Bəxtiyar Hidayət – QALSTUKKƏSƏN KİŞİNİN DASTANI

bextiyar  Kəndə gəlib- gedən mollaları buzovlu da sağmışdılar, oğursaq da, di gəl beləsinə ilk dəfə idi rast gəlirdilər. Yox, bu adam əməlli- başlı  söz dağarcığı idi, hardan deyirdilər ordan kəsirdi,hardan kəsirdilər ordan deyirdi. Özü də təzə sözlər, təzə atmacalar. Camaat onunla məzələnmək istəyəndə, o da camaatla məzələnirdi- amma bunu elə edirdi, camaatın da xoşu gəlirdi.

Molla mərəkəyə daxil olan kimi sözü hansı havaya oynatmalı olduğunu anlamışdı. Hələ sonrasında bu Allahla, ölüylə, cənnət- cəhənnəmlə, dinlə məzələnən camaata şəriətin vacibliyi haqda da danışa bildi.

Hələ məclis başlamamışdı, mərəkə idi. Amma yas yeri hara, özü də belə bir gündə laqqırtı, şəbədə hara?

Mollaya eşitdirirmiş kimi bir ağsaqqal ucadan deyirdi:

-          O dəfə bir molla deyir gəl haq yoluna. Orucunu tut, namazını qıl, zəkatını ver. İmkan olanda da hacı olaran.  Dedim, tutaq ki bunun hamısını elədim, mənə nə xeyri? Dedi olacaqsan mömin, öləndə cənnətə  düşəcəksən. Dedim qağa, ordakı yerin kupçasını göstər, bu dəqiqə namaza başlayıram. Yoxsa aldada bilməzsən.  Görürük dana hacıları. O ilisi Əsəd (köhnə icra başçısını deyirdi) haca göndərdiyi adam geri qayıdan kimi hacılığını çappa çappa yumadılarmı? Içməyəydi dana, içməyəydi. Görüm içməyə bilərdimi. Əsəd onu bu dəfə  gedərgəlməzə göndərərdi. Orda da hacı- zad işə keçmir, ilan hamının gözünün yağını yeyir.

Molla hər şeyi hər şeyi  görən Allahın ixtiyarına tapşırıb camaata qoşuldu. Çadıra baxanda əti ürpəşdi. Göy çadırı qonşunun hasarıın üstünə salıb uclarına 3-4 yerdən iri daş başlamışdılar. Bir ucunu da bir neçə payanın üstündə bəndişləmişdilər. Qıraqlara isə köhnə- köşkür adyal, peşkir çəkmişdilər. Çadırdan spirt iyi gəlirdi. Yüz faiz bundan əvvəl tut yığıb araq çəkmişdilər.  Bəlkə də mərhumənin özü araq qazanının sonuncu dəfə qaynadıb o dünyaya yollanmışdı, qır qazanında qaynamağa. Amma yoox. Belə bir gündə ölən adam qeyd- şərtsiz cənnətin ortasında yer alır, onun “kupça”sı hazırdı bəribaşdan.

–Eh, nə deyim ee. Biz tərəflər də belədi, kəndin birinə xanəndələr getməyə qorxur, birinə mollalar, birinə qaraçılar. Birində də qarğanı çatdadırlar.

Camaat da “ay sağğ ol, ay sağğ ol” deyib onunla razılaşdı.

Və həmən də mollanın saqqalına ilişdilər:

-Molla qardaş, sənin saqqalın ağarıb, amma saçın şəvə kimi qap- qaradı. Bu nə sirri xudadı? Yoxsa seçilmişlərdənsən?

-Ay sağ olmuş, saçım dünyanın düz vaxtında çıxmağa başlayıb. Saqqalım çıxanda it yiyəsini tanımırdı, 90-cı illər idi. Ölkədə müharibə gedirdi, aclıq, qıtlıq canımızı üzmüşdü. Şirinçay içməkdən  camatın bədənini qarışqa yığılırdı. O dünyada da camaatın bədəninə qarışqa daraşırdı, bu dünyada da. Saqqal yazıq ağarmasın, neynəsin?

