Zəngin fəlsəfi hikmət və yüksək bədii siqlət

    firuz(Firuz Mustafanın “Daş üstündə yazılmış sətirlər” kitabında

                  toplanmış “dördlüklər” barədə düşüncələr)

 

 

İnsan oğlu ən qədim zamanlardan bəri öz istək-arzuları, düşüncələri və  dünyagörüşlərini diğərləri ilə paylaşmaq ehtiyacı duymuşdur. Bu məqsəddən dolayı o, dili inkişaf etdirməklə yanaşı, düşüncələrini maddiləşdirmək üçün müxtəlif yazı sistemləri də (mixi yazı, şəkli yazı, heroglif və s.) meydana gətirə bilmiş və onlardan daş, gil, dəri, papirus, nəhayət  kağız üzərində istifadə etməyi öyrənmişdir. Heç şübhəsiz ki, bu yazı sistemləri arasında ən  davamlısı, uzun ömürlüsü daş üzərində qeydə alınmışlarıdır. Bu mənada tanınmış filosof, dramaturq, nasir, publisist kimi mədəni həyatımızda xüsusi çəkisi olan Firuz Mustafanın son əsərlərindən olan `”Daş üstə yazılmış sətirlər`” ( Bakı, “MTR grour”, 2014-cü il) kitabı diqqəti çəkməkdədir.

 

Kiçik formatda yayımlanmış bu kitabçasını oxuduqda ağla gələn ilk fikir müəllifin öz yazılarına nədən belə bir ad qoyması ilə ilgili olur.  Sonradan anlayırsan ki, müəllif  qələmə aldığı fikirlərinin uzun tarixi bir zaman  içərisində yaşaya bilməsini, diğər nəsillərə, insanlara da gedib çatmasını dilədiyi üçün bu adı seçib. Əslində qələm dostumuz bəlkə də bu misraları ilə hər bir gerçək sənətkarın ümdə arzusunu ifadə etməkdədir.  Bununla belə o, eyni zamanda insanlar üçün, bəşəriyyət üçün mənəvi dəyəri olan fikir və mülahizələrin  uzun ömürlülüyünə inanır, onların zaman və məkan süzgəcindən keçərək özündən sonra gələn nəsillərin də mənəvi malı olmasını arzulayır.

 

Artıq qeyd olunduğu kimi, Firuz Mustafa cəmiyyətdə bir çox dəyərli elmi və bədii əsərlərin müəllifi kimi tanınır. Amma son vaxtlar onun çap olunmuş poetik parçalar toplusu da özlüyündə maraq doğurur. Müxtəlif teatrlarda onlarla pyesi tamaşaya qoyulmiş ədibin poetik düşüncəsi çox maraq doğurur. Yeni kitabda toplanmış poetik parçaların hər biri dörd misradan ibarətdir və bu dördlüklərin hər birinın öz fəlsəfi- bədii siqləti vardır.

 

Firuz Mustafa özünü professional şair hesab etmir. Kitaba ön sözündə müəllifin fikirlərini oxuyuruq: “Yox, elə düşünməyin ki, mənim hansısa poetik bir eqom var. Heç zaman özümü şair “qiyafəsində” görmürəm və bu “vəzifəyə” qətiyyən iddialı da deyiləm. Mən şeirin, poeziyanın “ətrini”, “havasını” başqa  janrların canına hopdurmağı xoşlayıram”.

 

Hesab edirik ki, kitabda toplanmış parçalar kifayət qədər poetik və  mənalıdır. Başqa sözlə desək, bu dördlüklər zəngin fəlsəfi hikmətə və yüksək bədii siqlətə malikdir.

 

Sənətkarlıq və ümumiyyətlə, bədii yaradıcılıq məsələlərinə olduqca ciddi yanaşan Firuz bəy bir çox sətrlərində gələcək nəsillərə üz tutur. Hər zaman oxucularının bədii zövqünü və istəklərini nəzərə alan müəllif  kitabının elə  ilk səhifəsində onu narahat edən mövzuya diqqət çəkir və öz münasibətini oxucuları ilə paylaşmaq istəyir:

 

Yazıb pozduğumu oxuyan varmı?

