının üzünü ört¬dü¬yün¬dən Dilbər onun sifətini, gözlərini görmürdü. Bu an o, istərdi ki, bacısı ondan yaşca çox böyük olsun, gözəl olmasın. Ancaq bacısı ondan kiçik idi, ondan zərif idi.
Musiqi dayananda bacısı da, Mansır da həyətə çıxdılar. Quşbaşı qar yağırdı. Səmadan yer üzünə bəyazlıq səpələnirdi. Dilbər isti sobanın yanında elə bil donmuşdu. Heç kəs ona məhəl qoymurdu. Qəfildən gözləri atasının baxışları ilə toqquşdu. Samovarın yanında çay tədarükü görən anasının üzündə bir ağrı vardı, ancaq o, Dilbərə baxıb gülümsədi.
Dilbər həyətə çıxdı. Gecə də bəmbəyaz idi və nəhəng tut ağacının altında Mansırla bacısı öpüşürdü. Dilbərin ürəyi qanadı. Ona elə gəldi ki, bu qan sıçrayıb, onun başına, sonra da bütün bədəninə axır, onun dayandığı yerdə qan gölməçəsi yaranır. Və hər dəqiqə həyətə çıxa biləcək adamlar bu qanın üstündən keçməli olacaqlar. Dilbər onların qırıq-qırıq gələn səslərini eşitdi: – Sən mənim həyatımsan. Mən general olacam.
Mən sənsiz yaşaya bilməyəcəyəm – deyirdi bacısı.
– Sən mənsiz yaşamayacaqsan – mən cəmi bir aylığa gedirəm Damanska: gözlə məni. Gələn kimi evlənək.
– Mən səni gözləyəcəyəm…
Dilbər yan qapıdan yataq otağına keçdi, yor¬ğanını başına çəkdi, ağlamaq istədi – ağlaya bilmədi. Özündən asılı olmayaraq inildəyirdi. Qonşu otaqdan musiqi, gülüş səsləri eşidilirdi. Bu səslərin içində o, bacısının da, Mansırın da səslərini eşidirdi.
Hər şey bitdi… Bizim heç bir əlaqəmiz olmayacaq, qohumluq əlaqələrindən başqa. Hər şey bitdi. Dilbər heç bir ay keçməmiş uzaq qohumuna ərə getdi. Elə həmin ərəfədə də Damanskdan ağır xəbər gəldi – Mansır həlak oldu. Bacısı bir neçə şüşə yuxu dərmanı atdı – o yaşamaq istəmirdi. O, həkimlərin müdaxiləsindən sonra belə sayıqlayırdı – General Damanski, general Damanski. O gəlməyəcək?
Bacısının ayaqları tutuldu. Onda Dilbər bilmirdi ki, bacısı həmişəlik şikəst olacaqdır və onun bütün əziyyətini çəkmək Dilbərin ömrünə düşəcək. Artıq 30 il idi ki, Dilbər hər gün pampersini dəyişir, onu yuyundurur, yedizdirir, evini yığışdırır, onun artıq dən düşmüş saç-larını darayırdı. Bir dəfə Dilbər onun saçlarını kəsmək istəyəndə, bacısı nəfəsi darıxa-darıxa, – yox… ol¬maz… General Damanski mənim saçlarımı… xoşlayır. Onun acığı tutar. Sonra heç bir mənası bilinməyən söz yığını deyib, mürgüləyirdi.
