Elçin Şirinov – “Payızlı günlərim bəxtəvər idi”

20170605_134745

 

 

 

 

 

 

 

 

 

 

Qürbətin payızı fərqlidi, gülüm,
Havası tutqundu, yağışı nəmli.
Qərib eldə yurda baxan gözümün,
Kirpiyi islaqdı, baxışı nəmli.

Bu payız bənzəmir əvvəlkilərə,
Onda arzularım təzə, tər idi.
Elimiz obamız toylu- büsatlı,
Payızlı günlərim bəxtəvər idi.

Sanki fəsillərin yeri dəyişib,
Qar da qıthaqıtnan, matahnan yağır.
Qarışır məzlumun ah-naləsinə,
Göydən başımıza günahnan yagır.

 

Səsinin gözəlliyi mənim şerimə sığmaz,
Fikirlər ciliklənər, parçası aciz qalar.
Rəssam da çəkə bilməz gözəl səsin şəklini,
Boyalar kara gəlməz, fırçası aciz qalar.

Haqdan gözəl yaranıb səsi gözəl olanlar,
Duyğusu, düşüncəsi, hissi gözəl olanlar.
Tamahına tət deyər nəfsi gözəl olanlar,
Şeytanın payın almaz, boxçası aciz qalar.

Gözəllik ucuzlaşar, duyan gözəl olmasa,
Çox arzular boğurlar, zaman gözəl olmasa.
Min əziyyət çəksə də bağban gözəl olmasa,
Bağında güllər açmaz, bağçası aciz qalar.

 

Hər kəsin yeri var haqq dərgahında,
Mən də əməlimlə uluyam, qardaş.
Peşəm cəhalətdə işıq olmaqdır,
Bu gözəl sənətin quluyam, qardaş.

Yol var ki, ömürdə gündə kəsişir,
Yol var ki, bilinməz yöndə kəsişir,
Bildiyin dörd cəhət məndə kəsişir,
Haqqa gedənlərin yoluyam, qardaş.

Sevgidən yarandım, mayam sevgidi,
Kitabam vərqim, ayəm sevgidi,
İşim öyrətməkdi, qayəm sevgidi,
Ürəyi sevgiylə doluyam, qardaş.

 

Dünyanın kefi nadana,
Dərdi çəkənə yazılıb.
Yolun ən böyük savabı,
Körpü tikənə yazılıb.

Ayaqlama haqqı-sayı,
Qışı düşün, yatma yayı.
Səy oğulun töhmət payı,
Oğul əkənə yazılıb.

Ağıl dünyanın sərvəti,
Tikə üçün qaçma qəti.
Kor yarasanın qisməti,
Gecə çökənə yazılıb.

 

Bir nəfəsin hənirindən uzaqda,
İsinməz hissləri buz olan qadın.
Özünü öyrədər xəyal qurmağa,
Başı xoş söz ilə yozulan qadın.

Obası qonşuma, yurdu elimə,
Görkəmi gözümə, ətri gülümə,
Sevdası qəlbimə, adı dilimə,
Dərdi taleyimə yazılan qadın.

Baxmaz mənə baxışımı duyanım,
Nə faydası ha alışım, ha yanım.
Qüruruna yenik düşüb hayanım,
Qöncə arzuları yaz olan qadın.

 

Ömrü müəmmadı insan oğlunun,
Körpəsi sevimli, çalı şirindi.
Arzular tərsinə yetişir qardaş,
Dəymişi tamsızdı, kalı şirindi.

Şairin qazancı şirin xəyaldı,
Həsrətin qənimi şirin vüsaldı.
Qəmzəli yanaqda təbəssüm baldı,
Ağ buxağın qara xalı şirindi.

Duzun öz dadı var, şirin yüz olsa,
İlan yola gələr şirin söz olsa.
Yöndəmsiz olardı boynu düz olsa,
Bənövşənin küsgün halı şirindi.

 

Yazıya 679 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.