Afayət Afiq – İlham milçəyi

 

(hekayə)

 

 

afayet afiq-         Dünən axşam çox insanın mənasız adlandıra biləcəyi bir mövzuda çox danışdıq. Müzakirə etdik. Mübahisə etdik. Söhbətin axırı əməlli başlı fikir ayrılığına qədər gedib çıxdı. Səfa ilə neçə ildir dostluq edirdik, lakin bu qədər mübahisə edib, hətta incişdiyimiz olmamışdı. Dəyərdimi anlamsız bir səbəb ucundan bu qədər vaxt, enerji, əsəb və fikir sərf etməyə dəyməzdi axı. Ancaq, həmin axşam bunun fərqində deyildik. İkimiz də nəyin bahasına olursa olsun, dediyimizi demək hayında idik. İkimiz də bir birimizə özümü isbat etməyə çalışırdıq sanki. Biz bir- birimizi çox istəyirdik. Bir birimizin dəyərlisiydik. Ancaq, bütün bunlar, bəli sadalandığım bütün amillər bir – birimizi didişdirməyə, danlamağa, qısqanmağa, paxıllamağa mane olmurdu. Səfa hər dəfə mənə – Şahmurad sənin daha yaxşı dostun var – deyərdi. Mən də ona, yox, sənin dostun mənimkindən daha yaxşı adamdır deyərdim. Ümumilikdə biz yaxşı insanlar idik. Məsələn mən, çox yaxşı dost idim. Heç vaxt, amma heç bir vaxt ona pislik gəlməsinə yol verməzdim. Bu da təsdiq edir ki, mən ona hər dəfə – mənim kimi sirdaşın var, get Allahına şükür oxu deməklə heç də haqsızlıq və ya özünü bəyənmişlik etmirdim. Ol səbəbdən ki, hər şey bir yana qalsın mənim kimi dostu bu zamanədə tanımaq, tapmaq, qazanmaq həqiqətən də müşkül işdir. Bu şans hər kəsə nəsib olmaz. Sözümün canı odur ki, dünən axşamdan bəri yəni elə indinin özündə də biz küsülüyük.  Mümkün deyil, yazmayacam. Zəng də etməyəcəm.  Qoy özü eləsin. Çünki mən düzəm. O mövzuda mən düz danışırdım. O isə, inad etdi, mənasız inadını yeridib özü də yanlış danışdığını bilə – yanlışını mənə yeritməyin hayında idi. Ancaq, bir şey etiraf edim, bu bizim ortaq xasiyyətimizdir.

Amma və lakin, nə olur olsun, belə lap bilsəm ki, onunla barışaraq Nobel ala bilərəm. Yenə də mümkün deyildi. Mən yazmayacam – deməyi çox istəyərdim, lakin deyə bilmirəm, çünki Nobel üçün onu öldürə də dirildə də bilərəm. İndi isə ölsə də yazmayacam. Hə budu, yaşıl işığı da yanır.  Onlayndı. Gözləyir ki, yazam. Yazmayacam. Bəlkə yazam?! Bəsdir Şahmurad, bəsdir, adam ol! Nə yazasısan istəyirsən lap sabaha qədər yansın yaşıl işığı yazmamalısan. Əslində, mübahisələr mənə bir şey qazandırır. Onunla hər dəfə dalaşdıqdan sonra ağlıma yeni- yeni şeylər, zadlar gəlir və maraqlı yazılar yazıram.
Hə etiraf edirəm. Bəli. Biz bir – birimizdən bu məqsəd üçün istifadə edirik. O da məndən istifadə edir. Mən bizi ona görə çox sevirəm ki, bir – birimizə heç zaman yalan demirik. Kişi kimi əlaqəmiz var. İstifadə edəndə deyirik istifadə etdik. Məhz buna görə də, təqdirəlayiq əlaqəmizin olduğu qənaətindəyəm.
Bu nə cümlə idi qurdum. Lap boşboğaz dövlət adamlarına bənzədim. Bəzəkli –düzəkli içi boş cümlələr qurmaqla məşğuldurlar. Vallah heç qənaət sözünün mənasını da bilmirlər, mən isə bilirəm.
“Yağış elə gözəl yağırdı ki, nitqim tutuldu. Heç nə danışa bilmədim. İçimdən bir yekexana düşüncə keçdi, bu əndər təbiət mənzərəsini vəsf etmək xəyalı ağlımdan ürəyimə, ürəyimdən ağlıma doğru var gəl etsə də, bir şey alınmadı. Gözlərimi qamaşdıran gözəllik, bununla kifayətlənməyərək beynimi də qamaşdırmışdı. Bu gözəllik beynimi o qədər keyləşdirdi ki, az

