İradə Aytel – Mən onu sevirdimmi?…

aytel(ilk hekayəm)

- Sizə sonuncu sualımdır: Gəncliyinizi necə xatırlayırsınız?

Bu sualdan sonra bayaqdan bəri ilk dəfə olaraq onun gözlərinə baxdım. İlahi, o gözlər, o baxışlar necə də dəyişmişdi. Sanki, cəmi on beş il bundan əvvəlki o gözlər, o baxışlar deyildi. Onun on beş il bundan əvvəlki qap-qara saçlarına dən düşmüş, alnına on beş ilin naxışı düzülmüş, on beş il bundan əvvəlki şux, cazibəli qamətinə sanki bir əzginlik, bir yorğunluq çökmüşdü. Acılı-şirinli xəyallar məni on beş il əvvələ, onun gəncliyinə, mənimsə uşaqlıq illərimə apardı. …Mən onu tanıyanda təxminən on üç-on dörd yaşım olardı. Onlar bizim qonşu evə təzə köçmüşdülər. Həmin vaxtlar onun təxminən otuz beş-otuz səkkiz yaşı olardı. Ortaboylu, qarayanız, parlaq, iri gözlü, dolubədənli bu adamın bir-birindən gözəl, bir-birindən qəşəng üç qızı var idi. İlk dəfə görəndən məndə ona qarşı maraq oyanmışdı. Bu maraq get-gedə daha da güclənirdi. Hətta, elə günlər olurdu ki, saatlarla pəncərədən küçəyə baxır, onun yolunu gözləyirdim. O, isə bütün bunlardan xəbərsiz idi. Əlbəttə, on üç-on dörd yaşlı dəcəl bir qızcığazın daxilindəki çırpıntıdan onun nə xəbəri ola bilərdi?…

…Son vaxtlar elə dəyişmişdim ki, yaşıdlarımla yaxınlıq etmir, bütün günümü tənha keçirir, çox fikirli görünürdüm. Səhərlər məktəbə getməmişdən əvvəl onu gözləyirdim. Onun böyük qızı da mən oxuduğum məktəbdə təhsil alırdı. O, hər səhər öz maşını ilə qızını məktəbə aparırdı. Baxışlarımla onu yola salar, sonra məktəbə gedərdim. Demək olar ki, hər gün dərsə gecikərdim. Lakin müəllimlər danlamazdı. Qabaqcıl şagird idim.

Onu yaxından görmək heç vaxt mənə qismət olmazdı. Hər səhər işə gedər, axşamlar geri dönərdi. İşlədiyi yeri də dəqiq bilmirdim. Demək olar ki, onun haqqında heç nə bilmirdim. Lakin, onu görmədiyim gün gecəni səhərəcən yatmazdım. O məni heç vaxt görməzdi. Həmişə ondan qaçırdım. Təsadüfən rastlaşanda da elə hala düşürdüm ki, qıp-qırmızı pörtürdüm, hətta ayaqlarım da sözümə baxmır, bir-birinə dolaşırdı.

Gecə-gündüz o, bir dəqiqə də olsa mənim xəyalımdan çıxmırdı. Mənim kiçicik ürəyim çox əzablar çəkirdi. Özüm də bilmirdim bu nə haldır. Yamanca küsəyən olmuşdum, hamıdan küsürdüm. Qəlbimə dəyən olan kimi bir küncə çəkilər, göz yaşı tökərdim. Bir sözlə, o, məndən uzaqda olsa da ruhən mənimlə idi. Mənimlə yuxudan oyanar, bütün günü mənimlə birgə olar, mənlə də yuxuya gedərdi. Yuxularım da onlu idi.

Kitabçadan telefon nömrələrini də öyrənmişdim. O, evə gələn kimi telefona qaçar, titrək əllərimlə onların nömrəsini yığardım. Elə ki, telefona o cavab verərdi, ürəyim elə döyünərdi ki, tez dəstəyi asardım. Mənə elə gəlirdi ki, o, telefonda mənim ürəyimin döyüntüsünü eşidir. Bütün bu hisslərin nə demək olduğunu isə başa düşmürdüm…

