Adilə Nəzər “Qanad çalır quş kimi, Ürəyimdə bəlkələr”…

31870316_1695974597148610_7663562557738713088_n

 

 

 

 

 

 

 

ÇƏTİNDİR YA HU

 

Lütf eylə, söylə, Ya Hu,

Kimə yanım- yaxınım?

Kimdən qaçım, İlahi,

Qaçım, kimə sığınım?…

 

Ya rəhm eylə bu cana,

Ya ətəyin silkələ…

Qanad çalır quş kimi

Ürəyimdə bəlkələr…

 

Sudan yaranır insan,

Yuxuları kəşf olur…

Niyə əli dəyən yer,

Yanır, od-atəş olur…

 

Qeyridir dinlər, irqlər,

Nəfs şərə meyl edir.

Ağlayan gözlər fərqli,

Gözyaşları eynidir…

 

Adilə, haqq arama, -

Gecədə yox, gündə yox.

Səndə olmayan nəsə,

Deməli heç kimdə yox…

 

Saraylar günah yeri,

Günahsız küçə, tindir.

İlahi, bu dünyada

Adam doğulmaq asan,

Adam ölmək çətindir…

 

 

AHIMI

 

Yuxudu yarı-yarıya
Həyatım, sanki bir röya.
Mələk, çatdır yuxarıya
Aşağıdan hər ahımı.

 

Bax ki, bu könlümdə nə var,
Bir sevda var, bir zalım yar.
Hər gecə günüm intihar
Edir, duyub kür ahımı.

 

Ağla, anladım bu dərdi,
Bir vaxt sevənə gülərdim..
Fələyə yüz ömür verdim,
Eşitmədi bir ahımı.

 

Tanrım, bir də keçir məni,
Götür, yerdən keçir məni..
Keçir, Birdən keçir məni,
Çəkim bir də hürr ahımı.

 

 

 

SƏNİ XATIRLAYIRAM

 

Dikilir uzaqlara
hər axşam baxışlarım.
Boz dumanlı payızam,
kəsilmir yağışlarım.
Bir mənəm, bir buz otaq,
bir də ki, göz yaşlarım.
Xəyalındı, şəklindi,
duam və alqışlarım…
Yoxdu elə qüvvə ki,
məni səndən ayıra…
Səni xatırlayıram,
səni xatırlayıram…

Həyatın kənarında
unudulmuş yolçuyam,
iki sıfır uduzdum,
naşı bir oyunçuyam.
hər baxanda güzgüyə,
deyirəm niyə varam?
Anam demiş: ay mənim,
alnı ağ, bəxti qaram…
Səni xatırlayıram,
səni xatırlayıram…

Səndən sonra nə qədər
büdrəyib yıxılmışam,
nə qədər qəribsəyib
nə qədər sıxılmışam.
Yüz dəfə vurulmuşam,
min dəfə çıxılmışam.
Gərək yuyum üzümü,
oyadım gerçəkləri.
Yolum uzundu hələ,
a mənim könül yaram.
Səni xatırlayıram,
səni xatırlayıram…

Dərdə çarə olmadı,
nə ayinlər, əzanlar.
Həsrəti aparmadı,
payız donlu xəzanlar.
Məni yazıb qurtarmaz
bir ömür də ozanlar.
Yanıram için-için,
ölürəm aram-aram…
Səni xatırlayıram,
səni xatırlayıram…

Səninkidi bu şeir
çiçək kimi təzə tər.
Əsib hərdən gətirir,
nəfəsini küləklər.
Bilir nə çəkdiyimi,
bilir ayrı düşənlər.
Neçə ki yoxsan yoxam,
neçə ki varsan varam.
Səni xatırlayıram,
səni xatırlayıram…

 

 

DEYİRLƏR KI, GƏLDI, GETDI…

 

Dünya həm yaxşı, həm pisdir,

Pis də yaxşıyla ötüşür.

Olum da, ölüm də hissdir,

Gəlib alında öpüşür…

 

Ömür dediyimiz elə,

Özü də bir siyasətdir.

Bütün sevgi-məhəbbətin,

Sonu fərqli xəyanətdir…

 

İçimdə ayrı dünya var,

O, xəritədə yer almaz.

Çölümdə dünya dardı, dar,

Orada mənə yer olmaz…

 

Heç kim deməsin ki, ölüm,

Yaşla, iplə, ya qanladır.

Ölümün ən gözəlini,

Elə dirilər anladır…

 

Günəşi qovur Ay, qaçır,

Gül tikanı mənimsəyir.

Göylər ruha qucaq açır,

Torpaq üzə gülümsəyir…

 

Həyat budur: sual, nida,

Üç nöqtə və son, bitdi.

Salam, təşəkkür, əlvida…

Deyirlər ki, gəldi, getdi…

 

 

 

ADIMI ŞEİR ELƏDİM

 

Hansı ağrılardan çıxdın,

Hansı əzablardan gəldin?

Harda ağladın kim bildi,

Kim bildi ki, harda güldün.
İslandınmı, qurudunmu,

Kimin gözünə əkildin?

Coşub bir gün şəlalətək,

Kimin qəlbinə töküldün?
Ruhumun yağmur havası,

Könlümün duman yerisən.