                                        Mənə hücum çəkir bu sual hər an.

                                        Əğər sevməsəniz yazdıqlarımı

                                        Siz məni asarsız misralarımdan.

 

Müəllif kitabda yer almış şeir örnəklərini, artıq dediyimiz kimi, dördlüklər adlandırır. Xatırlatmaq lazımdır ki, xalq yaradıcılığımızda, həmçinin poeziya sənətimizdə bu qəbildən olan dördlüklərlə  rastlaşmaq mümkün olunan bir gerçəklikdir. Min illərdir ki, xalqımızın folklor yaradıcılığında bayatılarımız (Türkiyədə bu janra manilər də deyilir) ağızdan- ağıza gəzməkdədir; eyni zamanda klassik poeziya sənətimizdə rübayi kimi bir poetik janrın mövcudluğu da məlum bir həqiqətdir.  Bu baxımdan (daha çox biçim baxımından) Firuz bəyin dördlükləri ilə zikr etdiyimiz poetik dördlüklər arasında bənzərliklər tapmaq mümkündür. Əslində burada biz müəllifin  xalq yaradıcılığı və klassik poeziya nümunələrindən bəhrələndiyinin şahidi ola bilirik.  Eyni zamanda hiss edirsən ki, öz dördlüklərində müəllifin bayatı kimi xalq yaradıcılığı  və rübayi kimi klassik poetik janrlara xas  lakoniklik, yəni az sözlə  çox şey söyləmək  xüsusiyyəti özünü göstərməkdədir.

 

Firuz Mustafanın dördlüklərində yer alan fəlsəfi ümumiləşdrmələrə olan meyli  bu janrlarda hiss etmək çətinlik törətmir. Ümumiyyətlə, dördlüklərlə yazılmış şeirləri diğər xalqların poeziya sənətində də izləmək mümkündür. Məsələn, yapon ədəbiyyatında tank deyilən poetik janrı misal çəkmək mümkündür. Firuz bəy də öz fikir və mülahizələrini dördlüklərlə ifadə etməyi daha münasib janr olaraq qəbul edir və əsasən yaşadığı müasir dövrün sosial-mədəni, mənəvi-etik problemlərini bədii bir dillə əks etdirə bilir.

 

Onun dördlükləri öz ideya- məzmunu və təsir gücü ilə seçilir, burada əslində  müasirliklə keçmiş dönəmlərin mənəvi dəyərlərinin vəhdədini hiss etmək də mümkündür. Təsadüfi deyil ki, onun  bir çox dördlüklərində biz xalq arasında istifadə olunan bəzi ata sözləri və ibarələrinin, adət-ənənə qanunlarının nişanələrini görə bilirik.

 

Gəribədir ki, bəzən müəllif az qala atalar sözünə çevrilmiş fikrə belə, tənqidi gözlə baxmağı bacarır:

 

                         “Ürəyə gedən yol mədədən keçir”, -

                          Az qala məsələ dönüb bu sözlər.

                          Görən bu zay fikir hardan su içib?

                          Yoxsa heyvan olmaq istəyir bəşər?

 

Bu ata məsəli ailə, məişət məsələləri ilə əlaqədar tez- tez istifadə edilir və daha çox da xəfif gülüş hissi ilə müşayiət olunur. Lakin Firuz bəy bu bircə bənddə bir daha xatırlatmaq istəyir ki, hər rastlaşdığın sözü, kəliməyi, hətta atalar sözünü belə koru-koruna qəbul etməmək, ona diqqətlə yanaşmaq lazımdır. Ümumiyyətlə, Firuz Mustafanın yazdığı  sətirlərə də olduqca diqqətlə yanaşmalı olursan. Belə ki, bu sətrlərdə, bəndlərdə biz tez- tez fikrin gedişinin düşündüyümüz kim yox, daha fərgli bir axarı ilə rastlaşa bilirik. Yumor, satira, qrotesk, istehza, kinayə ilə dolu olan bu misralar çox vaxt öncədən söylənmiş bir fikrin əksinə belə çevrilə bilir:

 

                              Şair evdən çıxdı bax gülə-gülə,

                              Qalstuku təzə, qaməti tarım.