Hə, bax onda gördülər bu molla o mollalardan deyil. Yoxsa məhz bu yas yerindəki adamlar mərhumənin götürülən günü mollanın başına it oyunu açmışdılar. Onda yağışlı, palçıqlı gün idi- cənazə də ağır. Yol uzaq. Dedilər, molla, bizdə adət var, gərək cənazənin başından molla yapışa. Mollanın da nə xəbəri, çörək ağacından yapışırmış kimi cənazədən yapışdı. Bunlar da cənazənin molla yapışan qolunu dəyişənin əmdiyi südün qaymağına  söyüş  qoydular.  Daha kim götürər o söyüşü və o ölünü. Palçıqlı yolların yoxuşu mollanın amanını qırdı. Dili eşikdə qaldı, ağzından buğ çıxdı. Beli isdahatdan çıxdı. Molla oldu ostraxandroz- beldən qrija. Camaat da ağıldanqrıja adı qoydu yazığa…

O zaman heç fərqində də deyildilər ki, bu gün müqəddəs gündü- imamların qırılan günüdü. Onlar üçün qrija günü idi. Keçən il məhz imamların qırılan günü toy olmuşdu kənddə.

3-nə gələn mollanın bir az ipini buraxdılar. O da həvəslənib başladı dərin- dərin din, iman söhbətləri eləməyə. Axırda da qayıtdılar ki, ayə, səni nə yaman qandırıflar, ölən ölü də dirilərmi? Bə bu dirilmə neçə il çəkir?

Çaşıb qalmış molla təxmini rəqəm dedi:

-Hardasa min il olar.

-Bə Səhl Sumbat niyə dirilməyib onda, haaayh?

- O kimdi?

-Babəki satandı, Babəki. Dirilsə yapışardıq yaxasından.

Molla o gedən getmişdi. Indi bu molla yaxşı qazancda olacaqdı. Həm də 33 gün sonra  mərhumənin qırxını bağlayıb yal- quyruğu yoluq yola düşən mollaların da əvəzinə pul alacaqdı.

… Çadırın altına keçdilər. Molla başda oturdu. Çadırda qəribə bir aura vardı. Adamlar eşikdəki adamlara oxşamırdı. Göy çadır rəngləri dəyişmişdi. Sanki adamlar o dünyadan gəlmişdilər. Bir qədər özünü itirən molla sonradan bu haqq hesabın çadırın “əməli” olduğunu anladı. Və bunu da Allahin möcüzəsi saydı- gör haa, bu qırılmışlar araq çadırını yas çadırına çevirdilər deyə Allah bunları nəyə oxşatdı. Nəinki adamların, qabaqdakı yeməyin də, göy göyərtinin də, halvanın da rəngi göyə çalırdı. Turp kal pomidor turşusuna oxşayırdı. Halva kaşaya oxşayırdı. Adamlar o dünyadan gəlmişlərə. Kimsə mollanı göstərib yanındakına- ona bax əə, ona bax, cəhənnəmdən bezbilet qaçmışa oxşayır- dedi. Molla onda bildi ki, çadır onun da rəngini – rufunu dəyişib.Onda bildi ki, burda möcüzə- filan yoxdu. Hər an atılacaq lateyir söz- söhbətə qarşı özünü tam hazırlamışdı. Bir azca salam- duadan sonra o lateyir sözlər yenə atıldı.

Yerdən bir müəllimin atmacalı sualı gəldi:

-Molla, yaxşı bəs elm deyir insanın milyon yarım yaşı var. O dövrün qalıqları da tapılıb. Din də deyir cəmi 10 min ildi dünyanın yaşı. Mən özüm müstəqil ölkənin müstəqil tarix müəllimiyəm, bu məsələləri də araşdırıb bir yerə çıxa bilmədim.

-Əvvəla, müəllim, sizin aldığınız “beşgünlük” maaş varmı?

-Bəli, bəli. Öyü yıxılmışlar sizin ramazan bayramınızı bəhanə edib 2-3 ildi beşgünlüyü ikigünlük eləyiblər.

