Aysel Fikrət – Şeirlər

13230319_491401771057411_3686313878062678416_n (1)Qadın

Əlində yükləri çəkə bilməyən,
Ayağın ardıyca sürüyən qadın.
Gülməyə çalışan, gülə bilməyən,
Hər gün olmazıyla barışan qadın.

Gözləri qəm dolu, dərin acılı.
Həsrəti yaralı, hüznə sancılı,
Hər gün dərdi doğub adam eləyən,
Sonra bu dünyaya ötürən qadın.

Gecələri ağlar, səhərləri şən,
Ürəyində dərdi, gözlərində nəm,
Hər gün öz canını götürüb evdən
Axşamlar evinə sürünən qadın.

Susqun baxışında lal təbəssümü,
Kimin əllərində söndü büküldü.
Ömrün payızında xəzana dönüb,
Göylərdən yerlərə tökülən qadın.

Elə bil oxunmuş, bitmiş nəğmədi,
Söyləyə bilinməz quru kəlmədi.
Elə bil dünyaya o heç gəlmədi,
Özgənin ömrünü yaşayan qadın…

Çıxış yolu

Yoxmu bu dünyadan bir cıxış yolu,
Ölümdən savayı həsrətdən ötə.
Adam lap istəyir yığa dərdini,
Bu axmaq dünyadan baş alıb gedə.

Ayağım sözümə baxmır, neyniyim,
Gedib alınmazın ardıyca qaçır.
Gözlərim sözümə baxmır, neyniyim,
Gedib görünməzin gözünə baxır.

Ürəyim sevməzi sevir, neyniyim,
Onu sevənləri görmək istəmir.
Üzünü çevirib yana gedənin,
Ardıyca kölgələr sürünüb gedir…

Mən neynim, yolumuz azdı yolunu,
Mən neynim, səhv düşdük dünya üzünə.
Mən neynim, duası azıb dünyanın,
Sevgisi çevrilib astar üzünə…

Mən neynim, indi də donmuş daş heykəl,
Gedib daş heykəli nə qədər doyum?
Bu yandan o yana gedə bilmirəm,
Ölüm gəlmir əgər bəs necə ölüm?

Yoxmu bu dünyadan bir çıxış yolu,
Ölümdən savayı, həsrətdən ötə.
Adam lap istəyir yığa dərdini,
Bu axmaq dünyadan baş alıb gedə.

Vətəndir

Xeyli vaxtdır düşünürəm bu dərdi,
Dərdlərimin ən gözəli Vətəndir.
Ta əzəldən ürəyimdə cücərdi,
Sevgilərin ən alisi Vətəndir.

Ölüm gəlsə mənim üçün nə fərqi,
Vətən üçün axı bir can nədir ki…
Anladım ki, düşündüm ki, bildim ki,
Ölümlərin ən ucası Vətəndir.

Şəhid olam, al şəfəqə bürünəm,
Bulud olam torpağına səpiləm.
Göz yaşı tək gözlərimdən süzülən,
Əlçatmazım, ünyetməzim Vətəndir.

İtirdikə onu mən zərrə-zərrə,
Özüm öz canımda itirdim mən də.
Zaman ilə sevdiklərim itsə də
İtkilərin dözülməzi Vətəndir…

Gözüm dönüb, yox, geriyə dönmərəm,
Vətən, yaran sağalmasa ölmərəm.
Şəhidlərin qanın yerdə qoymaram,
Ruhum uçdu Qarabağa, nədəndi?
Hər damlası, hər qarışı Vətəndir.

Xeyli vaxtdır düşünürəm bu dərdi,
Dərdlərimin ən gözəli Vətəndir.
Ta əzəldən ürəyimdə cücərdi,
Sevgilərin ən alisi Vətəndir.

O vaxt

Həyətimizdə üç-dörd çinar vardı,
Bir də küknar ağacları.
Sərçələr qırılırdı, düşürdü yerə.
Məhəllə uşaqlarının atdığı daşlar kimi xırda idik
biz də o vaxt.