əvvəl özümə verdiyim sözü unuttum və ona mesaj yazdım:

“ Təcili bayıra çıx, tez ol, nə işin var burax bayıra çıx.”  Bir dəqiqə qırx iki saniyə keçmiş olmasına rəğmən cavab gəlmədi. Eyvana çisələyən yağış damlacıqları telefonumun ekranına naxış salmışdı. Dəli qız, indi ciddi – ciddi küsdüyünü göstərmək üçün cavab yazmır, ancaq əminəm ki, indi o da eyvandadır və bu ecazkar səhnəyə tamaşa edir. Yüz faiz çıxıb. Hətta ürəyində məni xatırlayıb gülümsəyir. Canım, dəli dostum mənim – deyir. Kim bilir onun da beyni kilidlənib bəlkə. Nəsə yazmaq istəyir, ilhamlanmaq istəyir, lakin bacarmır. Ah nə gözəl, mənə gəlməyən ilham pərisi sənə heç gəlməsin qələm dostum.
Dəhşət, sadəcə dəhşətverici bir gözəlliklə qarşı qarşıya idim. O vaxt dilim söz tutmasa da, indi sizə təsvir edə bilərəm. Buludlar – qızılı, bəyaz və mavi buludlar qarınlanıb yerə doğru sallanmışdılar. O qədər gözəl düzülmüşdülər ki, dünyaca məhşur rəssamın fırçasının izlərini, izlərin qoxusunu hiss edə bilirdin. Sanki o işini yenicə bitirmişdir. Yağış yağır, hava açıq idi. Damcılar par- par parıldayırdı. Sanardın ki, göydən yağış yox balaca işıqcıqlar yağırdı. Gözümdə sayrışırdılar. Əlimi damcıların altına tutdum. Kiçik zərrə boyda işıqlar əlimdə birləşib, ovcumun içində rənglər şənliyindən ibarət işıq topu yaradırdı. Quşların heç biri daldalanmaq üçün yer axtarmırdı. Bu yağış onları yenidən yaradır kimi idi.  Bir ala qarğa həyətin ortasında daşın üstündə uzanıb ayaqlarını qaldırmışdı. Fikir verdim, qarğanın hərəkətlərində kobudluqdan əsər qalmamışdı. Biraz cəhd edərək onu bülbülə də bənzətmək çətin olmazdı.
Mən az sonra fərqinə vardım ki, bu parıltılı damcıcıqların səbəbi göy qurşağı idi. Bəli, sehrli bir cüt əl göy qurşağını undan yumşaq parçalayıb, dənələyib damçıların arasına səpmişdi. Bu damcılar yarpaqların güllərin üzərinə düşdükcə daha məftunedici bir şey baş verir, behişt qoxusu ətrafı ağuşuna alırdı. Günəşin şüaları uzaqlara dikilən nazlı yar baxışlarını xatırladırdı. Yağış həsrətdən yorğun baxışları rəqsə dəvət edir, öz zümzüməsinin müşayəti altında gözəl qızın baxışları ilə dünyanın ən gözəl rəqsini edir. Yorğun düşən baxışların dayanmasına imkan vermədən növbəti rəqsə keçirdi.   Sanki, cənnəti ovalayıb yer üzünə göndərmişdilər. Söyüd ağacının budaqlarından damlılar sapa düzülmüş cəvahir parçaları kimi sallanırdı. İndiyə qədər heç görmədiyim rənglərdə al – yaşıl kəpənəklər uçuşurdu. Bir az sonra artıq kəpənəklər damcılarla yarışacaq qədər çox idilər. Yox yox, kəpənəklər damcılarla yarışmırdılar. Aman Allahım, bu necə möcüzə idi, min bir rəngdə bərq vuran damlalar yerə yaxınlaşanda zər qanadlı min bir rəngli , müxtəlif ölçülü kəpənəklərə çevrilmişdilər. Ala pişik həyətin bir tərəfində iki pəncəsinin üstünə qalxıb ikisini yuxarı qaldırmışdı. Marki ( ölmüş itimin balası ) pişiyə baxır,  gözlərindən yaş axırdı. İki ilan, elektrik dirəyinə və bir birilərinə sarmaş dolaş olmuşdular. Biri yaşıl, digəri isə qızılı rəngdə idi.
Birdən ilan vurmuşa döndüm, bu baş verənlər, təbiətin bu halı?!

