Bəxtiyar Hidayət – DEPUTAT AĞACI

bextiyarQaranlıqdərə kəndində təkcə adamların ayaması yoxdu ha. Ağacların da öz ayamaları, təalğaları vardı-  Yel Cöyüz, Pota Fısdıq, Tək Dağdağan, Hacalı Cöyüzü, Qoja Alınça, Yanıq Palıd, Daş Armud, Kəkil Qarağac, Donqar Vələs… Bu ağaclar kəndin 5 min hektarlıq meşəsində öz adları ilə  məhşur  idilər. İndi də kəndin ortalığındakı ərik ağacı. Ağacın adını Deputat Ağacı qoymuşdular.

 Bilinmirdi ilk dəfə bu sözü kim deyib. Bilinən o idi ki, çox yerində deyilib bu söz- deputatı da 5 ildən bir görmək olurdu, əriyin meyvəsini  də… Sanki on illərdi deputat üzünə həsrət kəndin həsrətini bu ərik ağacı öldürürdü. Kölgəsi yarpaqlı aylarda kənd camaatının üstündə idi. Amma meyvəsini 5 ildən bir görürdülər. Necə ki deputatları Nizam Səfərovu da belə görürdülər. Axrıncı səfər seçkiöncəsi kəndə gələndə üstünə bir -iki şikayətçi salmışdılar. Biri bir dərdini demişdi, biri beş dərdini. Nizam Səfərov da başqa aləmdən dəm vurmuşdu:

-         Mən parlamentimizdə türkçülük məsələləri ilə məşğulam, belə xırda işlər yerli orqanların işidi. Tapşıraram. Tanrı türkü qorusun!

Amma nə tapşırıq olmuşdu, nə də tapşırılan. Kənd camaatı da “sənin türkçülüyün gözünə girsin” demişdi ürəyində. Və həqiqətən də adamı ekranlarda  türkçülükdən danışan görmüşdülər. Adam o qədər terminlərdən itifadə etmişdi, seçicilər dediklərindən bir şey anlamamışdılar.

O ağaca o ad qoyulandan bəri  kəndin bir xeyli sərxoş adamı öz problemini demişdi ağaca. O da sadəcə başını yelləmiş, sanki deputatdan məktub gəlirmiş kimi bir- iki yarpağını sakinlərin ayağı altına səpmişdi. Bu sarımtıl yarpaqlar  deputatın  seçkiöncəsi verdiyi vədlərin xəzan kimi olmasına bir sübut idi.

 Ağacın da deyirlər yaddaşı var. Əgər varsa yəqin bu sözləri yadında saxlayırdı:

-         A dərdin alem, bə belə şey olmaz. Mənim torpağımı filankəs aldı.

-          Dərdin alem ay Deputat Ağacı, mənim veteran adı almağıma yardım elə…

-         Ay ağac, kredit mənim ailəmi dağıtdı…

Hətta kənddə ömrünü- gününü çürüdən rəssam- heykəltəraş Daşdəmir Bodurov az qala bu ağacı qarğamışdı- lap Uruz kimi demişdi ağaca:

-İgidliyim səni tutsun, ağac.  Mənim ömrüm çürüdükcə sən qol- budaq atırsan. Amma ağac sadəcə başını yelləyir, hərdən də nəsə pıçıldayırdı. Bu pıçıltını isə heç yerə yozmaq olmurdu ki, olmurdu.

 Hətta o ağacın sağlığına da içmişdilər. Burda dərdimizi ən çox eşidən budur deyirdilər. Və “sabrazim” eləyib o deputat ağacının altında  içən cavanlar inanırdı ki, sağlıqlar uzandıca ağacın ömrü də uzanır. Artıq 20 yaşı olardı ağacın. Deyəsən elə Nizam Səfərovun deputatlığı ilə yaşıd idi. Amma sən demə sağlıq uzandıqca ömür uzanmaya da bilərmiş.