                              Bazardan aldığı bir dəstə güllə

                              Gedir görüşünə oxucuların. 

 

Bu misralarda  oxucuların şairi  dəsdə güllə qarşılamalı olduqları halda, əksinə şairin  görüşə güllə gəlməsi  düşündürücüdür. Diğər bir dördlükdə də Firuz bəy buna bənzər fikir söyləyir:

 

Bir az yaxın otur. Mənə qulaq as:

                               Ağlı olanların baxtı olmayır.

                               Əgər vaxtın varsa dərdləşək bir az:

                               İşi olmayanın vaxtı olmayır.

 

Müəllifin kitabda yer almış dördlükləri içərisində sevgi mövzusu bəlkə də daha geniş bir yer tutur. Lakin burada o, bu anlamın gəlişigözəl bir anlam olmadığını, daha çox onu meydana gətirən səbələr, onun müxtəlif tərəflərdən müxtəlif tərəflərini izah etməyə çalışır, psixoloji, sosial, fərdi, milli, hətta tarixi köklərini belə bədii bir biçimdə oxucularına çatdırmağı mühüm sayır.  Müəllifin sevgi və qadınlara həsr etdiyi dördlüklərdə (bax: No.5,14,29,44, 56, 59, 67, 80, 81, 134, 174,181,183,191,200, 205, 206, 212, 213 və s.) hər şeydən əvvəl sevgidən doğan saf hiss-həyacanları, intizar və sevinc hisslərini, onun tərbiyəvi-dəyişdirici gücünü oxucuları ilə paylaşmaq istəyir, qadınlara olan münasibətdə kübar olmağa, mərifət qaydalarına riayət etməyi unutmamağı tövsiyə edir :

 

                                  Xanımın yaşını soruşur adam,

                                  Sanki  “cavab”  yazır o,  “anket” üçün.

                                  Qadının yaşını sormazlar, qadam,

                                  Sorarlar: “Haçandır doğulduğun gün?”

 

Firuz bəyin sevgi mövzusu ilə bağlı misraları olduqca səmimi, duyqulu, emosional təsir bağışlamaqdadır, bu misralarda anlaşmazlıq, küskünlük, sevginin ovsunlayıcı gücü, sevgi yolunda candan belə keçilə bilməsi kimi motiflər yer almaqdadır.

Müəllif dördlüklərin birində:

 

“Dünyanı məhbəsdən azad etmişəm,

                                   Fəqət öz eşqimin məhbusuyam mən” – deyir. Sevginin nə qədər güclü olduğunu, hiperbolik bir şekildə ifadə etməyə çalışan müəllif bir daha etiraf edərək yazır:

 

Demədim, gəl qurtar zülümdən məni,

                                    Dedim, yaralama könlümdən məni,

                                    İndi tanımırsan məni odumdan,

                                    Ölsəm tanıyarsan külümdən məni.

 

Diğər bir bəndində Firuz Mustafa sevgi münsibətlərinin nə qədər mürəkkəb psixoloji  bir proses olduğunu da bu misralarla bir qədər zarafatyana ifadə etməyə çalışır:

 

Hər gün neçə dəfə kefimi pozur,

                                  Mənim hər sözümü min yerə yozur.

                                  Diliylə söyləyir: “Nifrət edirəm“,

                                  Amma SMS-lə “Sevirəm“ – yazır.

 

Maraqlıdır ki, Firuz bəy sevqi kimi  əslində intim görünə bilən bir anlamı belə daha qlobal, bəşəri problemlərlə əlaqələndirə bilir və  dünyanın  əmin-amanlığı qarşısında hamımızın, hətta sevib-sevilənlərin belə sorumlu olması fikrini ortaya qoyur:

 

                                     Səni sevməyən bir, sevən yüz olar,

                                     Sevməyən ürəklər  duyğusuz olar.