-Amma dünyaya da beşgünlük dünya deyirik. Bəs bu nə deməkdi. Görürsünüzmü, bu beşgünlük o beşgünlükdən deyil. Allahın günü də kim bilir nə qədərdi. Sən özün gör nə qədər beşgünlüyə qol çəkmisən. Amma hələ qabaqda nə qədər ömrün var, hələ də yaşayırsan. Imkan versələr 90 yaşına kimi zəng səsi ilə hərəkət eləyərsən. Dünya isə beşgünlük. Görürsənmi bu beş gün o beşgündən deyil. Heç ikigünlük də o ikigünlükdən deyil.

-Hə, hə, atana rəhmət.

-İkincisi də yenə din dediyidi. Biz elə müstqil dövlət olmağımıza görə də müqəddəs torpaqlara borcluyuq. Bizim müstəqilliyimiz Sovetin dağılması hesabına oldu. Soveti Amerika dağıtdı. Demək Amerikaya borcluyuq. Amma Amerika kafir ölkədi. Kafirə borclu olası ha deyilik? Bəs kimə borcluyuq? Həə,  Amerika  Səudiyyənin nefti hesabına dağıtdı Soveti. Demək Səudiyyəyə də borcluyuq. O müqəddəs torpaqlara borcluyuq. O müqəddəs torpaqlarda yaşamış adam nədi ee, brontozavra, triozavra, nə bilim e, dinozavra, ağaca, daşa hər şeyə borcluyuq. Amma indi Səudiyyə vəhhabilərin əlindədi. Səudiyyənin indiki adamlarından o vaxtkı dinozavrları daha müqəddəsdir.
  Müəllim lap məəttəl qaldı bu cavabdan. Məclisdəkilər də heyranlıqlarını gizlətmədilər..

Gördülər bu zalım oğlu lap alim kimi danışır, ağır artilleriyanı- Snaryadı işə saldılar. Bayaq kupçadan danışan da o idi. Adamın doğma adı Naryad idi, amma daha çox Snaryad kimi tanınırdı. Atdığı sözün mənzili çox uzaq olurdu, zərbəsi çox ağır olurdu. O üzdən də Snaryad olmuşdu.

Bu arada Snaryad kişinin bircə məharətindən bəhs etmək lazım ki, onun necə biri olduğunu biləsiniz.

Hər toyda Vahidi içirdib Cimi- Cimi oynadardılar. Hələ mikrafonu verib hind mahnıları da oxudardılar. Vahid də dilinə o zəhərdən dəydimi özünü Çakrabortinin özü sayır. Gah karate göstərir, gah xanəndə olur, gah da rəqqas. Dınqırasüzənlik nədi ee, lap süpürgəyəsüzənlik də eləyir. Çünki süpürgə bir növ Ciminin gitarasına bənzəyir.

Amma o gün toy qonşuda idi və ata- anadan, qonu- qonşudan utanan Vahid Cimi olmayacaqdı. Dilinə o zəhərdən vurmayacaqdı.

Elə də oldu, dilinə o zəhərdən bir qram da vurmadı. Axşam mağar başladı. Bəs Cimi- Cimi oyunu olmayacaqmı? Bax bu an Snaryad girdi meydana. Bir xeyli çıxış edib, birdən mikrafonu şnurlu zadlı atdı Vahidin  üstünə:

- Cimi, derji gitaraa ( a uzadılmış).

Vahid cumdu nə cumdu. Mikrofonu göydə qapıb əlinin birini yerə çırpdı. Guya  o məhşur filmdəki kimi gitaranı qırırdı. Və bağırdı:

-Neeett (e uzadılmış).

Məlum oldu ki, Vahid içməyəndə daha yaxşı Cimi olurmuş, daha yaxşı rəqqas olurmuş, daha yaxşı karate göstərirmiş. Bir qədər sonra lap Cimi kimi atdı kostyumunu da.

Başladı həmin mahnını oxumağa:

-          Qahahumu qahahum, abicay, abicay, etibaaar (a uzadılmış)

O gecə Vahiddən başqa oynayan olmadı o mağarda.

Bax belə itoynadan idi Snaryad.

İndi Mollanın ən sevər yerindən vurdu. Demək mollanı tanıyırmış. Gəliin biz də tanıyaq mollanı.

Həyatında qalstukun xüsusi rolu vardı. Uşaqlığı da, cavanlığı da qalstukun zibilinə keçmişdi.

