Seyyid Süleyman – “Harayladım qayıtmadı o illər”

50614982_2431293097099963_4419162640505372672_n

 

 

 

 

 

 

 

 

 

 

SÖZ UTANMASIN

 

 

Allah verən ömrü elə yaşa ki,

Səni təqib edən iz utanmasın.

Ətrafa baxdıqca hər şeyi görmə,

Dünyadan köçəndə göz utanmasın.

 

Çalış ki, həmişə suyu üfür iç.

Həyat yollarını ləyaqətlə keç.

Ocaq qalayanda məkanı düz seç,

Hənirti verdikcə köz utanmasın.

 

Yaxşılıq əkəndə yerin dərin qaz,

Çiçəyin vurmasın vədəsiz ayaz.

Ay Seyyid, yazanda elə şeir yaz,

Şe(i)rin oxunduqca söz utanmasın.

 

 

QİYAMƏTİM VAR

 

 

Ey oğul, diqqətlə qulaq as mənə,

Sənə söyləməyə hekayətim var.

Kiminə atadan çoxlu var-dövlət,

Mənim də “Şeirlər” əmanətim var.

 

Dəyərli, dəyərsiz, -sözə deyərlər.

“Daşı da sındırır”,–gözə deyərlər.

Səhvi arxada yox, üzə deyərlər,

Xalq icində desəm, qəbahətim var.

 

Birinin dalınca min dəfə- “Rəhmət”,

Birinə söylənər,- “Goruna lənət”.

Kiminin milyonu hec kimə qismət,

Yavan bir loxmamla səxavətim var.

 

Əyri yonulsa da, qələm düz yazar.

Fərqi yox, ya gecə, ya gündüz yazar.

Hikmətli kəlamı dahi kəs yazar,

Daim dahilərdən dəlalətim var.

 

Seyyidəm, düz yolu əyri getmirəm.

Salam verdiyimdən salam güdmürəm .

Qəsdlə, bilə-bilə günah etmirəm,

Qorxuram, qabaqda qiyamətim var

 

 

HARAYLADIM, QAYITMADI O İLLƏR

 

Dönüb keçmişimə nəzər salıb mən,

Harayladım, qayıtmadı o illər.

Dedim ki, o vaxtdan gör indiyəcən,

Dəyişib bax neçə-neçə nəsillər,

Harayladım, qayıtmadı o illər.

 

Gözümün önündən ötdü birbəbir,

Hər şey varaq-varaq, həm sətir-sətir.

Bilmədim heç necə keçdi bu ömür.

Nə tez bu yaşıma gətirdi yellər,

Harayladım, qayıtmadı o illər.

 

Yapışdığım ətəyindən anamın,

Oturduğum qucağında babamın,

İnciyərək baxışından atamın,

«Qışqırardım,- kömək edin, ay ellər»!,

Harayladım, qayıtmadı o illər.

 

Orta məktəb dövrü sirli-soraqlı.

“Bayraqgötür”,”Qaçdı-tutdu” maraqlı.

Lövhə qarşısında şairsayaqlı,

Əzbərdən dediyim şeir-qəzəllər,

Harayladım, qayıtmadı o illər.

 

 

TÜSTÜMƏ MƏNİM

 

Tale üz döndərib, bəxt perik düşüb,

Qəm-kədər şığıyır üstümə mənim.

Oynadır qılıncın əlində fələk,

Dayanıb müntəzir qəsdimə mənim.

 

Yaman üşüyürəm, yaman donuram.

Özümü tək-tənha, aciz sanıram.

Bəzən də alışıb elə yanıram,

Ocaq həsrət çəkir istimə mənim.

 

Seyyidəm, korlaşıb artıq yaddaşım,

Hicran çəpərində çaş qalıb başım.

Qurumun oduna qalanmır yaşım,

Kainat bürünüb tüstümə mənim.

 

SÖZ DEYƏNİ VAR

Xöşbəxt o kəsdir ki, evə gələndə,

Həsrətlə yolunu gözləyəni var.

Hər səhər geyinib işə gedəndə,

Dalınca su atıb izləyəni var.

 

Sənin dərdlərini öz dərdi bilə,

Qəmində ağlaya, şadında gülə,

Evinin sirrini yaymayıb elə,

İçində saxlayıb gizləyəni var.

 

Arada yarada hörmət, ehtiram,

Uğur qazandıqca verə hey ilham,

Şirin ləhcəsiylə hər səhər-axşam,

Ürəkdən can deyən soz deyəni var.

    Yazıya (160) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.