Uşaqları böyüyüb ailə qurandan sonra, Dilbər onu öz evinə aparmağa cəhd eləmişdi, fəqət bacısı isterik bir hal keçirib, – demə elə… demə elə… Burada General Damanski… O, bura gələcək. İndi Dilbərin uşaqları – hərəsi dünyanın bir yerində xoşbəxt oğullu-qızlı bir ömür sürürdülər. Həm oğlu, həm qızı ABŞ-ın, Türkiyənin artıq tanınmış professorları idi. O ölkələrin elmi dairələrində nüfuz sahibləri idilər. O ki qaldı Dilbərin ərinə – onlar beş-altı il birgə ömür sürdülər. Dilbər öz qəlb ağrısını ancaq uşaqları ilə ovundururdu. Əri bu soyuqluğu görür, əzab çəkirdi. O, evdən getdi, yeni ailə qurdu, uşaqları ilə əlaqəni kəsmədi. Onların hər sevincinə sevindi, kədərlərinə kədərləndi, mənən həmişə onlarla oldu. Uşaqlar çox vaxt Azərbaycana Moskva vasitəsilə gəlirdilər. Əvvəlcə orada yaşayan ataları ilə görüşüb, bir-iki gün onun qonağı olub, gəlirdilər Gəncəyə analarının yanına. Bu il belə olmadı. Bu il uşaqlar yeni ili özgə bir mühitdə, bəlkə də onlar üçün artıq doğma olan bir mikrodünyada qarşılayırdılar.
Dilbər hər il uşaqları üçün yolka bəzəyirdi. Və həmişə də al-əlvan şarlarla bəzədilmiş bu ağacın altına həm oğlu, həm qızı üçün hədiyyə qoyurdu. Uşaqlar yanvarın birində yuxudan oyananda, ağacın altında «Şaxta babanın onlar üçün göndərdiyi hədiyyələri» tapırdılar, sevinirdilər.
Ancaq bir dəfə, tək bircə dəfə Dilbərin pulu qurtarmışdı. Dərs dediyi musiqi məktəbində maaşları ge¬cikmişdi. Onda qızı yolkanın yanına gəlib öz hə¬diyyəsini axtardı. Tapa bilməyəndə ağladı. Elə yerdəcə bardaş qurub, zülüm-zülüm ağladı – «Şaxta baba məni yadından çıxartdı…» Qardaşı onun yanında diz çö¬küb, ona təskinlik verirdi – bax, gör mən heç ağla¬yıram? – Şaxta baba məni də yadından çıxartdı. Görürsən, mənə də heç nə almadı. Dilbər uşaqları ovundurdu.
– Şaxta baba mütləq gələcək, siz görmürsünüz bu tufanı, bu qiyaməti. Yazıq yəqin tufana düşüb.
Sonra Dilbər palto geyinib yaxınlıqdakı komis-sion mağazaya getdi. Bu mağaza bayram günlərində də işləyirdi. Baramağındakı yeganə qızıl üzüyü dəyər-dəyməzinə satıb, yarmarkaya getdi. Orada uşaqlarına və xəstə bacısına hədiyyələr alıb evinə döndü. Əvvəl bacısının yanına getdi. Aldığı gecə köynəyini ona verdi. Axşamnan qalan boşqab və çəngəli yudu, onun yeməyini isidib verdi, dərhal da öz evinə döndü, uşaqlar hələ də televizora – cizgi filminə baxırdılar.
– Bəs sən hara getmişdin? – Mən xalanın yanına.
– Görürsən, heç sən qardan, çovğundan qorxmadın… Bə şaxta baba…
– O, mütləq gələcək. Və onda Dilbər Allaha yal¬vardı ki, ona uşaqlarının xoşbəxtliyindən başqa heç nə ver¬məsin. Ona elə gəlirdi ki, bu səadəti Süleyman pey¬ğəmbərin padşahlığına yiyələnməkdən də, bütün bu sərvətlərə sahib olmaqdan da, hətta onun öz öm¬rün¬dən də, yaşamaq haqqından da üstündür. Uşaqları yatızdırdıqdan sonra, Dilbər aldığı gəlinciyi və kiçik dəmiryolu üzərində avtomatik hərəkətə gələn qatarı bəzəkli kağıza büküb, yolkanın altına qoydu. Uşaqlar oyananda, o mətbəxdə iş görürdü. Birdən uşaqların səs-küyünü eşitdi:
– Urra! Mama, mama, Şaxta baba gəldi – bizə hə¬diyyə gətirdi. Onlar bağlamaları qucaqlarına götürüb, analarının yanına qaçdılar.
