YEGANƏ – DƏNİZƏ DAŞ ATMAYIN

yegane e

Dənizə daş atmayın..,

Eşqimə,

ruhuma dəyir o daşlar,

Dənizlə birgə

duyğularımı da döyür o daşlar.

 

 

Dənizə daş atmayın..,

Yoxsa qəhərindən boğulacaqdır.

Hələ o daşların

bir ucu gedib

günəşə də dəysə -

çətin ki, bir də

dənizin üstə doğulacaqdır.

 

 

Dənizə daş atmayın..,

İllah da ki, atırsınız -

barı…

ürəyimə atın

dənizə atılan daşları.

Daş atıb dənizin ahına batmayın,

günahına batmayın,

Mələklər də ağlayacaq

Axsa dənizin göz yaşları.

                                         12.10.2008

 

 

 ***

 

     Bu  ağacı  haçan

          kəsİblər..?

 

Bu ağacı haçan kəsiblər görən..?

Yerində bir quru kötük qalıbdı.

O kötüklə birgə “xatirə” adlı,

Əvəzi tapılmaz itik qalıbdı.

 

Bu ağacı haçan kəsiblər görən..?

Qol-budaqlarından əsər qalmayıb,

Elə bil heç burda ağac olmayıb…

Yanından necə də sakit keçirlər,

Hələ altındakı sərin bulaqdan

Əyilib doyunca su da içirlər.

Başını qaldırıb düşünən yox ki,

Bir az öncə burda ağac olubdu.

Bir vaxt həmin ağac iki ürəyin,

Görüş həsrətinə əlac olubdu…

 

Görən bu ağacı kim belə kəsib?

Kəsməyə nə yaman belə tələsib,

Əli necə gəlib balta vurmağa?

Necə olub xatirələr canına

Vəlvələ salaraq əl saxlatmayıb?

O mürgülü həsrət qalxıb yerindən

Bu ağacın harayına çatmayıb..!

 

Bu ağacı haçan kəsiblər görən..?

Bəlkə də hansısa külək yıxıbdı!

Sonra da sürüyüb aparıbdılar…

Bəlkə də… lap elə fələk yıxıbdı..?

Yıxıbdı, amansız xatirələrin

Ümidinə qalan bir məhəbbəti

Biryolluq kökündən qoparmaq üçün,

Yerli-dibli çəkib aparmaq üçün!

                      05.06.2005

 

 

 

***

 

 

 

BİR  DƏ  HARDASA

 

Hara buxarlanıb uçdu  o sevgi..?

Əbəsmiş nə qədər tutsam da dilə.

Onsuz da bilirdim puçdu o sevgi,

Demirəm sönübdü, qəlbimdə hələ

Közü qalıbdı.

 

Mən onu köksümdə ürək bilirdim,

Buna inanmışdım öz xəyalımda.

Eşqimi solmayan çiçək bilirdim,

İndiysə soluxmuş gül timsalında

İzi qalıbdı.

 

Axı özüm yola salıb ötürdüm,

Ayrılığın qəsdi varmış, sən demə.

Onu niyə belə qəfil itirdim..?

Bəlkə deyiləsi tək bircə kəlmə

Sözü qalıbdı.

 

Tez-tez qulağıma gələrdi səsi,

Onu xatırlayıb batardım yasa.

Bir zamanlar necə sevdiyim kəsin

İndi quru adı, bir də hardasa

Özü qalıbdı.

                          02.08.2003

 

 

***

 

 

 

DAHA  O KÜÇƏDƏN

 KEÇMƏYƏCƏYƏM

 

Bir küçə varıydı..,

indi də durur,

Durur haylı-küylü adamlarıyla.

Heç nə dəyişməyib, yenə həmənki

Alçaqlı-hündürlü öz damlarıyla…

Daha o küçədən keçməyəcəyəm!

 

Ümidlərlə  dolu həmən yolların,

İndi hər yanından  qəm-qüssə yağır.

Ömrü gödək olan puç xəyalların,

Xatirəsi dəhşət, həsrəti  ağır…

Daha o küçədən keçməyəcəyəm!

 

Sənli  günlərimdən  illər ötübdü,

Hicranın  yarası hələ dərindi.

Ayaq izlərimiz çoxdan itibdi,

Küçənin adı da dəyişib indi…

Daha o küçədən keçməyəcəyəm!

 

Mənim o yerlərdə doğulan eşqim,

Tənhalıq əlindən odlandı getdi.

Həsrətin  içində boğulan eşqim,

Öldü, unuduldu, yadlandı getdi…

Daha o küçədən keçməyəcəyəm!

           16.07.2004

 

 ***

 

 

 

 BUNDAN  SONRA

 

Uçurmuşam  əlimdən,

O səadət qayıtmaz,

Çıxıb  həsrət selindən,

O məhəbbət qayıtmaz,

Buza dönmüş o həvəs,

O hərarət qayıtmaz.

Gedibsənsə, sevgilim,

Daha Sən də qayıtma,

Qayıdaraq   təzədən

Xatirəmi oyatma.

 

Mən bu eşqi həsrətin

Dumanında  tapmışdım,

Ürəyimin ahında,

Amanında  tapmışdım,

Həyatımın ən ağır

Zamanında tapmışdım.

Di gəl ki, həyatımın

Xoş anında itirdim,

Uzaqlarda demirəm,

Öz yanımda itirdim.

 

Ölüb-getmiş məhəbbət

Dərdə əlac etməyir,

Çağıranda  eşidib

Harayıma yetməyir,

Bir dəfəlik çəkilib

Xəyalımdan getməyir.

Nə bilim, bəlkə elə

Xəyalımda azıbdı,

O insafsız  demirmi

Xəyallarım yazıqdı?!

 

Saçlarımı darayır

İntizarın darağı,

Gücdən düşən qəlbimin

Öz eşqiydi yarağı,

Harda itib-batıbdı

O sevginin sorağı?

Mənim kövrək eşqimi

Çatdırmadın başa Sən,

Bundan sonra beləcə

Məndən uzaq yaşa Sən!

 

28.06.2004

 

 

Yazıya 948 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.