Sabir Rüstəmxanlı – Biz kimik və nə istəyirik

sabir rOn günlüyə Bakıdan ayrılmışam. Sevinirəm. Yan-yana azı on yarımçıq işim var. Heç olmasa birini tamamlaya bilərəm bu günlərdə. Aç bilgisayarı, davam etdir yazını. Ancaq, Allah şeytana lənət eləsin, gərək xəbərlərə göz atasan, feysdə dostlarınla maraqlanasan… Axı bu nə xəstəlikdir? Otur yazını yaz, niyə girirsən bu qeybətxanaya? İlham, aşıb-daşan yazmaq həvəsi, böyük- böyük düşüncələr, sözlə cəmiyyəti dəyişəcəyimizə inam, əbədi olan ədəbiyyat! Hamısı bir-iki dəqiqədə dağılıb getdi. Aradan üç gün keçib, yalnız bu gün özümü zorla bilgisayarı açmağa məcbur etdim ki, ilk növbədə bu sətirləri yazım. İçinə bir ağrı doldusa onu qoparıb atmadan başqa iş görmək olmur. Üç gündür elə bunu düşünürəm: Ömrünü bu bilgisayarın qarşısında çürütməyin bir anlamı varmı? Bu qədər yazmısan, deyək ki, birini də əlavə et, nə dəyişiləcək? Hər an bütün dəyərləri ayaq altına atmağa hazır olan, yaxşıyla-pisin fərqini bilməyən, bilmədiyi məsələlər barədə hökmlər verən, hər cür fitvaya uyan, böyüklərinə təpik atan, tarixindən və keçmişindən xəbərsiz, müqavimət gücünü itirmiş, unutqan bir toplum üçün yazmağın bir mənası varmı? Əlli ildir yazırsan, ən ağır çağlarda, sovet rejimində həyatını riskə atıb xalqının dərdlərini demisən, sonra azadlıq mübarizəsinin önündə dayanmısan, sonra eyni işi Müstəqil dövlətinin Məclisində davam etdirmisən, bu arada saysız yazı, müsahibə, kitab, çıxış, itki, ağrı, haray, göz yaşı… Sonra da dünən yumurtadan çıxan, sənin uşağın yerində, bəlkə ondan da cavan olan, dünyadan xəbərsiz biri qalxıb yazsın ki, “ axı o kimdir e, nə iş görüb bu millət üçün?”; sonra da bir dəstə özü ağılda olan səs-səsə verə, düşünülmüş şəkildə bu iyrənc şər-şəbədələrini reklam edib”, dostlar, yayın bunu, qoy hamı tanısın bu adamı” deyə hələ böhtan və həqarətlərini reklam da eləyələr… Təəssüf ki, bu, neçə-neçə ziyalımızın yaşadığı olay, dəfələrlə gördüyü mənzərədir. Ancaq indi məqsədim özümlə bağlı yazılara cavab vermək deyil, zatən bu günlərdə “Cavab əvəzinə ağrılı xatırlatmalar” adlı yazımda bu məsələlərə münasibətimi bildirmişdim. Vicdanı olan anlayar. Həm də mən siyasətlə məşğul olduğuma görə belə dırnaqarası mübarizənin hardan qaynaqlandığını bilirəm.

İndi isə ümumiyyətlə yazı əxlaqından, böyüklərə münasibətdən və unudulmuş ədəb-ərkandan danışmaq istəyirəm.Bu, əslində millətin gələcəyi məsələsidir. Çünki mənəvi dəyərlərini, dürüstlüyünü, insana sevgisini, xeyirxahlıq və xoşgörüsünü itirən cəmiyyətin gələcəyi ola bilməz…

Bir adam yazır, iki adam yazı və yerindəcə cavablarını alırlar. Əhəmiyyət verməmək də olar. Adamı ağrıdan illər uzunu davam edən köhnə havadır: “Azərbaycan Yazarlar Birliyi yiyəsiz məzarlığa bənzəyir”, “oranı süpürüb atmaq lazımdır”, “Anarın ömrü qurtarıb” (Bu sözləri Anarın oxumasını istəməzdim, rastına çıxsa deyilənləri təkrarladığıma görə məni bağışlasın…) və s. Səhifələri çevirsən görəcəksən neçəsi öz səksən, doxsan yaşlı atası, babası, anası, nənəsi ilə şəkillərini qoyub, qürurla” Bu mənim böyüyümdür” yazır və ona uzun ömür arzulayır. Həmin böyüklərin bir çoxu yəqin ömrü boyu öz ailəsindən başqa heç nəyi düşünməyib və bu cəmiyyət üçün də heç bir iş görməyib, lakin bizim insanımızdır, vətəndaşımız, əzizimizdir. Allah hamısına can sağlığı versin, övladlarını xoşbəxt eləsin. Ancaq, ay öz böyüyünə uzun ömür arzulayan vətəndaş, axı Anar da sizin böyüklər kimi bir ailənin başçısıdır, uşaqları, nəvələri var, onlar da babalarının uzun və sağlam yaşamağını arzulayırlar və sizin yazılarınızı oxuyurlar… Bir anlığa özünüzü onların yerinə qoyun.