taraklı.çınar-ağacı.1Yay ayları idi. Məktəblilər tətilə çıxmışdı. Biz tərəflər dağlıq əraziyə yaxın olduğundan havalar çox isti olmurdu. Demək olar ki, əksər ailələr yayı  öz evlərində keçirirdilər. Hamının həyətində üzüm tənəkləri olardı. İsti günlərdə bütün ailə o tənəklərin altına yığışar, uzun-uzadı şirin söhbətlər edərdi. Mənim otağımın küçəyə baxan pəncərəsinin düz qabağında uca, qocaman bir tut ağacı var idi. Gündüzlər balaca uşaqlar o ağaca dırmanar, axşamlar isə ağacın altına yığışıb müxtəlif oyunlar oynayardılar. Mən hərdən rəfiqələrimlə bir yerdə olsam da, çox vaxt tək-tənha pəncərədən bayıra baxardım. Mənə elə gəlirdi ki, bu tut ağacı mənim bütün dərdlərimdən xəbərdardır. Həddindən çox romantik qız idim. Saatlarla tut ağacına baxar, ürəyimdə onunla söhbət edərdim. Onun zərif yarpaqlarını meh titrətdikcə sanırdım ki, ağac da mənimlə danışır.

… Yenə pəncərənin qarşısında durub onun yolunu gözləyirdim. Küçədən əl-ayaq tamam çəkilmişdi, çox aydın və sakit bir gecə idi. Hərdən sərin külək əsdikcə tut ağacının yarpaqları yavaşca titrəyir, mənimlə birgə yol gözlədiklərini söyləyirdilər.

…Gecədən xeyli keçmişdi, o isə gəlmək bilmirdi… İntizar dolu dəqiqələr uzandıqca səbrim daha da tükənirdi. Elə bu vaxt küçəyə maşın işığı düşdü. Mən onu maşını idarə etməyindən və maşının siqnal səsindən tanıyırdım. Ürəyim bərkdən döyünməyə başladı. Maşın bizim dalana tərəf buruldu. Elə hala düşdüm ki, həmişə onu uzaqdan görəndə pərdənin arxasında gizləndiyim halda bu dəfə gizlənə bilmədim. Donmuş halda ona baxdım. Sanki, aylardır onu görmürdüm. Nəhayət, o, pəncərəmin qarşısına çatdı. Donuq halda ona baxdığımı görüb, maşını bir anlıq saxladı və diqqətlə mənə baxdı. Özümü lap itirdim. Nə edəcəyimi bilmədən sakitcə ona baxmağa başladım. Artıq ürəyim köksümə sığmırdı. Əgər o, bircə dəqiqə də yerində dayansaydı, ürəyim bəlkə də məhvərindən çıxacaqdı. O qədər həyəcan keçirmişdim ki, o gedəndən sonra saatlarla ağlayıb, eləcə də yuxuya getdim. Həmin hadisədən sonra ondan qaçmağa başladım.

Onların telefon nömrələrini ağlıma yox, ürəyimə həkk eləmişdim. Həmin rəqəmlər mənim üçün ən sevimli rəqəmlər idi. Yenə, əllərim titrəyə-titrəyə, ürəyim döyünə-döyünə həmin nömrələri yığdım. Telefona özü cavab verdi. Onun səsi o qədər gözəl, həlim mehriban idi ki… Uzun müddət onunla telefonda danışmaq barədə götür-qoy etsəm də, lakin heç vaxt bir qərara gələ bilmir, söz tapmırdım.

Var gücümü toplayıb, titrək səslə dilləndim:

- Alo!..

Mənə elə gəldi ki, o, mənim həyacanımı duydu, məni tanıdı və ürəyim daha da bərkdən döyündü. Dəstəyi asmaq istəsəm də asmadım. Uşaq vaxtlarımda çox qəribə bir xasiyyətim var idi; qarşıma hansı məqsədi qoysam, nəyi özümə söz versəm ki, edəcəyəm, o işi mütləq edirdim. Odur ki, özümdə cəsarət toplayıb, yenə dedim:

- Alo!..

O, mehriban bir səslə cavab verdi:

- Bəli, eşidirəm. Kimdir?

Kaş soruşmazdı kimdir? Axı, mən necə tanışlıq verim. Özümdən asılı olmayaraq kəkələməyə başladım:

- Bi-lir-siniz, mən si-zi ta-nı-yı-ram…

Çox gözəl, nə lazımdır?

- Heç… – dedim. Daha heç bir söz deyə bilmədim. O, mənə yenidən sual verdi:

-Sənin neçə yaşın var?

