İslam Əzimov – EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM

islam492568740143_676221445_nBu xəstə könlümə mən vəslini dərman demişəm,
Lütfü haqqdan diləyib, canına canan demişəm
*
Bir mələk olduğunu sən də bilirsən ,bilirəm,
Əff elə qul xətasın, səhv edib ,insan demişəm.
*
Gözəllər içrə səni, kim görüb ,mehparə deyib,
Mən də mehparə bilib , eşqimi pünhan demişəm,
*
Soysalar, uff demərəm, canımı bir büsən üçün,
Çün özüm niyyət edib, canımı qurban demişəm
*
Abu-həyat kimidir İslama sevgi əzabın
Eşq üçün naləyə mən sureyi-Rəhman demişəm.

.
BİRİ BİRİMİZƏ ÇOX YARAŞIRDIQ
**
Məsum sevdalıydıq, düzüydük onda,
Min bir pıçıltıya “söz”üydük onda,
Hamıdan bəxtəvər biziydik onda,
Biri birimizə çox yaraşırdıq
**
Havama ,suyuma qatmışdım səni,
Gözümdən könlümə atmışdın səni,
Adına pir deyib,tutmuşdum səni ,
Biri birimizə çox yaraşırdıq
**
Niyə yanaqladra yaş olduq görən?
Nədən dərdlilərdən baş olduq görən ?
Kimin qarğışına tuş olduq görən ?
Biri birimizə çox yaraşırdıq.

.
MƏNƏ ŞİRİN -ŞİRİN YALANLAR DANIŞ
.**
Bir nakam sevdaya məzardı qəlbim,
Hicrannan, həsrətdən yazardı qəlbim,
Acı doğrulardan bezardı qəlbim,
Mənə şirin -şirin yalanlar danış.
.**.
Yoluna dikilmiş gözümü güldür,
Şəninə yazılmış sözümü güldür,
Barı, yalanınla üzümü güldür 
Mənə şirin -şirin yalanlar danış
.**..
Demə, günah belə, günahkar belə
Demə, kor sevginin , qisməti tələ,
Qoy elə bilim ki, sevirsən hələ
Mənə şirin -şirin yalanlar danış.
.**
Yazıya pozu yox, olanı gördüm,
Islamam ,açmamış ,solanı gördüm,
Düz olub, düzlərdə qalanı gördüm ,
Mənə şirin -şirin yalanlar danış

.
NƏ MƏN , NƏ SƏN TALE YAZAN DEYİLİK
.
Bu köç deyil yurddan yurda daşıyaq,
Ləkə deyil yuyaq, silək, qaşıyaq,
Bu taledir, məhkumuq ki,yaşıyaq, 
Nə mən, nə sən tale yazan deyilik.
*
Alın yazın gəlmədisə xoşuna,
Dərd eləmə ürəyinə, başına,
Azca yüyür.. azca yıxıl boşuna,
Nə mən, nə sən tale yazan deyilik.*
*
Qurma bəxtin ilə yarış ,ay İslam.
Arif tap, aqil tap , soruş, ay İslam,
Barış , qismətinlə , barış, ay İslam ,
Nə mən. nə sən tale yazan deyilik.

.
DEYİŞMƏ
.İslam Əzimov.
Yedəmi,göydəmi xəlq olunmusan ?
Qorxuram vəsfimdən söz dəyər sənə,
Tanrının nəzərdən xəbəri yoxdur,
Duz dola başına, göz dəyər sənə.
.
-Nəzakət Neman
Ruhuna, könlünə hopmuşam sənin,
Mənə sözlərindən söz dəyə bilməz..
Sənin baxışından don geyinmişəm,
Özgə baxışlardan göz dəyə bilməz.
. * 
İslam Əzimov
Suyun könüllərə axdı, bilirəm,
Aşiqin , heyranın çoxdu, bilirəm,
Tərif umacağın yoxdu , bilirəm,
Yaradan veribdi yüz dəyər sənə.
.
-Nəzakət Neman
Adın dodağımın, dilimin üstə,
Xəyalın mürgülər qolumun üstə,
Min aşiq çıxsa da yolumun üstə,
Səntək qiymətimi düz deyə bilməz.
. **
İslam Əzimov
Hüsnünə qurbanam, nəzirəm özüm,
Bu hüsnün rəssamın gəzirəm özüm,
Sevgi dastanını yazıram özüm,
Kim verər İslamtək , qız, dəyər sənə
.
-Nəzakət Neman
Min dastan yazsan da, sözümdən mənim,
Sorma Nəzakəti özümdən mənim,
Oxu ürəyimi gözümdən mənim,
Bunnan artığını qız deyə bilməz.

