Sədnik Paşa Pirsultanlı – Yıldızdağdan əsən külək

sədnik mYıldızdağdan əsən külək,

Sivasın xoş havası var.

Səndə bitən, açan gülün

Min bir dərdə davası var.

.

Pirsultanın oylağısan,

Yaylasısan, yaylağısan,

Sən onun cənnət bağısan,

Səndə yurdu, yuvası var.

.

Sədnik necə sevinməsin,

Qəlbi sənlə döyünməsin,

Fəxr etməsin, öyünməsin,
Pirsultan tək babası var.

***

TƏZƏ GÜN DOĞUR

.

O keyfir bulaqlar gəl-gəl deyəndə,

Məni də Kəpəzin qoynuna çağır.

Adını tutanda sərin meh əsdi,

Göy-gölə, Ağsuya yağışmı yağır?

.

Yağış yağar, göy meşələr nazlanar,

Çiçəklər boy verər, çəmən yazlanar,

Qəlbim duyğulanar, sinəm sözlənər,

Dünya gözəlliyi gözümə yığır.

.

Baxıram hər yana çiçək-çiçəkdi,

Bunu görən gözdü, duyan ürəkdi,

A Sədnik, nəvələr xoş gələcəkdi,

Yenidən üzünə təzə gün doğur.

***

TƏRLANIN

.

Hərlənir, fırlanır təlaş içində,

Ala bilməz, getdi ovu Tərlanın.

Aralığa duman gəldi, çən düşdü,

İtdi gözdən, itdi ovu Tərlanın.

.

Öz meylini bu şikara salıbdı,

Ötəri bir caynağını çalıbdı,

Səhrada yaralı bir ov qalıbdı,

Yazsan, hekayətdi ovu Tərlanın.

.

Sədnik də xəstədi, bir az bihaldı,

Xəzər sahilində, Şıxovda qaldı,

Bu yerlər möcüzə, bir xoş xəyaldı,

Bulsa, məhəbbətdir ovu Tərlanın.

***

GƏLLƏM

.

Deyirsən yadına yurd yeri düşüb,

Payız bənövşəsi açmamış gəlləm.

Özgə bir aləmdi Şırşırın yanı,

Qızıl qaz gölündən uçmamış gəlləm.

.

Xeyli vaxtdı bir az xəstə halam mən,

İnanmıram səndən ayrı qalam mən,

Ovçu olub, dağlara ün salam mən,

Əlik talasından qaçmamış gəlləm.

.

Sədniyi yaşadan el bilir nədi,

Qəlbində dolandı, dili demədi,

Şəfa dərmanıdı, bir hədiyyədi,

Ovum bərəsindən keçməmiş gəlləm.

***

OLSUN BƏXT ULDUZUM

.

Güneyli,
Quzeyli,
Azərbaycanım

görüşdü,

Həsrətlilər öpüşdü.

Yaşıl donlu Xızırın

Ağboz atını mənə verin,
Minim Kürdən keçim,
Minim Arazdan keçim,
Xəzəri piyalətək
Çəkib başıma içim.
Çıxım Savalanın başına,
Təzə bir ulduz seçim,
Olsun bəxt ulduzum.

***

ZAQATALA

.

Döşünə döyməsin Parij, ya Tiflis

Veribdi boy-boya qalalar səndə.

Yazda-yayda gül fəsli gələndə,

Zənbur çiçək döşürər, bal olar səndə.

.

Yal-yamaclar xalı-xalça toxuyar,

Gül torpağın müşki-ənbər qoxuyar,

Sarı bülbül şövqlə gəlib oxuyar,

Çalar tanburunu talalar səndə.

.

Buludlara dəyir dağların başı,

Şamil gəzib bu torpağı, bu daşı,

Sədnikə sən oldun könül sirdaşı,

Yazıb dastan bağlar, o qalar səndə.

***

QURBANİNİN QIZ BƏNÖVŞƏSİ

.

Qurbani səndən keçib,
Arazı görüb,
Bənövşə dərən qızı görüb.
Ancaq tale onu

Qaradağdan

Gəncəyə çəkib.
Şad günləri olub,
Bəd günləri olub.
Gəncədə

İmran dilli saz alıb,

Dil-dil ötən sazını
Dədəm Yediyarın

önündə çalıb,

İrana, Turana
səs-səda salıb.

Qurbani səndən

qolu bağlı,
gözü bağlı
Aparılıb.

Vətənin sevdalı oğlu,

Öz yurdundan qoparılıb.

Xudafərin körpüsü,

Sən halal-hümbət
körpüsüsən,
Eşq-məhəbbət
körpüsüsən,
Xudafərin,
At, ayrılığı,
həsrəti.
Uca tut
Toy-düyünü,
ülfəti,
məhəbbəti.
Bitsin
sahil boyu
Qurbaninin
öz bənövşəsi,
qız bənövşəsi,

yaz bənövşəsi!

***

ƏLACIM GÖYLƏRDƏDİ

.

Quş dili bilən Süleymandan,

ovçu Pirimdən,

Onun qardaşı Xan Kəlbidən-Kərənədən

Az bilmirəm.
Hələ şəfa bulaqlarını,

ocaqları, pirləri demirəm,

müqəddəs yerləri demirəm.

Tovuzda Aldədə,

Ağdaşda Veys baba,

Bulud baba, Ağdamda Eşq Abdal,

Daşkəsəndə Əməni Bulaq,

Qaraseyid ocağı,
Pirsultan, Qoşqar dağı,
İsmayıllıda
Babadağda, Baba Bulaq,
Güləzarda Əsli-Kərəm bulağı,
Üstünə halal Adam gələndə,
Qəlbi təmiz aşiqlər gələndə
Coşur, daşır,
Xain, xəbis gələndə
gözündən quruyur.
bulaqlar, ocaqlar
Duru insan görəndə durulur.

