EYYUB CABBAROĞLU – Esselər

E. Cabbaroğlu(1)

EYYUB CABBAROĞLU (Rəşidov) Yazıçı-esseist, ali təhsilli mühəndis, “Bənövşə” ədəbi dərgisinin əməkdaşı və “Palitra” Ədəbi Klubunun həmsədridir. Hekayə, esse və bədii-publisistik yazıları dövri mətbuatda, ədəbi almanaxlarda dərc olunub.

HAMAM SUYU BƏHANƏDİR

Hamam suyu ilə tutulan dostdan bir müddət sonra necə qoxu gəldiyini hamı olmasa da, başına gələnlər bilirlər. Heç kimə arzulamıram, çox kötü şeydir. İlk baxışda adama elə gəlir ki, iyi olmayan və daima iylənən bu kötü şeyin günahkarı guya ki, həmin tutulan dostdur. Əslində isə, əfəndim, bu belə deyil! Nöşün ki…
İndi çalışacağam ki, “ilk baxışda” ifadəsindən yaranan, amma sadədən də sadə olan mətləbi sizə açıqlayım və görəsiniz ki, məsələ heç də güman etdiyiniz qədər sadə deyil. Başlayaq hamamdan və nəyə görə isə xüsusi olaraq vurğulanan “hamam suyu” ifadəsindən (hər dəfə təkrar eləməmək üçün bəri başdan qeyd edim ki, əziz oxucu, mən söyləyəcəyim hər fikri sizinlə bölüşür və dialoq arzusu ilə bu yazıya girişmişəm.) Qayıdaq hamam suyunun üstünə-baxmayaraq ki, tapandan-tapana onun altında olur və vücudumuzu təmizləməyə, pak etməyə çalışırıq. Əgər hamam suyu təmiz olmasaydı hansısa göstəricisinə görə içdiyimiz o biri sulardan-o cümlədən içinə qaz vurulub plastik qablara doldurulmuş Qax, Vayxır, Sirab, Badamlı və s. sulardan natəmiz olsaydı heç pak olmayan vücudumuzu onunla pak edə bilərdikmi?! Yüzə-yüz “yox” deyəcəyinizə əminəm. Mətləbin birinə aydınlıq gətirdik.
İkincisi, bir anlığa təsəvvür edək ki, bu su (əstəğfirullah) natəmizdir. Onda, brat, tutduğun və ya tutmaq istədiyin dostun suçu nə, günahı nə? Əgər dost deyəcəyin adama natəmiz suyu rəva bilmisənsə deməli uğraşlıq sənin özündəndir, digərində yoox!… Natəmiz suda qazlar, ördəklər, camışlar və sairə heyvanların feyziyab olduğunu sən də, tutmaq istədiyin “dost” da bilir, daha izaha hacət qalmır.
İndiyənəcən deyilənlər tərəflərdən birinə, daha doğrusu birnciyə, yəni dost tutmağa aid idi. Əmma dostluq təşəbbüsü ikinci tərəfə məxsus olarsa, yəni əslində dost cox məharətlə maskalanmış bir vələduznadırsa, onda o özü dosttutandır-tutulan yox. Belə olduqda mətləb bir qədər də qəlizləşir. Təsəvvür edin ki, ikinci tərəf suyun natəmiz olduğunu və bu suyun yalnız yuxarıda qeyd etdiyim qəbildən olan ev və çöl heyvanlarının xobbisi olduğunu bilə-bilə belə dostluğa gedir. Əgər təsəvvür etdinizsə onda görün biirnci tərəfi nə və nələr gözləyir. Xəyanət, arxadan vurulan zərbə, qəsd-vara, dövlətə, mənliyə, namusa, qeyrətə təcavüz. Onun övladlarını isə Bayandur xanın alicənəblıq edərək, layiq olduğu halda belə bağışladığı düşməninin atdığı ox-öldürücü zərbə gözləyir. Acı da olsa həqiqət budur.
Çox az təsadüf oluna biləcək bənzərsiz və unikal hadisə o vaxt baş verə bilər ki, ikinci tərəf dost tutanın suyunun namizədliyini də, məkrli fikrini də, iblis xislətini də bilə-bilə təklif olunan dostluğu qəbul edir və bu dostluğa sonacan sadiq qalır. Bu ehtimal sıfıra bərabər olduğuna görə daha geniş fikir yürütmək istəmirəm. Çünki belə əməl sahibi yalnız ilahi insan və ya Peyğəmbər övladı ola bilər. SBu yazının yarımçıq qalmasına səbəb əlyazmamı oxuyan dostumun mənə tutduğu irad oldu. Və bu iraddan sonra qeyd olunan P.S yarandı.
P.S. Hamam suyu da bəhanədir-arpa çörəyi kimi.
iyun 2008-ci il

