Elşən Əzimin yeni şeirləri

Elşən Əzim - "Qəm bu qədər şirin olmaz, Doymur Elşən Əzim səndən"
Bağları qəhr eylər xəzan yelləri,
Yarpaqlar tələsər, küləyə çatmaz.
Baxar qəmli-qəmli göyün üzündən,
Günəşin də gücü fələyə çatmaz.

.
Kordur azaldısa gözün heyrəti,
Bəndə bu aləmi dərk etməz qəti.
Zalım ha ucalsa boyu, qaməti,
Məzlumun çəkdiyi naləyə çatmaz.

.
Adamın qana da batar əlləri,
Yorub tutduğunu atar əlləri,
İstəsə hər yana çatar əlləri,
Bircə çiynidəki mələyə çatmaz…

Ilahi, bu xalqa yazığın gəlsin
İlahi, səndən bir umacağım var,
Lap qəzəbin tutsun, acığın gəlsin.
Dərd də səndən gəlir, xeyir də, şər də,
Bir az da bu xalqa yazığın gəlsin.

.
Çıxarı dəvənin belində gedir,
Gəliri çuvalın dibində gəlir.
Hər səhər qəzəbi əlində gedir,
Hər axşam əsəbi cibində gəlir.
İlahi, bu xalqa yazığın gəlsin.

.
Taleyi zəhərə bürünüb gedir,
Balını daşıyan arılar sancır.
Yurdundan borular sürünüb gedir,
İlantək qıvrılan borular sancır.
İlahi, bu xalqa yazığın gəlsin.

.
Bu xalq ürəyini atıb gedir də,
Quzutək mələyir ürək dalınca.
Ürək nə bilsin ki, ürək yiyəsi -
Onsuz getməlidir çörək dalınca.
İlahi, bu xalqa yazığın gəlsin.

.
Bunun çobanına çöllər yasaqdır,
Bunun alimi də çoban kimidir.
Öz qanı özünü partladacaqdır,
Bu xalq ağrılı bir çiban kimidir.
İlahi, bu xalqa yazığın gəlsin.

TOĞANADA YAĞMURLU BİR SƏHƏR NƏĞMƏSİ

.
Neoklassika
Sel selə qarışdı, daş daşa dəydi,
Ayılıb yuxudan ürpəndi dağlar.
Kəpəz qayçı kimi dumanı kəsdi,
Götürdü üzündən rübəndi dağlar.

.
Selablar şırımtək qaldı üzündə,
Sular şirələndi maral izində.
Bir şeir oxundu şair gözündə,
Duydu hər misranı, hər bəndi dağlar.

.
Xəyalım quş kimi uçub gedəndir,
Baxışım o yalı aşmır, nədəndir?
Dedim əyil bir az, görüm o kəndi,
Eşidib yerindən tərpəndi dağlar.

 

 

***
Pəncərədən baxan dilbər,
nə bizi peşman eylərsən.
Məhlədəki cavanları
bir-birə düşman eylərsən.

.
Sən aynada, ayna səndə-
sığallanar, ay nazəndə.
Şüşəsən də, aynasan da,
sınıb nahaq qan eylərsən.

.
Yerim var günah yerində,
Mənəm nişangah yerində.
Əyləşibsən şah yerində
Eylə nə fərman eylərsən


TROMB-FİKİR KÜLÇƏSİ

.

Bir axşam darıxanda
əlinə baxtın keçə.
Tutub məzələnəsən,
beləcə vaxtın keçə.

Bir ömrün son gecəsi,
xəyallar da dinc ola.
Tromb- fikir külçəsi-
qopub damarlarından
ürəyinə sancıla.

Beləcə taleyindən
gəlib infarktın keçə.
Ta bəsdir, xəyallından
bir uzunsaç qız ötdü.
Ta keçdi, fərqi yoxdur,
cüt keçdi, yalqız ötdü.
Bir də ayılasan ki,
böyründən kağız ötdü.
Ağlına da gəlməyə,
külək əsə, yanından-
pəh… Ölüm aktın keçə.


TUNCAY ÜÇÜN YOL XƏRİTƏSİ

.
Yolların əvvəli-axırı taraz,
Hamının düz yolu, əyri yolu var.
Yol çox olan yerdə yoldaş tapılmaz,
İndi hər adamın ayrı yolu var.

.
Kal meyvə kimidi yol işıqları,
Ona da güvənmə, bir daşa bənddi.
Sözün pünhandısa sirdaş arama,
Sirrin bir ucu da sirdaşa bənddi.

.
Alın qırışıydı cığırlar dağın,
indi yol əsridir, yol erasıdır.
Bir də görərsən ki, dost tanıdığn,
Yolunda nəzarət kamerasıdır.

.
Görərsən gözləri yol çəkən “dost”un,
Çəkir ayağının büdrədiyini,
Çəkir dizlərinin titrədiyini.
Şirin söhbət ilə qatır başını,
Çəkir hər səhvini, hər yanlışını.

.
Yolunun bir yanı uçurum olar,
Adamı bax ordan atar adamlar.
Dilindən söz alıb qaçıran olar,
Diktafon adamlar, radar adamlar.