.
SEVGİ ŞEİRLƏRİM ÜZMƏSİN SƏNİ
*
Sevgi şeyirlərim üzməsin səni,
Sənə ilk verdiyim söz yerindədir.
Dur gir ürəyimə yır-yığış elə
Gör ki o arzular öz yerindədir.
*
Olsa da ayağım çöldə, bayırda,
Evimdə olubdu gözlərim mənim,
Tək sənin adına, sənin şəninə,
Deyildi ən şirin sözlərim mənim.
*
Hüsnünə yazılan nəğmələr oldu,
Nə vaxtsa qarşıma çıxan gözəlin,
Mənə məhəbbətim yendi hissini 
Misramdan boylanıb, baxan gözəlin.
*
Bizim ulduzumuz qoşa doğulub,
Mənim eşq ilahəm, sevgi pərimsən.
Taleyə, qismətə inansam da mən,
Sən mənim öz kəşfim, öz əsərimsən.

.

AMANDI, QORUYUN BU GÖZƏLLİYİ!
**
Könül xəstəsi var,göz xəstəsi var,
Kəlməynən sağalan söz xəstəsi var,
Hər gözəl simanın yüz xəstəsi var,
Amandı qoruyun bu gözəlliyi !
.**
Bir quşa yem olan dən yaratmadın,
Nə bir dağ başında çən yaratmadın.
Bu Tanrı lütfüdü sən yaratmadın
Amandı,qoruyun bu gözəlliyi !
.**
Zülfünü mələklər darıyır,gözəl,
Hər görən mehrini arıyır,gözəl,
Dünyanı gözəllik qoruyur,gözəl 
Amandı, qoruyun bu gözəlliyi !

.

SƏN BU AYRILIĞA YAMAN TƏLƏSDİN
.
Gəldin həyatıma talisman kimi,
Yazıldın ömrümə, şirin an kimi,
Sevildin ruh kimi,sevdin can kimi,
Bəs nədən incidin, bəs niyə küsdün ?
Sən bu ayrılığa niyə tələsdin !
.
Könlün mənimiydi- pirim deyirdim
Sənə tək olanım, birim deyirdim.
Adına ziyarət yerim deyirdim
Ümidə uzanan əlimi kəsdin .
Sən bu ayrılığa niyə tələsdin !
.
Gecikmə, gedirsən zamanında get !
Ta olma qayıtmaq gümanında, get !
Get, gülüm, Allahın amanında get !
Heyif ki ,demədin nəyidi qəsdin.?
Sən bu ayrılığa niyə tələsdin !

.
BU QIZIN TALEYİN QOY ÖZÜM YAZIM
.
Allahım,bağışla adına məni, 
Salsın dualarım yadına məni.
Lap yandır cəhənnəm oduna məni,
Bu qızın taleyin qoy özüm yazım.
.
Alar zirvəsini duman əlinə,
Keçirər yaxasın güman əlinə,
Düşər yad əlinə,yaman əlinə,
Bu qızın taleyin qoy özüm yazım.
.
Hökmün əl açdırıb sənə İslamı,
Qoru haqq yolunda yenə İslamı,
Nə olar,qulundur, sına İslamı,
Bu qızın taleyin qoy özüm yazım

.
.DEYİŞMƏ
.Könül Eldarqızı
Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm.
Qədəminə iz olum, su tək axım, calanım, 
Kuləklərlə öpüşən telindən incimişəm.
**
İslam Əzimov
Acı xatirənə də gözüm kimi baxırdım,
Qədəmin dəyən yerə izim kimi baxırdım,
Sənə öz adım kimi, özüm kimi baxırdım,
Məni sənə gətirən, yolumdan niyə küsdün.?
**
Könül Eldarqızı
Gecə-gündüz çağırır səni dilim, demişdin, 
Dünyamsan söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içindən mənə gülüm demişdin,
Yad çiçəkdən yapışan əlindən incimişəm.
**
İslam Əzimov
Adın çiçək açmışdı dilimin arasında,
Bitmişdin çiçəyimin , güllümün arasında,
Bir dəstə gül olmuşdun əllimin arasında,
Seçəmmirdim çiçəkdən, əlimdən niyə küsdün.?
**
Könül Eldarqızı
.Unut dedim könlümə, ürək qınadı məni, 
Qırdı qol qanadımı qəlbin inadı mənim,
Elə yandırdı -yaxdı sevdanın odu məni, 
Ocağından küsmüşəm, külündən incimişəm
**
İslam Əzimov
Xəyalı göylərdədi, yenəsi deyil İslam ,
Ruhun hopub canına, dönəsi deyil İslam ,
Od alıbdı odundan, sönənəsi deyil İslam,
Qarışıbdı közümüz ,külümdən niyə küsdün ?

Yazıya 740 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.