 Bir səhər gəlib gördülər ağacın qabığı dairəvi soyulub. Daha ağac bir- iki ilə quruyacaqdı. Bu dünyada bakirəliyin bərpası mümkün idi, lap o dünyadakı kimi hər əməliyyatdan sonra mümkün idi, amma daha deputat ağacının qabığının bərpası mümkün deyildi. Özü də qabıq soyan çox naşıcasına etmişdi bunu- korş balta ilə. Əvvəl ağacı kəsmək istəyibmiş. Görüb bacarmır, heyfini belə çıxmışdı, ağaca dirigözlü əzab vermişdi. Indi susuzluqdan ölən adam kimi öləcəkdi deputat ağacı.

  Bəs görəsən kimi işi olardı bu iş. Kim imiş bu mərdimazar, müxənnət. Kim imiş bu adam? Hansı yuvanın quşu imiş? haranın heyvanı imiş? kəndin ortasındakı ağacı da qurutmaqmı olardı? Biz görmüşük kəndin, şəhərin ortasında congə soyarlar, toğlu soyarlar, daha ağacı soymaq nəydi? Axı xeyli söyüş söyüləcəkdi. Axı ya gərək kişi kimi gəlib deyəydi qələtini, ya da gərək peysərə verəydi.  Hətta bələdiyyə başçısı ağacın sinəsindən söyüşlü plakat da asa bilərdi- bu ağacın qabığını soyanın ölüsünə lənət! Bələdiyyə sədrinin xeyirli işi onsuz da müxtəlif yerlərə söyüş yazmaqdan ibarət idi- bura zibil atanın…

  Amma belə olmadı- adam gəlib hər şeyi boynuna aldı-mən eləmişəm, özü də əcəb eləmişəm. Nizam Səfərovdan heyfimi belə çıxmışam. Özünə əlim çatmır. Qoy onun ağacı ölsün. Harası artıqdı məndən onun axı? Arada cəmi 30 sant fərimiz var. Bu kənddə kimin xeyrinə, şərinə yarayıb o? Amma mən neçə adamın nisyəsini sildirmişəm, neçə adamın bank borcunu ödəmişəm,  cavanlardan pul əsirgəməmişəm. Fərqimiz odu ki, o yaxşı şey çəkir, mən tuxta şey. Ona görə onun qanı təmiz qalır, mənim qanım olur xarab. A kişilər, mənə rəhmətlik Paşa pəhləvan o zaman dedi gəl yanımda təlxəklik elə, gününə 30 manat verirəm. Mən eləmədim. Ancaq sizin o deputatınız 20 ildi Milli Məclisdə təlxəklik eləyir. Siz də onun tərəfini tutursunuz. Cəmi 30 sant fərqimiz var dana. Yoxsa o da nataraz, mən də. Ortası kötük, boynu təkər, qarnı boçka, əli yarmaça, boyu pısdılım.

 Başa saldılar ki, ay axmaq, bu ağacı Nizam Səfərov əkməyib, təbii yolla əmələ gəlib. Nizam Səfərov kimi süni yolla deputat olmayıb. Bax onda Cıqqer Yadulla bir balaca kövrəldi və deputat ağacına “məni bağışla, qurban olum” dedi. Ağac da bir qədər başını yelləyib yerə bir iki yarpaq atdı. Bilinmədi bağışlayır, yoxsa yox.

Cıqqer Yadulla seyid övladı olmasa da, seyid qədər hörmətli bir zat idi. 1 metr 30 sant boyu və 50 yaşı bir- birinə zidd idi. Uşaq boyunda yaşlı bir adam. Ayaqlar yoğun və gödək, baş son dərəcə yekə, qollar çox balaca, əllər çox iri.

Kimi, kimsənəsi yox idi. Ata- anası dünyasını dəyişəndən bəri yurdda tək qalmışdı. Qardaş- bacıları kənddə yaşamırdılar. Ən çox ona yanımçıllıq edən də elə Daşdəmir Bodurov idi.  Cıqqer Yadulla isə öz başını əməllicə dolandıra bilirdi- nəzir verirdi camaat ona. Deyilənə görə sınaqlı adam imiş. O da yığdığı pullarla özünü bədbəxt eləmişdi- narkomanlara qoşulmuşdu.  Daşdəmir Bodurov onu bu yoldan çəkindirə bilməmişdi. Hətta Daşdəmir Bodurov bununçün sınanmış bir üsula da əl atmışdı. Bu üsul belə idi- narkomaniyaya qoşulan dostunu Daşdəmir istəyirdi araqla bu yoldan çəkindirə. Buna görə də qəbir daşlarına çəkdiyi şəkillərdən qazandığı pulları arağa xərcləyib dostunun araqdan başının açılmamasına, guya bu yolla da narkomaniyanı tərgidəcəyinə çalışırdı. Amma çifayda- axırda özü alkoqolik olmuşdu, pulu da havaya uçmuşdu.

