Əbülfəz Elçibəyə… – Akif Səməd

34962441_2176325055714494_1462295455000952832_o

 

Təki Vətən yaşasın

 

(Əbülfəz Elçibəyin ölümünə bütöv ağı, yarımçıq şeir)

 

Qara sazım sarı simi itirdi,

Budaqdan ən yaşıl yarpaq qopardı,

İtirən bildimi kimi itirdi,

Aparan bildimi kimi apardı?!

 

“Yaşıl yarpaq” dedim, çaşdım, yanıldım,

Köküydü, pöhrəydi –  yaşıl yazıydı.

Doğrudu, peyğəmbər yaşında köçdü,

Peyğəmbər yaşı da ona azıydı.

 

Bəyim, “köçdün”, dedim, yox, elə deyil!

Köçmək belə olmur, köç belə olmur.

Müridlərə köçdün, mürşidlər ölmür,

Ölüm belə olmur, heç belə olmur.

 

Sən ölər olsan, azadlıq ölür,

Azadlıq, a Bəyim, Türkün adında….

 

Bəyim, bu şeiri Şuşaya

Bayraq sancan tamamlar,

Təbrizə qovuşan bitirər,

Quranı bütöv görən yazar,

Bə bir də “babası” Lenin olmayanlar…

Təbriz-lər, Daşqın-lar,

Turan-lar, Atilay-lar,

Turxay-lar, Elbəy-lər,

Səni sevənlər, ağlamazlar,

Təki Vətən yaşasın! – deyərlər…

 

Mən isə yarımçıq şeir yazdım,

…bütöv ağladım…

 

 

***

 

Əbülfəz Elçibəyə…

 

Onu tanımırsan, deyim,

Özünə yağı adamdı!

Tünd qara rənglər içində,

Bir göyqurşağı adamdı!

 

Adam gərək sofu olsun,

Qılınc tamaha “tfu” olsun,

Haqqın insafı olsun,

Haqqın aşığı adamdı!

 

Bilməz nə xaç, nə də Quran,

Seçər nədi halal-haram.

Buluddan yuxarı duran,

Tozdan aşağı adamdı.

 

 

Yazıya 759 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.