                                     Dünyanın ölçüsü bizik, əzizim,

                                     Əğər biz düz olsaq, dünya düz olar. 

 

Müəllifin  dünya, zaman mövzusu ilə əlaqədar  bəndləri də az deyil  (bax.: (No.64, 65, 66, 79,95, 156,173 və s.) və buradaki misralar da insanın  kürəsəl dünyadaki yeri, sosyal məsuliyyəti, Vətən sevgisi,  şəhidlərin unudulmaması, torpaq müqəddəsliyi  ideası kimi məsələlər ürək yanğısı və yüksək bədiiliklə ifadə edilməkdədir. Bu baxımdan bu iki bənddəki misralar (bax.: No.187-188) insana olduqca  güclü  emosional təsir göstərməkdədir:

 

Bu dünyadan əllərini üzənlər

                                     O dünyada günahkardır, suçludur.

                                     Torpaq üstə bu gün rahat gəzənlər

                                     Torpaq altda yatanlara borcludur.

 

Diğər bir bəndində də (bax.:No.188) müəllifin vətəndaşlıq hissləri, ömrünü müstəqillik və azadlıq uğrunda vermiş qəhrəmanlarımızın əziz xatirələrinin ifadəsini hiss edə bilirik:

 

                                    Canıntək sevirdin sən  bu vətəni,

                                    Sən onu ürəkdən sevirsən  yenə.

                                    Biz bu gün torpağa tapşırdıq səni,

                                    Sən vətənə döndün,  Vətənsə sənə.

 

Kitab  Firuz bəyin müşahidə qabiliyyətini də üzə çıxartmaqdadır, belə ki o, həqiqi dostluğu, yaxın qonşuluğu, təbii və süni sevgiyi, düzlüyü və xəyanəti, həmçinin  əliəyriliyi, xəbisliyi, ikiüzlülüyü, yaltaqlığı, insan dəyişğənliyini, moda düşğünlüyünü, alkol həvəskarını, qarınqulunu, itaətkarlığı şeir dili ilə ifadə etməyə çalışır.  Bütün bu fenomenləri qələmə alan müəllif dörd misrada onların əsas sosial mahiyyətini,müsbət və ya mənfi tərəflərini açıb göstərə bilir:

 

Ərköyün böyüyən, şan-şöhrət sevən,

                                     Axırda şişərək  tirana dönür.

                                     Əzilən, döyülən, daim söyülən

                                     Bir dilsiz-ağızsız heyvana dönür.

 

İtaətkarlığı, tabeçiliyi insan ləyaqətinə sığışdırmayan müəllif, eyni zamanda hər bir kəsin həyatda nəyə qulluq etdiyini, cəmiyyətdə hansı məqsədlərə xidmət edəcəklərini yaxşı bilməlidir fikrini  ifadə etməyi mühüm sayır:

 

                                   Olsun ki, biriylə bir damın altda

                                   Bir əsr  bir ömür çürüdəsən sən;

                                   Fəqət bilməyəsən sən bu həyatda

                                   Kiminçün yaşayıb ömür  sürürsən.

 

Müəllif məqsədsiz, amacsız ömür sürməyi mənfi mənəvi kefiyyət hesab edir və həyatda öz yolu olan, öz nəfəsi olan insanlara rəğbət bəsləyir və bir daha qeyd edir ki,

 

                                    Qışa divan tutan səmum yelləri

                                     Bir bahar  şamını söndürə bilməz.

                                     Od-alov içində bərkiyənləri

                                     Heç kim çəkic altda sındıra bilməz.