Uşaq vaxtı hardansa bir bahalı qalstuk tapmışdı. Gətirib bağladı Çılpaq adlı qara küçüyünün boğazına. Küçüyü kənddə beləcə qaltuklu-qalstuklu  gəzdirdi. Həmin qalstukdan kənd soveti də taxmışdı, məktəb direktoru da. Hər ikisi onun küçüyün boğazına qalstuk taxıb kəndin içində dəməxos- dəməxos  gəzməsini gördü.

Iş polisə qədər gedib çıxdı. Məktəbdə də məsələ qoyuldu. Məlum oldu ki, bu zalım heç məktəbdə qalstuk taxmırmış. Pioner qalstuku ütü görməyibmiş.  Beləcə də məktəbdən qovuldu. Evdə onun da, Çılpağın da hörməti aşağı düşdü.

6-7 il sonra isə qoşuldu OMON-çulara. OMON üsyanında rayon polis idarəsinin binasını tutanlardan biri də o idi. Nə ağıl elədisə, rəisin qalstukunu kəsdi. Elə qalstuku kəsdiyinə görə də işi ağır oldu- 13 il.

Türmədən isə molla kimi qayıtmışdı. Amma hamı Qalstukkəsən deyirdi ona. Türmədən gələndə Çılpağı qapıda görmədi. Dedi yəqin qocalıb ölüb. Indiyənə qalsa da heç maraqlanmazdı, bəlkə də azdırardı. Qara it saxlamaq günüh imiş. Amma bildi ki, o tutulanda it bir ay heç nə yeməyib. Harda polis görürmüş cumurmuş üstünə. Çılpaq onu gözləyə -gözləyə evlərinə dönən yolaqda aclıqdan ölüb. Bu dünyada onuçün ölən yeganə varlıq idi qara rəngli Çılpaq. Amma qara it saxlamaq günah imiş. Lənətlənməliymiş qara it. O , qara it üçün o dünyada sorğu- suala da tutulacağına inanırdı. Cavabı da hazır idi- bilməmişəm, cahil olmuşam.

Buna görə də qara itin ölümü Qalstukkəsənin halına tavfavüt də eləmədi. Qara it saxlamaq günah imiş, vəssalam.

Hə bu arada Snaryad açıldı:

-Saakaşvili niye qalstuk yeyirdi?

- Əşşi bizimkilər ölkəni yeyir, heç ondan danişmirsan, Amma Saakaşvilinin qalstuk yeməyindən danışırsan. Öz qalstukudu öz ağzıdı öz dişi öz çənəsi. Mənə nə, sənə nə, ay rəhmətliyin oğlu. Parça qıtlığı ha deyil dünyada.

Snaryad beləcə zərərsizləşdirildi.

Indi də başqa bir “bomba” partladı:

-       Molla, bizim o patriotka var ee, düzdümü ki, Şuşa qayıtmasa ərə getməyəcək?

Bu bomba da zərəsizləşdirildi:

-       Bax, əzizim. Birincisi o adam patriotka yox, matriotkadı.

-       Nəə?

-       Matriotka. Axı qadındı o. Bə nətəri olur, qadınlar dövrü matriarxal dövrü olur, kişilər dövrü patriarxal dövrü olur. Tarix müəlliminiz də təkrarlaya bilər bunu.

Tarix müəllimi müticəsinə təkrarladı:

-Bəli, bəli. Afərin sənin savadına, bala.

Molla sözünə davam etdi:

- Amma vətənpərvər kişi də patriot olur, qadın da? Demək qadın patriotka yox, matriotka olur. Ikincisi də, ölkə nə qədər şəhid verməlidi o qadının ərə getməsi üçün? Bəlkə bu qadın gözəl Yelenadı? Onun üstündə başlasın indi də müharibə? Sən öləsən işə düşmüşük ee, haranın kafir dastanları var gətirib dürtüşdürürlər ölkəmizə. Sizə Troya müharibəsi lazımdı? Yoxsa Aristotel lazımdı? O yandan düşmən gələndə dabanımıza tüpürüb qaçanlarıq biz. Yoxsa bizə Axilles dabanı lazımdı.

Xor şəklində cavab gəldi:

-Yox, yox, bizə onlar lazım deyil.

Yenə də qələbə.