İstədim yaşımı çox deyim, amma yalan danışa bilmədim. O, məni görməsə də başımı aşağı dikib dedim:

- On üç…

- Kimə zəng etmisən?

- Sizə…

- Eşidirəm, mənə nə sözün var?

- Heç nə, mən sizə demək istəyirəm ki, – bir az susdum, o isə səbrlə mənim cavabımı gözləyirdi. Onun gözlədiyini düşünüb yenidən dilləndim: – Mən sizə həmişə zəng vururam.

İlk dəfə idi ki, onun gülüşünü eşidirdim. Sonra mehriban bir səslə dedi:

- Deməli, zəng edib telefonda susan sənsən?

- Hə! Bu dəfə çox cəsarətlə cavab verdim. O, mənim cəsarətimi görüb bir qədər susduqdan sonra soruşdu:

- Dərslərindən neçə alırsan?

- Beş. Əlaçıyam.

- İnstitutda oxumaq fikrin var?

- Hə, oxuyacam.

- Hansı institutda?

- AMİ-də.

- Hə, deməli həkim olmaq istəyirsən. Yaxşı fikirdir. Qızım, onda niyə vaxtını belə şeylərə itirirsən, get dərslərini oxu, yaxşımı?

Onun «qızım» sözü sanki ürəyimə ox kimi sancıldı. Elə bircə onu bilirəm ki, «xudahafis», – deyərək dəstəyi asdım. Bir neçə gün çox qayğılı hərləndim. Ondan yamanca incimişdim. Özümə söz vermişdim ki, bir də ona zəng etməyəcəm. Heç yolunu da gözləməyəcəm. Lakin ürəyim durmur, onu bircə dəfə görmək, səsini eşitmək üçün həsrət çəkirdim.

Aradan bir neçə gün keçdi…Hava yavaş-yavaş qaralırdı. Küçənin bütün uşaqları yığışıb oynayır, səs-küy edirdilər. Mən də pəncərəmin qabağında – tut ağacının altındakı taxtadan düzədilmiş skamyada əyləşib, uşaqlara baxırdım. O vaxtlar hamı həyətində qaz saxlayardı. Bir nəfərin həyətində heç olmasa on-on beş qaz olardı. Uşaqların hamısı qazdan yaman qorxardı. Qazlar «fıss» eləyib adamın üstünə gələndə ondan böyüklər qorxardı, o da qala uşaqlar.           Həmin o axşamüstü də bir dəstə qaz yenə küçədəki uşaqlara «qan uddururdu». Onun kiçik qızı Lamiyə də totuq, son dərəcə qəşəng bir uşaq idi. Onda Lamiyənin təxminən iki yaşı olardı. Lamiyəni elə çox istəyirdim ki, ondan ayrı dura  bilmirdim. Uşaq da məndən əl çəkməzdi. Bütün günü bizə gələr, mənim yanımda olardı. Yenə evlərindən çıxıb, mənə sarı gəlməyə başladı. Bir vaxt onu gördüm ki, qazlar Lamiyənin üstünə cumdular. Yazıq uşaq elə qorxdu ki, qorxusundan yerə yıxıldı və ucadan ağlamağa başladı. Yerimdən necə qalxıb uşağa sarı yüyürdüyümü hiss etmədim. Uşağın yanına çatıb, qucağıma alaraq bağrıma elə basdım, ətrafımda baş verənləri belə hiss etmədim. Məni həmin qorxudan onun xoş səsi oyatdı:

- Çox sağ ol. Lamiyəni qazlardan xilas elədin. Afərin! Sən məndən bərk qaçırsanmış… məni qabaqladın.

Ona heç nə deyə bilmədim. Həyəcandan dilim tutulmuşdu. Mənim bu halıma baxıb, gülümsünərək dedi:

- Niyə belə qorxursan? Sən ki, böyüyəndə həkim olmaq istəyirsən. Həkim ürəkli olar.

