Sahib İbrahimli – BİR ÜRƏK VERMİŞDİM SƏNƏ…

1614131_1479531792274541_1328458896_oBİR ÜRƏK VERMİŞDİM SƏNƏ…

Onda xəyallar da bir gerçək idi,
Bənzərin ulduzlar nə göyçək idi.
Eşqimiz səninçün tər çiçək idi,
Əlim yetməyən o çiçək dururmu?!.

İndi xatirə də bir dərd, bir zülüm…
Sevinc də qalmayıb səninlə bölüm.
Deyirdin, ”köksünə” baş qoyub ölüm,
Könlündəki həmin istək dururmu?!.

Hanı gülüşündə yazın nəfəsi,
O bulaq başında görüş həvəsi?!.
Bir ovuc suyunu bir “hə” əvəzi
Mənə içirtiyin səhəng dururmu?!.

Sağ olsun həsrətin, yenə həyandır,
Gizli alışdığım ona əyandır.
Sənə lələk verib, “çətində yandır,
Gələrəm” demişdim, lələk dururmu?!.

Gözümdə kin yoxdur, sözümdə tənə,
Gülmə saçlarımda gül açan dənə.
Gülüm, bir ürək də vermişdim sənə,
Hamısı bir yana, ürək dururmu?!.

***

QALMAYIB

Sevdamın yoluna həsrət daş atıb,
Ömrümü sağ olmuş qəmlər yaşadıb.
Bu boyda çəməndə sənə oxşadıb, 
“Haycan” demədiyim çiçək qalmayıb.

Hələ özün kimi təkdir adın da,
Hələ kül gəzirsən eşqin odunda.
Gözün elə gülür, sanki yadında
Mənimtək gözləri kövrək qalmayıb.

Yerə ayaq basma, boylanma göyə,
Mən bir az qısqancam, soruşma:”Niyə?”
Bir külək telini oxşayıb deyə,
Daşa basmadığım külək qalmayıb.

Mənim könül şamım yanır sübhədək,
Yanmaq nə çətinmiş, gülüm, tənha,tək.
Dərdlər bir arıdır, qəlbimiz pətək,
Məndə arı qalıb, pətək qalmayıb.

Öyrətmə dilimi hər ahu-zara,
Qoyma zəli həsrət qanımı sora.
Məni ürəyindən atarsan…
Sonra
Görərsən köksündə ürək qalmayıb.

 

***

QURTARMIR

Əsir vaxtın yeli, günlər talanır,
Bir qəmin üstünə mini qalanır.
Sərgərdan xəyalım çılpaq dolanır,
Ömrümü əyninə geyib qurtarmır.

Havayı yüyürdüm, qaçdım sən demə,
Qırışlar arx oldu alın tərimə.
Ürək bəsləmişəm qurd dərdlərimə,
Hələ azar verir, yeyib qurtarmır.

Ağrılar canımda çataq-çataqdır,
Bu da bir taledir, bu da bir baxtdır.
Əcəl “mıs-mıs” deyir mənə nə vaxtdır,
Biryolluq “Mustafa” deyib qurtarmır.

Yaman qılınclara hələ yaxşı var,
Mənimtək xəbərsiz beş-on naşı var.
Deyirlər qabaqda Əhlət daşı var.
Bu başım o daşa dəyib qurtarmır.

Eh, bezib atıldım yanar payıza,
Düşdü söz-söhbətim dilə, ağıza.
Qələmim əyəcək məni kağıza,
Görən nə gözləyir, əyib qurtarmır.

***

 

QOYUN

Hara soxulursan belə, ay qoyun?
Orda başkəsən var, orda cəllad var.
Oyunmu gəzirsən özünə, oyun?
Orda diş qıcayır qurd iştahalar.

Çoban çomağına sürtmə üzünü,
Yazıqsan, gəl, belə oynama odla.
Səsini çıxarıb yorma özünü,
Səni susdurarlar bir çəngə otla.

Qoyunsan, başını çox qaldırma sən,
Üstündə həmişə qəzəbli göz var.
Qoyunluq həddini gözləməlisən,
Yoxsa boğazına kəndir salarlar.

