AÇAQ QAPILARI… - Sona Vəliyevanın şeirləri

sona vBU NƏ EŞQ SEVDASI, NECƏ MÖCÜZƏ

Bu nə eşq sevdası, necə möcüzə,
Fəslinmi yubanıb, ağlınmı çaşıb?
Şirin sözə möhtac qadın kimisən
İçin çiçəkləyib çölünə çıxıb.

Üzün bəxtəvərlik saçır beləcə
Duanmı, tövbənmi çatıb göylərə?
Ya dərviş payısan, ya haqq qisməti,
Ya da çiçək dolu şeytansan elə.

Payız xəzanından qorxmayıb belə,
Bu çiçək ömrünə hayandan gəldi?
(Ey bulud bacılar, şimşək qardaşlar,)
İçimə bir ulduz sevda göndərin.

Görüm ağac kimi çiçəklərəmmi?
Mən ağac dilində çiçəkləməsəm
Bunun günahını soruşaq kimdən?
İçimdə çağlayan dərddir, ilahi,
Hər gecə ruhumu məhşərə çəkən.

Ömrün nə məqamı, ilin nə vaxtı,
Bu alma qisməti necə gözləyək?
Saçından asılan gözəlsə ömür,
(Ağacın verdiyi qalsın o yana)
Alma göydən düşsə nəyimə gərək?

Hər şeyin yeri var vaxt axarında,
Gəlmişəm ömrünə dumanın, çənin.
Bəlkə də nənəmin nağıllarında
Sən göydən düşməyən payımsan mənim

AÇAQ QAPILARI…
Qapını bağlayan fələk
Bir gün açar, ağlama.
(el bayatısından)

Sən üzmə özünü, ağlama belə,
Yolların kəsəsi tez çatan olur.
Hər bağlı qapıya, bağlı demə gəl,
Taledən hər bəxti bir açan olur.

Bağlı qapıları bağlı bilməsək,
Hər bağlı taleyin öz tilsimi var.
Yüz ildir Arazı bağlı bilmişik,
Yüz ildir dərdimə tapılmır açar.

Hələ çox dərdimin dərmanı sirli,
Hələ çox açarlar ağ div əlində.
Bir xalqın taleyi uduzulan gün,
Bağlı qapı oldu Xudafərin də.

Yenə ümidini üzmə gəl belə,
Yolların o üzü günəşdir, sudur.
Qapının bu üzü «cəngi», «Vağzalı»
Qapıdan o yana bir gözəl durur.

Bu dünya binadan xali deyil ki,
Həqiqət bir açar, qeyrət bir açar.
Fələyin hökmünü çox da gözləmə,
Nə vaxtdır qapılar, yollar intizar.

Açılar bir nurlu, bir aydın səhər,
Bir ağ atlı oğlan qismətə çıxar.
Sınar bəxtimizin tilsimi, sehri,
Açılar qapılar, açılar yollar.

Sən üzmə özünü, ağlama belə,
Yolların dolayısı tez çatan olur.
Hər bağlı qapıya bağlı demə gəl,
Taledən hər bəxti bir açan olur.

PƏNCƏRƏ İŞIĞI, QADIN BAXIŞI

Pəncərə işığı, qadın baxışı,
Yollardan yığılmaz, nigaran qalar.
Hardasa bir kişi yol gələr evə,
Hardasa bir qadın qəlbi intizar.

Ürəyin işığı yollara mayak,
Gözün mükafatı tez gəliş olar.
Sədaqət, məhəbbət ən böyük sərvət,
Ehtiyac ən kiçik umacaq olar.

Hələ yozulmayan çox sirlər yaşar,
Bu qədər doğmalıq özü də sirdir.
Qız ikən dünyaya sığmayan gözəl,
Qadınkən evinin pərvanəsidir.

Pəncərə işığı, qadın baxışı,
Hardasa bir kişi qazanc dalınca.
Bəzən də xəyanət ocaq söndürür,
Bir qadın ağlayır yol ayrıcında.

Gözləri yollarda, qulağı səsdə,
Əzizlər sevgisin körpəsi kimi.
Min suçun üstündən bircə an keçib,
Udar sirlərini öz səsi kimi.

Qadınlar, qoruyun kişiləri siz,
Bir evə dirəkdi, işıqdı onlar.
Kişilər, ucaldın sevginizi siz,
Sonuncu qadınla dünya qurtarar.

PAYIZ ETÜDLƏRİ

Payızın dilində şeir yazıram
İçimdə, çölümdə payız nəğməsi.
Yarpaq qırğınıdır, məşhər başlayıb
Yoxdu ağacların ağlayan kəsi.

İstədim əlini tutam payızın
Ruhunu oxşayam, dərdini böləm.
Yağışa qarışam kimsə görməyə
Ya da durnalara qoşulam gedəm.

