“Bizləri döyüşə səsləyir Allah”

ilaheGənc müğənni İlahə Mələklə müsahibəni təqdim edirik:

-          Necə oldu ki, müğənni olmağa qərar verdiniz?

 

-          Mən uşaq olarkən musiqi duyumum güclü idi və musiqiyə həddindən ziyadə həvəsim var idi. Uşaqlıqdan musiqi dünyasının cazibəsindən ayrıla bilmirdim. Eşitdiyim və ürəyimə yatan mahnıları öz-özümə zümzümə edirdim. Elə bilirdim ki, mən musiqi üçün doğulmuşam. Məktəb illərində, müxtəlif şənliklərdə müəllimlər mahnı və şeir oxumağım üçün mənə müraciət edirdilər. Məktəb illərindən sonra, qohumların, dostların ad günü və toy məclislərində mənə həmişə təklif edirdilər ki, bir-iki mahnı mən də oxuyum. Mən artıq qərar verdim ki, mən professional müğənni olacağam və professional müğənni kimi gələcəyimin olub-olmamasını öyrənmək üçün üz tutdum Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına. Oradan müsbət cavab aldım, yəni mənim müğənni kimi gələcəyim var! Bu, mənə böyük stimul verdi və mən cidd-cəhdlə başladım öz üzərimdə işləməyə.

 

-          Ən çox dəstəyi kimdən görmüsüz?

 

-          Əlbəttə ki, ilk növbədə mənim anam öz xeyir-duası ilə mənə dəstək olub. Sonra mənim müəllimim – görkəmli dramaturq-şair Mirmehdi Seyidzadənin nəvəsi, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının müəllimi, rejissor, olduqca istedadlı bəstəkar Elgün Seyidzadə və gözəl şairə Hacı Azadə Taleh Abbasqızı mənə çox böyük dəstək olublar. Fürsətdən istifadə edib, onlara bir daha öz minnətdarlığımı bildirirəm və deyirəm: “yaxşı ki, varsınız!”. Düşünürəm, nə yaxşı ki, dünya yaxşılardan xali deyil. Məncə, yaxşı insan olmaq özü də bir uğurdur.

 

-          Əsasən hansı janrlara müraciət edirsiniz?

 

-          Janrından asılı olmayaraq ürəyimə yatan bütün mahnıları ifa edirəm.

 

-          Hansı bəstəkarlara müraciət edirsiniz?

 

-          Qeyd etdiyim kimi, mənim müəllimim – Elgün Seyidzadəyə müraciət edirəm.

 

-          Bu yaxınlarda yerli televiziya kanallarının birində sizin klipinizi izlədim. Sözün açığı, həm mahnını, həm də ifanı olduqca bəyəndim…

 

-          Yəqin ki, söhbət “Bizləri döyüşə səsləyir Allah” klipindən gedir.

 

-          Tamamilə doğrudur.

 

-          Həm klipin rejissorluğu, həm mahnının bəstəsi, həm aranjemanı Elgün Seyidzadəyə məxsusdur. Klip başlayarkən Cənab Prezidentimiz İlham Əliyevin ruhlandırıcı sözləri ilə başlayır, bitəndə isə görkəmli xalq şairimiz Zəlimxan Yaqubun “Qələbə” şeirindən bir hissə ilə tamamlanır. Qeyd edim ki, mahnının sözləri vətənpərvər şairəmiz Hacı Azadə Taleh Abbasqızına aiddir. Beynəlxalq Mətbuat Mərkəzində klipin təqdimatı olub. Məncə, bu gün bu cürə mahnılara – yəni vətənpərvərlik mövzusunda yazılmış mahnılara ehtiyac var. Bu mahnı dəfələrlə radioda və televiziya kanallarında səsləndirilib və nümayiş etdirilib.

 

-          Qarşıda hansı planlarınız var?

 

-          Hal-hazırda iki yeni mahnı üzərində işləyirəm. Mahnılardan biri, sözləri Hacı Azadə Taleh Abbasqızına məxsus olan “Nə deyim bu sevgiyə?”, digəri isə sözləri olduqca istedadlı gənc şairimiz Cavidan Əfəndiyevə məxsus olan “Son söz”dür. Cavidan müəllimin bir neçə şeirini qiraətçi kimi ifa etmişəm. Olduqca dərin məzmunlu və ürəyəyatan şeirlərdir. Cavidan müəllim ifamı çox bəyənib və mənə şəxsən öz minnətdarlığını bildirib. Adı çəkilən hər iki mahnının bəstəkarı isə mənim üçün dəyərli olan müəllimim Elgün Seyidzadədir.

 

-          Biz də öz növbəmizdə sizə daha böyük yaradıcılıq uğurları arzulayırıq.

 

-          Çox sağ olun!

Yazıya 717 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.