Yox, səni qorumaz bu çən,bu duman,
Qorumaz üstünə ələnən qar da.
Bir az yuxarı çıx, yuxarı dırman,
Qoyun qurda dönür yuxarılarda.

Qılıncdır gözünü yuman mürgülər,
Hədəfsən beləcə yem hərisinə.
O—quzu cildinə girən tülkülər,
Qoyunluq dərsini keçirlər sənə.

Bəlkə doğulmusan məhşər günündə,
Qoyun taleyidir olub qalanın.
Sən qoyun olmasan gözün önündə
Başı kəsilməzdi quzu balanın.

Elə qoyunluqur ən böyük varın,
Nəyinə gərəkdir o buynuz-qürur?
Axı bu dünyada çox uğurların
Kökündə ən əvvəl qoyunluq durur.

Hardadır ömrünün əvvəli, sonu?
Nə fərqi, yaşadın uzun, ya qısa.
Sən necə danarsan qoyunluğunu,
Qoyun taleyini qurdlar yazırsa.

Qoy sənə həqiqət yedirdim bir az,
Həqiqət—o qanlı bıçaq yaşıdı.
Səni qoyunluqdan heç kim çıxarmaz,
Qoyunlar yaşayıb qurdu yaşadır.

 

***

HƏBSXANADAKI QADINLARA

Burda Günəş doğmur, sozalır, batır,
İsti günlərdə də sazaqdır burda.
Burda yer üzünün bəzəyi yatır,
Analıq, qadınlıq dustaqdır burda.

Onlar ki ətirli çiçək idilər,
Payız yarpağıtək solublar indi.
Ay allah, qadına “cani” dedilər,
Nigarın, Həcərin ruhu incidi.

Ay allah, duyğusuz soyuq daşıq biz,
Elə bil, eynidir zəhər də, bal da.
Bir vaxt öpdüyümüz, gül verdiyimiz
Əllər sızıldayır dəmir qandalda.

Qəlbimi göynədən nə ağrıdır bu?..
Uçulub gör neçə qeyrət qalası.
Dustaqdır yarımçıq sevgi məktubu,
Hələ deyilməmiş ana laylası.

Gözlər tor gətirir qəmdən, qübardan,
Ürəkdən uzaqdır qəzəb də, kin də.
Ana hey boylanır barmaqlıqlardan,
Uşaq yol gözləyir uşaq evində.

Divarlar dalında talelər acı,
Divarlar dalında vaxt da yorulub.
Namusu qoruyan Babək qılıncı,
Namusun önündə barmaqlıq olub.

Yoxdur möcüzəsi quş lələyinin,
Kömək yox, yandırsan lap yüz də, min də.
Qadın ismətini həbs eləyənin
Qadını “dustaqdır” qızıl içində.

Zəncirtək səslənir burda saat da,
Burda doğmalartək gec gəlir səhər.
Burda qadınların ayağı altda
Cənnət varmı görən, ulu Peyğəmbər?!.

Yenə də yaxşıya yaman deyirlər,
Nəyin qiymətini düz verdik, nəyin?
Siz də — gözəllərdən yazan şairlər,
Gedib bulvarlarda mövzu gəzməyin.

Ağac kökdən ayrı yaşayar çətin,
Kökü baltalamaq, doğramaq olmaz.
Qadını zindanda yatan millətin,
İgidi doğulmaz, mərdi doğulmaz.

 

***

 

GƏZİR

Gözü gülür təzə şehin,
Rəngi qaçıb qar-qüzeyin.
Bura Ceyrangəzən deyin,
Çəməndə bir ceyran gəzir.

Dedim, yarıb qönçəsini,
Ağ gül açıb sini-sini.
Azdırıb gör neçəsini,
Sanki bəyaz duman gəzir.

Çox ürəyi paralayıb,
Ulduzları qaralayıb.
Hansı ovçu yaralayıb,
Yanaqları al qan gəzir.