Bu tərəflərdə pullu uşqaları narkomaniyaya cəlb eləmək adət halını almışdı. Bu tərəflərin ən gözəl idmançılarının çoxu da bu azardan yaxa urtara bilməmişdilər. Hansısa görünməz bir əl bu işləri çox ustufca düzüb qoşurdu.

 Cıqqer Yadulla bir də onda ayılmışdı ki, bu azardan qurtara bilmir. Hər gün qazandıqlarını dost-tanışa da, özünə də xərcləyir, bu fani dünyada kefini sürürdü. Amma araq məsələsində xəsislik edirdi- pulu Daşdəmir Bodurov xərcləyirdi. Cıqqer kimilərin guya alibiləri vardı- araq olmaz, nəşə olar. Araq Quranda qadağandı, nəşə haqında heç nə deyilməyib, demək olar.

 Deyirdi – arvad yox, uşaq yox. Ev hazır, eşik hazır- kimə yığıram? 40 il qul kimi yaşamaqdansa 1 gün kayfla yaşamaq yaxşıdı.

Bu idi bu dünyada bildiyi həqiqət Cıqqer Yadullanın.

Bu tərəfin adamları bunu görsələr də, nəzirlərini əsirgəmirdilər. Cıqqer Yadulla bu dünyanın  yeganə səyyar və canlı piri idi.

Araq içdiyini də bilirdilər. Pulu arağa, nəşəyə verdiyini də bilirdilər. Amma nəzirlərini də kəsmirdilər- sınaqlı adam imiş. Neçəsinin uşağını müharibənin qan- qadasından salamat çıxartmışdı. Neçəsinə övlad bəxş etmişdi. Neçəsinin itən heyvanı tapılmışdı. Neçəsinin Rusetdəki oğlunu qaytarmışdı. Di gəl bədbəxt idi. Onsuz da Allah o dünyada belə qüsurlu adamlardan hesab sormayacaqdı. Bu da Cıqqerin və ona inananların bildikləri bir həqiqət idi.

  Amma bir gün ölüm ayağına düşdü Cıqqer. Onda dost-tanış çəkildi yan- yörəsindən. Onda qardaşı gəlib sahib çıxdı ona. Onda ömründə ilk dəfə Bakıya apardılar onu. Onda məlum oldu ki, qanı dəyişməlidi. Onda məlum oldu ki, adam barı qanının dəyişməsi üçün pul saxlamayıbmış. Onda bildi ki, qan çox baha şeydi. Onda bildi ki, bədənində olan qan necə dəyərli imiş. Onda bildi ki, qan bankı deyilən bir zad da varmış. Və bu bank əhalinin qanını soran banklardan deyilmiş. Bu yaxşı bank imiş. Qansoran banklardan neçə- neçə kənd sakininin borcunu sildirmişdı Cıqqer. Indi qan bankından qan almağa pul yox idi. cıqqerin kəndə göndərdiyi ismarıc da əlac eləmədi- nəzir göndərin, qanımı dəyişim. Ismarıcla “hac” qəbul olmamışdı. Qardaşı buna da əlac tapdı- xəstəxanalarda pulla qan verənlərdən qan almaq daha sərfəli imiş- alkaş ruslara bir konyak, bir qədər şokalad, beş- on manat da pul vermək kifayət edirmiş. Hələ sonra belə “neqrlər” də tapıldı. Çinlilər də tapıldı, hindlilər də tapıldı. Qanı yaxşı qan imiş- birinci qrup. Cıqqer bu yaşda hələ təzə bilmişdi qanı neçənci qrupdu. Və həkimə zarafatla demişdi- mənim qanım lap birinci qrup əlil kimidi, həkim. Həkim də “torpaq yetirir dəə” demişdi.