– Sən düz deyirdin ki, Şaxta baba gələcək… Bəs sən onu görmədin?
Qızı tez-tez bağlamanı açmağa başladı. Gəlinciyi görəndə, heyrətini gizlədə bilmədi.
– Şaxta baba hardan bildi ki, mən bu gəlinciyi istəyirdim? Sonra gəlinciyi öpməyə başladı. Oğlu qatarı işə saldı.
– Gəl, sənin gəlinciyini bu qatarda gəzdirək.
– Qatar hara gedir ki?
– Moskvaya, papamın yanına.
– Onda gedək. Dilbər xatırladı ki, keçmiş əri ilə bir dəfə bacısının üstündə möhkəm ağızlaşmışdılar. Onda əri demişdi:
– Bezdim sənin saatlarla dəlinin yanında itməyindən. Aparaq ataq qocalar evinə. Həftədə bir dəfə baş çəkək ona. Sən də dincəl, biz də.
– Mən nə qədər sağam, ona baxacam.
Sonra əri getdi. Həmişəlik getdi evdən.
…Artıq şər qarışırdı. Göydən quşbaşı qar ya¬ğırdı. Bu qar Dilbərə 30 il bundan qabaqkı yeni ili xa¬tırlatdı. Yenə də o, «Besamomuçonu» eşitdi. O vaxt¬kı yaxınlarının səsi beynində bir işıqlı şırım açdı. O soyuducudan bütün ərzaqları götürüb getdi bacısının ya¬nına. Bacısı onu görərək çaşdı. Sonra ağladı. Dilbər çox nadir hallarda onun yanına axşamlar gəlirdi. Dil¬bər masanın üstünə anasının ağ süfrələrindən birini sal¬dı. Üstünə evdən gətirdiyi yeməkləri düzdü. Ba¬cı¬sını qaldırdı. Onun saçlarını daradı. Əl-üzünü yudu. Şkafdan ona keçən il aldığı paltarı çıxartdı, geyindirdi.
– Bacı, qar yağır.
– Yeni il gecəsi heç belə qar yağmamışdı.
– Yağmışdı. Çoxdan yağmışdı.
– Bir də indi yağır.
– Onda general Damanski…
– Bacı, general Damanski yaşayır – sənin, mənim xatirəmizdə, əgər biz onu xatırlayırıqsa demək yaşayır.
– Bacı sən məni niyə… tək qoyurdun? Sənin çox günahın var, – bacısı bu sözləri çox səlis dedi.
– Uşaqlarıma görə.
– Onlar xoşbəxtdirlər?..
– Hə, xoşbəxtdirlər. Mən səni bir də tək qoymayacağam. Heç vaxt. Mən səninlə qalacağam.
Bacısının gözlərinə sanki işıq gəldi. Bir an Dilbərə elə gəldi ki, bacısı 30 il bundan qabaqkı gənc qıza döndü. Və Dilbər indi anladı ki, Allah ona istədiyini verdi – O Süleyman peyğəmbərin padşahlığından da artıq bir səadətə yetdi. Onun uşaqları xoşbəxt idi. Bacısı artıq tənha deyildi. Bayırda külək uğuldayırdı. Nəhəng tut ağacının kölgəsi bəyaz qarın üstünə düşürdü. Tərləmiş pəncərə şüşəsindən həyətə baxan Dilbərə elə gəldi ki, budaqlar rəqs edir. Vaxtilə Mansır və bacısı rəqs etdiyi kimi. Süleyman peyğəmbər demişdi ki, hər şey keçib gedir.
Əbədi qalan zamandır, – düşündü Dilbər. O, dönüb bacısına baxdı. Onun gözlərində işıq vardı.
SON

3 dekabr 2003-

Yazıya 810 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.