Məryəm Əliyeva – “ANA-BÜTÜN SEVGİLƏRİN YURDU, PƏRVAZLANDIĞI YAŞIL BUDAQ”

ana
ANA-BÜTÜN SEVGİLƏRİN YURDU, PƏRVAZLANDIĞI YAŞIL BUDAQ
 
ANA! Nə qədər böyük söz! Söyləməkdən yorulmadığım, bezmədiyim, əziyyətini çəkmədiyim —BÖYÜK SÖZ! Əslində üç hərfdən-iki eyni sait, bir samitdən ibarət olan, oxunması və yazılması sadə olan söz kimi görünür! Di gəl ki, bu adı daşıya bilmək hər qıza, qadına nəsib olmayacaq qədər böyükdür! Bəli, nəsib qismət olursa hər qadın Ana ola bilir —bətnindəki körpəsini dünyaya gətirərək.
Amma hər dünyaya uşaq gətirən qadın Anadırmı? Əsla! Ana olmaq böyüklük, təmizlik, cəsarətlilik, mərdlik, comərdlik və qayğıkeşlik demək . Hər qadın bunlara sahibmi?!!! Deyil! Hər qadın gərək olarsa öz canını övladı üçün fəda edə biləcək qədər ürəklimi? Və yaxud —övladı üçün dünyanın bütün gözəlliklərindən vaz keçə biləcək qədər cəsarətlimi?
Məgər hər qadın öz qadınlığını belə, öz izzəti-nəfsini belə övladının gələcəkdə ünvanına söz gəlməsin deyə unudacaq, özünü fəda edəcək qədər —BÖYÜKMÜ? Deyil , ey mənim canım, gözüm. Amma sən …….Sənsə cəmi 37 yaşında idin. Bir qadının ən gözəl və ən ağıllı yaşında. Bəli, hər kəsin Anası özü üçün ən gözəl və ən mehriban. Amma həqiqət də budur ki, sən çox gözəl xanımsan. Hətta həyatın sənə çəkdirdiyi bu qədər acıları yaşadıqdan sonra belə! Səninlə bərabər neçə-neçə qadınlar dul qaldı…..Heç bir il üstündən keçmədən kimisi yenidən ailə qurdu. Kimisi gizli eşq yaşadı. Kimisi mənim də yaşamağa haqqım var deyərək —-övladlarını uşaq evlərinə tərk etdi !
Amma —Sən!!!!!!!
Sən bir gecənin içində sarışın tellərini bəmbəyaz dənlərlə örtdün! Hər zaman düzümlü olan o tellər qapqara yaylıqla əbədi olaraq hörüklərə vuruldu . Hələ o gözlər var ya! Mənə də bəxş etdiyin o yaşıl gözlər. Hansı ki, zümrüd kimi parlardı hər zaman. Bax o gözlər belə şöləsi zəifləyən şamın işığı kimi közərməyə başladı. Çəhrayı rəngli (deyim ki, ondan sonra çatanı belə dəlişmədin) əl çantasının içindəki ənlik, kirşanların bir göz qırpımında
kağız torbanın içərisinə boşaldılaraq həyətdəki zibil qutusuna atıldı. Və o gündən bu günə həmişə baxımlılığı ilə seçilən bir xanımdan əsər-əlamət qalmadı. Yerini isə —gecədən səhərə kimi tikiş maşınının arxasında mürgü vura-vura övladlarının cırıq paltarlarını yamamaqla məşğul olan, erkəndən ac getməsinlər deyə —mətbəxin qapısını bağlayaraq öz əlləriylə ətirli xörəklər bişirən —37 yaşında saçları ağappaq, qara yaylıqlı, əlləri yanıq-kəsik, gözləri çökmüş “qoca bir qarı” tutdu!!!! Nə yaxşı ki, məhz o “qarı” dediyim qadın bu gün mənim fərəhlə —ANA dediyim qadın oldu.
Həyatım, məhvərim, şanım, şöhrətim hər şeyim, ən əsası da itirməkdən qorxduğum ən dəyərli varlığım! Bilirsənmi əzizim, bəlkə də mən də bir gün ana olacam. Amma əmin ol—mən heç zaman sənin kimi fədakar, cəfakeş, mərhəmətli, qayğıkeş ola bilməyəcəm. Nədənmi? —çünki, SƏN bətnində körpəsini daşıyıb dünyaya gətirdiyin — Bir Qəhrəmanın həyat yoldaşısan. Və sən də onun kimi Qəhrəmansan — Ona göstərdiyin dəyər, hörmət, sədaqətə görə! Bax ona görə də Sən —məhz həmin böyüklüyü özündə daşıdığın —ANASAN! Mənim də dırnağından telinədək itirməkdən qorxduğum ən dəyərli xəzinəm! Nə yaxşı ki, varımsan,nə yaxşı ki, mənimsən—ANA!

Yazıya 538 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.