CINDIR

Çoxu min tənə edir ki, yubkaların razrezinə,
Bilməyir dalda cırığnan yolu asan gedirik.
Baba Pünhan
Vallah, bu yazıya elə “cırıq” başlığı daha çox yaraşardı. Nöşün ki, onun yaranma səbəbi də məhrum Baba Pünhanın düz on il bundan öncə qələmə aldığı “Aclığa qurban gedirik” şeiridir. Ölüm içərisndə ömür sürən bu fədai özünü “Cip” və “Nissan”larda meydan sulayan, yol polisini toza basan, dollarla qulaq kəsən cındırlara qurban etdi. Özünü qurban edərək yazdı ki, cinsi və zatı bəlli olmayan bu cındır və cırıqlar özləri oxumasalar da onları bu dünyaya “bəxş” edən və səs-küyü ali məclislərdən gələn harın valideyinləri bəlkə eşidib gördüklərindən bir şey anlayaraq tövbə edələr. Həyatın yalnız və yalnız gödəndə, əyyaşlıqda, yubka cırığında görməzlər.
Əbəs, Baba, əbəs! Qəlbi kimi ağı da qara, bağı da qara olan qarabalalar Oğuz xanının qara çadırda otuzdurduqlarıdır. Mir Teymurun yazdığı kimi bunlar övladlarına “qanl köynək” gətirməyi öyrədirlər. Öyrədirlər ki, əgər sabah “hörmətli adam” olmaq istəyirsənsə bu gün öz içində Adəm övladına xas olan bütün müsbət keyfiyyətləri tapdala, sil, tulla. Təəssüf ki, bu cındır fəlsəfəsi özünü elita adlandıranların böyük əksəriyyətinə hakim kəsilib. Cırıq və cındır ifadələri sizə ədədbdən kənar gəlməsin. İstəsəniz Azərbaycan dilinin izahi lüğətinin 486-487-ci səhifələrinə baxın. Babanın dediyi kimi cırıq təkcə dalda deyil, qabaqda, həm də yanlardadır. Beləliklə, gördüyünüz kimi axırı gedib yana və əndama cıxan cırıqların xətasından qurtarmaq müşküldür. O ki qaldı “hay”lara ondan voobşe qurtara bilməyəcəyik. Ona görə mən də Baba Pünhanın şeirində (ruhu məni bağışlasın) dəyişiklik edərərk:
“Hələlik düzlük adıynan düzülüb yan gedirik,
Gedirik, əzm ilə biz “yan”lara qurban gedirik”.

30 dekabr 2008-ci il
İ T

Ötən əsrin əvvəllərində, lap elə ortasınadək itlə ən yaxın dostluğu, yoldaşlığı kim edib? Sualım xoşunuza gəlməyə bilər. Məhz ona görə də bu suala özüm cavab verirəm. Bəzi “söz sahiblərinin” lağla, rişğəndlə, ağız büzə-büzə dilə gətirdikləri baba və atalarımız! İtin sədaqəti, dostluğu və etibarı barədə çox deyilib. Son vaxtlar biz də televerlişlərdə bunun şahidi oluruq. Məşhurlarımızın ov səhnələri və xatirələrini də yadınıza salın.
… İt deyən kimi ilk öncə adamın yadına ov və ət düşür. Əlbəttə ki, həm də od və su. Baxın, it, ov, ət, od və su. Bircə qalır ocaq başında oturub iti də qonaq etmək şərti ilə yemək. Ağzım sulandı. Mən itlə ova getmişəm, amma quş ovuna. Söhbət uçan və üzən quşlardan gedir, gəzən quşlara it gərək olmur. Nəyi bilməsəniz də bunu bilməmiş deyilsiniz.
İndi də qayıdıram ataların “itlə dost ol, amma çomağı yerə qoyma” deyiminə. Əfəndim, bəlkə bu deyimin nədən və haradan qaynaqlandığını siz açıqlayasınız. Qorxuram ki, mən çərənçilik edəm, yazının ləzzəti qaça. Bilmirəm, nədənsə içimdə bir səs qışqıra-qışqıra mənə deyir ki, çaşma bala, çaşma, sən itin sadiqliyi və etibarının canlı şahidisən. Atalar bu fikri yüzdə doxsan faiz 4 yox, 2 ayaqlı itlər barədə söyləyiblər. Bəs siz necə fikirləşirsiniz? Mən bilən nənələrimiz də “o qaba it dəyib” dedikdə iki ayaqlı iti nəzərdə tutublar. Deyəsən qorxum çin oldu.
P. S. Seyid Əzim: “İt deyil, o dəxi bizim birimiz, belə ölmüşlərə fəda dirimiz”-deyib.
Ayaqların sayından asılı olmayaraq dünyasını dəyişənlərə öldü deyin, murdar oldu deməyin, Yaradanın xoşuna gəlməz.
fevral, 2018

Yazıya 597 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.