 

Diğər misralarında müəllif yenə də mənasız, ağılsız, ürəksiz  həyat sürməyin nə qədər acınacaqlı  olmasını  dilə gətirir:

 

Ağılsız milyon il yaşayaram mən,

                                   Ürəksiz bir gün də yaşayammaram, – deyir və təsadüfi deyil ki, dünyanın əzabını  belə çəkməyə  hazır olduğunu bəyan edir:

 

Yaşaya bilmirəm ürək dolusu,

                                      Bu ömür qoy mənim qənimim olsun.

                                      Dünyanın nəşəsi gərəyim deyil,

                                      Dünyanın əzabı qoy mənim olsun.

 

Eyni zamanda bu dünyanın insanlarının birbirilərinə olan inamlarının güclü olmasını arzulayan müəllif hətta əsl məhəbbətin də inama bağlı olmasını ifadə etməyə çalışır:

 

                                  Məhəbbət-inamdır, insana  inam,

                                   İnamdan güc alır, boy atır hər kəs.

                                   Əgər inanmırsa insana insan

                                   Heç zaman heç kəsi o, sevə bilməz. 

 

Firuz bəyin insan konsepsiyasında dostluğun, etibarın rolu olduqca yüksək tutulur:

 

                                    Birdi qonşuların hər heçi-köçü,

                                    Qardaşdan da əziz olmuşdu onlar.

                                    Sağkən, o dünyada qonşu olmaqçün

                                    Qoşa qəbir yeri almışdı onlar.

 

Müəllif eyni zamanda insanların müdrik, zəki, cəsur  olmalarını arzulayır:

 

Müdriki igidlə qarışdırma sən,

                                    Çox vaxt biri olmur biri olanda.

                                    Bir anda  qəhrəman ola bilərsən,

                                    Müdrik olammazsan amma bir anda. 

 

İnsanların həyatda yanlışlıqlara yol verməmələri üçün Firuz bəy onlara öyüd-nəsihət verməyi də unutmur:

 

                                   Heç zaman oynama odla-közlə sən,

                                   Nahaqqa baş eymə, haqqı səslə sən.

                                   Bir şey eyləyəndən heç  şey gözləmə,

                                   Heç şey etməyəndən hər şey gözlə sən.

 

Ümumiyyətlə,  müəllifin diğər bir çox bəndlərində də bu meyli görə bilirik:

 

Gözünün önündə bitər xəyanət,

                                      Onu nə aranda, nə də dağda gəz.

                                      Kimsə xəyanəti bağışlar, fəqət

                                      Xəyanəti heç kəs unuda bilməz.

 

Firuz Mustafa, dediyimiz kimi həm də fəlsəfə üzrə tanınmış mütəxəssisdir. Bəlkə də məhz bu cəhətdən onun “dördlükləri” içərisində dərin fəlsəfi fikirləri də az deyil.  Onun zaman-məkan, keçmiş – bu gün, asudə vaxt , yaşam-ölüm, dünya, gənclik-qocalıq, eybəcərlik- gözəllik, öz yükünü başqası üzərinə yükləmək    ( Bax.; No.7,23, 79, 84, 91, 137, 173, 198, 220 və s.) mövzulu bəndlərində  onun bu istedadının da özünü göstərməsinin şahidi oluruq. Onun bu kimi fəlsəfi fikirləri  insanı dərindən düşündürməyə vadar edir:

 

                                              Zamanın içində yaşamırıq biz,

                                              Bizim içimizdə zaman yaşayır.

                                                      ————–

                                              Var-dövlət adamı yoldan çıxarır,

                                               Kasıblıq adamı filosof eylər

                                                      ———-

                                                Ömür tamaşadır bilmək istəsən,

                                                Onun da antraktı, pauzası var.

                                                          ————-

                                                 Bəzən hiyləgərə müdrik söyləyir,

                                                 Hərdən ağıllıya dəli deyirik.

                                                          ————–

                                                 Keçmişə nə qədər vurulsan da sən,

                                                 Keçmişlə yaşama, keçmişi yaşat.

                                                            —————

                                                 Şübhə toxumundan bitən ağacın

                                                 Barı nifrət olar, məhəbbət olmaz.