Bu arada molla cüt səbir gətirdi- həəpçi, həəpçi.
Yerbəyerdən “sağlam ol, sağlam ol” dedilər. Hətta bir- iki nəfər cüt səbirin ona düşdüyünü, ona uğur gətirdiyini dedi. Qalstukkəsən yenə təzə söz dedi:
- Möhtərəm müsəlmanlar, asqırıq uğur gətirsə, çəpişdən uğurlu canlı olmazdı. Amma çoxu heç dıvır ola bilmir, küyər ola bilmir, təkə ola bilmir. Cəmi cümlətanı 5-6 ay həyat üzü görürlər. Sonra da boğazlarına bıçaq çəkirik. İnanmayın belə şeylərə. Asqırıq sadəcə Allahın bir lütfüdü. Asqırıq olmasa insan tez ölər.

Yerdən sonuncu, öləzimiş bir sual da gəldi:

-       Molla, bu dövlətin yolu nə yoldu belə?

-       Dövlət var ki? Dövlətin yolu var ki. Dövlətin yolunu qoruyanlara baxın- DYP. Tərsinə oxuyanda olur PYD. Bizim DYP ölümdən- itimdən daha çox pul qazanır, nəinki PYD. Yol şəriətdədi, islamdadı. Vaxtilə ayaq altına bir kəlağayı atıldı, millət ayaqlayıb keçmədi, erməninin üstünə getmədi. Bax din buyurur bunu. Indi ayaqlar altına hüquq atılır, demokratiya atılır. Üstündə  də ordular parad keçirir. Budu azadlıq? Budu demokratiya? Görürsünüzmü, hamısı boş şeydi. Amma kimsə islamı, şəriəti ayaq altda ata bilməz. Demək yol bu yoldu. Mən hamınızı islama, cənnətə dəvət edirəm. Yoxsa jevrovijn, nə bilim ATƏT, filan, bəsməkan. Bunlar hamısı Azərbaycanı inək kimi sağırlar, hörmətli müsəlman qardaşlar. Danalı da sağırlar, oğursaq da sağırlar. Uje Vətənin məmələri kor olmaqdadı. Amma jevrovijndəki qızın məmələri o inəyin məmələrini yaddan çıxartdı ay camaat. Mənim nəyimə lazım yevrovijin? Dövlət adamlarına baxın- əksəri qoşunun yerini deyənlərdəndi.

…Artıq camaat ağzını ayırıb dinləyirdi mollanı. O da başladı öz moizələrinə. Allahdan, peyğəmbərdən, imamlardan danışıb qurtarandan sonra keçdi mərhumə Alagöz arvada. Mərhumə Alagöz Məhəmməd qızının çox müqəddəs gündə öldüyünü, onun demək günahsız, pak olduğunu, Allahın sevimli bəndəsi olduğunu xüsusi bir nida ilə vurğuladı. Belə ölümün onun öz əzizlərinin də başına gəlməsini arzuladı. “Alagöz anamız”  deyə elə yanıqlı yanıqlı danışırdı, boğazında sözü elə qaynadırdı, elə bil müsabiqədə səs imtahanı verirdi..

  Amma camaat daha da qımışmağa başladı. O danışdıqca bayaqkı qələbələrini əldən verirdi. Hesab bu lateyir camaatın xeyrinə dəyişirdi. O dünyadan gəlmişlərə oxşayan camaat dodaqaltı qımışdıqca yeni- yeni rənglər alırdı. Nəyə gülürdü bu qırılmış? Alagözün nəvəsi də qımışırdı. Hətta məclisdəkilərə- görürsünüüz, biz az millətik, amma qızıl millətik ( tayfaları haqda) deyirdi.

Molla tezbazar getmək istədiyini bildirdi. 40 mərasiminin vaxtını dəqiqləşdirib çıxdı. Bu arada qadınlar ağlaşmadan çıxmışdılar. 4-5 qadın yaxınlaşıb utana- utana pul uzatdı. Bildirdilər ki, ölənlərinə dua oxutmaq istəyirlər. Molla da pulu alıb mərhumların adlarını dəftərçəsinə yazdı. 20 manata yaxın pul yığılmışdı. Aparıb əyər- əksiyinə verəcəkdi. Sonra da hamısının adını bir cümləyə yerləşdirib bir dua oxuyacaqdı.