Bir gün gözümə dəydi daşlardan biri…
Əlimlə qapadım gözümü, ağladım.
Gözlərimi açanda,
qırmızı günəşin içindən boylanan mələk kimi idin…
İnsan idinmi sən?
Gözümün yanından qan axırdı,
Yalnız ürəyim daha çox ağrıyırdı.
Ürəyimin yerini tanıdim o gündən,
Sən yaşadığın tərəfim idi…
Sonra günlər səni böyütdü,
Qanadını cıxarıb uçurdu,
Bir də görmədim səni.
Bu gün əlimə çınqıl daşları yığıb,
atdım dənizə.
Həyata rəng qatacaq heç nəyim yox idi, artıq ona görə…
Gerisi heç nə,
heç kim…
heç…

Guya

Acısı böyük deyil,
Bir az cızdı ürəyimi.
Kor olmadım yoxluğunda,
Yalnız görə bilmirəm.

Guya xəfif bir külək
Keçdi başımın üstdən.
Yalnız çox soyuq oldu,
Heç isinə bilmirəm.

Guya heç nə olmadı
Düşündürən, öldürən,
Yalnız daha yaşamçun
Böyük məna qalmadı.

Bir az ürəyim qırıldı,
Dağıldı bu dünyaya.
Bir az da ümidin sındı,
Böyük itgi olmadı.

Biz də sənə yenildik

Ay ölümə yenik dünya,
Biz də sənə yenildik.
Bilə-bilə, baxa-baxa göz önündə yenildik.
Dərd bitirdik, yol ayırdıq, acılardan taxt qurduq,
Acıları badələrə süzə-süzə yenildik.

Tanrı belə tanımadı günü-gündən qaraldıq.
Savab etdik günah cıxdı, sezə-sezə yenildik.
Hələ günahkar deyilik, bu aləmdə yeniyik,
Hər gün bir az, hər gün daha nəfsimizə yenildik.

Ölüm belə gülünc qaldı, həyat elə amansız.
Uçub gələn mələklər də donub göydə qərarsız.
Abır-həya nəyə lazım, arsız olmalı arsız.
Bu zamanı bu oyuna düzə-düzə yenildik.

O günlərə qaldıq, Tanrım, ölümə elçi düşdük.
Gedə-gedə işlərimiz nə isə tərsə düşdü.
Üzü dönük çoxdu, Tanrım, gözlərdən düşə düşdü.
Düşə-düşə, sına-sına, itə-itə yenildik.

-Görməzdən gələrəm səni

Səhər açılanda günəşə,
Yağışlar yağanda buluda,
Bundan sonra bir də sənə də baxmam,
Elə hey görməzdən gələrəm səni.

Keçərəm o doğma gözlərindən də,
Üzümü güldürən sözlərindən də,
Unudub getmərəm izlərin ilə,
Elə hey görməzdən gələrəm səni.

Donaram bir də qarşıma cıxsan,
Solaram həsrətdən danışsan əgər,
Üzünə gülərəm parçalasa da
Qəlbimi həsrətin sonuna qədər.

Keçərəm arzumdan, xəyalımdan da,
Danışıb bitilən nağılımdan da.
Bu minval keçərəm lap canımdan da,
Yenə də görməzdən gələrəm səni.

Cəzamı sakitcə çəkib gedərəm,
Gözünün içinə baxıb gedərəm.
Daha görməsəm də səndən özgəsin,
Yenə də görməzdən gələrəm səni.

Yorulub

Bir gün ağac gül açmaqdan,
Meyvə bitməkdən yorulur.
Ay gecə batıb çıxmaqdan,
Gündüz günəşdən yorulub.

Yorulur yol yolluğundan,
Ayaq getməkdən yorulur.
Sevgi sevəndən yan keçir,
Ürək sevməkdən yorulur.

Duman çəndən, gül bülbüldən,
Çiçək çəməndən yorulur.
Quşlar göydən, insan yerdən,
Gözlər həsrətdən yorulur…

Insan oğlu yad olmağı
Gözə alır öz özündə.
Öz canından, öz adından,
Öz bədənindən yorulur.

Ölüm yorulur insandan,
Yaxın gəlmir can almağa.
Dərd başdan aşıb daşsa da,
Gəl bəndəsindən yorulur.