 O zaman Nizam Səfərov düşdü yadına. Nazim Səfərov hər seçkiöncəsi kəndə gələndə görüşürdülər. Deyəsən Nazim Səfərov da onun kəramətinə inanmışdı. Hər dəfə  pul vermişdi ona. Özü də dörd çağırış deputat olmuşdu. indi adamı dörd dəfə deputat elədiyinə inanan Cıqqer ondan kömək ummuşdu. Amma məktublara cavab gəlməmişdi.

Cıqqer ondan qisas alacağına söz vermişdi.

  Qardaşı sağaltdı onu. Kitaba əl də basdırdı- nəşəyə yox, vəssalam. Arada araq olardı. Kəndə dönən Cıqqerin sanki dönəlyəsi dönmüşdü. Daha nəzir filan xeyli azalmışdı. Bir də eşitdi  bunun hamısının səbəbi qandı- dəyişdirilmiş qan. Bədənində rus qanı, çin anı, “neqr qanı” olan adama nəzir vermək istəmirdi camaat.

Indi qardaşı pul göndərməsə Cıqqer  korluq çəkə bilərdi.

Bu vəziyyət çox üzürdü Cıqeri. Halal müsəlman qanı olsa yenə dəyişdirərdi qanını. Bu barədə Nazim Səfərova bir neçə məktub yazdırdı- ya mənə halal milli qan tap, ya da yardım elə, cənab deputat. Amma xeyri -bəhri olmadı. O da acıqlanıb Deputat Ağacının qabığını soydu.

Amma biləndə ki, bu ağacın o deputata dəxli yoxdu, çox peşman oldu. Hər gün gəlib 5-10 dəfə ağaca baş çəkirdi. Ağac saraldıqca o da saralırdı.

O biri yaz ağac yarpaq açmadı. Çıqqer də yatağa düşdü. Satınalma qanlarda hepatit varmış. Sonra da ölüm xəbəri gəldi. Sonra da Daşdəmir Bodurov başladı fəaliyyətə- ərik ağacını yonub, rəndələyib Cıqqer Yadullanın ağac heykəlini düzəltdi. Bu işə lap sənət əsərini yaradırmış kimi girişmişdi Bodurov. Guya qoca rəssam Brehman “Son Yarpaq” əsərini yaradırdı.

O arada Nazim Səfərov gəlib kəndə çıxdı. Ağac heykəlin önündə bir xeyli düşündü- dodaqaltı hansısa duanı oxumağa başladı.

O il ərik ili oldu, yığıb yığşırma olmurdu.

Kənd cavanları Cıqqer Yadullanı ərik arağı ilə yad elədilər. O il Nizam Səfərov yenə deputat seçildi. Bəlkə də heykəlin kəraməti idi. Sizi inandırım, Nizam Səfərov özü də bunu belə bilirdi.

 Sonra Nizam Səfərovun içkili vaxtlarının birndə ağzından çıxdı ki, Cıqqerin ağac heykəlində də kəramət var. Heykəlin önünə axın başladı.

Bələdiyyə başçısı məcbur olub heykəlin qarşısındakı mağazanın divarına nəzir qutusu qoydu. Guya burda nə vaxtsa bankomat qoyulası idi.

Sonra kənd məscidinin axundu qarışdı işə bələdiyyə hara, nəzir qutusu hara? Iş böyüdü. Axırda kompromis əldə olundu- qutu polisin müşayiəti ilə açılacaqdı. Pul da qardaş malı kimi 3-4 yerə bölünəcəkdi. Daşdəmir Bodurov təklif etdi ki, rəhmətliyin ruhuna ehtiram əlaməti olaraq bir- iki nəfərin nisyələrinin silinməsi də o qutunun hesabına olsun. Amma  bu istək baş tutmadı. Daşdəmir Bodurov yenə o şeiri dedi:

-İgidliyim tutsun səni, ağac!

 

Yazıya 936 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.