Əlövsət Saldaş – “Məni unutmağa tələsmə hələ”

48387183_10213391427566625_4320206177393704960_n

 

 

 

 

 

 

 

 

 

 

Olub-olmazımı yığıb gedərəm,
Özüm öz evimi yıxıb gedərəm,
Bu dönük dünyadan çıxıb gedərəm,
Bir düşün,bir daşın,götür-qoy elə.
Məni unutmağa tələsmə hələ…

Şirin nəğmə kimi qəlbinə dollam,
Səni qayğıların əlindən allam,
Saralib-solmayan ümidin ollam,
Nədi,nə xəyaldı düşmüsən belə.
Məni unutmağa tələsmə hələ…

Axı daş deyiləm,mən də bəşərəm,
Yetər öz atəşim,odsuz bişərəm.
Gecələr yuxundan qaçaq düşərəm,
Dönərsən kamanda sızlayan telə.
Məni unutmağa tələsmə hələ…

Mən haçan sevindim-güldüm,a zalım,
Bildim məramını,bildim,a zalım.
Azca inad elə,öldüm,a zalım,
Görürsən eşqimə köləyəm-kölə.
Məni unutmağa tələsmə hələ…

Əzəldən qəm üstə köklənib sazım,
Binəsib bəndəyəm,çəkilməz nazım,
Əgər istəyirsən yaradım-yazım,
Bir də o,kəlməni gətirmə dilə.
Məni unutmağa tələsmə hələ…

Mən dedim həmişə adıma güvən,
Demədim ayrılaq,qoparaq şivən.
Məni yarıtmadın,ay məni sevən,
Nə tez arzuları vermisən selə.
Məni unutmağa tələsmə hələ…

İnsafı unutma,mürvəti atma,
Ömrümü doğrama,sonuma çatma.
Sən şair öldürüb günaha batma,
Yaman bəd əsirsən,gəl əsmə hələ.
Məni unutmağa tələsmə hələ…

Nə sənə canını qıyan tapılmaz,
Nə səni məmimtək duyan tapılmaz,
Qalarsan tək-tənha,həyan tapılmaz,
Gəzərsən bir vədə düşmərəm ələ.
Məni unutmağa tələsmə hələ…

Endir Əlövsəti,göylərdən endir,
Sağalmaz, onsuz da yarası mindir.
Son güman yerimdi,bir onu dindir,
O, ürək mənimdi, demişəm elə.
Məni unutmağa tələsmə hələ…

**************

Bir dərviş misallı axtaran olsa,
Yerini bilirəm,- burda biri var.
Səsi Tanrıya da bəlkə yetişmir,
Qoşulub ulayır qurda,-biri var.

Olan ümidlərin yellər apardı,
Bircə əlçatanı olsa nə vardı…
Vətən deyə-deyə dili qabardı,
Əlləri uzalı YURDA,- biri var.

Baxıram-görkəmi daşa bənziyir,
Daşınan yaranıb qoşa-bənziyir…
Bütün fəsilləri qışa bənziyir,
Ayaqları donur qarda,- biri var.

Dünyanın dərdini dərib yaşadı,
Həyatın hər üzün görüb yaşadı,
Bu fani dünyada qərib yaşadı,
Rahat yatmayacaq gorda,-bir var.

Kəramət yoxuymuş baxtında,gəlin,
Bayquşlar əyləşib taxtında, gəlin….
Yığılın, hayına vaxtında gəlin,
Əlövsət adında darda biri var.

ONDA VARIYDI

Ruzimiz göylərdən gəlirdi onda,
Bölən əl düzünə bölürdü onda,
Hər kəs öz yerini bilirdi onda-
Arada keçilməz hörgü varıydı.

Təpər sahibiydi dizlər o vaxtı,
İsmət saxlayırdı üzlər o vaxtı,
Düzdə qalmamışdı düzlər o vaxtı,
Əyrini yonmağa kərki varıydı.

Yaşadı, başını əymədi şaha,
Hanı o ərənlər görünmür daha.
Kişidən söz qaldı qızıldan baha,
Çoxda kı bir köhnə kürkü varıydı.