.
Səni başqasıyla səhv salar biri,
əsəbin qorxuya, hədəyə gəlməz.
Sözünün başına ip salar biri,
Sözün şahə qalxar, yedəyə gəlməz.

.
Yolların əvvəli-axırı taraz,
Hamının düz yolu, əyri yolu var.
Yol çox olan yerdə yoldaş tapılmaz,
Ay bala, hər kəsin ayrı yolu var.


Yaddaşımın ağrısı

.
Yaddaşımda uşaqlığım əsirdi,
Bu həsrətə ölüm adlı çara var.
Adam hərdən inciyir də, küsür də,
yüz dəfə küs, üz tutmağa hara var?

.
Quru sözdür, vətənə can deyirəm,
Yerdə qalmaz tökülən qan deyirəm.
Ha danışsam üz ağardan deyiləm,
Yığvalımda Qarabağ tək qara var.

.
Məzarımda göz yaşının ağrısı,
Məzarımda yad daşının ağrısı.
Kəsən deyil yaddaşımın ağrısı,
Yaddaşımda o kənd boyda yara var.

Şöhrətə qurban gedənlər

.
A şöhrət uğrunda qurban gedənlər,
nə varsa bu yolda asan verdiniz.
Nökər babanızın bəy ədasına,
Axır ki, məni də qurban verdiniz.

.
Dediniz “nə deyər qıraqdan baxan?”
bəs mənim qəlbimin səsi səs deyil?
Nəfsin qapazı var hər üzünüzdə,

Ayrı haranıza dəysin, bəs deyil.

.

Mənim barmaqlarım çatmır bəlkə də,
Keyfin pərdəsində gülü siz vurun.
Aləmdə hərənin bir hədəfi var,
bəmi mən ağladım, zili siz vurun.

.
Mənim təkbaşına getdiyim yolla,
Sizin getdiyiniz köç bacarmadı.
Sizdən aralaşım yolayrıcında,
deyin iş tapşırıdq, heç bacarmadı.

.
Cəhənnəmə deyin, yüz dəfə deyin,
sizin getdiyiniz yol mənim deyil,
Szin dözdüyünüz o bağlı qəfəs,
İlmək atdığınız qol mənim deyil.

.
Gedənə qamçısız, gələnə yəhər,
İtdən alçaqsınız, atdan yuxarı.
Gözümü torpaqla ovuşduraram,
Mən sizə baxmaram altdan yuxarı.

.
A şöhrət uğrunda qurban gedənlər,
nə varsa bu yolda asan verdiniz.
Nökər babanızın bəy ədasına,
axır ki, məni də qurban verdiniz.

Körpü adamlar

.
Tufansız dərya üzündə,
ləpə adamlarıq hələ.
Yığışıb mərmi olarıq,
qəlpə adamlarıq hələ.

.
Arx açan yoxsa, axmayan,
Göz verən yoxsa, baxmayan.
Böyük sözündən çıxmayan,
körpə adamlarıq hələ.

.
Sağından qoşun adlayan,
Solundan qurşun adlayan.
Üstündən maşın adlayan
körpü adamlarıq hələ.

İKİLƏŞMƏ

.
və bir gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
sən gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.

.
və baxıb görərsən bu elə sənsən,
göz sənin gözündü, qaş sənin qaşın.
kostyum, qalstuk, köynək səninki,
əyin sənin əynin, baş sənin başın.

.
və baxıb görərsən əl də sənindir,
ayaq da sənindir, başmaq da sənin.
hardasa dayanıb yol gözləmək də,
harasa tələsib qaçmaq da sənin.

.
və bir də görərsən dil səninkidir,
dilin danışdığı söz sənin deyil.
o ağız, o burun, o qulaq sənin
amma ikiləşən üz sənin deyil.

.
əlini salarsan cibinə bəh-bəh
əl sənin əlindi, cib sənin deyil.
bu gələn avtobus gözlədiyindi,
o minib getdiyin CİP sənin deyil.

.
və bir də baxarsan səndən geridə,
yollarda piyada bir adam qalıb.
yoxdur bənzəriniz bir-birinizə,
yollara göz dikib dəmadəm, qalıb.
23. 05. 16. saat 02:35

BIĞ ALTI

.
Kəhər atla, kürən atla,
ağ atla keçən kişilər.
Yerinizi yaman tutub,
Bığ altdan keçən kişilər.

.
Bığ altı irmaq kimidi,
dəhnəsi dərindi, baba.
Bığ altı çardaq kimidi,
kölgədi, sərindi, baba.

.
Bığ üstü burun sallayır,
güləndə bığ altı gülür.
Allah bizim fəndimizə
baxanda bığaltı gülür.

.
Gərək deyil göy üzündə,
neçənci qatdan keçəsən.
Göyə ucalmaq istəsən,
gərək bığ altan keçəsən.

.
Kəhər atla, kürən atla,
ağ atla keçən kişilər.
Yerinizi yaman tutub,
bığ altdan keçən kişilər.

 

Yazıya 823 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.