Sahib İbrahimli – ŞAİR SEVGİSİ

1614131_1479531792274541_1328458896_oOLUR

Elə hökm edir nadan
Dağ oyanır yuxudan.
Daş gələndə qorxudan
Dəymişlər də kal olur.

Dili yox haqq olanın,
Abrında boğulanın.
Yetənə soxulanın
Mükafatı yal olur.

Yad gül bəsləyir torpaq,
Doğmanı hardan tapaq?
Yadın yumruğu papaq,
Papaqlar da şal olur.

Dərddir bizi kürüyən,
Candır daha çürüyən.
3 manata hürüyən,
5 manata lal olur.

Ürək qəm dolu boxca,
Qəm təzə, dünya qoca.
Həyat zəhər olduqca,
Ölüm dönüb bal olur.

 

***

 

ŞAİR SEVGİSİ

Qəribdir dünyada şairlər, qərib,
Elə bil, dünyanı dar eləyirlər.
Yaxşı ki, şairlər qızları sevib
Şair eləmirlər, yar eləyirlər.

Bilmirəm nə deyim vəfasızlara,
Sözlərin oduna yanmır birisi.
Şairin ömrünə düşən qızlara,
Günüdür şairin ilham pərisi.

Ürəkdir şairdən gələn hədiyyə,
Kasıb şairlərin dərdinə bax bir.
Bir qız sevgisindən yaşayar deyə,
Banklar da şairə kredit verir.

Həsrətdə yaşayır şairin izi,
Şair taleyidir o sönən ocaq.
Bir şirin qoşmadır şair sevgisi,
Başqa ad yazılır son bənddə ancaq.

Nizə kirpiyiylə insafsız yar da,
Şairi qanına boyayır elə.
Eh, Allah həmişə durub kənarda,
“Öldürür” şairi bir qız əliylə.

 

***

 

GÖRÜNÜR

Bu bəxti, taleyi çox sınadım çox,
Sözümü qanatdı mənə dəyən ox.
Daha bəbəyimdə göz yaşlarım yox, 
Alnımın qiymətsiz təri görünür.

Nə mənə qismətin, payın bolu var,
Nə də ki, Allahın bir “sağ ol”u var.
Deyirlər, dünyanın min bir yolu var,
Mənə bu yollardan biri görünür.

Bir zaman mən idim, o göylər idi,
Ordan bir ağır əl çiynimə endi.
Güclə böyütdüyüm ümidim indi
Bir sümük, bir də ki, dəri görünür.

Arsızlar yanında ar eləyirəm,
Yox olan ağrımı var eləyirəm.
Kimin ki, yerini dar eləyirəm,
Ona məzarım da iri görünür.

İllərin dərdiyi ömrüm saralır,
Borcda üzən canım vaxtı borc alır.
Harda qəm yiyəsiz, dərd yetim qalır,
Orda ürəyimin yeri görünür.

 

***

 

VARIYMIŞ

Bizi qovuşdurmur ovsun, sehr də,
Sənə yol gedirəm sözdə, şeirdə.
Bəxtim izləyirmiş məni hər yerdə, 
Sən demə, arxamca gələn varıymış.

Soyuq qəm yanında ağ yalandı qar,
Kirpiklərim bağdır, göz yaşlarım bar.
Sevəndə bildim ki, gecə, gündüz var,
Günümü böldürən, bölən varıymış.

Xəyalım havalı, yuxularım kür,
Eşqim özüm kimi boynunu bükür.
Bir həsrət əl çəkmir məndən…Çox şükür,
Mənim də dərdimdən ölən varıymış.

 

***

BİR MİSRA YAZILSA…

Ay Allah, qiymıram bircə ləçəyə,
Yellərin silləsi kaş mənə dəyə.
Çiçəkləri gözdən salarlar deyə,
Ölmür arılar da çiçəyin üstdə.

Bulaq ağlayır ki, Tanrı eşidə,
Sevgilər göyərir yaşıl meşədə.
Gözəl dediyimiz tər bənövşə də,
Gözəldir bir qara birçəyin üstdə.

Könül kitabını tale varaqlar,
Göylərin dilində hələ var ahlar.
Tətikdə daş kimi donan barmaqlar,
Əsir əsim-əsim tütəyin üstdə.

Söyüd boş yuvanı elə qucur ha…
Yarpaq sığal çəkir təzə puçura.
Qorxuram könlümü göyə uçura,
Qoymuşam əlimi lələyin üstdə.

Qəlbim bir daşla da öyünər, vallah,
Şeir dinləməyə göy enər, vallar.
Bəlkə də ömürlük döyünər, vallah,
Bir misra yazılsa ürəyin üstdə.

 

***

DEYİLMİŞ

Eh, seçə bilmirəm ömrü səhnədən,
Həyatdır atımı yoran, ləhlədən.
Məni “uşaq” edib hey iməklədən
Ağrı sevincimmiş, qəmim deyilmiş.

Kim duyar qəlbimdən keçəni bir gün?!.
Üstümə örtəcəm bu çəni bir gün.
Dedim, öldürəcək dərd məni bir gün,
Ölmədim, dərd mənə qənim deyilmiş.

Dünya başımızda qəzaymış demə,
Qələmim əlimdə əsaymış demə.
Ürək şairlərə cəzaymış demə,
Ürək şairlərə rəhm deyilmiş.

Gözlərim bircə cüt, göz yaşım bol-bol,
Hamıya “can” dedim, hamıya “sağ ol”.
Tanrı od ələdi başıma min yol,
Yox, tanrı bir elə həlim deyilmiş.

Qara gün əlindən qaraldı qanım,
Bir bilən olmadı nə çəkdi canım.
Sanırdım ömürdür olub-qalanım,
Sən demə, ömür də mənim deyilmiş.

 

***

 

BƏLKƏ

Nəyi var dünəni anan ömrümün,
Dərdimi gizlədib danan ömrümün?!.
Sığındım qoynuna yanan ömrümün,
Ömrümdən od alıb alışdım bəlkə.

Yalvardım:–Ay bəxtim, sən də qanad aç,
Qara günlərimdən qalıb qara daş.
“Bax, mən də adamam” deməklə, qardaş,
Ağzıma gələni danışdım bəlkə?!.

Haqqımı yedilər gözümü döydüm,
Maska taxammadım, üzümü döydüm.
Gücüm çatır deyə özümü döydüm,
Dil tapıb özümlə barışdım bəlkə.

Açdım ürəyimi, bax bu da belə…
Əlimlə köksümü tuturam elə.
Deyirəm, dünyaya gəlməyim ilə,
Dünyanın işinə qarışdım bəlkə?!.

Yazıya 960 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.