Qışınnan doğradı, yazınnan kəsdi,
Allahın bizimlə nə imiş qəsdi ?!
Nə bu qədər şaxta, bu qədər isti,
Nə də bir bu qədər bürkü varıydı.

Hikməti acizdi min-min dərsliyin,
Bəndə son ucunda durub tərsliyin.
Onda halallığın, müqəddəsliyin
Hamıya dərs olan görkü varıydı.

Qınayır talanmış ormanlar bizi,
Samanı sovulmuş xırmanlar bizi…
Ovundura bilmir dərmanlar bizi,
Onda şirin yuxu, mürgü varıydı.

Onda sevgi üçün ölə bilirdik,
Ürəkdən ağlıyıb gülə bilirdik,
Sonuncu tikəni bölə bilirdik,
Hamının bir-birə ərki varıydı.

Bu qədər etmirdik günahı onda,
Ümidnən açırdıq sabahı onda,
Yaxşı tanıyırdıq Allahı onda,
İçimizdə qorxu, hürkü varıydı.

Nə şeytan bu qədər şər toxuyurdu,
Nə rüzgar bu qədər qan qoxuyurdu.
Adamlar az bilir, az oxuyurdu,
Amma, insanlığın dərki varıydı.

TƏNHA SÖYÜD

Görkəmin nə yaman küskün görünür,
Necə yaşayırsan bu yerdə, Söyüd?!
İnsan gücü yetməz, Fələk gərəkdi,
Sənə nəfəs verib göyərdə, Söyüd.

Sənin ki, məkanın çay kənarıdı,
Saçağın sallanıb, suda yuyuna.
Yalqızlar dünyanın ən fağırıdı,
Çoxmu darıxırsan, qurban boyuna?!

Yaşıl möcüzəsən bu boz səhrada,
Bilirəm, boy atmaq, bitmək çətindi.
Yaxşı ki, səhv düşüb yerin dünyada,
Minlərin içində itmək çətindi. (!)

Bəs niyə quruyub qolun-qanadın,
Çatışmır havanmı, suyunmu, söylə?!
Yaşamaq uğrunda bu tərs inadın,
Müdhiş taleyinlə oyunmu, söylə?!

Sən qərib, mən qərib, elə bənzərik,
Bəlkə, bir ev tikim gəlim yanında.
Çətin ağrılara birgə dözərik,
Bir doğmalıq olur qərib qanında.

Burda Sərçə yoxdu, Bülbül oxumaz,
Budağın həsrətdi quş yuvasına.
Çiçək-çiçək olub, ətir qoxumaz,
Dörd yanın qərq olub qış yuxusuna.

Ay səhra gözəli, bəxtəvər Söyüd,
Tənha yaşamaq da çətin peşədir.
Barı heç olmasa pöhrələr böyüt,
Bir də gəlim görüm yanın meşədir.

Çəkdi dincliyimi yenə duyğular,
Bilmirəm hardayam,Yer nə, Göy nədir.
Uyumur gözümdə daha uyğular,
Sənin bu təkliyin məni göynədir.


**************

Bu eşqin bahası çox ağır oldu,
Çiynimdə yükünü,nə var,çəkirəm.
Nə səmtim bəllidi, nə duracağım,
Üzü sonsuzluğa avar çəkirəm.

Yordu yollarında bu atı ömrüm,
…Oldu boyatların boyatı ömrüm.
Könüllər dağladı bayatı ömrüm,
Dinəndə ah edir,havar çəkirəm.

Yolun gözlədiyim yolda ləngiyir,
Ürəyim darıxır, nəfəs təngiyir.
Üstünə səpirəm odum səngiyir,
Hələ gözlərimdə su var-çəkirəm…

Fələklər daşların ələr başıma,
Eh nələr gəlmədi, nələr, başıma…
Bəlkə çıxmayasan bir də qarşıma,
Saldaşdan araya divar çəkirəm.

 

 

Yazıya 1369 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.