Bu sözdən sonra özümü lap itirdim. Aydın oldu ki, zəng edənin kim olduğunu o bilir. Tez uşağı verib evə qaçdım… Daha küçəyə çıxmır, onlara zəng etmirdim. Sonralar biz həmin rayondan başqa bir rayona köçməli olduq. Bir daha onun üzünü görmədim… Çalışırdım ki, bütün meylimi kitablara salım, kitablar mənim dostum, sirdaşım, həmdəmim idi. Əlbəttə, günü-gündən onu unudur, həyatın axarına düşürdüm. Nəhayət, orta məktəbi bitirdim. Həkim olmaq arzusu da bir çox arzularım kimi əlçatmaz oldu. Mən sənədlərimi başqa ali məktəbə verdim, ali təhsil aldım, işə girdim, şəxsi həyatımda bir çox dəyişikliklər oldu…

… Bütün şəhər qarşıdan gələn tədbirə hazırlaşırdı. Ziyalıların birgə hazırladığı bu tədbirdə çıxış edəcək alimlər barəsində məqalə hazırlamalı idim. Həmin alimlərin içərisində onun da adını görəndə bir anlıq özümü itirdim. Gözlərimə inanmaq istəyir, lakin inana bilmirdim…

… Yenə də on beş il əvvələ dönmüşdüm… Yenə on beş il əvvəlki kimi şıltaq bir qızcığaz idim… Yenə də on beş il əvvəlki kimi yanaqlarım qızarır, ürəyim bərkdən-bərkdən döyünürdü… Hər şey on beş il əvvəlki kimi idi; bircə şeydən başqa, on beş il əvvəl mən onunla belə yaxın olmamışdım. İndi isə mənimlə onun arasında azacıq məsafə var. Biz üz-üzəyik… Biz bir-birimizlə söhbət edirik… Mən onu on beş il əvvəlki kimi görür, eşidir, dinləyirdim. Bu, o idi… Lakin… Lakin xəyallar aləmindən dönüb həqiqətlə barışanda bu on beş ilin bizlərə göstərdiyi sərtliyi görür, təəssüf edirdim ki, o, niyə bu qədər dəyişib. Fikirləşirdim: İlahi, insan da bu qədər dəyişərmi? Zamanın nə acı sınaqları varmış. Əgər onun adını eşitməsəydim, bəlkə də qarşımda oturan bu insanın bir vaxt mənim körpə ürəyimi əzablara düçar edən şəxs olduğuna inanmazdım…

- Xanım, nə yaman fikrə getdiniz?

Məni xəyallardan onun səsi ayıltdı. Qeyri-ixtiyari dedim:

- Bağışlayın, söhbətimiz harada qaldı?

-    Siz mənə sual verdiniz ki, gəncliyinizi necə xatırlayırsınız? Bilirsiniz, mənim gəncliyim çox maraqlı olub…

O, danışdıqca fikirləşirdim ki, məni tanımadı. Yəqin mən də çox dəyişmişəm. Əlbəttə, dəyişərəm də… Axı onda dəcəl, qayğısız bir qız idim. Mən onda necə xoşbəxt idim… Eh… illər…illər… Özümü elə sevirdim ki… saatlarla güzgünün qabağında durar, özümə baxardım. Mənə elə gəlirdi ki, hamıdan gözələm…  Hərdən də fikirləşirəm: yəqin mənə fələyin acığı tutdu. Zamanın ən sərt üzünü mənə qismət elədi. Axı on beş il nədir ki? Özüm də bilmirəm bu on beş il necə keçib? Zamanı dayandıra, geri döndərə bilsəydim…

Uşaqlıq çağlarımdan doymamış yaşa doldum… O da məni tanımadı…

- Xanım, jurnalist olmaq sizin uşaqlıq arzunuz olub?

- Xeyr, uşaqlıqda həkim olmaq istəyirdim.

Mənim cavabımdan sonra o, başını qaldırıb diqqətlə məni süzdü və:

- Hə, həkimlik sizə yaraşardı. Özü də uşaq həkimi. Axı, siz uşaqları çox sevirdiniz. Lamiyə də bu il sənədlərini Tibb Universitetinə verib, – dedi:

Mən daha heç nə deyə bilmədim. Sadəcə, sonuncu dəfə onun üzünə baxıb, ayağa durdum. O isə yerindəcə əyləşib, yarı qayğılı, yarı xəyal dolu baxışlarla mənə baxırdı. Mən hiss edirdim ki, o da on beş il əvvələ dönüb… İndi onun saçları qap-qaradır… O, xoşbəxt günlərini yaşayır… Üç körpə qızı ona ata deyəndə, özünü hamıdan xoşbəxt sanır… Məni də görür… on üç yaşlı qarayanız, dəcəl bir qızcığazı…

 

Aprel-2003

21

 

 

Yazıya 696 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.