“ Aman Tanrım. Allahım bu sənsən, sənsən Allahım. Nəhayət ki, nəhayət ki gəldin! Allahım nə qədər dinləndirdin ruhumu. Allahım nə qədər gözəlsən! Bilirdim, bir gün gələcəyini bilirdim mən, yağışla gələcəyinə əmin idim. Təşəkkür edirəm Allahım, nə yaxşı ki gəldin! Nə yaxşı ki, hiss ettim səni! Bütün varlığıma işlədin. Allahım sən necə də gözəlsən! Sevgiyə bənzəyirsən, cənnətdən də gözəlsən Tanrım, sən bizə vəd edilən cənnətdən də gözəlsən! Sevirəm səni Allahım, hiss edirəm və sevirəm səni! Bu qədər gözəl düşünməmişdim səni, bu qədər təmiz, sevinc dolu düşünməmişdim səni. Allahım, bax bax gör ürəyim sinəmin divarlarını çırpıb bayıra çıxmaq istəyir, o da səni yaşamaq istəyir. Yenə gəl Allahım! Lütfən, sənə and verirəm içimdə doğurduğun hisslərə yenə gəl ! Səfa, görəsən Səfa da görə bildimi? “

Telefonum yox olmuşdu. İçəri girdim, ev telefonundan zəng vurdum cavab vermədi.  İnternetdən Səfaya yazdım. Təcili cavab ver öldürəcəm səni, gördünmü olanları? Səfa yaxşı sən düz idin cavab ver mənə… Yenə də mümkün olmadı. Dəli dostumdan heç bir şəkildə səs çıxmadı. Bayıra çıxdım. Getməmişdi. O möhtəşəm varlıq hələ də yer üzündəydi. Kəpənəklərin rəngi göz alırdı.
Birdən bir vızıltı eşitdim. Bir milçək. Əlimlə qovaladım və getdiyini düşündüm. İçəri daxil oldum. Oturub yazmaq istəyirdim. Nəsə yazmalıydım. Milçək də mənimlə daxil oldu. Qovalamaq istədim. Sonra bayırdakı cənnət içimə rəhm yaydı. Əsəbim yox oldu. Yaxşı amma, bu ona gəlib qulağımın dibində vızıldamaq haqqını vermirdi axı.