                                                               —————-

                                                 Dostu düşmən etmək asandır, dostum,

                                                 Oğulsan, düşməni dosta çevir sən. 

 

Elm və sənət problemləri müəllifi daim düşündürən mələlərdəndir.  Təsadüfi deyil ki,   o bir “dördlükdə”  bu məsələyə  toxunaraq zarafatyana belə deyir:

 

Nəsr, poeziya, dram, fəlsəfə.

Bunların hansına qəlbən aşiqəm?

Sözüm uyğun gəlir bir az Çexova –

Elm – arvadımdır, sənət  – məşuqəm.

 

Maraqlıdır ki, Firuz bəy bu fəaliyyət növlərinin hər birinə aid konkret nümunə çəkməklə yanaşı, əslində bir ortaq nöqtəyə xüsusi fikir verə bilir; daha doğrusu isbat etməyə çalışır ki, hər bir fəaliyyət növündə dürüstlük, istedad, orjinallıq, başqasının haqqını yeməmək gərəkdir. Başqa sözlə,  haqsız yox,  yaradıcı tənqid  kimi münasibətlər  əsas  meyar olmalıdır. Onun istedad,  tənqid, başqasının fikrini mənimsəməmək     (bax: No.22, 50,  148, 208, 220 )  kimi ideyalar aşılayan dördlüklərində sənət və elm üçün xüsusilə böyük önəm daşıyan anlamlar öz ifadəsini tapmaqdadır.

İstedadsız, lakin lovğa və saxta şöhrət qazanmışlara müəllifin sözü budur:

 

Səsi iynə kimi qulağı deşir,

                                                  Özü tülkü kimi pusur bərədə,

                                                  Onn təxəllüsü göylə əlləşir,

                                                  Amma istedadı yatır dərədə.

 

Lakin Firuz bəy bunun əksini, haqlı olaraq  istedadlı insanların  hər cürə tərifə layiq olmalarını və onlara  arxa durulmasının vacibliyini də söyləyir:

 

Nanəcibin sözü nədir, özü nə,

                                                  Qəbul edər hər nə desən  üzünə.

                                                   Qadan alım, istedada arxa dur,

                                                   İstedadsız yol tapacaq özünə.

 

Diğər bir bəndində isə  müəllif savadsız, qərəzli, haqsız tənqiddən gileylənir və bunu orijial şəkildə ifadə edərək:

 

Tənqiddə sözünü deməyib hələ,

                                                Tərif kölğəsində o yata-yata

                                                Qələmi ataraq pulemyot ilə

                                                İndi hücum çəkib ədəbiyyata. – deyir.

 

Hər bir fəaliyyət növünün arxasında insanı görən müəllif bu mövzuya da xüsusi olaraq diqqət yetirməyi lazım bilir və insanın mürəkkəb psixoloji vəziyyəti, hiss və həyacanları, həmçinin onun xarakterini müəyyən edən müsbət və mənfi çəhətləri də ( yaxşılıq, pislik, paxıllıq, yaltaqlıq, qısqanclıq, vətənsevərlik  və s.) qələmə alır ( Bax.: No. 43, 60, 97, 120, 124).

 

                                                Yaxşılığım keçib ona yüz dəfə,

                                                 Bir dəfə haqqımda xoş  söz deməyib.

                                                 Bircə yol pisliyim keçib hərifə,

                                                 Ardımca yüz dəfə giley eləyib.

 

Bu fikri davam etdirən müəllif diğər bir bəndində ümumiləşdirilmiş bir tərzdə bunları söyləməli olur:

 

Yaxşı adam olmaq çətindir, bil, sən,

                                                 Yaxşılar  dərindir, pislər dayazdır,

                                                 Yaxşılıq eləmək pislik etməkdən

                                                 Çətindir, onunçün yaxşılar azdır.

