Adilə Nəzər – “Sənli günləri çıxsam, Qalanı bada düşür”.

51356438_291094481584814_8824671897804341248_n

 

 

 

 

 

 

 

 

YOLUN YUXUSU GƏLİR

 

Bir cüt göyərçin qonur,

Ağaca səda düşür.

Qoşa budaq titrəyir,

Əllərin yada düşür.

 

Su axır – şırıldayır,

Sağsağan qırıldayır,

Pəncərə cırıldayır,

Ürəyim oda düşür.

 

Ha sürüsəm, ha yıxsam,

Sevgin könlümə tıxsa…

Sənli günləri çıxsam,

Qalanı bada düşür.

 

“Sisley” qoxusu gəlir,

Göz yumuram su gəlir..

Yolun yuxusu gəlir,

Canıma qada düşür.

 

Çox günah işləyirəm –

Yazımı qışlayıram,

Dilimi dişləyirəm,

Sən adlı ada düşür.

 

AĞAC OLMAQ İSTƏYİRƏM

 

Ağac olmaq istəyirəm,

Külək əssin qollarıma.

Ağac olmaq istəyirəm,

Dolu döysün əllərimə.

 

Quşlar qonsun budağıma,

Cür-cücülər yarpağıma,

Qarışqalar və böcəklər

Yol alsınlar torpağıma.

Ağac olmaq istəyirəm…

 

Qoy lap Günəşdən usanım,

Gur leysanlarda islanım…

Soyunum, geyinim… bilim,

Bir gün gövdəmə yaslanıb

Uyuyar yolçu sevgilim.

Ağac olmaq istəyirəm…

 

 

SEVGİ TOZU

 

Daha sayısını unutdüm günün,

Neçə ay gözlədim, ya da neçə il.

Daha yaddaşımı tənbehlərimirəm,

Yaxşısın xatırla, pislərini sil.

 

Sən də unut getsin, heç xatırlama,

Nə gərək keçmişlə oyalanmağın.

Nə gərək su kimi axan ömürdə

Bir ötəri hissə qayalanmağın.

 

Görüşüb, gözümdən bilmək diləmə,

Gözlərim saatı keçmişə qurub.

Oxuyub şeirimdən sual eləmə,

Sözlərim ağzına su alıb durub.

 

Başını qat bir az uşaqlarınla,

Bir az xatirənin oduna isin.

Sənə ağır gələn qayğılarım da,

Elə sevgin kimi itsin, ərisin.

 

Mənim qızdırmalı halıma qarşı,

Günəş də üşüyür sərinliyinə.

Söküb tullamışam şirini, turşu,

Bir az acın çöküb dərinliyimə.

 

Sevgi hara, adam, sənlə mən hara,

Onun açılmayıb hələ yozumu.

Sənin boğazından aşağı getməz,

Üfür dilindəki sevgi tozunu.

 

 

ZƏFƏRİ GÖZLƏYİRƏM

 

Dur bitsin bu ağı, qalx bitsin bu hüzün,

Vətənin önündə ağ olsun qoy üzün,

Gəl də tut, əsgərim, verdiyin o sözü,

Mən də öz gücümü gücünə qataram.

 

Dözərəm ağrısı, əzabı çox olsa,

Dözərəm ən qanlı, ən iti ox olsa…

İnamım sarsılsa, ümidim yox olsa,

Hüzuru mən necə taparam, taparam…

 

Tökülən o qanlar getməsin qoy hədər.

Zəfərlə dön geri qurtarsın bu kədər.

Qalxaram o zaman lap boyuna qədər

O açıq alnından öpərəm, öpərəm.

 

ƏSGƏRLƏRƏ

 

Gəlir qar, yağış, doluyla,

Vuracaq güclü qoluyla,

Gedir türklərin yoluyla

Boyuna qurban olduğum.

 

Alışdırır ürəkləri,

Yorur qoşun, bölükləri..

Xatırladır Göy Türkləri

Soyuna qurban olduğum.

 

Söz deyəndə də bərk deyir,

Əməldə bitir əkdiyi.

Düşmənin üstə çəkdiyi

Hoyuna qurban olduğum.

 

Boz qurd olub saldırdığı,

Bayraq edib qaldırdığı,

Azadlığa çaldırdığı

Toyuna qurban olduğum.

 

İNSANLAR ÖLMƏSİN

 

Gözlər sevincə,

ürək sevgiyə,

əllər Sevgiliyə can atırsa hələ…

Ölməsin insanlar,

insanlar ölməsin.

 

Bilirəm, çətindir yaşamaq –

Ümidin puça çıxarkən,

aydın səmalarda bir ulduz belə parlamazkən səninçün…

ərtafda hər kəs həyat nəğməsi dinlərkən

içindəki hayqırtıları tək dinləmək

çətindir…

Bir addımlığında kahkəşanlar varkən

bir uçuq divar dibinə sığınmaq çətindir…

amma…

Yaradan bir gün yaratdığını mütləq xatırlayacaqdır…

Tanrı ən böyük həkimdir,

səbr ən güclü ağrıkəsici…

 

 

Hərdən başını qaldır –

qupquru buludlarda bir yaş aramaq üçün.

gündüz Günəş, gecə Ay

yetər yaşamaq üçün…

Gülüstanın yoxdusa gəz küçəni, gəz tini,

Sevməyə adam yoxsa sev lap küçə itini..

Təki istək bitməsin,

təki sevgin itməsin….

Hər ağrıdan qurtarar, hər dərdi atar insan,

təki özün atmasın.

 

 

İnsanlar ölməsin,

Ölməsin insanlar…

 

 

 

 

 

Yazıya 475 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.