Anara qalsa o, belə hədyanları və bədduaları çox eşidib və cavanlıqdan “el üçün ağlayan gözsüz qalar” deyimi də qulağında sırğadır. Əslində, Azərbaycanın bütün ziyalıları bu qəbuledilməz, millətimizi aşağılayan, bizə nankor damğası vuran acı reallıqla barışmağa məcburdur. Tarixin amansız ibrətidir. Deyirik, acıyırıq, lakin dəyişilmirik…
Mən AYB-nin içlərinə qarışmıram və Birliyi müdafiə etmək niyyətim də yoxdur. AYB haqqında yazıçı danışsa bunu anlamaq olar, lakin çox vaxt bu quruma aidiyyəti olmayan və ya istedadsız, Birliyə üzv olmaq üçün dəridən-qabıqdan çıxan adamlar yazır…

Vaxtilə Birliyin sədirliyi söhbətində mənim də adım hallanıb. Mən fikrimi aydın demişəm: “Nə qədər ki, Anar işləmək istəyir, mən ona mane olmaram”. Bu, Anarın Birliyin sədri kimi əvəzolunmazlığı demək deyildir. Bu, insana öz xidmətlərinə görə sayqıyla yanaşmaqdır. AYB- də bir dəstə gənc çalışır. Çingiz Abdullayev kimi dünya şöhrətli və işləməkdən yorulmayan birinci katib, yenə başqa iki istedadlı və gənc katib Rəşad Məcid və İlqar Fəhmi olan yerdə Anarın işləməsinə ehtiyac da qalmır. O, heç bir iş görmədən öz təcrübəsiylə bunları yönləndirsə onun yaşını hallandırmağın nə mənası? Əksinə, məncə yazıçılar sevinməlidirlər ki, Birliyə Anar kimi bütün ömrü boyu Azərbaycan və ümumtürk ədəbiyyatına, mədəniyyətinə, ictimai və siyasi fikrinə ləyaqətlə, yorulmadan xidmət etmiş, nüfuzlu, hörmətli, sözü keçən, müdrik bir insan başçılıq edir; bu qədər vaxtını, əsəbini sərf edir birliyin gündəlik içlərinə. AYB-yə məzarlıq deyənlərin görünür, birliyin işlərindən xəbərləri yoxdur. Xatırlatmaq istəyirəm: mətbuatın böhran içində olduğu günlərimizdə AYB “Azərbaycan”, ”Ulduz”. “Qobustan” “Literaturnıy Azerbaydjan” kimi yüksək səviyyəli dərgiləri və “Ədəbiyyat qəzeti” kimi maraqlı bir qəzeti nəşr edir, Natəvan klubunda hər gün bir ədəbi məclis var. AYB başqa neyləməlidir ki, siz onun canlı olduğunu hiss edəsiniz?

Nə isə. AYB-ni müdafiə etmək mənim işim deyil. Amma Anarı müdafiə etməyi, onun haqqında qələm adamına, bir Azərbaycanlıya və insana yaraşmayan ifadələr işlədənlərə cavab verməyi özümə borc bilirəm və bu elə mənim işimdir. Çünki bu artıq bir ləyaqətli böyüyümüzə münasibət çərçivəsindən çıxıb; bu, bir millətin əxlaq məsələsidir, bu, bizim yüz illərlə formallaşmış milli xarakterimizi, kişilik, mərdlik, sözübütövlük, böyük-kiçik yeri bilmək özəlliyimizi məhv edən qüvvələrə qarşı dirəniş vəzifəmizdir; bu, harda, necə yetişdirildiyi bəlli olmayan dağıdıcılıq ehtirası ilə yaşayanlara yerini göstərmək , bəlkə də bəzi həqiqətləri anlamalarında onlara yardımçı olmaqdır.

Cəmiyyət qəzəblidir. Torpaqlarımızı itirməyimiz, iqtisadı çətinliklər, siyasi mühitimizdəki ədalətsizliklər insanları hövsələdən çıxarıb, bunu hamımız bilirik, lakin bu qəzəblə öz ocaqlarımızı söndürməyə haqımız yoxdur. İmkanınız varsa öz ziyalına, öz xalqına yönəltdiyin qəzəbinin bir hissəsini sərf eləyib dünya mətbuatını bürüyən erməni böhtanına cavab ver, yoxsa xalq diplomatiyası adına orda-burda ermənilərlə iyləşib sonra millətinə yananların üstünə cumma! Bir vaxtlar belə hücumların bir ünvanı da Bəxtiyar Vahabzadə idi. Hərdən düşünürəm nə yaxşı bu bəyənmədiyimiz hökumətimiz var, yoxsa bu nifrət mühiti bir çox ziyalımızın ömrünü sakitcə başa vurmasına, müalicəsinə, ləyaqətlə dəfninə, xatirəsinin əbədiləşdirilməsinə də imkan verməzdi. O vaxt mən “Millətin əsəb nöqtəsi” adlı bir yazı yazmışdım. Anar da bu millətin əsəb nöqtələrindən biridir və ona toxunmaq olmaz!

