ZİYA ALAR – Çoban oğlu

ziya alarÇoxdanın söhbətidir. Bu ucqar  kəndin məktəbində on dörd fənn üzrə altı müəllim dərs deyirdi. Fənnlərin dördünü Ölməz müəllim, qalanlarını isə qonşu kəndlərdən təyin olunmuş müəllimlər tədris edirdilər. Proqramları şagirdlərə mənimsədə bilsinlər deyə müəllimlər dərsləri iki növbəyə-gündüz və axşam növbələrinə bölmüşdülər. Ölməz müəllimin “beşinci fənn”  kimi tədris etdiyi “ bədən tərbiyyəsi ” dərslərini nəzərə alsaq bu məktəbdə üçüncü-gecə növbəsi də fəaliyyət göstərirdi. Kənd sakini olan Ölməz müəllimin böyük məqsədi var idi: deyirdi ki, kəndin məmurları da, müəllimləri də bu kənddən çıxmalıdır.

dərsləri adəti üzrə əvvəlcə sinifin ən zəif şagirdindən soruşardı. Onunla daha çox çalışardı ki, dərsi zəif qavrayan şagird olmasın.

Tahir Ölməz müəllimin ən çox vaxt ayırdığı şagirdlərdən biri idi.

Ölməz müəllimin nə qədər mülayim görünsə də, sərt üzü də çoxlarına məlum idi. Əsəbiləşəndə  stolu döyəcləyib  “Ay çoban!” deyirdi.  Dilinin şakəriydi.

Günlərin birində Tahir dərsə həmişəki kimi hazır deyildi və sinifdə də  dəcəlliyindən qalmırdı.  Ölməz müəllim onun üstünə acıqlanmaqdan bezmişdi, Tahir dəcəlliyindən qalmırdı. Axırda müəllim dedi ki, ay Tahir ta sən böyümüsən. Oxu atan kimi, çoban olma. Elə söz müəllimin ağzında qalmışdı ki, Tahir çantasını götürüb sinifdən getdi. Müəllimin matı-qutu qurumuş halda onun dalınca baxa-baxa qaldı.

Heyf atasına! – Müəllim uşaqlara dedi, – sinif yoldaşım olub. Çox yaxşı insandı. Əlaçı idi.

Bəs niyə onun atası ali təhsil almayıb? Çoban olub.  —Aydan soruşdu.

Ölməz müəllim xəyalən çox uzaqlara getdi və sanki ordan cavab verdi:

Unversitetə daxil olmuşdu. Onu oxutmağa

ailəsinin imkanı çatmadı. Qayıdıb gəldi atasının, babasının yanına. Onların yerinə nobata getdi.  İndi istəmirəm ki, Tahir də qoyun, quzu dalınca düşsün… Amma deyəsən bu dəfə qəlbinə dəydim.

Ölməz müəllim evə qayıdanda günəş çoxdan dağların arxasında yatmışdı. Yağışlı hava olduğundan adəti üzrə qara dəri ayaqqabılarını çıxarıb torbaya qoyub, uzunboğaz çəkmələrini geyinmişdi. Pencəyini çıxarıb qolunun üstünə almışdı. Səliqəli olduğu qədər də titiz vasvası adam idi.  Evə məyus halda qayıdırdı. Tahirin xətrinə dəydiyi üçün peşman olmuşdu. Yol boyu  özünü “Ay çoban” sözünə görə tənbeh edir, danlayırdı.

Başını qaldıranda Tahirin atasının atı yorğa çaparaq onun üstünə gəldiyini gördü. Bir az ürəyi sakitləşdi. Hər şeyi onun atasına danışacaq və sıxıntıdan qurtulacaqdı.

Tahirin atası həmişə Ölməz müəllimi görər-görməz hörmət əlaməti olaraq atdan düşüb onunla salamlaşardı. Bu dəfə elə olmadı. Atını düz onun üstünə sürdü. Hətta salam almadan qırmancı göydə fırlatmağa başladı.

Ölməz müəllim, — qarabığlı kişi qüvvətli qollarıyla atın yüyənini tutmuşdu. Gur səslə soruşdu —  orta məktəbdə sən yaxşı oxuyardın yoxsa mən!?

Əlbəttə sən! — Ölməz müəllim çəkinmədən etiraf elədi.

Bəs çoban olmaq ayıbdı? Sən niyə mənim oğlumu atasının peşəsinə görə alçaldırsan? Kim olub sənin atan-baban?

Əsəbindən ağlını itirmiş kişi bu sözə bənd imiş kimi qırmancı başının üstündə fırlayıb qara bəxtinin, səhv düşmüş taleyinin qisasını Ölməz müəllimdən aldı. Kişinin ağzının, burnunun qanını bir-birinə qatdı.

Hay-küyə qonum-qonşu çıxdı, gəlib Ölməz müəllimi dəli dana kimi gözü dönmüş çobanın əlindən aldılar.  O da atını minib getdi.

Maşını olan qonşu kişi Ölməz müəllimi xəstəxanaya aparmağa çalışırdı. Bu vaxt müəllim palçığın içində tapdalanmış pencəyini götürüb uşaqlardan birinə verdi və tapşırdı ki, onun evinə aparsın. Yoldaşına desin ki,  pencəyi təcili yuyub peçin yanında qurutsun.  Səhər məktəbə geyinəcək.

Dava-dalaş söhbəti polisə çatmışdı və hadisəni yaşlı bir müstəntiq araşdırırdı. Protokolda belə yazılmışdı:

Ölməz müəllim şagirdini danlayaraq həmişə atasının peşəsinə görə təhqir edirmiş! Tahir də müəllimin sözünü hər dəfə atasına çatdırırmış. Atası da bu günə qədər dözsə də səbri tükənib, hesab edib ki, sinif yoldaşı olmuş Ölməz indi ona yuxardan aşağı baxır, peşəsinə görə təhqir edir, uşağını başqalarının yanında alçaldır. Amma Ölməz müstəntiqə izah etməyə çalışırdı ki, o əslində nə Tahiri nə də onun atasını təhqir etmək niyyətində olmayıb.  Sözü başqa mənada deyib, Tahirin çoban yox, ziyalı olmasını istəyir. Amma hələ də onların işləri o qoca müstəntiqdədir. Kimin haqqlı, kimin haqqsız olduğu ortaya çıxmayıb. İş uzandıqcaq uzanır…

 

 

 

 

 

 

Yazıya 850 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.