… Sağollaşıb çıxdı. Onunçün maşın ayırmışdılar. Maşında ağsaqqal bir kişi də vardı-Nərman kişi. Rayon mərkəzinə gedəcəkmiş. Özü də mollaya hörmət əlaməti olaraq bəri başdan arxa oturacaqda oturmuşdu.

Yola düşdülər. Molla Nərman kişidən camaatın niyə onun sözlərinə qımışdığını soruşdu.

Nərman:

-       A bala, yaxşı gəlmişdin, amma Alagözü yalan yerə təriflədin. Sən onu bizdən yaxşı tanıya bilməzsən. Sən bizim kənddən olsan özün də yəqin zina eləmiş olardın onunla. Bütün kəndi o yoldan çıxarardı. Əlində oğruluq da vardı. Cavan-cümrü nə oğurluq edərdi, Alagözün qazanında qaynayardı. Onun qazanında halal yemək bişməyib. 70 yaşında təzədən ərə getmişdi. Bir il çəkmədi əri öldü. Ərinin uşaqlarını az qalırdı evə qoymasın. Rayonun polisi onunla bacarmırdı. Qayıdası yeri də yox idi. Axırda nəvəsi gətirdi evə- 200 manat pensiyasına görə. Dəfn olunan gün də deyirmiş öz əlimnən ayda 200 manatı dəfn elədim.

-       Sən dünyanın işinə bax bir.

-       Alagöz arvadı bəlkə də Allah bağışlayar. Mən Allahın işinə qarışa bilmərəm. Amma onun o itə elədiklərinə görə Allah bağışlamaz onu, bağışlamaz, bağışlamaz. Hayıf Kəlləqardan.

-       Neynəmişdi ki itə?

Qızları bir- bir köçürdüb evdə tək qalan Alagöz köhnənin oğrusu təzədən xal açan kimi olmuşdu. Ev dönmüşdü karvansaraya. Kimi itirsən burda tapardın. Kimin toğlusu, çəpişi, qoyunu itsə, burda kəsilərdi. Cavanlar az qala gecə də burda gecələyirdilər. Evin boşalmağı Alagözün də boşalmağına şərait yaratmışdı. Eşşəkdən Alagözə keçmişdi cavanlar. Amma bu belə davam edə bilməzdi. Bir gün qərara gəldi ki “taksidə gəzdiyi bəsdi” , “özünə bir şəxsi maşın alsın”. Beləliklə Şofer Məhəti saldı toruna. Şofer Məhət az qalmışdı öz çırağını söndürüb onun çırağını yandırsın.  Ağsaqqal, qarasaqqal yığılıb başına ağıl qoydu. O da qayıtdı öz ailəsinin içinə, öz həyatının altına, öz çırağının işığına.  Alagözün oxu daşa dəyib rekaşet verdi və  bu rekaşetdən yaranan qığılcım qisas alovu törətdi.

O vaxtlar kənddə otun qızılı çıxmışdı. Sovxoz direktoru Samedov  sözün həqiqi mənasında kənd camaatına yay boyu ot yoldururdu. Xalx Bakıdan, Gəncədən, Şəkidən və s . yerlərdən gəlib kənddə yay boyu sərinləndiyi halda kəndin camaatı əsl cəhənnəm alovunda qorsalanırdılar. Samedov  hətta müəllilərin də istirahətini qadağan etmışdi. Hamı ota, vəssalam. Sovxozun malı qırılası deyildi ki.

O dərədə Smedovun bir sözünü iki edən olmazdı. O dərələrin polisi də , hökuməti də, ağası da və hətta Allahı da Samedov idi. Və Samedovun ot qaydası belə idi-üçü birində. Yəni üç taya otu yığacaqsan sahədə. Samedov da gəlib o tayaların ikisini sovxoza seçəcək. Yerdə qalan sənindir. Indi sən də məcbursan ki, hər üç tayanı eyni yığasan. Bu da cəhənnəm. Samedovun ot qaydalarından biri də bu idi ki mal dama girənə qədər gərək ot qalaydı sahədə. Ona qədər də gərək tayaların qırağını xal-xallayaydın ki, mal-qoyun yeməsin. Əgər ot yeyilibsə o yeyilən sənin payından yeyilib deməli.

