“VƏTƏN MƏNƏ OĞUL DESƏ, NƏ DƏRDİM…”

 50263483_2505215786158751_6225396795942371328_nŞəhid deyəndə nələr gəlir göz önünə. Cavan, gözəl, gül balalar! Odlar yurdunun körpə fidanları! Həm də ürəyində Vətən, torpaq sevgisi yaşadan mərd oğullar. O oğullar ki, Zərdüştün yandırdığı odun parçası, Babəkin qeyrəti, Koroğlunun hünəridir hər birisi…

Şəhid deyəndə namuslu, ismətli analar gəlir göz önünə. O analar ki, Vətən uğrunda canından keçməyə hazır olan oğullar gətiriblər dünyaya.

Analar yanar, ağlar,

Dərdini qanar ağlar.

Dönər göy göyərçinə -

Yollara qonar ağlar.

Ə. Ələkbərov adına Abbaslı kənd 1 saylı orta məktəbinin beş şəhidi var. Şəhid olanlardan Tariyel İbadov, Şirvan Qənbərov, Elşən Allahverdiyev eyni bir sinifdə oxumuşlar. Mən onların 4-cü sinifdən 10-cu sinfə kimi sinif rəhbəri olmuşam, həm də Azərbaycan tarixini, tarixi, hüquq və ictimaiyyət dərslərini demişəm onlara. Dərs dediyim müddətdə onlara Vətəni sevməyi, göz bəbəyi kimi qorumağı, bir qarış torpağı belə düşmənə verməməyi tərbiyə etmişəm. Bir sinifdə oxuyan 3 şagirdin torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olması göz qabağındadır. Ələmdar Ələkbərov və Əhməd Həsənov da bu məktəbin yetirmələri olublar, mən onlara da dərs demişəm. Yaxşı tərbiyə olunan insan harada olur-olsun, onu tikə-tikə doğrasalar belə öz əqidəsindən dönmür. Sevimli şairimiz B. Vahabzadə demişkən:

Yaşamaq yanmaqdi, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

Doğrudan da, şam yanarkən yaşayır, yaşadıqca insanlara, ətrafdakılara işıq saçır. İnsanlar da belə olmalıdırlar. Şəhidlər də belə insanlardandır. Onlar ömürləri boyu elə işıq saçırlar ki, bu heç nə ilə ölçüyə gəlməz. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam belə demişdir: “Şəhidin bir damla qanı alimin mürəkkəbindən ağırdır”. Peyğəmbərimizin bu kəlamı şəhidləri bizim nəzərimizdə daha da yüksəklərə qaldırır.

…Vətən mənı oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

M. Arazın bu sözləri onlara deviz oldu. Onlar son damla qanlarına qədər vuruşdular, ancaq təslim olmadılar yağı düşmənə.

Şəhidlərimiz bütün Azərbaycan xalqının qəlbində yaşayacaq, onların əməlləri gələcək nəsillərə örnək olacaqdır. Vətən öz şəhid oğullarını heç vaxt unutmur və unutmayacaqdır.

Müəllimi olduğum orta məktəbin bütün müəllimləri belə ruhda, yəni Vətəni göz bəbəyi kimi qoruyan, Vətəni öz ata-anası qədər sevən vətənpərvər oğullar tərbiyə etməyə çalışırıq. Məhz, elə məktəbimiz də elə oğullardan birinin – Ələmdar Ələkbərovun adını daşıyır.

 

Zemfira ƏSGƏROVA,

Ə. Ələkbərov adına Abbaslı kənd 1

saylı orta məktəbinin tarix müəllimi.

Yazıya 599 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.