Bu evin yiyəsi kimdi,
Ev yiyəsindən yorulub.
Kisəsindən yeyir hamı,
Yiyə kisədən yorulub.

Tanrı baxmır o tərəfə,
Nə diləsə, nə istəsə.
Bu sadədil, bu sadəlövh,
Bu sevgibaz, bu çarəsiz,
Yaşamaqla əlaqəsiz
Öz bəndəsindən yorulub.

Sevgisizlik

İnsanın ən böyük dərdi bundadır,
Dünyanı bürüyən dərd sevgisizlik.
Hər gün biri gedir, biri usanır,
Dərd deyil, bəladı bu sevgisizlik.

Başında sığalı əskik körpələr,
Yeməkdən, içməkdən tez kəsilirlər.
Ataya, anaya həsrət uşaqlar
Heç zaman, heç kimi sevə bilmirlər.

Bürünüb ətrafa səssiz fəryadı,
Dilənir, əl açır insan övladı.
Özü sevə bilmir artıq nə vaxtdı,
Ürəyini didən dərd sevgisizlik.

Tanrı hər bir kəsi dünyaya axı
Sevgiylə göndərdi, nədən tükətdi?
Harda daşa döndü onun ürəyi,
Kimin həsrətində, dərdində soldu ?

Gözünün rəngi də dəyişib, insan,
Sevgisiz lal olub daşa dönmüsən.
Yaşaya bilməyib qalan ömrünü,
Yaşaya-yaşaya demə ölmüsən.

Günahın da budu, çıxarın da bu,
İtginə, dərdinə tən sevgisizlik.
Nitqini qurudan, yolunu kəsən,
Ayrılığı salan sədd sevgisizlik…

Söylə, külək, yorğunluğun nədəndi?
Sən ki, bu cür dağ çəkirsən sinəmə.
Səni dəli edən hansı küləkdi,
Hansı sərin mehdi əsib üstünə?

Söylə, yağış, nədir axı kədərdən,
Bu gözlərdən axan yaşın nədəndi?
Söylə, kimdi ağladanın bu qədər,
Ürəyinə kim salıbdı bu dərdi?

Söylə, gecə, nədən qara geymisən,
Kimin belə qaranlığın sevmisən?
Sakitliyin ürəyimə qəm verir,
Heç zamanmı danışmırsan, gülmürsən?

Söylə, dünya, kimin dərdindən belə
Bükülmüsən, yumulmusan içinə?
Kimdi belə qamətini bükdürən,
Nədən belə dərd atırsan içinə?

Söylə mənə, boynu bükük bənövşə,
Sən gözəlsən, gözəlliyi gizləmə.
Gizlənmisən ürəyinin içində,
Heç baxmırsan söylədiyim sözlərə.

Sizə axı kim dedi ki, mən olun,
Məni çəkin özünüzə, kim dedi?
Mən bilmirəm dünya mənim dərdimdi,
Yoxsa mənəm bu dünyanın son dərdi?

Soyuq

Hava soyuq deyil, mənə soyuqdu,
Yad olan doğmanın yalanlarından.
Hava soyuq deyil, mənə soyuqdu,
Olmaz dərdlərin burulğanında.

Hava soyuq deyil, mənə soyuqdu,
Hər tərəf əzabdı, şiddətdi, dərddi.
Uşaqlar inciyir böyük dərdinə,
Bu dünya boşuna bir məşəqqətdi.

Hava soyuq deyil, mənə soyuqdu,
Qaçqın uşaqların buz tutan gözü.
Ürəyim həsrətdən oyuq oyuqdu,
Hər gün ölümlərə nifrətlə qorxu.

Hava soyuq deyil, mənə soyuqdu,
Yıxılıb ən dərin quyuya dünya.
İnsanlar mat qalıb olacaqlara,
Acizi sındıran, əzəndi dünya.

Sən ulduz ol gecələrdə gizlən daha

Ey sevgisi yer üzünə səpələnən,
Sən ulduz ol gecələrdə gizlən daha.
Bu aləmdə yaşamağın yox anlamı,
Sən ulduz ol gecələrdə gizlən daha.

