Ayaz Arabaçı – “Əgər bu dünyada hamı ölürsə, Ölümün elə də qorxusu yoxdur”…

54434636_400371824110266_2731360065066893312_n

 

 

 

 

 

 

 

 

 

 

qırılıb tökülər şüşələr yerə,

sənin baxmadığın pəncərələrdən.

qəfil oyanaram gecəyarısı,

boğular ürəyim sinəmdə tərdən.

külək yaxasını cırar şəhərin,

alnımı buz kimi soyuq tər basar.

gözümdə sayrışan işıqlar boyu,

uzanar bir uzun,bir qara hasar.

qəfil oyanaram gecəyarısı,

oyanar mənimlə ağaclar evlər.

oyanar yiyəsiz küçə itləri..

oyanar gecədən qatar fitləri.

qəfil oyanaram gecəyarısı,

mənimlə bir bütöv şəhər oyanar.

gecənin əlləri üzündə qalar,

saat üç olmamış səhər oyanar.

qəfil oyanaram gecəyarısı..

əynimi geyinib çıxaram çölə.

od vurub yuxulu bir papirosa,

deyinib-deyinib çıxaram çölə.

sonra da gecədən bir səs oyanar,

bir isti,bir şirin nəfəs oyanar..

içimdə ölməyə həvəs oyanar..

qatı qaranlığı udub gedərəm.

içimə yüklənən qorxunu yenib,

uzaq bir ulduzu tutub gedərəm.

birbəbir oyanar bütün əşyalar,

dalımca tələsik qapıdan çıxar.

bütün fikirlərim,düşüncələrim,

başımda ilantək qabıqdan çıxar.

qəfil oyanaram gecəyarısı,

oyanar gecəyə ölüm fərmanım..

qəfil oyanaram gecəyarısı,

oyanar bir qutu ürək dərmanım.

 

********************************

Bu qara təqvimin hər vərəqində,

Zor günlər keçirdik,anlar yaşadıq.

Nə vaxt haqq sözünü dilə gətirdik,

Türmələr,zindanlar,qanlar yaşadıq.

 

Xortdadı məzardan başı əsənlər,

Yatdı Xan Eyvazlar,Dəli Həsənlər,

Çıxdı başımıza qulaq kəsənlər,

Mindi belimizə “pan”lar yaşadıq..

 

Cəllad meydan açdı əlində balta,

Hürdü qulbeçələr başında xalta,

Soldu qanqalların ayağı altda,

Soldu fidan-fidan canlar,yaşadıq.

 

Günah zənbilini daşıdıq Haca,

Heç vaxt acımadıq səfilə,aca,

Hər gün gözümüzün qabağındaca,

Tapdandı şərəflər-şanlar,yaşadıq..

 

Səmimi olmadıq ülfətimizdə,

Nə çəkdik yazıldı sifətimizdə,

Halalca-hümmətcə dövlətimizdə,

Gördük at oynadır “yan”lar yaşadıq..

 

Qoyduq arzuları qəbrə,beşikdən,

Üzdük əlimizi evdən-eşikdən,

Cücərdi toz basmış dəlmə-deşikdən,

Yepyeni ağalar,xanlar…yaşadıq..

 

**************************

Yadımdadı o gün səni görəndə,

Bir-birində yazım-qışım oynadı.

Yer tapmadım sevincimdən özümə,

Dəli kimi gözüm-qaşım oynadı..

 

Dedim Tanrım,bu nə nurdu üzümə,

Nə qismətdi,nə uğurdu üzümə..

Saçlarının yeli vurdu üzümə,

Çölüm-düzüm,dağım-daşım oynadı..

 

Dərdlər bir-bir güzgüləndi,darandı,

İndi ən çox ağrıdan yer harandı..

Aramızda iki cəbhə yarandı,

Gah barışım,gah savaşım oynadı.

 

Adam axı necə gedər sülhə,tək..

İlan yoxdu bu dünyada şübhətək..

Səndən sonra bütün gecə sübhədək,

Gözlərimdə qanlı yaşım oynadı..

 

Ürəyimi şam əvəzi yaxırdım..

Hər tərəfdən sənə doğru axırdım..

Mən bu eşqə ölüm kimi baxırdım,

Kəndirində qara başım oynadı..

 

***************************

Bilgə,sahil qumları,

bir də dəli küləklər,

Bir də

lap uzaqlarda yanıb-sönən bir mayak…

Dəniz bir məzar kimi

əl açıb məni bəklər,

İçimdən keçər səsin qəfil ildırımsayaq..