Güllər qurub yüz bənd-bərə,
Sağı yoxuş, solu dərə.
Bağrı yanmış lalələrə
Deyəsən bir dərman gəzir.

Bağlanıbdır əlim, qolum,
Hanı izim, hanı yolum?!.
Qoyun gedim, qurban olum,
Bəlkə elə qurban gəzir?!.

 

***

GÖZLƏYİR
(“Tələbəlik illərimin şeirləri” silsiləsindən)

Gözünə baxmağa göz tapammıram,
Bir belə od-ocaq, köz tapammıram.
Səni tərif üçün söz tapammıram,
Könlüm ilahidən ilham gözləyir.

Bilməzdim, xoşbəxtmiş qadanı alan,
Neyləsin sevgidə peşiman olan?!.
Səni dəli kimi sevən bu oğlan
Səndən “əlvida” yox, “salam” gözləyir.

Yolların haçadır…Bir düşün, daşın,
Sahib ürəyi var yerdə hər daşın.
Səni sizin yolda qısqanc qardaşın,
Səni bizim yolda anam gözləyir.

 

***

GÖZLƏR

Təşnəsiyəm şirin dadın,
Qurbanıyam bir gül adın.
Taleyimdir özü yadın,
Yaşı mənim olan gözlər.

Hanı öpüş, hanı qılıq?
Sığal umar bircə qırıq.
Kirpik çalır hey tıqhatıq,
Ürəyimdə qalan gözlər.

Könlümü qəmə çəkibdir,
Bir sarı simə çəkibdir,
Külümdən sürmə çəkibdir,
Məni oda salan gözlər.

Dərdim mənə qəbir olub,
Görən deyir:- Nə bir olub!..
Gözlərimlə əlbir olub,
Məni məndən alan gözlər.

Göz qoyanı qəmdir ancaq,
Sönüb, allah, o od-ocaq.
Həsrəti də ağladacaq,
“Sahib” deyib dolan gözlər.

 

***

HEYF

Yağdı ayrılığın soyuq yağışı,
Bu da Tanrı payı, tale qarğışı.
Görməyə qoymadı gözümün yaşı,
Gözümün yaşını silmədin, heyf!

Tək-tənha günlərim birmi, ikimi?!.
Ağlatdın bəxtimə düşən sevgimi.
Ürəyim–yolunda bitdi gül kimi,
O gülü üzməyə gəlmədin, heyf!

Bilmirsən sənsizlik sənsiz neyləyib,
Fikrimi qəm qovub, kədər teyləyib.
Sən məni eşqinlə dəli eləyib,
Sonra mən dəliyə gülmədin, heyf!

Çox yorma yoxuşdan enən ömrünü
Sonuncu şamı da sönən ömrümü.
Əlinlə zülmətə dönən ömrümü,
Zülmətə, işığa bölmədin, heyf!

Elə bil, bu dünya başıma dardı,
Vaxt–mənsiz ötüşən köhnə qatardı.
Sahib həsrətindən öldü qurtardı,
Onun öldüyünü bilmədin, heyf!

 

***

AYRILIQ BELƏMİ OLUR?!,

Hə, elə beləcə çıxıb gedəkmi,
Bilmirəm ayrılıq beləmi olur?!,
Dayanıb baxırsan soyuq daş kimi,
Nə qəlbin titrəyir, nə gözün dolur.

Çıxıb gedəcəksən… Eh, sənə nə var,
Qalan mən olacam boynubükülü.
Yağacaq ömrümə soyuq yağışlar,
Bir də öləziyən bir eşqin külü.

Qəribə taledir…Nə deyim buna,
Duydum o ayrılan yollar kimindi.
Sən özgə ünvana köç edən durna.
Mən səni ötürən payızam indi.

Dilin pıçıldamır:–Gəl, məni ötür,
Qara gözlərində başqa məna var.
Mənim ürəyimdən bir az od götür,
Gedirsən, hardasa gərəyin olar.

Qəribə sevginlə qəribə sirsən,
Necə tez unutdun olub keçəni.
Sən mənə “əlvida” deyib gedirsən,
Tanrım “əlvida”dan qorusun səni.