Getsəm nə dəyişər, qalsam, nə bilim
Zamanla köçəni saxlamaq olmur.
Ölümün bildiyim xəstə anamtək
Payız elə kövrək ayrılmaq olmur.

Bu payız fərqlimi, ruhum qəribmi,
Ya qismət bahara yetə arzular.
İçim yarpaq –yarpaq talanıb gedir,
Bu dəli küləyi durdurun bir az.

Çinar öz yarasın qorusa belə,
Yarpaq balaları qoruya bilmir.
İlahi, qarşıdan hələ qış gəlir
Gecikən sevgi tək bu bəyaz çiçək,
Tufanı tanımır, çovğunu bilmir.

Yarpaq məzarlığı bağa göz dağı,
Ya qismət, bahara yetə arzular.
Tumurcuq diləklər Tanrı töhfəsi
Bir az təpər versək bitər sevdalar.

Həsrətin ölçüsü payızmış elə
Qarışla , arşınla ölçülməz demək.
Ayrılığın rəngin görmək istəyən
Saralan yarpağa toxunsun gərək.

Ağacam bu payız dağ sinəsində
Məni görməyiniz duymanız çətin
Ruhumu dumana, yağışa bükün
Badam ağacının çiçəkləriylə
Bahar qayıdanda bəlkə göyərdim.

SÖZ YOLU

Yerdənmi, göydənmi başlar söz yolu?
Şam eylər yoluna sağ əl, sol əli
Gedərəm çiynimdə bir cüt göyərçin
Duraram min rəngli dumanlı yolda
Xeyirli hansıdır hansını seçim?

Sözün qırx qapısın açıb görərəm
Dözümüm saçımdan asılıb göyə
Canım söz içində sehrli quşdur
Allah mələk yetir, xilas etməyə

Üzülər ömrümün köz barxanası
Sökülər dərd yükü, söz barxanası
Allahla aramda körpü olası
Sətir böyüdürəm ona yetməyə

Tanrı yolçusuyam bəxtim söz yükü
Mənalar canımı yonar, cilalar
Bəzən axtardığım qalar o yana
Kiminsə itiyi qarşıma çıxar

Daşın da, sözün də yaddaşı varmış
Ocağın közün də yaddaşı varmış
Tanrının, insanın söz yaddaşıymış,
Mən də sözdən, sirdən, daşdan göyərdim

GƏL GEDƏK DEYİRSƏN…
(Ömür-gün yoldaşıma)

Gəl gedək deyirsən bir yerimmi var?
Ha getsəm dönəcəm özümə sarı.
Dünyanın sərhədi sözdü içimdə,
Yenə də dönəcəm sözümə sarı.

Yol var, tək getməyə ayaq getməyir,
Arzu var içində ümid bitməyir
Ürəyin tək məni götür, get deyir,
Gözlərin yol cəkir gözümə sarı.

Əl-ələ yol gedək, yol bilinməsin,
Əvvəlin başlayaq, son bilinməsin
Qoy mənzil başını yol özü desin
Yıxaq bu dünyanın kədər hasarın.

Ömrün yozulmağı, yorulmağı var
Ələnib, durulub, sovrulmağı var
Varın yox olmağı, yoxun varı var
Gəl gedək döz deyib, dözənə sarı.

Sevgi də Tanrıdan ömür payıdır,
Sevən var, ilk gündən yollar ayırır
Əslində ayrılıq ayrılmamaqdır
Üz tutdum, soruşdum yüzünə sarı.

Gəl gedək deyirsən, sormam “niyə”sin
Sevda yolçusuyuq, yollar sevinsin.
Döydüm iç qapımı – ay ev yiyəsi
Gördüm sən gəlirsən, üzümə sarı.

YOLLARA YAĞIŞ YAĞIR

Yaz gecəsi dəli-dolu,
Buludu giley dolu.
Yerdə bir qız unudulub,
Yollara yağış yağır.

Bu yağış dostum, yarımmı,
Dərdim desəm, ovudarmı?
Mən Tanrının yol adamı,
Yollara yağış yağır.

Süzülür mələk ovcundan,
Bir ilahi eşq ucundan,
Çiçəklər yol ayrıcında,
Yollara yağış yağır.

Tanrıya duam yetəcək.
Yetəcək, çiçək bitəcək,
Göydən üç alma düşəcək,
Yollara yağış yağır

Bu yağış Tanrı nurudur,
Dərdlərimi ovundurur.
Daha mənə ölüm yoxdur,
Yollara yağış yağır.

Yağış açar – göylər açıq,
Tut ucundan Tanrıya çıx,
Ömür yolda yar-yarımçıq,
Yollara yağış yağır.

MANERA.AZ

Yazıya 765 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.