Aləmzər Əlizadə – Çəkmə geyən çay

alemzer(Uşaqlar üçün şeirlər)

     Acı dərman

 

Bu gün səhər Ramilin,

Qulağı ağrıdı bərk.

Dedilər, kəsər indi,

Gətirin, dərman tökək.

 

Ramil nə ağladı ki,

Yox, tamına baxın siz.

Birdən acı dərmanı,

Qulağıma tökərsiz.

 

***

Çəkmə geyən çay

 

Übüşün çəkməsinin,

Bir tayı çayda axır.

Qız qaçır, çəkmə suda,

Gah batır, gah da çıxır.

Übüş deyir, bura bax,

Ay çay, dayan, yavaş ax.

Geyib bir tay çəkməni,

Yordun axı sən məni.

O birini də geysəydin,

Sən hamını ötərdin.

Sənə çatmaq olardı,

Ilim-ilim itərdin!

 

***

        Kökə

 

Nənə kiçik Mələyə,

Bişirdi yağlı kökə.

Dedi əziz nəvəsi,

Kökəni yedin bəlkə…

Uşaq kökəni alcaq,

Toplan gəldi yanına.

Quyruğunu buladı,

Bir az da versin ona…

Kökəsindən tez kəsdi,

Toplana atdı Mələk.

Toplan onunla gəzdi,

Kökə qurtaranadək…

 

***

   Güllər solar

 

Balıncı güllü bacım,

Şipşirin dilli bacım.

Gördük başını qoyub,

Yatır döşəyin üstə.

O, balıncdan inciməz,

Küsməz heç nəyin üstə.

Balıncı atmaz bacım.

Dedik:-Balıncın hanı?

Qız qaldırdı yorğanı:

-Soyuq dəyməsin deyə,

İsti yerə qoymuşam.

Yorğanın altda yatsın,

Qoy balıncım bu axşam.

Özü üşüyüb, qorxub,

Balınca soyuq dəyər.

Üstündəki gülləri,

Solar, başını əyər.

 

 

***

Yelləncək

 

Iki-iki oturub

Yellənirdi uşaqlar.

Kamal kənarda durub,

Qucağında heyva, nar.

Növbəsi gələn zaman

Yelləncəkdə oturdu.

Çox ağır olduğundan,

Yoldaşı göydə durdu.

Süsən dedi: -Kamal, sən,

Heyvanı, narı bölsən,

Bizimlə yeyə-yeyə,

Sən də qalxarsan göyə.

 

 

***

 

                    Miyoldasın çağırsın

 

Köynəyimlə şalvarım

Hər ikisi təptəzə.

Hərəsində bir pişik,

Dayanıblar üz-üzə.

 

Bu pişikli köynəyim,

Hanı bəs bunun dostu?

Bax, bu divanın altı,

Bu çarpayının üstü.

Axtarıram, gəzirəm,

Bayaqdan ev-eşiyi.

Milyoldasın çağırsın,

Bu pişik o pişiyi.

 

***

Qızlar, qazlar

 

Sona ilə Etibar,

Nigargilə gəlirdi.

Yolda çoxlu qazlar var,

Bunu Nigar bilirdi.

Qızlar qazlardan qorxdu,

Onlar Nigara baxdı.

Nigar qaçıb gələrək,

Qızların qabağına

Belə dedi gülərək:

-Gəlin, keçin, ay qızlar,

Məni tanıyır qazlar.

 

***

Quzumuzun qotazı

 

Quzumuzun boynunda,

Ağ qotazı qoşadı.

Elə zərif, qəşəngdi,

Ağ muncuğa oxşadı.

 

Bərk bitişib boynuna,

Əl ilə yoxlanmır o.

Bacımın muncuğutək

Açılıb bağlanmır o.

 

***

Açar məndədir

 

Açarla bursam,

Oynayır ayım.

Onu hədiyyər,

Alıbdır dayım.

Elçin aparıb,

Ayımı axşam.

Heç bilməmişəm,

Mən də yatmışam.

Onun açarı

Məndədir ancaq.

Ayım onlarda,

Oynamayacaq.

 

***

Qol, qol

 

Bapbalaca

Meydança var.

Oynayırlar

Bapbalaca

Futbolçular.

Birdən-birə

Meyançaya

Düşdü pişik.

Nə döndü, nə

Qaçdı pişik.

Uşaqlar bərk

Çığrışdılar,

Bağrışdılar.

Çaşdı pişik.

Axır bir yol

Seçdi pişik.

Düz qapıdan

Keçdi pişik!

QOL, QOL!

QOL, QOL!

Sağ ol,

Sağ ol!

 

 

 

 

***

 

Vaxtları yoxdur

Nənəmgilə getmişdim,

Uca ağaclar gördüm.

Axşam evə gələndə,

Babama sual verdim.

-Meyvə verən ağaclar-

Alma, heyva, üzüm, nar,

Lap uca deyil, niyə?

Çinar, qovaq, şam, küknür,

Az qalır çatsın göyə.

Babam başa saldı ki,

Meyvə verən ağaclar,

Gətirirlər hər il bar.

Onların vaxtı yoxdur,

Lap göyə ucalsınlar.

 

Yazıya 745 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.