 

***

 

AZƏRBAYCAN

Səni hədəf seçdi hər atılan ox,
Çox oldu adına, dilinə yasaq.
Vallah, günah olmaz, “Bissimillah” yox,
“Azərbaycan” deyib sözə başlasaq.

Səndən doğulubdur əzəmət, qürur,
Qılıncla yazmısan öz ünvanını.
Sərvəti olmayan neftini sorur,
Qeyrəti olmayan şəhid qanını.

Qoy deyim, oduna çox yanmışam, çox,
Bu od taleyimə işıq, nur yayır.
Odlar ölkəsisən, kül ölkəsi yox,
Sənə əl uzadan odla oynayır.

Sinəmə adını həkk edir ürək,
Demə, bu, nə səs-küy, nə səs-avazdı?
Səni elə bərk-bərk qucmuşdu Babək,
Qolu kəsilməsə səndən qopmazdı.

Bir gözün “Cəngi”dir, biri “Şlkəstə”
Duydun ağrısını qara yellərin.
Araz –imzasıdır köksünün üstdə,
Sənə tale yazan yadellilərin.

Qürbət olarsanmış məndən o üzə,
Bağ saldıq, özgələr yedi barını.
Təkcə ürəyimi verdim Təbrizə,
Saxladım canımda ağrılarını.

Döyüşən qayadır, daşdır dünənin,
Bağrı güllələrdən oyuq-oyuqdur.
Harada qələbən yoxdursa sənin,
Orda Xətainin qılıncı yoxdur.

Günəş bu dünyaya göz açan kimi,
Əyilib üzündən öpür hər səhər.
Tanrının müqəddəs “Quran”ı kimi,
Səni öz bağrına basıbdır Xəzər.

Azərbaycan!..Qurban olduğum Vətən!..
Oğul qurban olar…Yox, oğul ölməz.
Ucalt Ay-Ulduzlu bayrağını sən,
Dünya Ay-Ulduzsuz yaşaya bilməz.

***

QIZLARIN XOŞUNA GƏLMƏK ÇƏTİNDİR

(“Tələbəlik illərimin şeirləri” silsiləsindən)

Eşit, papağını yan qoyan oğlan,
Qəflət yuxusundan qalx,oyan,oğlan.
Səni aldatmasın hər güman, oğlan,
Qızların xoşuna gəlmək çətindir.

Nə baxırsan oğrun-oğrun yollara,
Yoxsa baxışların çəkilib dara?!.
Tellərini ha tumarla, ha dara,
Qızların xoşuna gəlmək çətindir.

Sənin nəzərində gücsüzdür dağlar,
Göylərə təpinsən yağmaz yağış, qar.
Çox da ki başında eşq havası var,
Qızların xoşuna gəlmək çətindir.

İstər qayaları qaldır çiyninə,
istər çəmənləri geyin əyninə.
Qırx qızla dərədə qalsan da yenə
Qızların xoşuna gəlmək çətindir.

Quş olub uçsan da xeyiri yoxdur,
Çay kimi daşsan da xeyiri yoxdur.
Götürüb qaçsan da xeyiri yoxdur,
Qızların xoşuna gəlmək çətindir.

 

***

BİLİR

Diz itirir bərkliyini,
Əlim biçmir əkdiyini.
Ürəyimin çəkdiyini
Gözlərimin yaşı bilir.

Dəli təbim çətin yata,
Gah quzudur, gah da xəta.
Nədir kötük, nədir balta?
Şairlərin başi bilir.

Adım qeybət adlı şumda,
Min şübhədə, min yozumda.
Neçə qabar var ovcumda,
Evimin hər daşı bilir.

Çox fürsətdə qaldım dalda,
Çörək yoxuymuş “sağ ol”da.
60 il getdiyim yolda,
Dünya məni naşı bilir.
Gördüm qara basır ağı,
Peşə seçdim söz yazmağı.
Qələm ilə gor qazmağı,
Vallah, Sahib yaxşı bilir.

 

Yazıya 619 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.