 

Ayaqlarım daş kimi

donub qalar yerində,

Yarar ayın işığı zülmət qaranlıqları..

Tutub yerə yıxılmış kölgəmin

əllərindən,

Gedərəm sənə sarı,gedərəm sənə sarı..

 

Qucaqlaşıb son dəfə

yaşadığın şəhərlə,

Gözüm qəfil başlayar dəniz kimi daşmağa..

Başlayaram gülməyə

dəli qəhqəhələrlə,

Soluğumu tıxayan

qorxuları aşmağa..

 

İlk görüşün təlaşı qara sularda

batmaz,

Sürünər son arzular dalımca dizin-dizin,

Bəs nə oldu,

deyirdin heç kimin gücü çatmaz,

Bu sevda ikimizin,

bu nəğmə ikimizin..

 

Mən sənin qəlbindəyəm

dörd hərflik ad kimi,

Amma

sinənin üstə

dörd çalın-çarpaz dağam.

Nə ölüm-ölüm kimi,

nə həyat-həyat kimi,

Sən niyə ağlayırsan,

mən axı hələ sağam..

 

 

Bu gün axşama nə var,

Duzlu,isti göz yaşı..

Bilirsənmi kiməm mən,

Ayrılıqlar əyyaşı..

 

Gülümsəmə heç zaman,

Qızarmasın dan yeri.

Bir vaxtlar ürəyiydi,

Sinəmdəki qan yeri.

 

Səpildi xəyallarım,

Getdiyin yola dən-dən..

Bu il də belə keçdi,

Adam olmadı məndən..

 

Gecəyarı hövüllən,

Qapının ağzına çıx..

Görsən ki,gəlməmişəm-

Qov məni açıq-açıq.

 

Beləyəm də neyləyim,

Allah canımı alsın..

Mənə verdiyin görüş,

Qoy o dünyaya qalsın ,.

 

*****************************

Bir durnanın qanadını qırıb da,

Kağızlara lələk şəkli çəkirəm.

Ürəyini almaq üçün hər dəfə,

Hiylə şəkli-kələk şəkli çəkirəm.

 

Bircə kərə danışsana-dinsənə..

Nədi bəlkə toxunubdu cin sənə..

Boş-boş sözlər yazmıram ki,mən sənə,

Hər şerimdə mələk şəkli çəkirəm..

 

Qürurundan mən tərəfə əy,adda,

Nə qalır ki,bu sevgidən nə, yadda,

Dovşan qədər olmasam da həyatda,

Bəbir şəkli,pələng şəkli çəkirəm.

 

Adam gərək yıxılmasın sözündən,

Bacardıqca muğayat ol özündən,

Sən çox yaxşı ələyirsən gözündən,

Mən çox yaxşı ələk şəkl çəkirəm..

 

Arzuların,xəyalların qadını,

Unudummu bu sevginin dadını..

Nə zaman ki,çağırıram adını,

Eləcə bir ürək şəkli çəkirəm..

 

Bu sevdadı ağrıdanda ağrıma,

Nə yazım ki,bir şey gəlmir ağlıma..

Heç vaxt səndən olmayacaq oğluma,

Beşik şəkli-bələk şəkli çəkirəm..

 

********************************

Gündüzlər bir tikə can rahatlığım,

Gecələr gözümün uyğusu yoxdur.

Qəlbimi həmin gün söküb ataram,

Bilsəm ki, içində duyğusu yoxdur.

 

Güllər var min dəniz, min meşə qədər,

Boy verib ucalır günəşə qədər,

Yüzünün bir dənə bənövşə qədər,

Könlümü titrədən qoxusu yoxdur.

 

Tütməsin ocağı, yanmasın şamı,

Uçulsun başına həsrətin damı,

Niyə sevincimə göz dikir hamı,

Niyə heç dərdimin oğrusu yoxdur.

 

Get ayrı dünya qur xəyallarında,

Sim ha qoymadılar könül tarında,

Ən dürüst, ən təmiz adamların da,

Sözünün on faiz doğrusu yoxdur.

 

Nə varsa deyilmiş, nə varsa boyat,

Eyni bir zibildi ya doğma, ya yad..

Başını çoxdannan itirib həyat,

Heç kimə sualı-sorğusu yoxdur.

 

Əcəl köhlənini üstünə sürsə,

Çəkinmə istəyi ucuz ömürsə,

Əgər bu dünyada hamı ölürsə,

Ölümün elə də qorxusu yoxdur…

Yazıya 657 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.