 

Firuz Mustafanın sevgi və təbiətə həsr etdiyi misralarında biz onun poetik ilhamı və istedadını daha aydın bir şəkildə hiss edə bilirik. Bu misralarda hər şeydən öncə onun bir söz adamı, bir vətəndaş, təbiəti, insanlığı dərindən sevən,  sevgi problemlərinin psixoloji dərinliklərinə qədər enə bilən bir sənətkar olduğuna inanırıq. Kitaba giriş sözündə müəllifin özünün söylədiyi kimi “hər misraya bir ox kimi baxan” Firuz bəy, “şeirin,  poeziyanın “ətrini“,  “havasını” başqa janrların canına hopdurmağı xoşlayıram” sözlərini yazsa da,  əslində bu yuxarda qeyd etdiyimiz bəndlərdə, xüsusilə də təbiətə və sevği  mövzularına aid etdiyi misralarında biz onun yetgin bir şair kimi qarşımıza çıxdığını da  görə bilərik.

 

Firuz bəyin qələmə aldığı dördlükləri oxuyarkən bu yığcam sətirlərin və geniş fikirlərin məhz  filosofa məxsus olduğunu asanlıqla duymaq olur.

 

Gəribədir ki, Firuz Mustafa təbiət mənzərələrini bəziləri kimi heç də sadəcə olaraq təqlidi, təsviri,  həmçinin, onlara olan  heyranlıq hissləri olaraq  ifadə etmir, yəni gördüyünün  “şəklini” çəkmir. Əksinə, təbiət hadisələrinin insanda oyandırdığı hissləri, duyğuları üzə çıxara bildiyini də ifadə edir:

 

Şaxta, Külək əsir, Alaqaranlıq.

                                              Bilirəm bir azdan qopacaq tufan.

                                              Mən səni düşündüm, səni bir anlıq,

                                              Ayrılıq havası gəlir  havadan.

 

Son misra nə qədər poetikdir: “Ayrılıq havası gəlir  havadan”.

 

Eyni fikri ifadə edən müəllif belə bir fikir də söyləyir:

 

Ulduzlar gecənin qoynunda çimir,

                                                Nə göyə yaxınam, nə də ki yerə.

                                                Metroda şütüyən bir qatar kimi

                                                Qaranlıq tuneldən çıxa bilmirəm.

 

Bəzi bu kimi bir qədər pessimist (bədbin) düşüncələrə baxmayaraq ümumilikdə dördlüklərdə ifadə edilmiş fikirlər optimist (nikbin) və həyata inam xarakteri ilə seçilir.  Məsələn, onun bir dördlüyündə biz müəllifin özünə olan güvənini, inamını his edə bilirik:

 

Ağırdır,əzabdır, dözümdür ömrüm,

                                                Qəliz  tapmacadır, yozumdur ömrüm.

                                                Desələr qısadır, mən inanmaram.

                                                Dünyanın ömründən uzundur ömrüm.

 

Qocalığı, ixtiyarlığı yaxına qoymayan, imanına inanan, zənğin potensial-intellektual dəyərlərə sahib Firuz Mustafanın nikbin  xarakterini ifadə edən aşağıdaki dördlüyü xüsusilə  örnək vermək istərdik:

 

                                                 Gəlsə də üstümə  dərd qatar-qatar,

                                                  Bədbinlik ruhuma sarışan deyil.

                                                  Bax, mənim bu sevən ürəyim ki, var.

                                                  Heç vaxt qocalıqla barışan deyil .

 

Müəllifin diğər bir bəndində də nikbin bir ruhun ifadəsini hiss edə bilirik:

 

                                                  Gülləri oxşamaq , qoxlamaq üçün

                                                  Mən gələn bahara bilet almışam.

 

İnanırıq ki, hələ bundan sonra da Firuz  Mustafa neçə-neçə güllü-çiçəkli baharlar görəcək və qədirbilən oxucularımızı özünün yeni -yeni əsərləri ilə sevindirə biləcəkdir.

 

 

Prof.Dr.Babək Qurbanov  (Osmanoğlu)

Qaziantep Universiteti (Türkiyə)

 

 

Yazıya 1015 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.