Kiminin ümid işığı,

Kiminin güman yerisən.
Ürəyimə düşən oda,

Ayağı yalın girirəm.

Aynalara baxammıram,

Baxanda səni görürəm.
Oxudum hər sətirini,

Hər hərfini seyr elədim.

Sənin özün olum deyə,

Ta, adımı şeir elədim.

 

ƏN HƏQİQİ YALANIM
Sən mənim xəyalıma
Sığmayacaq birisən.
Heç zaman paylaşmağa
Cəsarət etmədiyim,
Ruhumun, gözlərimin,
qəlbimin şeirisən.

 

Bir az yağışlı günüm,
Bir az qaranlıq gecəm.
Hərdən bütöv hekayəm,
hərdən yarımçıq hecam.

Canımdakı göynəyim,
sinəmdəki qəhərim.
Zəhərimdəki balım,
balımdakı zəhərim.

Ən ağır savaş ilə
alınmayan şəhərim.
Günəşli aydın səmam,
sevgi dolu səhərim.

 

Hər gün daha da artıq
məhəbbət bəslədiyim,
Gecə yuxuda belə
adını səslədiyim..

Qəlbimin buz odası,
yaramın duz odası.
Ürəyində nəğmətək
oxunmaq istədiyim,
Darıxanda səsinə
toxunmaq istədiyim.
Üstündə körpəm kimi
hər saniyə əsdiyim,
Hərdən hamıdan qaçıb
şəklinə tələsdiyim.

 

Hamıdan yaraşıqlım,
hamıdan dəli-dolum.
Dünənki çətinliyim,
bu günkü çıxış yolum.

Alovuna çırpılıb,
atəşinə yandığım.
Hər gün saatbasaat
başına dolandığım.

 

Əriyən könül yağım,
Sevgi adlı halalım,
tale adlı yasağım.

Gözlərimi bağlayıb,
Məni məndən alanım.
Ən yalan həqiqətim,
ən həqiqi yalanım…

 

QAYIT GƏL QARDAŞ

 

Həsrətdir boynunu bükən,
Yolların daş-kəsək, tikan,
Nədi, ora səni çəkən,
Qayıt gəl, qardaş, qayıt gəl.

 

Hər işin agızda, dildə,
Nə qazandın əlli ildə,
Nə isin var qürbət eldə,
Qayıt gəl, qardaş, qayıt gəl.

 

Səsimə özüm kar oldum,
Dağıldım tarımar oldum,
Yoruldum, vallah yoruldum,
Qayıt gəl, qardaş, qayıt gəl.

 

Yoxdu seçən,yoxdu sayan,
Bu harayı bilən, duyan.
Nə cox yatdın, nə çox, oyan,
Qayıt gəl, qardaş, qayıt gəl.

 

Dilimiz ağıda qaldı,
Zəhərdə, ağuda qaldı,
Bacılar yağıda qaldı,
Qayıt gəl, qardaş, qayıt gəl.

 

Dağdağana lent bağladım,
Zəfər gözlədim, ağladım.
Bir nəfəslik can saxladım,
Qayıt gəl, qardaş, qayıt gəl..
Qarabağa, gəl, qayıt gəl.

 

 

MƏN QARABAĞAM

 

mənə şeirlər yazma,

mənim şərəfim uğrunda vuruş.

mən Qarabağam…

bacarsan ağrılarıma, acılarıma

duruş gətir duruş…

mən Qarabağam,

otları, çiçəkləri, kəpənəkləri Tanrı dilində oxuyan.

hər misrası, hər hərfi qan qoxuyan…

mən Qarabağam.

minlərlə şəhid oğulların anası,

vətənin çiliklənən aynası…

mən Xocalıyam,

hər il yaralarının sağalmasına ümid bəsləyən,

ər oğullarını qisasa səsləyən.

mən Kəlbəcərəm, Şuşayam, Laçınam..

bağlı qalmış qapınam,

düyün düşmüş saçınam,

mən vətənəm,

mənə şeirlər yaz,

könül parçalayan, ürək dağıdan,

seyrçi qalma belə,

gəl, al məni yağıdan.

mən Qarabağam!

 

 

 

ÜZGÜN-ÜZGÜN

 

Əqrəblər arası əriyib gedən,
Saat üzgün-üzgün, an üzgün-üzgün.
Bir sevgi oxuymuş qəlbimi güdən –
Axır gözlərimdən qan üzgün-üzgün.

 

Hardadır rahatlıq adında o taxt,
Bir anda dəyişə alnımdakı bəxt,
Varmı bu yaradan olmayan “xoşbəxt”,
Üzülür, süzülür can üzgün-üzgün.

 

İnandım nağıla – gözlərim dola,
Tükətdim ömrümü qəmlə qol-qola..
Gecəni birtəhər verirəm yola,
Açılır üzümə dan üzgün-üzgün.

 

İçimdə bir işıq – durudan duru,
Yalvardım Tanrıya o nuru qoru…
Ürəyim, nə dayan, nə də ki yorul,
Görmədin, bilmədin san, üzgün-üzgün.

 

Adilə, bir daşdın, ya da ki qaya,
Susubsan, sus yenə, gələn yox haya,
Götür addımını get saya-saya,
Ötür, keçən ömrə yan, üzgün-üzgün.

 

Yazıya 1106 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.