Bax bu dərəcədə ciddi idi ot məsələsi. Kiminsə otu yandısa deməli özünün yanmağı kimi bir şey idi

Indi belə bir şəraitdə sən kiminsə otunu yandırsan, deməli ona ən ağır cəza vermisən.

Elə Alagöz də şofer Məhətə ən ağır cəza vermək istəyirdi. Gözlədi, gözlədi- ta ki sovxozun tayaları daşındı. Alagöz bir axşam silahlanıb-yəni bir qutu kibrit götürüb Arxac yalı deyə yola düşdü. Hələ yaşı tamam olmamış Kəlləqar da ona yoldaşlıq etdi bu uzun yolda. Itin bədəni qara, başı ağ olduğuna görə Alagöz ona belə bir ad qoymuşdu.  Arxac yalına çatdılar. Nə vaxtdı yerə bir damcı düşmədiyindən kibriti çəkən kimi alov göyə yüksəldi. Az qaldı Alagözün üz-gözü qorsalana. Tez ordan götürüldü.  Yolboyu  etdiyi işə peşman oldu. Meşəyə od düşə bilərdi. Amma yarım saat keçməmiş şairrəmə bir yağış düşdü. Və Alagöz–sənə qurban olum a gözəgörünməz dedi.  Yetimin də Allahı varmış- dedi.

Evə çatanda hiss etdi ki,  Kəlləqar  yoxdu yanında.

-Allah bilir harda sümsünür. Acanda gələr- dedi öz –özünə.

Nərman kişi axşamdan Arxac yalındakı alovu görmüşdü. Amma ha fikirləşdi, ağlına gətirə bilmədi ki, kimə pislik eləyib. Səhər  işıqlaşmamış Arxac yalına tərpəndi. Bir az getmışdi  şofer Məhət QAZ-53 –lə özünü ona yetirdi.  QAZ-53 Arxac yalına qalxdı. Nə görsələr yaxşıdı- Nərman kişinin tayası yanıb. Kəlləqar da küllükdə zingildəyə-zingildəyə nəsə axtarır.  Itin Kəlləqar olmasını sonra anşıra bildilər. Çünki başı da hisdən qaralmışdı. Görünür tayanın külündə nəsə axtarırmış. İt onlrı küllüyə yaxınlaşmağa qoymadı.

Hər şey məlum oldu. Alagöz tayanı səhv salmışdı. Şofer Məhət ot çalmağa gələrkən Alagözü buralara çox gətirmışdi. Onda tayalar yığılmadığından Alagöz kəsdirə bilməmiçdi hansı tayadı Şofer Məhətin tayası.. Nərman  şofer Məhəti saldı çənəsinin altına:

-Kef çəkən sən, otu yanan mən. Canın çıxsın ödə otumu.

Çox çənə-boğazdan sonra yenidən QAZ-53-ə əyləşdilər. Isti –isti hər şeyi Alagözə göstərmək lazım idi.

Alagözə it barədə heç nə deməmişdilər. Yalnız şalının orda qaldığını demişdilər. həqiqətən də Alagözün şalı yolda düşüb qalmışdı. Kəlləqar da şalı tapıb tayanın küllüyünün yanına gətirmişdi.

Alagözü də götürüb  Yenidən Arxac yalına qalxdılar.

Onu görən it elə sevindi guya onu axşamdan bəri eşələyib külün içindən çıxarmışdı. Itin də Nərmanın da,  Alagözün də, Məhətin də gözləri yaşardı.

Alagöz  Nərmana:

-Sən ağzıbütöv adamsan. Qoy bu sirr burda qalsın. Hələ bir-iki gün mal dama girməz. Mal dama girənə qədər sənin bir maşın otun məndə.

Gözünü silə-silə Nərman dilləndi:

-Onsuz da inəyi satasıyam. Otunu-zadı istəmirəm. Əvəzində bu iti mənə ver.

-Belə iti kim kimə verər?

…Sonra Nərman Alagözdən şikayət etdi.  Nərman bəs bir taya otdan ötrü qadını milisin cənginə niyə versin?

