Çiçək Mahmudqızı – “Səni bu ad, bu nişanda, Necə var eləcə sevdim”

50067425_570180330118294_1894018794431447040_n

 

 

 

 

 

 

 

 

Heç bilmədim harda gördüm
Heç bilimədim necə sevdim
Səni bu ad, bu nişanda
Necə var eləcə sevdim

Ömrün-günün ələk-vələk
Can sökürsən lələk-lələk
Gah dost, gah qardaş ,gah fələk
Dərdini  içincə sevdim

Yarı qəmsən,yarı meysən
Yarı sazsan,yarı neysən
Sən əzəldən  “adam döysən”
Ruhsan incə, incə sevdim

Könlün – arı, Sözün –  Çiçək
Bal çəkirsən pətək-pətək
Təpədən dırnağa ürək
Sinəmə köçüncə  sevdim
Sevdim səni məncə sevdim
Səni elə beləcə sevdim , Ehtiram İlham. Səni tanımağımın, səni sevməyimin nə yaşını, nə başını, nə vaxtını, vədəsini bilmirəm. Harda görmüşəm, haçan tanımışam, sevmişəm heç ağlıma da gəlmir. Bu yer, bu göy üzünə sən əzəl gəlmisən mən əzəl,  bilmirəm. Sənin 50 yaşın olur deyirlər, eşidənlər, bilənlər var. Amma mən sənə olan sevgimin yaşı neçədi  bilmirəm. Sevginin yaşı olurmu ki…hörmətin,izzətin, ehtiramın yaşı olurmu ki ? Ümimiyyətlə Ehtiramın  yaşı olurmı ki ? Mənə görə sən elə Ulu Söz yaşındasan  , qolça qopuz , qaraca Saz yaşındasan. Dədə Qorquddan boylanan Qaraca Çoban, Qaracaoğlan, Tufarqan elindəki Abbas yaşındasan. Hansı yaşdı dedikləri, keçirdikləri bilmirəm . Amma içimizdəki dünyadan qopub da hər dost Sənə könül payı,  ürəyindən keçəni yazır.Əslində səni bu nişanda, bu biçimdə tanıyan hər bir kəs üçün bir yarpaq yazı yazmaq elə də çətin olmaz ki, əfəndim. Amma biləsən ki, sənə yazmaq  və sənnən yazmaqdan da çətin bir iş  yoxdu. Çünki Ehtiramdan yazıb onu silkələmək və heyrətləndirmək  üçün ən azından bizdə Səməd Vurğun qüdrəti olmalıdı ki, sarı simə toxuna bilək.Baxtafar başımıza, o da hardandı bizdə…Onda nə yazaq, necə yazaq ki, heç olmaya sazın beçəsində kökünə düşək, qardaş ?!

Sözün  Dəmirçioğlu kökünnən desək –

Qələm əldə,söz dodaqda kilidli,
Mən istəyən yazılmır ki,yazılmır.
Yazdıqlarım yazılıbdı min ildi,
Mən istəyən yazılmır ki,yazılmır…

Yazılmır,lələ,vallah yazılmır. Sənə səndən uca Sözü özün tapsan mənə də yollayarsan.Səni görmək,səni duymaq , hər əzanın ağrısını bilmək üçün
ancaq Sən olmaq gərək. Sən boyda Ürək olmaq, Söz olmaq gərək. Ən azından kül qabındakı barmagın ucanda eşələdiyin siqaret kötüyündən çıxan tüstünün ağrısını bilmək, qaraca gözlərində halqalanan dumurcuq yaşınnan süzülmək gərək.  Duyduqlarım, gördüklərim, bildiklərim belə sənin  havana yetmir axı…Rəhmətlik  Akif Səməd deməli–

Elə şeylər var gizləyin,
Bilməyə qoymayın məni…
Özünüz də yazıqsınız,
Ölməyə qoymayın məni…

Gerçəkdən belədir vallah. Elə onçun da heç nəyi bilməmək, sən getdiyin dərinliklərdə boğulmamaq üçün bəridən-bəri , 50-ci aşırımın görünən üzündən qayıdıb da sənnən bir İncəli qımqımısına ləngərli oynamaqdan gözəl bir şey yoxdu.  Bir də bilirsən nəyi deerəm –

O ürək ki, var haa,mən bildiyim,o sənnən 50 –yə gəlib çatıbsa böyük Ürəkdi. Səni 60-a, 70-ə çatdırsa Kişi Ürəkdi,  100-ə çatdırsa demək Qızıl Ürəkdi. Elə onçun da öpürəm o  qızıl Ürəyi ki, Ehtiram İlham adında bir dostu yaşadır bizə. Görünən Dağın 50-ci aşırımına xoş gəldin, Dost…

Səni harda ,nə vaxt gördüyünü və tanıdığını unudan minillik dostun –

Çiçək Mahmudqızı …

Gəncə — 14 yanvar 2019.

 
 

Yazıya 534 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.