Hələ Yardımlıda Abıdərdəni demirəm

Min bir dərdin dərmanıdır.
Yanar dağın ayağında

Fatma nənənin təndiri,

Yanında İstisu, Kövsər bulağı,

Suyu Viləş çayına axır,

Dünya onun üstündəki

Qövsi-qüzehə baxır.
Mən yaxşı tanıyıram
Bu yurdun pirlərini,
Müqəddəs, şəfa yerlərini.

Loğman üzümə baxır,

Deyir: Bunlar sənin qoluna,

Şəfa verə bilməz.

Səninki, yerdən üzülüb,
Üzünü göylərə tut,

Sən öz şəfanı
Böyük Allahdan gözlə,
Loğman qapısı gəzmə.
- Gedirəm Allah qapısına,

- Gedirəm Allah dərgahına.

Ağ buludun altında duracam,

Ağ yağış yağacaq,

Başdan ayağa qədər islanacam,

Yerdən yoxdu bir əlac,

Göydəndi şəfam mənim.

***

QUŞ YUXUSU

Nə qədər gözəldi,
nə qədər məsumdu,
Yuvasında quş yuxusu.

Körpə yuxusu qədər,
körpə yatışı qədər,

şirindi.

Heyf,

heyf,

bir də heyf.

Bu körpə yavrunun da, anası kimi,
atası kimi,
sinəsində qorxu hissi,
səksəkəli,

quş ürəyi var

İnsan ayağının səsi gələndə,
onu duyanda,
quşun yuxusu
ərşə çəkilir,
Bir göz qırpımında,
uçur,
qaçır.
Ey, insanlar
Sizin əlinizdən,
Quşlar
təlaş içindədi.

***

OVUC-OVUC

Dönə-dönə
Boynundan aşdığım,

Dərəsini, təpəsini dolaşdığım,

Ovuc-ovuc
Zəmzəm bulaqlarının
Suyundan içdiyim,
Qoşqar, Kəpəz
Yadıma düşür.
Dilimin ucu göynədi,
Fikirləşdim, qəmləndim.
Yuxu tutdu məni.

Şirin yuxu içində

Gördüm ki, dərdimə
Dağlar dözənmədi,
Qoluma, qıçıma
Əl çəkdilər,
«Şəfa tap» dedilər.
Amma bulaqlar ağlayırdı,
Oyandım üzüm yaşdı.
Bilmədim bu
Gecənin şəbnəmimi,
Buludun göz yaşımı,
Yoxsa üzümü isladan
Özümün göz yaşımmı?!

***

ZİRVƏSİNDƏ QARTALLAR

.

Ana yurdum!
Azərbaycan!
Böyük Qafqazla
Kiçik Qafqaz arasına,
sığmısan.
Göygölləri,
Ağ suları,
Arazı, Kürü,
Xəzəri, bu məkana yığmısan.
Silsilə dağlar,
Səni göz kimi,

kirpik kimi qoruyur.

Şahdağ, Murğuz dağı,
Qoşqar, Kəpəz, Murov,
Bu yanda Baba dağı,
O yanda Dəli dağ,

Çalbayır dağları,

Sənə keşik çəkir
Zirvəsində qartallar.

***

ÖYƏRƏM SƏNİ

.

Qaşlarına vəsmə çəkmə,

Qaşların tanrı payıdı.

Gözlərinə sürmə yaxma,

Gözlərin tanrı payıdı.

Yaqut dodağa nə boya,
Lalə yanağa nə boya,
Özlüyündə ağ almasan,
Mənim tanrı payımsan.

Mənə bıçaq lazım deyil,

Kəsmərəm, doğramaram,

Gözümlə «yeyərəm» səni.

Gözəllərdən söz düşəndə,

Tərifin deyərəm sənin,

Gözümlə «yeyərəm» səni.

***

LALƏ

Necə də gözəlsən
Yovşanlıqda tək lalə!
Xallarını gizlətmə,
Qırmızı köynək lalə!

Oz-özünə küsmüsən,
Küsmüsən, neynək, lalə!

Yanıma gəl görüşək,

Qoynuma gəl barışaq.

Ürəyi ipək lalə!
Qırmızı köynək lalə.
25 iyun 2005

***

BAHAR OLAR

Təbiətə bax,
rəng-rəng.
Nə xoş nizam,
nə xoş ahəng.
Qayalarının mamırı
yamyaşıl,
su yosunu kimi.
Kəkliyə bax,
əli daş xınalı.
Qayalara bax,
ağ dumandan,
başı ağ cunalı.
Zəmilərdə
bildirçinlər ötür.
Cillikdə,
çeyillikdə
Çil quşları səyrişir.
Hop-hop
şair olub,

Heca vəznində,

cüt hecalı
şeir yazır:
«Hop-hop,
Gül-top».
Bulaqların zümzüməsini
Bəstəkar çaylar

bəstələyir.
O qıza bax,
çay sahilində
tərə yığır,
yarpız dəstələyir.
Bir aləmdi
meşə talası.
Cüyür yatır,
yanında balası.
Sehrləndim, Allah, Allah!
Çıxa bilmədim

təbiətin cazibəsindən,

Təbiət özü də
doymur

insan nəfəsindən.
Eh! İnsan,
İnsan!
Qışda da
təbiətin qoynuna gəlsən,
bahar olar.

Yazıya 440 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.