Eyvaz Əyyub – “Bir cüt əsgər çəkməsi “

48247050_598730940559129_3991381316548427776_n“Bir cüt əsgər çəkməsi “   

     ( Bu  şeir 2010-cu ildə Kəlbəcərdə məşhur fotoqraf Charles O’Rearin çəkdiyi bir cüt əsgər çəkmələrinə yazılıb.)

 

Dözümün də bizdən çoxmuş,

Gözdəməkdən bezməyirsən.

Sığınıb dogma torpağa

Kök atmısan, gəzməyirsən.

 

Sahibini soraqlayıb,

Ağacdan, güldən sorursan.

Bəlkə bir gün dönər  geri

Deyib xəyallar qurursan.

 

Yurd daşında silahsız da,

Yaraqsız da yaşıyırsan.

Düyünlənən dərdimizi

Qaytanında daşıyırsan.

 

Bir əsirn dördən birin

Yola saldın, hələ sağsan.

Bir vətən daşıdır yerin,

Göyərən qara torpaqsan.

 

Nədir səni isti tutan?

Qışda soyuqdan donmadın,

Yayın qızmar günəşində,

Nə yaxşı ki, sən yanmadın.

 

“Gedbdir bir ordu bada”,

Qoşundan üstün olmusan.

Yanında bir palıd  sınıb,

palıddan mətin olmusan.

 

Canında var hələ təpər,

Yolumuzu gözləyərsən.

Meşənin lal sükutunda,

Dil açarsan, söz deyərsən.

 

Kəlbəcərin torpağıdı,

Sənə qüvvət, dözüm verən.

Durduğun yer qucağıdı,

Xoşbəxtsən, ay orda duran.

 

El yanında üzün ağdı,

Fələk bəxtin qara yazıb.

Bəlkə də sahibin sağdı,

Haradasa yolun azıb.

 

Sən ayaqdan yetim qaldın,

Mən isə vətəndən yetim.

Sən meşədə məskən saldın,

Bəs mən hansı səmtə yetim?!

.

“Sazım qaldı Kəlbəcərdə”

(Şair Elşən Əzimə)

Neçə ildi bahar gəlmir,

Yazım qaldı Kəlbəcərdə.

Çiçəklərə naz satardım,

Nazım qaldı Kəlbəcərdə.

 

Həsrəti sözə düzürəm,

Əlimi yurdan üzürəm.

Misralara söz gəzirəm,

Sözüm qaldı Kəlbəcərdə.

 

Əkdiklərim burda bitmir,

Əlim bara daha yetmir.

Əzablara tab gətirmir,

Dözüm qaldı Kəlbəcərdə.

 

Qucaqlayıb bir yatdığım,

Təzənəylə oyatdığım.

Simin qırıb, ağlatdığım,

Sazım qaldı Kəlbəcərdə.

 

Bu nə nalə, bu nə səsdi,

Ay Eyvaz, dözdüyen bəsdi..

Murov aramızı kəsdi,

Gözüm qaldı Kəlbəcərdə.

.

Kimi

Əllərin nə yaman qırışıb sənin,

Don vurub saralan yarpaqlar kimi.

Əlindən tutanda əllərim dondu,

Qışda buz baqlayan buzlaqlar kimi.

 

Ayrıldıq o vaxtdan gözlərin yaşdı.

Bəs belə yaşamaq de, sənə xoşdu?!

İndi də tənhasan, ətrafın boşdu,

Sakini olmayan otaqlar kimi.

 

Yenə də havadan hicran yağırdı,

Kimi islanırdı, kimi baxırdı.

Məni görən kimi rəngin ağardı,

Yazı yazılmamış varaqlar kimi.

 

Etdiyin əməllər yolunu kəsir,

Səni özlərinə eyləyir əsir.

Ümidün qırılır, əllərin əsir,

Piltəsi qurtaran çıraqlar kimi.

.

 

Deyil ki

 

Ruhum ruhuna həmdəmdi,

Cismim uzaq, qəm deyil ki..

Aşiqə həsrət yaraşar,

O da məndə kəm deyil ki..

 

Gözüm yox boyda, buxunda,

Hər yerdə sənsən baxanda.

Nə uzaqsan, nə yaxında,

Sənsiz bu mən tam deyil ki!

 

Soyuq sanır görən məni,

Səndə tapsın soran məni,

Sinəndəki vuran məni,

Dinlə, möhtəşəm deyil ki?

 

Bu dəli sözün aşiqi,

Ruhunda sazın aşiqi,

Olmuş bu qızın aşiqi,

Bu ürək mənim deyil ki!

 

 

Yazıya 806 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.