ŞAKİR XANHÜSEYNLİ – Bəzən elə bilirəm ki…

sakir xan***
bir Təbəssüm
dolaşıb küçələri
hamını xoşhal edər,
könül güldürər.

bir İşıq qaranlıqlar içində
özünə işıqlı xəyallar qurar…

tanıyıb-bildiyim bir Nəfəs
gedir-gəlir,
yeni Nəfəslərlə
o da təzələnir elə bil…

bir Səs
çaşıb qalıb yollarda;
hər tərəfdə səssizlik…

***
Şeir yazanda-
bu anda
götürün ayağımın altında nə var-
havadan asılı qallam…

şeir yazanda
sanıram
bütün günahlardan arınıram.

Şeir yazanda
qarışqalar üstümə çıxır,
boynuma minir.

qanımı soranlar,arxayın olun,
alnıma köz yapışdırın,
dizimin kündəsini qırın
mən şeir yazanda…

***
əlim bir ələ,
gözüm bir gözə,
sözüm bir sözə
dəyməyincə,toxunmayınca
tənhayam,təkəm mən

ocağım ocağından köz almayınca,
həsrətdən,hüzndən öc almayınca;
ah,sən olmayınca,sən olmayınca
bitən,tükənən mən

dizimə bir dizin taqəti axmayınca,
ürəyimdən bir tikan çıxmayınca,
əzablarım gün boyunca-
sanki hər bir dərdi çəkən mən

kölgəm kölgəndən düşməyincə,
yollarımız bir-biriylə kəsişməyincə,
ya gündüz olsun,ya gecə
öz-özündən ürkən mən

daşı götür at sinəndən,
ey həyat bildiyim,ölümsən,nəsən,
bax,axır gəlib keçəcəyəm səndən;
doğanaq sən,örkən mən…

***
bəzən elə bilirəm ki
evimin divarları
mənə söykənir
sanki aşmamaq üçün

***
bu soyuqlar günəşin soyuğudur,
yağış da onun,bulud da…
bir azdan güclü şaxtalar düşəcək günəşdən,
baxsan elə günəşindi zülmət də…


XATİRƏLƏR İZİYLƏ…
1
Kümədə
kümənin yoğun orta tirindən küp asar,
küpə gedərdik,
bütün etdiklərimiz eləydi ki,
bilməzdik nə etdiyimizi,
sanki Tanrı qoruyurdu,
yedirir,içirirdi bizi…
Yelləncək ipi ən çox örkən olurdu-
qırılmaz,rahat,
hələ anlamadığımız çilələr içində
çox gözəliydi həyat…
2
Meşədə quru odun doğrayıb
bəhsə girərdik kim birinci dolduracaq tayçaları,
həm də ulağa kimin çatdığı yük aşırmayacaq…
Bərklərdə tay-tay deyib
duyuq salardıq ulağı.
Çörək haqqı,
ulaq sanasan “başa düşüb” bizi
özünü toparlar,
bir yerə ilişmədən,
sürüşmədən keçərdi bərkləri…
3
Ən maraqlı mövsimi işlərdən biri,
əlbəttə,
yayın əvvəllərində
zəmiləri suvarmaqçın
böyüklərimizin bizi də arx çıxarmağa aparmasıydı…
göl tutmaq,
arx içi təmizləmək,
çim kəsmək,daşımaq,
arxın qırılan yerlərini bərkitmək,
nov atmaq,
arxın ləm hissəsini nəzarətdə saxlamaq,
suyun qabağını açmaq,
heyvanatın,adamların keçdiyi keçəlatlar
xüsusi səylə,səliqəylə düzəlməliydi ki,arx dağılmasın-
nə qədər iş varıydı;
işlərdi atalarımız köynəkləri şor bağlayanacan,
biz də balaca yançılar,köməkçilər;
sanki bəzən onların əl-ayağına dolaşmağımız da
bir köməkiydi onlara…
4
Bəli,nə etdiyimizi çox vaxt bilmədən
bir şeylər edirdik amma…
gəlirəm ot biçininə;
dərgezi ülgüc kimi tük aparmalıydı dərgezçinin;
yegə,bülöv,çaxmaq,çəkic-sindan başının altında…
qolları geniş açaraq
vər açmaq
çörəyə,suya-ruzuya qucaq açmağıydı ,əslində…
keçir xatirimdən xalvar daşımaq:
bəndəm hörüb dərz bağlamaq gərəkiydi bir böyüklükdə,
bir səliqə-sahmanda-
sonra da xalvarlamaq onları qərətə verməmək şərtilə,
hamarat yerə yığılmalıydı ata-ulağa çatmaq asan olsun deyə…
ot çaldığımız sahədə
ilan qabığına rast gəldim neçə dəfə;
ilan öz uzunluğunda qabıq buraxardı yerdə,
andırın qabığı da zəhmliydi,adam səhməklənərdi;
kimə ilan deyə bilərsən,
amma kim ilan kimi qabıq qoymayıb həyatında-
gör a…
5
Lampa işığında
oxuduğum nağıl,dastan,şeir kitablarının
sanki sehirli bir qüvvə kimi
məni əhatə etdiklərini sanırdım…
Hər səsin,sözün
özəl bir cəhəti varmıştək
ruhumda,qəlbimdə silinməz izi qalırdı…
Nağıllar…biri var idi,biri yox idi-
başlanğıcdı,ilkdi,təməliydi,
zamanın sonsuzluğuna,
məkan nəhayətsizliyinə bir işarəydi həm də…
Dərinliyinə varammadığım sirlər aləmində
sanki yaşadığım gerçək həyata daxil olur,
həyəcanlanır,
təlaş keçirir,
bir qorxu duyurdum…
Göydən düşən üç almanın
bir adama aidliyi
nə deməkiydi:uşaqlıq,gənclik,ahıllıq bəlkə…
və nağıl bitirdi
bir ömür bitər kimi…
Lampa işığı gah güclənir,gah öləziyirdi,
elə bil ki,
dünya işlərinin
oxuduqlarıma bir başa dəxli varıydı,
yəni sevincli bir əvvəli,
kədərli bir axırı varıydı…

Yazıya 978 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.