Bir insanın dərd yükü nə qədər ağır,
Hər gündüzü, hər gecəsi, günü ağır.
Yırtıcılar içində gəzilməz fağır,
Sən ulduz ol gecələrdə gizlən daha.

Hər gün ümid, hər an həsrət, hər gün əzab,
Gedən geri dönmür, sual bu da cavab.
Yox, yaşama ömrünü havayı, günah,
Sən ulduz ol gecələrdə gizlən daha.

Kimsə gülür xəyalına, ümidinə,
Kimsə vurur ürəyindən bilə-bilə.
Daş bağla o sevə bilən ürəyinə,
Sən ulduz ol gecələrdə gizlən daha.

İnsan oğlu durduq yerdə ölə bilmir,
Sevmədiyin öldürsən də sevə bilmir,
Sel axına qoşulsa da gedə bilmir,
Sən ulduz ol gecələrdə gizlən daha.

Ordan həyat daha aydın, daha kiçik,
Ordan dünya daha qorxaq, daha gücsüz,
Gizlənməyə yerin yoxsa, deyirəm get,
Sən ulduz ol gecələrdə gizlən daha.

Qorxudu

Bu dünyanın deyəsən lap əvvəli qorxudu,
Həm gedişi, həm də ki, yaranışı qorxudu.
Sevgisi bir zərrə nur, o da göydən asılı,
Acısı bir batmandı, mayası da qorxudu.

Ha çəkirsən çəkilmir, ha gedirsən gedilmir,
Həm gündüz, həm gecəsi, sabahı da qorxudu.
Boylandığın sağ-sol da, getdiyin dümdüz yol da,
Gördüyün yuxusu da, nağılı da qorxudu.

Bu qorxular içində ən qorxuncu ayrılıq,
Gedişlərin içində qaçılmazı ayrılıq.
Yarpaq kimi əsirdi, ağaclar tək vüqarlı,
Yalnız lap dərinlikdə hər əzası qorxudu.

Üşüdüm soyuq oldu, əsir ürəyimdə dərd,
Aslıdır ürəyim dərddən, dərd də dərbədər.
Söylədilər nə dərddir, susdum, dedim ki, keçər,
Qorxdum, deyə bilmədim, dərdin özü qorxudu…

Payız, xoş gəlmisən

Küləklər dörd nala çapır həsrəti,
Yağış göz yaşımı yuyub aparır.
Hər fəsil bir gözəl nemətdi yalnız,
Payız ayrılığa daha yaxındır.

Rəngi də bənzəyir sarı-qızılı,
Yenə də o çəkir mənim nazımı.
Getdiyi bitdiyi hələ az imiş,
Özüylə aparır min bir arzumu.

Əlləri buz kəsir, üzü qısadı,
Dodağı çatlayıb dağların indi.
Ağaclar uzaqdan bir tamaşadı,
Baxıb qəmlənirəm son kədərimi.

Payız, xəzanınla sən bir aləmsən,
Necə ümidimi qırsan da xoşdu.
Bu dəfə heç vaxtsız gəlməmisən sən,
Ayrılıq üzünə necə yaraşdı…

Ayrılıq

Sıxılır göy üzü, dünya kiçilir,
Dünyanın boynuna biçilir həsrət.
Torpaqda ayrılıq gül tək əkilir,
Canından qoparır onu təbiət.

Torpaq ayrılığı doğub deyəsən,
Torpaqdan yoğrulub zalım ayrılıq.
Ölüm ayrılıqdan qorxur deyəsən,
Ölüm ayrılıqdan çox-çox fağırdı.

Bu da bir ömürdü, deyib keçməyin,
Acizi, qorxağı bir dastan yazır.
Bir kərə ayrılıq yaşayan kəslər,
Həmişə can-başla ölümə hazır.

Sözümdə hikmət var, ölüm gözəlmiş,
Ayrılıq min kərə acıdır ondan.
Bir dəfə canını almır ayrılıq,
Dəfələrlə alır səni dünyadan.

Bax belə, bu da bir nağıldı bitdi.
Axtarma, mən yoxam dünyada fərz et.
Sənin gözlərindən düşdüm torpağa,
Ayrılığa dönüb cücərdim heyrət.

Yazıya 1143 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.