Hamının bildiyi şeyləri təkrar etməyə ehtiyac yoxdur. Ancaq onun yaşa dolmasını hallandıranlara bir daha xatırlatma istəyirəm: yazıçının yaşı olmaz! Cavan ikən ilhamı, qələmi donmuş, mövqeyi bəlli olmayan, ölü yazıçılar var. Səksən yaşında gecə-gündüz işləyən bir qələmin sahibi gəncdir, sağlamdır. Siz ölümünü düşünsəniz də Anar bu xalqın ruhunu diri saxlayan mənəvi dəyərlərinin ən böyük varislərindən biri və sağlığında ölməzlik qazanmış adamdır. Anar çoxdan ürəkdən sevdiyi ədəbi zirvələrimizlə – Mirzə Fətəli, Mirzə Cəlil və Cavidlə bir sıradadır… Təkcə “Dədə Qorqud dünyası” araşdırması tarixçilərin pərdə çəkdiyi həqiqətləri üzə çıxarmaq baxımından misilsiz bir əsərdir. Hər biri bir ədəbi hadisə olan “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlaqə”, “Otel odası” kimi roman və povestləri, hekayələri, esseləri bir yana, Azərbaycan ədəbiyyatının elə bir siması və hadisəsi yoxdur ki, Anar onun haqqında heç olmazsa bir məqalə, esse yazmamış olsun. Anar ensiklopedik zəka sahibi kimi ədəbiyyatımızın böyük humanizm havasını min ildən min ilə daşıyan (və öz dediyi kimi, buna görə də düşmənlərin acığına yaşayan) adamlardan biridir. “Dədə Qorqud” filmi bütün millətin dönə-dönə həvəslə baxdığı böyük sənət əsəridir. Bundan əlavə Mirzə Fətəlinin, Mirzə Cəlilin, Cavidin, Üzeyir Hacıbəylinin ölməz obrazlarını canlandırmış bir fədaidir. Bunları sözlə deyib keçmək asandır, lakin hər birinin hansı düşüncə və bürokratiya labirintərindən keçdiyini təsəvvürə gətirəndə insan heyrətlənir. Mən hələ onun müasir həyatımızla bağlı olan başqa unudulmaz filmlərinin, səhnə əsərlərinin adını çəkmirəm. Anar ədəbiyyatımızı dünyada təmsil edən, əsərləri bir çox dünya dillərinə çevrilib nəşr edilən azsaylı yazarlarımızdandır. Və nəhayət, bu gün Anarı “bəyənməyənlərin” bəziləri öz adlarını, dostlarının adlarını xatırlasınlar; görəcəklər elə onlar da Anarın mənəvi övladlarıdırlar…

Mən oxucu haqqını unutmuram, hətta ən böyük yazıçını da tənqid etmək olar, ancaq dəlil-sübutla, onun şərəf və ləyaqətinə toxunmadan, Adam kimi! Yoxsa ağır ürək əməliyyatından yenicə çıxıb, ancaq dayanmadan yenə gəzən, ədəbiyyatımızı uluslararası toplantılarda təmsil edən və inanıram o məclislərin ən ağıllı sözünü deyən bir ağsaqqal haqqında yuxarıda dediyim təfəkkürlə danışmaq ən azı vicdansızlıqdır və insanlıqla bir araya sığmayan işdir…

Bir anlığa düşünürəm: yüz illər boyu yetişmiş və bu millətin fikir, düşüncə, milli ideya, dövlətçilik şüurunun memarı olan uca söz, silah, savaş, hakimiyyət zirvələrimizdən hansı qalıb ki, son illərdə cahillərin mənasız hücumlarına məruz qalmasın? İstisnasız olaraq bütün böyüklərimiz və bütün mənəvi dəyərlərimiz hədəfdərir. Ermənilərin torpaqdakı hücumlarına bənzər bir hücum da bizi millət eləyən dəyərlərə qarşıdır. Bu gün o cahillər arasında yer alanlar unudurlar ki, sabah da onlar hədəfə çevrilə bilərlər. Əgər tale üzlərinə gülsə və bu qeybətlərdan baş açıb ciddi bir şey yaza bilsələr….

Bir daha vurğulayıram, bu yazıyla mən yazıçıların həyatındakı çətinlikləri və AYB –nin görə biləcəyi işləri gözardı etmirəm. Bir çox istedadlı yazarların, deyək ki, Murad Köhnəqala kimi tanıdığım və bəlli bir yaşa dolandan sonra da evsiz olanların durumu ürəyimi ağrıdır və elə hesab edirəm ki, AYB-nin imkanları nə qədər məhdud olsa da bu sahədə vəziyyəti dəyişmək üçün yollar axtarmalıdır. Lakin bundan ötrü Anarı söymək yox, ona can sağlığı arzulamaq lazımdır…Onsuz da Allah göz yaşlarına və pis niyyətlərə inanmır…

 

Yazıya 676 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.