Kəlləqara görə. Çünki Alagöz Kəlləqara çörəyin arasında iynə vermişdi. It 5 gün ağzıaçıq qaldı. Ulaya da bilmirdi. Özünü Alagözün qapısına çırpırdı. Elə bilirdi Alagöz eşiyə çıxıb onu xilas edəcək. Alagöz isə eşiyə çıxıb təpikləyirdi onu:

-Səni mənə verənin öyünə ildırım düşsün. Sarsaq heyvan, məni biabır eləmisən el içində. Gəbər di, gəbər.

Və Kəlləar öldü. Nərman  ən əziz adamını ağlayırmış kimi ağladı. Elə ağlaya -ağlaya da milisə şikayətə getdi. Alagözə nəsə sübut etmək mümkün olmadı. Uçastkovuya xanım düzəltməklə işi öldürdü. O xanım da öz qızının eltisi.

… Qalstukkəsənin də gözləri yaşarmışdı. Çılpaq düşmüşdü yadına. Lənətlədiyi Çılpaq. Bir anlıq özünü lap Alagöz kimi zalım hiss etdi.

Bu arada zəng gəlmişdi ona. Telefon vibrasiyada idi- elə titrəyirdi sanki peraparatr idi. Elə Qalstukkəsənin də başını sanki peraparatrla deşirdilər.

Artıq rayona çatmışdılar. Qalstukkəsən sağollaşıb düşdü. Dəli bir ağlamaq tutdu onu.

Sinif yoldaşı görüb yaxınlaşdı:

-       Noolub ay qa, kənddə- kəsəkdə götürdüyün ölünü gəlib  burdamı ağlayırsan? Cavan adamıydımı ölən?

-       Çılpağı ağlayıram, Çılpağı. Adını anmadığım, mənim uğrumda ölən Çılpağı.

-       Əşşi, Çılpaq çoxdan ölüb. Dəlimi olubsan?

-       Mən də ölü kimiyəm ay qa. Dünyanın ən pis adamını ən müqəddəs adam kimi biləndən bəri ölü kimiyəm. Axı o müqəddəs gündə niyə belə adam ölməlidi. Axı Allah bunu niyə belə eləyir? Axı  mən Çılpağı niyə lənətləməliydim. Axı mən niyə molla oldum?

-       Gedək evə. Sənə dedim dinin dərininə getmə,çereçur dindar olma,  üzdən –üzdən elə hər şeyi.

-       Yox, yox. Sən qardaşsan, uzaqlarda bir ucuzxana tap, bir az naştoylanaq, boğazımızı yaşlayaq.

-       Nəə?

-       Canına azaar. Uzaq bir yerdə ucuzxana. Kimsə məni tanımasın. Içmək istəyirəm.

-       Nəə?

-İçmək istəyirəm, içmək. Tüpürüm bu həyata.

-Məni günaha batırma. Bə sən məni namaza dəvət edirdin.

-Belə məni eşidənsən, indi də arağa dəvət edirəm. Kişi ol. Yoxsa ürəyim partlayacaq Allah haqqı.

-Səni tanımayan varmı? Hara getsək dalına şunquruq qoşacaqlar. Gedək bizə. Arvad -uşağın dalından dəymişəm.

- Gedək. Amma sən bir qəpik xərcləməyəcəksən. 20 manat duapulu var məndə.

-Günahdı ay qa, günahdı.

-Günahı mənim bu sınmış boynuma. Bə elin fahişəsinə müqəddəs ana deməyim günah deyilmi? Məndən ötrü canına qıyan bir iti lənətləməyim günah deyilmi? Noolsun ki rəngi qara idi. Heyvanlara qarşı irçılıkdi bu.O hədis axı səhih hədisdi.  Mən dindən çıxacam.

-Noolub axı?

-Bilmirəm. Çılpağı ağlamaq istəyirəm. Al bu 20 manatı. Al deyirəm sənə. Al deyirəəəm.

Qalstukkəsənin sinif yoldaşı 20 manatı aldı. Yaxınlıqdakı mağazaya buruldu. 3 manat taksipulu saxlayıb qalan pulu xərc elədi. 2 araq da almışdı.

Pambıqdan meyvə arağının siftəsi damcılayırmış kimi yaşlar süzülürdü Qalstukkəsənin gözlərindən.

Yazıya 946 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.