Nə isə, lənət şeytana deyib, qələmimi əlimə aldım, milçəyə fikir vermədən, bir gözüm bayırda yazmağa başladım. Dəqiq xatırlamıram ancaq, deyəsən zəncilərlə və irqi ayrıseçkiliklə bağlı yazırdım. Nə qədər vaxt keçdi bilmirəm, bir də Səfanın səni qulağıma gəldi.  Adımı onun dilindən hardasa buralarda eşidirdim. Sanki pıçıldayırdı. Bayıra çıxdım. Tanrıyı nəfəsimlə birlikdə içimə çəkdim. Səs yenə qulağımda idi. Səfa idi və ona qulaq asmamı istəyirdi.
İçəri daxil olub yazmağa davam ettim. Hiss eledim ki, Səfanın səsi qulağıma nələrsə pıçıldayır və mən yazırdım. Milçək otağımdan getmirdi. Axşamüstü hər şey əvvəlki halına qayıtmışdı. Tanrı yenə də bizi tərk etmişdi.
O gündən sonra Səfadan heç xəbər çıxmadı. Bütün ölkə polisi onu axtarırdı. Lakin, səda soraq yox idi. Yazdım. Yazdım. Tam 4 ay 18 gün gecələr boyu yazdım. Səfanın səsi qulaqlarıma pıçıldayırdı. Son gün anladım ki, Səfanın səsi deyildi, qulaqlarımdakı, dəli dostum milçək olmuşdu. Onunla bir il əvvəl bu barədə danışıb zarafatlaşmışdıq. İnana bilmirəm gerçək olmuşdu. Qulağıma aylardır pıçıldayan, diqtəsiylə yazdığım, mənimlə eyni qabdan yemək yeyən, eyni bardaqdan su içən, rəhmimə sığınıb gecələr gözlərimin üstündə yatan Səfa idi.  Çağırdım yanıma, niyə mənimlə dalaşmırsan, niyə sən olduğunu demirsən ay inad insan deyə üstünə qışqırdım. Anam hövlank otağa daxil oldu. Qadın işarət barmağımın üstünə qonmuş milçəklə danışdığımı görəndə rəngi qaçdı. Yüz faiz dəli olmağa hazırlaşdığımı düşündü. Onsuz da anam, Səfa ilə əlaqəmin altında bir sevgi axtarmış, indi də onun yoxluğundan otağa qapanmış olduğumu düşünürdü. Çıx yaxşıyam ana – deyə ona çəmkirdim. Səfa cavab vermirdi. Həmişə dili məni parçalayan qız indi yalnız hekayələr pıçıldayırdı. Parça – parça pıçıldayır və mən birləşdirib yazırdım. Çox çalışdım. Onun inadını sındırıb danışdıra bilmədim. Bir vaxtdan sonra tamamlanmış və insanları şoka salan, çox bəyənilən romanım Nobelə namizəd göstərildi. Çox keçmədən romanım çətinlik çəkmədən rəqibləri arasından sıyrılaraq mükafatı qazandı. Ölkəmdəki bütün ədəbi mükafatları, ölkəmdə çalınan bütün alqışları qazandım. Səfa gah cibimdə, gah çiynimdə, gah saçlarımın arasında dolaşırdı.
Gün gəlib çatdı, Nobel nitqi söyləməli olduğumu dedilər. Heç belə bir şeyə hazırlaşmamışdım. Axmaqdırlar. O qədər yazmışam, bir də bunlar üçün danışmalıyam ?! Nə edim nə edim, deyənə qədər məni sürüyüb səhnəyə saldılar. Alqışlar dənizin şaha qalxan dalğasını anımsadırdı.
Bu da mənim Nobel nitqim : “ Dünyamızı sevməliyik. Dünyamızı sevməyə milçəkləri qorumaqla başlamalıyıq”.
Başımı yelləməklə nitqin bitdiyini,  alqışlar gözlədiyimi bildirmək istədim. Bir az gec olsa da baş tutdu. Məni ayaqda alqışladılar. Səma sağ çiynimdə, savablarımı yazan mələklə yan-yana oturmuşdu. Ona baxıb gülümsədim. Mükafatı bərk- bərk sıxmışdım. “
Ellərim tərləmişdi. O qədər sıxmışdım ki, telefonun izi əlimin içinə düşmüşdü. 2 yeni mesaj. Səfadan. Mesaj mətni “görürsənmi mən haqlıydım. Bax- bax divara bax, saat neçədir, və sən bu mesajı sənə çatan saatdan da Allah bilir nə qədər sonra oxuyacaqsan. Deməli, mən haqlı idim”
İkinci mesaj. Yenə Səfadan: “ İndi ilk mən sənə yazdım deyə də, yekəxanalanıb yayılma oralara.”
Cavab yazdım: “ Səni çox, lap çox istəyirəm, mənim ilham milçəyim…”  Bu sözdən sonra səfa məni öldürəcək. Amma, pıçıldadıqları ilə yaxşı roman yazmaq olardı …

Yazıya 829 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.